Eldəniz İbrahimov: "İsti
yer axtarmamışam,
isti problemlər daha
maraqlıdır"
Onlardan biri - yaxın perspektivdə
sənətdə hansı rəssamları görəcəyimizdir
"Abşeron" Rəsm
Qalereyasının direktoru Eldəniz İbrahimov ilə
müsahibəmizin mövzusu incəsənətdir.
-
İncəsənətə gəlişim və bioqrafiyam
çox geniş bir söhbətin mövzusudur. Doğrudur, gənclik
illərində bədii yaradıcılıqla məşğul
olmuşam (o vaxt dəbdə olan janr aforizmlər, kəlamlar
idi), kəlamlarım respublika mətbuatında, Moskvada nəşr
olunan "Literaturnaya qazeta"da və "Studençeski
meridian" jurnalında çap olunub. Hətta gənc satirik
yazıçıların toplusuna da daxil edilib. Ancaq bu gün
aralarında qalan məsafəni ölçməyə, kəlam
şəklində ifadə etməyə çətinlik
çəkirəm:
- O kəlamlardan
heç olmasa birini söyləyə bilərsinizmi?
-
O kəlamlardan biri "İstiqlal" qəzetində atalar
sözü kimi qələmə verilmişdi: "Bəlkə
isti yer axtarmaq bizə atəşpərəstlikdən miras
qalıb?"
Yəqin
ki, Laroşfuko mənə həsəd apara bilər,
çünki onun heç bir aforizmi fransız atalar
sözü kimi qələmə verilməyib.
- Bu kəlam sizin
bioqrafiyanızda azacıq da olsa öz əksini tapıbmı?
- Heç vaxt isti yer tapıb rahat oturmamışam. İsti yer bir az vulkana bənzəyir. Ancaq isti, aktual problemlər, özü də yaradıcılıqla bağlı problemlər çox maraqlıdır. Doğrudur, onları təkbaşına həll etmək imkan xaricindədir. Lakin səbəbləri, nəticələri araşdırmaq, dövlət strukturlarına onların həllini asanlaşdırmaq üçün tövsiyələr hazırlamaq mümkündür.
- Siz "Abşeron"
Rəsm Qalereyasının
- Azərbaycan mədəniyyət
tarixində ilk özəl
qalereyanın direktorusunuz. Tərtib olunmuş tədbirlər,
sərgilər planınız
var. Sərgilər silsiləsinin
həyata keçirilməsi
bədii yaradıcılıqla
bağlı problemləri
araşdırmağa mane olmur
ki?
- Əslində iki fəaliyyət növünün biri o birini diktə edir. Axı mən həm də publisist və sənətşünasam.
- İndi isə
gəlin konkret araşdırma obyektlərindən
danışaq. Bəlkə layihələrinizdən başlayaq?
- Buyurun. Ötən ildən başlayaraq üç nəşr layihəsinin həyata keçirilməsinə başlamışıq: "Milli dəyərlər", "Vətən qarış-qarış" və "Art-monitor". "Milli dəyərlər" layihəsində Azərbaycan mədəniyyəti ilə bağlı geniş oxucu kütləsinə məlum olmayan məqamlar, habelə az təbliğ olunmuş mərhum rəssamlarımızın yaradıcılığı işıqlandırılacaq. "Vətən qarış-qarış" layihəsi Azərbaycanın müxtəlif regionlarına, habelə Azərbaycan Respublikasından kənardakı tarixi yurd yerlərimizə həsr olunacaq.
"Art-monitor" layihəsi elmi araşdırmalara daha yaxındır. Birinci layihədən iki nəşr - "Ənvər Əliyevin yarımçıq qalmış melodiyası" və "Rəhman Şıxəliyev - böyük yolun başlanğıcında" işıq üzü görüb. "Vətən qarış-qarış" seriyasından cəmi bir kitab çap etmişik - "Şərqin qapısında möcüzələr". Bu kitab da Şəki-Zaqatala bölgəsinə daxil olan altı rayondan - Qəbələ, Oğuz, Şəki, Qax, Zaqatala və Balakəndən, Allahın bu bölgələrə bəxş etdiyi möcüzələrdən, tarixi abidələrdən, təbiət möcüzələrindən, adət-ənənələrindən bəhs edir.
Üçüncü seriyadan da iki kitab nəşr etmişik - "Mais Əliyev - qrafika akkordları" və "Azərbaycanın gənc rəssamları". Görkəmli qrafika ustası Mais Əliyevin yaradıcılığı nümunəsində biz ümumiyyətlə müasir qrafika sənətimizdə formalaşan təmayülləri araşdırmışıq. Təəssüf ki, qrafika sənətimiz get-gedə tənəzzülə uğrayır. Bunun səbəblərini araşdırmağa çalışmışıq.
- "Art-monitor" seriyasından ikinci kitabınız "Azərbaycanın gənc rəssamları" adlanır. Seriyanın orijinal adı necə izah olunur? Niyə məhz tanınmış rəssamlara yox, məhz gənc rəssamlarla bağlı mövzuya müraciət etdiniz?
