Qərb səfəri

                                                                                  

Yəqin, bu başlığı oxuyanda ağlınıza gələn o Qərb olacaq: Avropa, Amerika. Amma yox, bizim söhbətimiz nə Avropalıqdı, nə də Amerikalıq. Azərbaycandan başlayıb, elə Azərbaycandaca qurtarasıyıq inşallah. Gələk mətləb üstə.

Allah hamınızın yolunu xoş səfərlərə calasın, bu günlərdə mən də yolun ağını almışdım əlimə. Üz tutmuşdum Gəncəbasar bölgəsinə. Yeri gəlmişkən, özümə qalsaydı, Allah bilir, oralara nə vaxt yolum düşəcəkdi. Yenə sağ olsun sənət dostlarımız. Maqbet Bünyadov və son iki ildə Milli teatrın Şəmkir, Gədəbəy və Qazax rayonlarına üçüncü dəfə səfərini təşkil edən Regionların İnkişafı İctimai Birliyinin (RİİB) sədri, adaşım Seymur Quliyev xüsusi minnətdarlığa layiqdi.

Demək, Azərbaycan Dövlət Akademik Milli Dram Teatrı (ADAMDT) ölkəmizin qərb bölgəsinə səfərə çıxmışdı. Hələ mayın əvvəlindən səfər barədə məlumatlıydım. Teatrın direktoru Maqbet Bünyadov demişdi ki, teatr İsmayıl Şıxlının Bakıda 90 illik yubileyinin ardından, mərhum xalq yazıçısının əsəri əsasında hazırlanmış "Ölüləri qəbristanlıqda basdırın" tamaşasıyla Qazax, Şəmkir və Gədəbəy rayonlarına qastrola çıxacaq. Elə də oldu. Səmimiyyətimə inanın, həqiqətən yola çıxmağa, teatrı qastrolda təmsil edən otuz nəfərlik kollektivlə ünsiyyətə dəyərmiş.

...Bakıdan axşam saat 11-də tərpəndik. Səhər o başdan Dəllər stansiyasında Bakı-Ağstafa qatarından düşdük. Üç-beş dəqiqə sonra artıq Şəmkirdəki "Sərxan" otelindəydik. Səliqə-səhmana, dizayna, komforta söz ola bilməzdi.

İkimərtəbəli, yığcam oteldə qonaqların rahatlığı üçün hər şey yaxşıca həllini tapmış

Şey-şüylərimizi yerbəyer eləyib, birinci mərtəbədəki xudmani yeməkxanada süfrəyə düzülmüş nemətlərdən dadıb, saat 10 olmamış yola düzəldik. Üzü Qazaxa sarı ordan-burdan söhbət eləyə-eləyə 75 kilometr yolu necə keçdiksə, bilmədik. Mədəniyyət evinin yanına çatanda hələ saat 11 yoxuydu. Yubiley tədbiri 12-də başlayacağından tamaşaçı salonu bom-boşuydu. Milli teatrın baş maşinisti Müseyib bizdən də qabaq gəlib, öz işini görmüşdü. Səhnə tamaşanın tərtibatına uyğun şəkildə qurulmuşdu. Bircə qalırdı aktyorların çıxışı, o da bir azdan baş tutacaqdı.

Fəxri adsız-filansız, özünü mədəniyyət evinin qabağındakı çayxanaya vermiş teatralla tanış olun, bir də ki, çayxanada nə xüsusi təqdimat: Ramiz Novruz, Telman Əliyev, Azər Mirzəyev, Kazım Abdullayev, Mətanət Atakişiyeva, Münəvvər Əliyeva, Məzahir Cəlilov, Rövşən Kərimduxt masa arxasına güclə yerləşiblər. Daha bir masa əlavə olunur, Natiq Gülməmmədov, İlyas Əhmədov, Elşən Əliyev də stullarını yaxına çəkib otururlar. Böyük dairə yaranır. Arada çayçı yaxınlaşmasa, dairə elə qapanmış qalır. Di gəl, bu kişi imkan vermir ki, qapalı söhbətimizi edək.

Söhbətcilliyilə seçilən Azər Mirzəyev vaxtilə bir səhnəni paylaşdıqları, mərhum aktyorlar Hüseynağa Sadıqov, Məmmədağa Dadaşov, Niyazi Əhmədov və başqalarıyla bağlı səhnədə və pərdə arxasındakı məzəli ahvalatlardan danışır. Hamının dodağı qaçır, Ramiz Novruz kimi şaqqanaq çəkib güləni də var.

Beləcə, söhbətin şirin yerində onda gördük ki, bir nəfər yaşlı kişi başında buxara papaq, əynində vəznəli çuxa, əlində qamçı kəhər atın belində mədəniyyət evinin yanında peyda oldu. Hamı ixtiyarsız, dönüb ona baxaraq "Bu kimdi?",- deyə pıçıldayır. Aralı da olsa, qəfil atlı bizim marağımızdan duyuq düşüb, şaşırır. Sanki onu külək gətirmişdi, külək də apardı. Qəfil gəldiyi kimi, atını səyirdib birdəncə yoxa çıxdı.

