Nizami Cəfərov: "Atatürkçülük
istinad edə biləcəyimiz ən möhkəm
ideya təməllərindəndir"
Atatürk Mərkəzinin rəhbəri
Türk Dünyasının dağınıq halından məyusdur
"Atatürkçülük
yalnız tarix deyil, həm də müasirlikdir, gələcəkdir.
Türkiyə üçün də, türk dünyası
üçün də... Əsaslana, istinad edə biləcəyimiz
ən möhkəm ideya təməllərindəndir..." Dilə
qarşı sonsuz məhəbbəti, dərin savadı və
dünyagörüşünün zənginliyi ilə
bütün əsərlərində dilə hakimiyyətini
ustalıqla sərgiləyir Nizami Cəfərov. Kəlmələrlə
böyük bir zövqlə oynayaraq qurduğu elmi və məna
dolu cümlələri
düşündürücüdür.
Ölkəsinə,
millətinə və xalqına göstərdiyi həssaslığı
və məsuliyyəti dərk edərək yazdığı
əsərlər, sadəcə, yaşadığımız
dövrə (bu günə!) deyil, gələcək nəsillərə
də işıq tutacaqdır.
Nizami
Cəfərovun Türkiyə-Azərbaycan ədəbi-mədəni-siyasi
əlaqələrinə verdiyi (və verəcəyi!) töhfələri
iki qardaş ölkənin insanları tərəfindən
maraqla izlənir.
- 9 mart 2001-ci ildə
ümummilli lider Heydər Əliyevin sərəncamı ilə
yaradılan Azərbaycanda Atatürk Mərkəzinin müdiri
olaraq bir çox uğurlu layihələr gerçəkləşdirdiniz.
Bu fəaliyyətlər haqqında məlumat verə bilərsinizmi?
-
Azərbaycan xalqının ümummilli lideri, Türk
Dünyasının tarixi şəxsiyyətlərindən
biri olan Heydər Əliyevin 9 mart 2001-ci il sərəncamı
ilə yaratdığı Atatürk Mərkəzinə məhz
məni müdir təyin etməsi, əlbəttə, mənim
üçün çox böyük şərəf idi. Etimadı
doğrultmaq, cənab prezidentin qarşıya qoyduğu vəzifələri
elə ilk günlərdən layiqincə yerinə yetirmək
tələb olunurdu. Qısa bir müddətdə Mərkəzi
təşkil etmək, onun iş ritmini müəyyənləşdirmək,
Türk Dünyasının, xüsusilə Türkiyə
Cümhuriyyətinin uyğun müəssisələri ilə
geniş işlək əlaqələr yaratmaq lazım gəlirdi...
Güman edirəm ki, biz bunu bacardıq. Və Mərkəzi
yalnız Azərbaycanın deyil, ümumən Türk
Dünyasının beyin mərkəzlərindən birinə
çevirə bildik...
Azərbaycanda
Atatürkü sevirdilər, ancaq yaxşı
tanımırdılar. Bunu nəzərə alaraq böyük
liderin, Türkiyə Cümhuriyyətinin qurucusunun həyatından,
fəaliyyətindən bəhs edən kitablar, məqalələr
yayınladıq, Azərbaycan
atatürkşünaslığının tarixini
araşdırdıq, Heydər Əliyevin Atatürk
haqqındakı düşüncələrini öyrəndik...
Və araşdırdıqlarımızı, öyrəndiklərimizi
cəmiyyətə çatdırdıq. Bu çox önəmli
idi... Azərbaycanda milli, demokratik dövlət quruculuğunun
sürətlə getdiyi bir dövrdə Atatürkün
cümhuriyyət qurmaq təcrübəsindən istifadə
olunurdu. Ona görə də həmin təcrübəni daha dərindən
bilmək lazım gəlirdi.
Bu
gün Türkiyənin özündə Atatürkü, onun
cümhuriyyət quruculuğu prinsiplərini müzakirə
edir, bir sıra hallarda isə bu prinsiplərə qarşı
çıxırdılar... Doğrudur, hər hansı ideya,
mövqe müzakirə predmeti ola bilər, ancaq heç bir
halda obyektivlik, həmin ideya və ya mövqenin tarixi dəyəri
unudulmamalıdır.
