Bu gün orkestr
var, bəs 5 ildən sonra necə olacaq?
Teymur Göyçayev
bu barədə düşünməyi təklif
edir.
Günümüzdə
baş alıb gedən bayağı toyxana musiqisi ilə klassik musiqini müqayisə edən Qara Qarayev adına
Azərbaycan Dövlət
Kamera Orkestrinin bədii rəhbəri və dirijoru, xalq artisti Teymur
Göyçayev ikincinin
xeyrinə əsasən
nikbindir. Lakin onu narahat edən
hallar da az deyil
və fikirlərini bizimlə bölüşür.
Düşünür ki,
istedadlı gənclərin
maddi dayağı olarsa, Azərbaycan musiqisinin parlaq gələcəyi danılmazdır:
"Əlbəttə, Azərbaycan
Mədəniyyətinin Dostları
Fondu, Heydər Əliyev Fondu bu məsələdə çox köməklik edir. Əgər dəstək verənlər
çox olsa... Bayağı
musiqilərə gəlincə,
toyxanada ifa edilən belə musiqilərlə daha çox və tez pul qazanmaq
mümkündür. Hətta istedadlı
gənclər belə,
bu səbəbdən həmin yola üz tutur. Ancaq klassik, ciddi musiqi ilə məşğul olanlar çox aşağı əməkhaqqı qazanır
və bununla belə, əsl musiqiyə xidmət edirlər. Onların sayı azdır,
mədəniyyətin ağır
yükünü bu insanlar öz çiyinlərində daşıyır".
Teymur
Göyçayev deyir ki, son illər Azərbaycan
tamaşaçısının klassik musiqiyə marağı
bir qədər ürəkaçandır. Həm Kamera, həm
də Simfonik Orkestrin konsertləri çox vaxt anşlaqla
keçir: "Klassik musiqini xalq çox gözəl başa
düşür. Xalqın zövqünün korlanmasında əsl
təqsiri bayağı musiqiyə üstünlük verən
və onu geniş təbliğ edən telekanallarda
görürəm. Telekanallar özünümaliyyələşdirmə
naminə həmin musiqiləri "məşhurlaşdırır".
Musiqiçi olmaq üçün insandan çox böyük
əmək tələb olunur və böyük məktəb
keçmək lazımdır. Bu gün telekanalda Qara Qarayevin
musiqisi səsləndirilsə, əksər
tamaşaçılar kanalı dəyişdirəcək.
Çünki onların musiqi zövqünü özəl
kanalların musiqi proqramı formalaşdırır, klassik
musiqilər isə onların beynini yükləyə bilər.
Bu səbəbdən də ciddi əsərlər
tamaşaçının maraq dairəsindən bir qədər
kənardadır.
Klassik
əsərləri dinləmək çox çətindir,
ictimaiyyətə bu musiqilərə qulaq asmağı öyrətmək
və insanların zövqünü əsl musiqiyə yönəltmək
lazımdır".
Fəqət
zövqlü dinləyici problemi də var
günümüzün. Teymur Göyçayev bunu təsdiqləyir
və deyir: "İnsanlar Filarmoniyaya gəlmirsə, biz
onların ayağına getməliyik. Onları ciddi musiqilərə
həvəsləndirmək üçün yollar
axtarmalıyıq. Bu, müvəqqəti bir dönəm
olacaq. Hazırda bayağı musiqi ilə məşğul
olan insanların çox gözəl səviyyədə
qarşılandığı və parladığı
danılmazdır. Ancaq onların hamısı bir
günlükdür. Radio və televiziyada gün ərzində
100 dəfə verilən musiqi, əlbəttə, yadda qalar.
Yaxşılar hər zaman kölgədə qalır, ancaq pis
hər zaman öndə olur. Sənətdən başı
çıxmayanlar ekranı və radioları pulla alır.
Televiziyadakılar da onların "marağına" biganə
deyil. Bu heç də yaxşı hal deyil. Gərək
televiziya və radioda ilk öncə yaxşı musiqi səsləndirilsin".
Söhbət
zamanı Teymur müəllim dirijorluq məktəbinin aqibətindən
söz saldı. Dedi ki, bu gün qürurla adlarını
çəkə biləcəyi dirijorlar var: "Rauf Abdullayevdən
tutmuş, Yalçın Adıgözəlov, Fəxrəddin
Kərimov, Əyyub Quliyev çox gözəl məktəb
keçiblər. Bizdə fəxr ediləcək səviyyədə
dirijorların olması yaxşı haldır.
Dirijorlarımızın səviyyəsi xarici ölkələrdən
Azərbaycana konsert vermək üçün gələn
dirijorlardan heç də aşağı deyil. Biz
hamımız ayrı-ayrılıqda tələbələr
yetişdiririk. Onların ən azı bizim səviyyədə
yetişməsi üçün imkanlarımızı səfərbər
etmişik. Tələbələrimə ən vacib tövsiyəm
odur ki, qazandıqları uğurlarla kifayətlənməsinlər.
Hətta mən özüm-özümdən razı deyiləm.
Hər gün yeni bir şey öyrənirəm".
"Bizdə kontrabasa
komik alət kimi baxırlar"
Teymur
Göyçayevi narahat edən məqamlardan biri isə
kontrabas, violonçel, nəfəs alətləri üzrə
tələbələrin az yetişdirilməsidir: "Bizdə
kontrabasa komik alət kimi baxırlar. Mən bir neçə dəfə
musiqi məktəblərinin direktorlarına bu məsələ
ilə bağlı müraciət etmişəm ki, ilk növbədə
bu alətlər üzrə tələbələr
yetişdirsinlər. Sabah bununla bağlı ciddi problemlər
yaşaya bilərik. Simfonik Orkestrdə bu problem az da olsa
yaşanır. 10-15 il irəliyə baxmaq, bu alətlərdə
ifa edə bilən tələbələr yetişdirmək
lazımdır".
Təbii
ki, problemi musiqi məktəbləri həll etməlidir. Sadalanan
musiqi alətlərsiz orkestr fəaliyyət göstərə
bilməz. Problem həll olunmadığı təqdirdə
Türkiyə kimi biz də digər xarici ölkələrin
musiqiçilərinə 2000-3000 manat pul verib buraya gətirəcəyik.
Biz Üzeyir bəyin yaratdıqlarını itirə bilərik.
Vaxtilə Simfonik Orkestrimiz çox güclü idi, çünki
burada çox gözəl müəllimlər vardı. Ancaq
indi müəllim çatışmazlığı hökm
sürməkdədir. Bunu etiraf edən Teymur Göyçayev
çıxış yolunu bunda görür ki, paralel olaraq gənc
istedadlılar bu sahəyə cəlb edilməli, azalmaqda olan
alət ifaçıları yetişdirməliyik. Hesab edir ki,
indinin özündən xaricdən çatışmayan alətlər
üzrə mütəxəssislər cəlb
olunmalıdır. O sual edir: "Bu gün orkestr var, bəs
5 ildən sonra necə olacaq? Bunu düşünmək
lazımdır".
Xatun
Ayna.-2009.-26 sentyabr.-S.19.