Zülfiyyə
Xanbabayeva:
"Tamaşaçıların zövqü
çaşıb, çünki
mahnılarda bir yadlıq yaranıb"
Odur
ki, avropasayağı mahnıları ifa edəndə də
milli koloriti saxlamağa çalışır
Onun işıqlı simasında
paklıq var, hər oxuduğu mahnısında isə
yaşanmış bir ömür. Onun hər sözündə
və davranışında bir gözəllik var. Çox incə
və kövrək qəlb sahibəsidir. Sadə və
kübardır. Adı heç zaman qalmaqallarda, dedi-qodularda
hallanmayıb. Səhnəyə hər zaman gülərüzlə
çıxıb, bir dəfə də olsa səsini efirdə
ucaltmayıb, nalayiq bir söz, bir ifadə işlətməyib.
Hər bir layihəsini ortalığa çıxarmazdan əvvəl
yüz ölçüb, bir biçib. Hər şeyin
yaxşısını etdi və birinci etdi. Bu gün
müasir estrada musiqimizdə sözünü demiş və səviyyəsini
qoruyub saxlayan, sənətini ayaq altına atmayan sənətkarları
barmaqnan saymaq olar. Onların birincisi yüz minlərin sevimlisi
Zülfiyyə Xanbabayevadır. Ondan soruşuruq:
- 16
oktyabr doğum gününüz idi. Sizi bir daha
təbrik edirik! Ad gününüzü necə keçirdiniz?
- Çox sağ olun,
təbriklərinizə görə.
Öncə məni qızım və yoldaşım təbrik
etdilər. Həmişəki kimi ad günümü ailəmlə
keçirdim.
- 26 oktyabr isə gözünüzün ağı-qarası
olan Dənizin ad günüdür. Yeni albomunuzu
məhz onun doğum günündə təqdim edəcəksiniz?
- Bunu çox
istərdim.
Bildiyiniz kimi, albom
xaricdə hazırlanır, amma 26-na qədər
gəlib çatsa, mütləq təqdim edərəm.
Mətbuat konfransı keçirmək fikrindəyəm, bu isə
hazırlıq və zaman tələb edir. Dənizin ad
gününə çatmasaq da, konfrans noyabr ayının əvvəlində
olacaq.
- Sizi "Yeni ulduz" müsabiqəsinin münsiflər heyətində
görüb çoxları sevindi: Təəssüratlarınızı
bölüşə bilərsinizmi?
- Bilirsiniz, bəzən seçim turlarına elə insanlar gəlir ki, sanki bizi ələ
salırlar. Əlbəttə ki, öz seçimimdə
obyektiv olmağa çalışıram. 16 nəfər
artıq seçilib və inşallah, gələn həftədən
etibarən müsabiqəyə start verilir.
- Gözəl bir hədis var:
"Allahın vardırsa, nəyin yoxdur, Allahın yoxdursa, nəyin
var?" Bu il siz Allah tərəfindən ən
böyük mükafata layiq görüldünüz. Sanki bir
sahil idiniz, Dənizin ləpələrlə
qasırğalı gəlişini gözləyirdiniz və bir
gün Dəniz sahilə gəldi. Özü ilə nələri
gətirdi, Zülfiyyə xanımı necə dəyişdi?
- Dənizin sahilə gəlib özüylə mənə gətirib bəxş
etdiyi hissləri sözlə ifadə etmək mümkün
deyil, bunu yalnız yaşamaq lazımdır. Övlad arzulayan hər
kəsə bu hissləri yaşamağı diləyirəm.
Allahıma əllərimi uzadıb dua və şükür
etməkdən doymuram, çünki Allah məni durduğum
sahildə tək qoymadı və mənə Dənizi yetirdi.
Ümumiyyətlə həyat təcrübəm olduğu
üçün belə qənaətə gəlmişəm
ki, insan nəyi ürəkdən və saf niyyətlə
çox-çox arzulasa, bu arzu mütləq çin olacaq.
-
İnsan var dənizə baxır və
heç bir ülvi hiss keçirmir, hə də, dənizdir
deyir.
İnsan da var Dənizə baxıb Ulu
Tanrının yaratdığı bu gözəlliyin
qarşısında dayana bilmir, heyran olur, Yaradanın
qarşısında nə qədər aciz olduğunu
anlayır. İnsan da bunları dərk
edib övladına məhz Tanrının yaratdığı
bu gözəlliyi ad seçir. Dəniz
sizin üçün daha nələri simvolizə edir?