Onun gedişindən sonra Azər Mirzəyev dedi ki, bayram tədbirlərində milli geyimdə Cahandar ağa obrazında mədəniyyət evinin qarşısından keçib, Səməd Vurğunun, İsmayıl Şıxlının heykəllərinin başına dövrə vuran bu kişinin adı Firudindi, dünya çempionudu.

Çempionluq məsələsinə gəlincə, eşitdiyimizə görə, o, məşhur Dilbaz atlarının hesabına qazanıb bu adı...

12-yə az qalıb. Tamaşanın birinci pərdəsində oynayanlar binaya tələsirlər. Paltar dəyişən kim, qrimlənən kim, "silah-sursatını" yoxlayan kim. Tamaşa tarixi əsər, sovet hakimiyyətinin ilk illərində baş verən hadisələr üzərində qurulduğundan, burada geyim-kecim əsasən köhnədi. NKVD əməkdaşları və qaçaqlarla bağlı döyüş səhnələri olduğundan, bayaq dediyim kimi, silahlardan da istifadə edilir. Baş qaşımağa vaxt yoxdu. Texniki işçilər lap qovhaqovdadılar. Yer dar, özün də nabələd. Bilmirsən nəyi hara qoyasan, hardan götürəsən. Bu vurhavurda kostyum işinə baxan Leyla xanım paltarların qırışığını açmaq üçün ütüləyib çatdırmamağından gileylənir..

Həm də, deyəsən, otaqdakı işıq avadanlığı yaxşı işləmir. Xalq artisti Ramiz Novruz onun qeydinə qalır: "Ay balam, nə fikir eləyirsən, mən qaçaq adamam (rolunu, qaçaq həyatı sürən Süleymanı nəzərdə tutur - S.E.), ütülü paltarım hardandı? Dağ-daşda, arvad-uşaqsız bir qaçağın paltarını kim ütüləyəsidi ki?"

Axşamnan qırxılmış üzündə azacıq cücərənlər də eyninə deyil Ramiz Novruzun. Özü də bu səfər məni cavabsız qoymur: "Qardaş, sən kefsən ey, tək-tük ağ tük gözə dəyir, o da işığın altında bilinməyəcək. Axşam qırxıb yola düşmüşəm, səhər də gördüyün kimi, çatıb rahatlanmamış, bura gəlmişik. Vaxt nə gəzir, özü də qaçaq adamam...". "Ardını demə, bilirəm" söyləyirəm. Ramiz müəllim "ha...ha...ha" eləyib gülür.

İlk baxışda adamayovuşmaz təsiri bağışlayan gənc aktrisa Şəlalə Şahvələdqızı azdanışandı və tamaşadakı ifasından savayı, sözü-söhbəti əsasən rus dilindədi. Hamı buna öyrəşib. Əməkdar artist Telman Əliyev də o biriləri kimi.

Bir azdan Telman müəllim Rəisə, Şəlalə xanımsa Qəndaba çevriləcək. Pərdə arxasında aralarındakı qısa söhbət də rolları barədədi. Aktrisa yaşlı və təcrübəli həmkarının qeydlərinə qulaq asa-asa, "da, yes" deməyi unutmur.

Əməkdar artist Sevil Xəlilova adəti üzrə susmağındadı. Yenə Şəlalənin hərdənbir danışmağı var, Sevil xanımsa heç kimlə bir kəlmə kəsmir, ta ondan nəsə soruşmayınca. İndi də bir kənarda sakitcə, geyiminə, istifadə eləyəcəyi əlbisələrə təkrar-təkrar nəzər salır.

Rövşən Kərimduxt, Məzahir Cəlilov, əməkdar artistlər Mətanət Atakişiyeva, Münəvvər Əliyeva və Kazım Abdullayev rollarına uyğun qiyafədə nisbətən sakit guşə tapıb öz aləmlərinə qapılıblar. Səhnədə düşəcəkləri vəziyyəti götür-qoy edirlər. Aktyorlar Sərdar Rüstəmov, Elnar Qarayev və onların gənc həmkarları üst-başlarını diqqətlə yoxlayıb, "döyüş vəziyyəti" almaq üzrədilər.

Az sonra İsmayıl Şıxlının 90 illik yubileyinin rəsmi hissəsi başlayır.

Tədbiri şair Barat Vüsal aparır. Qazax rayon İcra Hakimiyyətinin başçısı Rauf Hüseynov Bakıdan gəlmiş qonaqları və salondakıları salamladıqdan sonra türkiyəli tərcüməçi Yasəmən Bayer öz ürək sözlərini bölüşür, Vidadi Babanlı, yubilyarın oğlu Elçin Şıxlı və başqaları səbəbkarla bağlı xatirələrini dilə gətirir. Daha sonra növbə çatır "Ölüləri qəbristanlıqda basdırın" tamaşasına, meydan verilir aktyorlara.

Rəhmətlik İsmayıl Şıxlının ömrünün son illərində "Namus qaçağı" və "Ölüləri qəbristanlıqda basdırın" hekayələri əsasında yazdığı səhnə əsərinə dörd il öncə quruluş verilib. Rejissoru Rövşən Almuradlı, quruluşçu rəssamı Rafis İsmayılov, bəstəkarı Sərdar Fərəcovdu.