- "Art-monitor" dedikdə təsviri incəsənətlə bağlı proseslərin, təmayüllərin müşahidə olunması, araşdırılması nəzərdə tutulur. Ona görə məhz gənc rəssamların yaradıcılığını araşdırmışıq ki, ən perspektivli yaradıcı nəsil məhz gənclikdir. Yaşlı rəssamlarımız dünyasını dəyişirlər, orta nəslə məxsus rəssamların yaradıcılığı isə, on beş-iyirmi rəssam istisna olmaqla, durğunluq vəziyyətindədir. Görünür, yaradıcı enerjiləri tükənib. Bir sıra kifayət qədər yaradıcı enerjisi olan rəssamlarımız da konseptual sərgi ləyihələrinin təşkili ilə məşğul olurlar. Biz isə yaxın gələcəkdə kimlərlə işləyəcəyimizi bilməliyik.
- Hazırda hansı nəşr layihəsi üzərində çalışırsınız?
- "Art-monitor" seriyasından uşaq və yeniyetmə yaradıcılığına həsr
olunmuş "Təsviri
sənətdə 100 çiçək"
toplusunu hazırlayırıq.
Məşhur yazıçı Antuan de Sent-Ekzüperi uşaqları "həyatımızın
çiçəkləri" adlandırmışdı.
- Dediyiniz kimi,
"Art-monitor" layihəsində hazırlanan kitablar elmi
araşdırmalara çox yaxındır. Siz öz
araşdırmalarınızda alim və mütəxəssislərlə
əlaqə saxlayırsınızmı?
-
Sənətşünaslığı elmi araşdırmalara
yaxın hesab etmək kifayət deyil. Çünki sənətşünaslıq
elə elmin özüdür. Bəli, mən publisist- sənətşünasam,
Azərbaycan Rəssamlar İttifaqının sənətşünaslıq
bölməsinin üzvüyəm. On beş ildən
artıqdır təsviri incəsənətlə bağlı
məqalələrim, kitablarım dərc olunur. Elmi dərəcəsi
olan həmkarlarımla - Leyla Axundzadə, Sara Nəzirova, Dilarə
Vahabova, Ziyadxan Əliyev və başqaları ilə sıx əlaqələr
saxlamışam. Sənətşünaslıq elmləri
doktoru - Kübra Əliyeva ilə birgə görkəmli
ornametalist - rəssam Lətif Kərimova həsr olunmuş
kitab hazırlamış və nəşr etdirmişik. Bu
gözəl nəşr Mədəniyyət və Turizm
Nazirliyinin maliyyə dəstəyi ilə çap olunub. Milli
Elmlər Akademiyası Fəlsəfə, Sosiologiya və
Hüquq İnstitutunun şöbə müdiri, görkəmli
alim Sakit Hüseynov bədii yaradıcılığın
sosiologiya və psixologiyası ilə bağlı layihənin
hazırlandığını bildirdi və əməkdaşlıq
təklif etdi. Yəqin ki, Sakit müəllimlə əməkdaşlığı
elə sonuncu kitabdan başlayacağam.
İlk
baxışdan kiçik görünən bu mövzunun -
uşaq təsviri yaradıcılığının çox
böyük problemləri var. Məsələn, biz hər il sərgilərdə
yüzlərlə istedadlı uşaq və yeniyetmənin əsərləri
ilə rastlaşırıq. Ancaq heç yüz nəfərdən
biri də gəlib peşəkar təsviri sənətə
çıxmır. Mən bunu "Azərbaycanın gənc rəssamları"
kitabını hazırlayarkən kəşf etdim və
növbəti kitabı uşaq və yeniyetmələrə həsr
etməyi qərara aldım.
- Sizin bütün
kitablarınızı birləşdirən ümumi cəhətlər
varmı?
-
İndiyədək nəşr etdirdiyimiz altı kitabın
başlıca ümumi cəhəti - onların maarifçi
xarakter daşımasıdır. Bilirsiniz, publisistika elmə
çox yaxındır. Ancaq publisistin hazırladığı
materiallar daha geniş kütlə üçün nəzərdə
tutulur. Daha maraqlı və oxunaqlı şəkildə tərtib
olunur. Bütün nəşrlərin texniki formatı eynidir və
hamısı üç dildə - Azərbaycan, ingilis və
rus dillərində çap olunur.
- Qəribədir, ancaq bu sualların cavablarından adam
doymur.
- Bu, təbiidir. Danışdığımız problemlər olduqca geniş və çeşidlidir. Onların hər birini ayrıca şərh etməyə hazıram. Gəlin "Təsviri sənətdə 100 çiçək" toplusunun işıq üzü görməsini gözləyək və elə ondan başlayaq. Ümid edirəm ki, bu kitab Prezidentin sərəncamı ilə elan olunmuş "Uşaq ili" layihəsi çərçivəsində layiqli hədiyyə olacaq.
Sevinc İsmayıl
Ayna.- 2009.- 31 oktyabr.-
S.19.