- Dəniz sudur, aydınlıqdır,
sonsuzluqdur. Mənim Dənizimə həmişə
"Səni Dəniz qədər sevirəm!" deyirəm. Amma bu sualın cavabını siz özünüz elə
sualda verdiniz və mən nəyisə əlavə etmək
belə istəmirəm.
- Hamı
gözəl bilir ki, sizin həyatınızda ikinci doğma
bacınız dərəcəsinə yüksələn bir
insan var. Bəlkə də onsuz siz bu vəhşi və
yırtıcılarla dolu cəngəlliklərdən də
betər olan "şou-biznes" aləmində çox
qalmazdınız. Nigar xanım sizin institutda qrupp
yoldaşınız olub və sizi Brilyant Dadaşova ilə,
Vaqif Gərayzadə ilə tanış
edib. Ən əsası, Nigar sizə "Bakı payızı
88" müsabiqəsində iştirak etməyi təklif
edib. Deməli, sizi istəyənmiş, istedadınızı
görürmüş, səmimi insanmış. Nə vaxt
başa düşdünüz ki, bu insanda ikinci bir Zülfiyyə
yaşayır?
- Elə tələbəlik illərimizdə
bunu dərk etdim. Mən istəməzdim ki,
siz bu sənət
sahəmizi cəngəlliklə
müqayisə edəsiniz.
Səhnəni ehtiram bəslədiyim
bir çox sənətkarlarla bölüşdüyüm
üçün sənətimə
böyük hörmətim
var. Nigarla biz artıq
20 ildir ki, rəfiqəyik. Bu insan hər zaman zəhmətkeş, dəqiq və peşəkar olub.
O heç zaman başladığı
bir işi yarımçıq qoymaz və məni yarı yolda buraxmaz.
- "Özünə hörmət
və məhəbbət
qazanan xoşbəxtdir". Siz hər
zaman böyüyə
kiçiklik, kiçiyə
böyüklük etmisiniz.
Məkandan və şəraitdən asılı
olmayaraq problemli və yorğun vaxtlarınızda təmkinli,
hər kəsnən xoşrəftar olmusunuz. Bəs iki sözü
birləşdirə bilməyən,
qalmaqal yaratmaq məqsədi ilə sizə ürəkbulandırıcı
suallarla yaxınlaşan
"jurnalist"lərdən canınızı necə
qurtarırsınız?
- Həmin iki sözü birləşdirə bilməyən
adamlara mən jurnalist adını yaraşdırmazdım. Amma vaxt
olub həmin dırnaqarası "jurnalist"lərə"
müsahibə də,
hesabat da vermişəm. Əlbəttə, bu ifadəni peşəkarlara şamil etmək olmaz, bizim çox qabiliyyətli və hazırlıqlı jurnalistlərimiz
var və mən onların tənqidindən hər zaman özüm üçün bir nəticə çıxarmışam.
Sənətə gəlib qazandığım
uğurları heç
kəs dana
bilməz. Mən etdiklərimin fərqindəyəm,
sadəcə, özümdən
çox danışmağı
sevmirəm. Amma mən
sənətə gəlməmişəm
ki, üzr istəyirəm ifadəmə
görə, hansısa
bir tərbiyəsiz nəsə yazıb sənətimi təhqir etsin, mənsə onun qarşısında boynu bükülü qalım. Heç vaxt belə olmayıb və olmaz!
- Bu gün toylarda "Şuşanın dağları"
kimi gözəl bir xalq mahnısını
məhz sizin ifanızda tələb edirlər. Sizcə, Şuşa düşmən
tapdağı altında
olan bir zamanda, bu mahnının
sədaları altında
rəqs etmək nə qədər düzgündür?
- Bu gün torpağımız düşmən
tərəfindən zəbt
edilibsə, bu o demək deyil ki, mahnını unudaq, oxumayaq ki, sabah
gənclərimiz bu mahnıları heç bilməsin və bədxah qonşularımız
bu mahnını da mənimsəsinlər. Əksinə,
mübariz olmaq lazımdır, sözsüz
ki, bu mahnının
ayrı bir məsuliyyəti var.