Atatürkçülük
dünyanın ən müzəffər məfkurələrindən
biridir. Və nəzəriyyədən daha çox
praktikadır... Bugünkü Türkiyənin inkişafı
üçün modern ideyalar tələb oluna bilər, ancaq
bu, Türkiyə Cümhuriyyətini yaratmış, türk
millətini dünyanın qabaqcıl millətləri
sırasına çıxarmış qalib bir ideologiyanın
(və şəxsiyyətin!) inkarı üzərində qurulmamalıdır.
Atatürkçülük
yalnız tarix deyil, həm də müasirlikdir, gələcəkdir.
Türkiyə üçün də, Türk Dünyası
üçün də... Əsaslana, istinad edə biləcəyimiz
ən möhkəm ideya təməllərindəndir...
Yeddi-səkkiz
ildir ki, Atatürk Mərkəzi kitablar nəşr edir, toplantılar
keçirir, beynəlxalq konfranslarda fəal iştirak edir,
öz bülletenini yayınlayır... Və Atatürk
ideyalarının cəmiyyətə daha dərindən
çatdırılması, Türk Dünyasının birliyi
uğrunda mübarizə aparır. Biz
çalışırıq ki, Azərbaycanda Atatürk Mərkəzini
yaratmış ümummilli liderimiz Heydər Əliyevin
böyük arzularından birini, "türk xalqlarının
mədəni birliyini onların siyasi birliyi
tamamlamalıdır" fikrini rəhbər tutaraq, həyata
keçirmək yolunda gücümüzü əsirgəməyək.
-
Çalışqanlığınız və əsərlərinizlə
Azərbaycanın ən gənc professoru ünvanını
aldınız. Dilçi alim olaraq bir çox məqaləniz
və kitablarınız var. Davamlı olaraq dəyişən
və inkişaf edən ictimai bir varlıq olan dilə təsir
edən ünsürləri necə izah edə bilərsiniz?
-
Mən dilçi-türkoloq kimi az-çox
formalaşmışamsa, bunun üçün müəllimlərimə
borcluyam, bir də taleyimə... Dilə millətin ən
mühüm göstəricisi, insanın özünüifadəsinin
əsas təzahürü kimi baxıram - dil mənim
üçün leksikon və ya qrammatika olmaqdan daha çox
bitib-tükənməz mənəvi enerjidir. Heç bir sxem,
konstruksiya dildəki qədər canlı, mənalı,
füsunkar ola bilməz... Dil özünün interyeri,
eksteryeri ilə elə bir malikanə, elə bir şəhər,
elə bir dünyadır ki, mən orada yaşayıram,
özümü oranın sahibi hesab edirəm.
Dahi
Ferdinand de Sössürün "Ümumi dilçilik kursu"nu
fransız dilini bilmədiyim üçün ruscadan azərbaycancaya
çevirmişəm. Onun fikrincə, dildə sözün
geniş mənasında inkişaf olmur, hər hansı
dövrün dilə təsiri kifayət qədər mürəkkəbdir.
Məsələn, demək olmaz ki, Səməd Vurğunun dili
Molla Pənah Vaqifin, onun dili Məhəmməd Füzulinin,
onun dili "Dədə Qorqud" eposunun, onun dili isə qədim
türk yazılı abidələrinin dilindən daha çox
inkişaf etmişdir... Yaxud bu gün bütün dünyada
geniş yayılan ingilis dili bədii imkanlarına görə
fransız, intellektual-fəlsəfi gücünə görə
alman dilindən geri qalır. Ancaq bu qüdrətli dillərdən
fərqli olaraq daha praktik, daha çevik olan ingilis dili
müasir həyatın tələblərinə,
intonasiyasına daha münasibdir... Bugünkü Türkiyə
türkü Baqinin, Azərbaycan türkü Füzulinin,
özbək isə Nəvainin dilində danışa,
yazıb-yarada bilməz... Bütün bunlar inkişafdan daha
çox dövrlərin, mərhələlərin dəyişməsidir
- mahiyyətini, demək olar ki, bilmədiyimiz hərəkətdir...
- "Eyni dildə
danışan hindli ilə türk çox zaman dost olurlar. İki türk eyni dili danışmazsa,
bir-birinə yad olar". Mevlananın dil haqqında
dediyi bu görüşünə necə
baxırsınız? Ortaq türkcə
ilə bağlı görüşləriniz haqqında
məlumat verə bilərsizmi?