Həyatı boyu milli-mənəvi dəyərlərin keşiyində dayanan, onu öz qələmiylə yaşadan, təbliğ edən yazıçı əsərinin qəhrəmanları Süleyman və Şəmistan ağa kimi kişilərin, igidlikdə onlardan geri qalmayan Həcər təki xanımların şəxsində hər birimizi qeyrətli, vətənpərvər, təpərli olmağa çağırır. Mənasız sinfi mübarizədə çürük ideyaların qurbanına çevrilən cavanşirlərin faciəsindən nəticə çıxarmağı lazım bilir.

Tamaşadan sonra salondakıların əməlli-başlı təsirləndiyini görəndə İsmayıl Şıxlı qələmiylə səhnə ustalarının ifaçılıq məharətinin birgə, təbii və uğurlu həllindən məmnun qalırsan. Şəxsən mən tədbirdə iştirak edən Qərənfil Xəlilova, Gülbəniz Hüseynli və Yasəmən Bayer kimi yazı əhlinin dilindən xeyli xoş söz eşitdim.

Təbiətin qoynunda qonaqların şərəfinə verilən ziyafətdə də yetərincə təriflər səsləndi. İcra başçısından tutmuş, Elçin Şıxlıya və yazıçı Nahid Hacızadəyədək hamı İsmayıl Şıxlıdan və teatrallardan ürəkdolusu danışdı. Aşıq Hacıyla Camonun ağız-ağıza verib, çalıb-çağırmasısa özgə aləmiydi...

Qazaxdan Şəmkirdəki qərargahımıza dönəndə axşam saat 7 idi. "İstiqlal" parkında almanlardan yadigar, son illər yaxşıca təmir olunaraq bənzərsiz məkana çevrilən zirzəmi-restoranda süfrə arxasında rayon rəhbərliyilə bir araya gəldik. Kondisionersiz-filansız, sərinliyilə seçilən bu yerdə Şəmkir şəhər ərazi idarəetmə vahidliyinin nümayəndəsi, başqa sözlə, şəhərin meri Çingiz Həsənov, rayon kommunal müəssisələr kombinatının direktoru, eyni zamanda RİİB-nin yerli təmsilçisi Əflatun Qarayev və rayon mədəniyyət şöbəsinin müdiri Qüdrət Əliyevin əhatəsində məclisimiz isti, səmimi keçdi.

Səfərimizin ikinci günü "Ölüləri qəbristanlıqda basdırın" Gədəbəy tamaşaçıları qarşısında oynandı. Aşığa, sənətə, elmə xoş münasibətiylə tanınan diyarda aktyorların ifasına xüsusi diqqət varıydı.

Gədəbəydə isti və mehriban qarşılanmağımızla, beləcə də yola salınmağımız arasındakı məsafə cəmi bir neçə saat çəkdi. Səfərin sıx qrafiki üzündən geriyə, yenidən Şəmkirə qayıtmağa məcburuyduq. Ürəyimiz bu dağlarda, Narzan bulağında, vaxt ucundan üzünü görə bilmədiyimiz yaşı yüzü keçmiş nənə-babaların, əsrlər yola salmış qalaların yanında qalsa da...

...Üçüncü səhəri də Şəmkirdə qarşıladıq. Günortaya yaxın yerli tamaşaçılarla görüşdük. Tədbiri rayon icra hakimiyyəti başçısının 1-ci müavini Tariyel Məmmədov açdı. O, Milli teatrın kollektivini salamlayıb, İsmayıl Şıxlı yaradıcılığı haqqında fikirlərini söylədikdən sonra, həmişəki kimi, bizimkilər - Azər Mirzəyev və Seymur Quliyev ürək sözlərini bölüşdülər. Növbə yenə aktyorlara çatdı. Onların budəfəki çıxışı da təsirsiz ötüşmədi. Tamaşaçılar razı görünürdülər.

Təqribən saat 2-də tədbir başa çatdı. Texniki heyət tamaşanın dekorasiya, kostyum, əlbisə hər nəyi varsa teatrın üç gündən bəri Bakıdan bura və getdiyimiz rayonlara yol ölçən maşınına yığdılar. Haqq üçünə, pərdə arxasında qalan bu insanların əməyi qeyd olunmağa layiqdi...

...Yenə zirzəmidəki restoran. Və yenə də rayon rəhbərliyilə bir arada səmimi, qonaqpərvər mühit...

Axşamüstü qədim Şəmkir qalasına səyahətdən sonra səfər proqramı yekunlaşdı. Və şam yeməyini də bitirib, Dəllər stansiyasına gəldik. Çingiz Həsənov və Əflatun Qarayev sənətçilərdən ayrılmaq istəmirdilər. Uzaqdan qatar görünürdü. Bizi Bakıya gətirəcək qatar. Daha bir səfər hekayətini Şəmkirdən Bakıya yetirəcək qatar...

 

 

Seymur ELSEVƏR

 

Ayna.- 2009.- 5 sentyabr.-S.15.