- 18 noyabr 1988-ci ildə keçirilən "Bakı
payızı" müsabiqəsi
Zülfiyyəni xalqa tanıtdı. Nərgiz Cəlilova sizi ilk dəfə səhnədə
belə təqdim etmişdi: "Oxuyur bizim gözəl qızımız Zülfiyyə
Xanbabayeva". Və ifa etdiyiniz ilk "Səni xatırlayarkən"
mahnınızda bu sözlər var: "Baxıb mənə dedin: Dünya gözəli". Hər kəsdən
seçilmək sizin qismətiniz idi. Həmin Dünya gözəlinə bu 20 il nələri verdi, ondan nələri aldı və umduğunuz nə qaldı?
- Mən həyatımdan razı olan bir qadınam,
çünki razı
qalmamağa haqqım yoxdur, ona görə
ki, Ulu Tanrı
mənə yüz minlərlə insan tərəfindən sevilməyi
nəsib edib.
Mənim itirdiklərim də olub, amma qazandıqlarım
daha çoxdur.
Bu gün süfrə
başında yoldaşım
mənə belə bir sual verdi: "Sən heç təsəvvür
edirdin ki, Xalq artisti olacaqsan?"
Demək
olar ki, bütün umduqlarımı
qazanmışam bu 20 ilə və yoldaşım hər zaman mənə mənəvi dəstək
olub.
- Nəyə görə bu gün "Sən gedən gündən",
"Qaytar eşqimi",
"Hardasan", "Gecikməyin
sevməyə" kimi
şlyager mahnıların
ardı kəsilib?
- Sadaladığınız
mahnıların müəllifi
mənim müəllimim
Vaqif Gərayzadədir.
Bilirsiz ki, o çox gec-gec mahnı yazır, mənsə çox gec-gec yazdırdığım mahnıları
gün işığına
çıxarıram (gülür).
Bu da biz yaradıcı
insanların xasiyyətidir.
Hazırda tamaşaçıların zövqü çaşıb,
çünki mahnılarda
bir yadlıq yaranıb. Mən avropasayağı mahnıları ifa edəndə də milli koloriti saxlamağa çalışıram.
Gənc bəstəkarlara qalınca,
onları qarşıda
peşəkarlığa aparan
uzun bir yol gözləyir, öz üzərlərində
çox çalışmalıdırlar.
- Bəşəriyyət ən çox
ədalətə möhtacdır.
Zülfiyyə xanımın həyatında
rastlaşdığı ən
böyük ədalət
və ədalətsizlik?
- Mən şikayətçi deyiləm.
Həyatımda olan ədalətsizliklərdən
hardasa bəhrələnmişəm
də, onlar baş verdikcə ayaqüstə möhkəm
durmağı, yıxılmamağı
öyrənmişəm. Mən daha çox insanlardan ədalət, yaxşılıq görmüşəm.
Bilirsiniz,
həyatda insanlara nə verirsən, qarşılığında onu
da alırsan. Nə tökərsən aşına,
o da çıxar qaşığına. Allah
hər kəsə hər şeyi ürəyinə görə
verir.
-
"İki şeyi unutma: Allahı və ölümü. İki şeyi unut: başqasına etdiyin yaxşılığı və
başqasının sənə
etdiyi pisliyi". Sizə edilən pislikləri unuda bilirsinizmi?
- Hərdən kiminsə etdiyi pisliklərdən sonra özümə qapansam da, unutmuşam. Sadəcə,
susmağımla, demək
olar ki, həmin pisliklərə yaxşılıqla cavab vermişəm. Pisliyə pisliklə
heç zaman cavab verməmişəm.
Rəbbim imkan verməyib
ki, mənə kiminsə böyük bir pisliyi dəysin,
özü keçsin
həmin pislik etməyi arzulayan insanların günahından.
- Sevmək başqasının
xoşbəxtliyində öz
xoşbəxtliyini görməkdir.
Sizin fanatlarınız sizi sözün əsl mənasında sevirlər.
Onlarla bağlı sizə ən çox toxunan hadisələr hansılardır?
- Onların 2004-cü ildə bir yerdə
məndən xəbərsiz
yığışıb mənim
ad günümü qeyd
etmələrini və
2008-ci ilin son günlərində
onların mənim üçün əsl
"Yeni il" bayramı təşkil etdiklərini heç zaman unutmaram.
Sevinc İsmayıl
Ayna.-
2009.- 24 oktyabr.- S.19.