- Mevlana dünyanın, insanlığın birliyini təbliğ edən mütəfəkkirlərdən idi. Və dilə - ünsiyyətə xüsusi fikir verirdi... Ən qədim zamanlardan türk mütəfəkkirləri həmişə dünyanın bütövlüyünə, qlobal ünsiyyətə çalışmışlar, millətlərə fərq qoymamışlar. Mahmud Kaşqari belə bir qədim türk atalar sözünü misal gətirir: heyvanlar iyləşə-iyləşə, insanlar konuşa-konuşa... Ancaq təəssüf ki, bu gün Türk Dünyası dağınıq haldadır. Türk dövlətlərinin Parlament Assambleyası yaranıb, di gəl ki, özbəklər, türkmənlər onun toplantılarına qatılmaq istəmirlər... Niyə?.. Niyəsi yoxdur!..
Mən həmişə bu fikirdə olmuşam ki, türklər üçün ortaq ünsiyyət vasitəsi kimi hər hansı süni - yapma bir dil yaradılmasına ehtiyac yoxdur. Türkiyə türkcəsi artıq bu funksiyanı və ya missiyanı həyata keçirməyə başlamışdır. Və bu prosesdə Türkiyə türkcəsi yalnız Türkiyə türklərinin dili olmaqdan kənara çıxır, zənginləşir, yeni leksik, qrammatik, üslubi və s. texnologiyalara yiyələnir.
Türkiyə türkcəsinin ortaq ünsiyyət vasitəsi olması isə müasir türk dillərindən - nəinki Azərbaycan, özbək, qazax, tatar və s., hətta Altay, xakas, tuva və s. kimi dillərdən imtina etmək demək deyil...
- Geri dönüb baxdığınız
zaman yazdıqlarınız
haqqında və dillə bağlı düşüncələriniz?
- Geri baxanda görürəm ki, doğrudan da, çox yazmışam, çox danışmışam, çoxlu müsahibələr vermişəm, televiziya, radio çıxışlarım olub. Bunların da çoxu dillə bağlıdır...
Çalışacağam ki, daha az yazım, ancaq az danışacağıma söz vermirəm. Çünki bugünkü dünya yazan yox, danışan dünyadır.
Dil məsələsi dilçilərin elmi fəaliyyət sferasından kənara çıxmaqdadır, artıq siyasi-ideoloji məsələyə çevrilmişdir. Heç bir intellektual öz ana dilinin miqyasında qalmır, israrla kənara çıxır, milli mənsubluq kimi dil mənsubluğu da xeyli şərtiləşib, hətta konyukturlaşıb... Din daha çox sosial komplektləşdirmə, cəbhələşdirmə imkanı qazanmaqdadır, dil isə neytrallaşır…
Bununla belə, dilçi-türkoloq olaraq mənim əsas vəzifəm gözəl türkcəmizi müdafiə etməkdir.
- Həm fiziki görünüşü, həm
də sizin rəhbərliyinizlə aparılan
işlərlə Türkiyənin
qürur duyduğu Azərbaycanda Atatürk Mərkəzinin gələcək
planları nələrdir?
- Azərbaycanda
Atatürk Mərkəzi
Heydər Əliyevin əsəridir, Mərkəzin
fəxri sədri isə Azərbaycan Prezidenti İlham Əliyevdir. Yerləşdiyimiz
tarixi bina həm gözəlliyi, həm də işləmək üçün
rahatlığı ilə
seçilir... Və Mərkəzin
yaranması, fəaliyyəti
Türkiyənin dövlət,
hökumət rəhbərlərinin,
elm xadimlərinin, siyasət
adamlarının həmişə
diqqətində olmuşdur
ki, bundan çox məmnunuq.
Gələcək
planlarımıza gəldikdə isə deyə bilərəm
ki, ümummilli liderimizin (və əlahəzrət Tarixin!) bizə
tapşırdığı işi bundan sonra da
atatürkçülüyə, Türk Dünyasına
böyük məhəbbətlə, məsuliyyətlə
görməkdə davam edəcəyik...
Yasemin Bayer
Ayna.-2009.-12 sentyabr.-S.6.