Aktrisa Nahidə Orucovanın
gileyi
Yaxşı həndbolçu
idim, bu sənətə gəldiyimə hardasa heyifsilənirəm
Musiqili Komediya Teatrının aktrisası Nahidə Orucova artıq 16 ildir bu teatrda çalışır və onun bütün tamaşalarında iştirak edir. Onu səhnə ustası adlandırmaq olar, belə ki, bu teatrda bir tamaşa da onsuz olmur. Bu müddətdə oynadığı rolları sadalamalı olsaq, çox uzun bir siyahı alınar. Hər halda: Ə. Əmirlinin "İtgin ər" pyesində İzabella, S. Rəhmanın "Dəsmal"ında Yorğa xanım, A. Qüdrət və R.Mustafayevin "Volqalı canan"ında Şəlalə xanım, R.Şəfəq, A.Şaiqin "Bir saatlıq xəlifəlik" pyesində Səkinə xanım, A.Babayev, O.Rəcəbovun "Əlin cibində olsun"unda Gülşad xanım, C.Məmmədov, R.Mustafayevin "Məsmə xala dayımdı" pyesində katibə, X.Hasilova, E.Sabitoğlunun "Nəğməli könül"ündə Qəmər xanım, R.Heydər, O. Kazıminin "Qızıl toy"unda Zuzu xanım, S.Ələsgərov, Ş.Qurbanovun "Özümüz bilərik" tamaşasında Nailə xanım və sair. Onun yaratdığı bu obrazların yapışıqlı, yaddaqalan olduğunu isə qeyd etməyə ehtiyac yoxdur.
Nahidə Orucova 1961-ci ildə Bakıda doğulub, 167 saylı orta məktəbin məzunudur. Sənət yolunu seçməli olanda isə Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinə üz tutub və bu təhsil ocağının dram-kino aktyoru fakültəsini bitirib (1984). Bir müddət Sumqayıt Dram Teatrında işləyib, orada işlədiyi müddətdə nə az, nə çox, 50-yə yaxın tamaşada iştirak edib.
Ş.Qurbanov adına Musiqili Komediya Teatrına 1993-cü ildə gəlib və solist-vokaliz vəzifəsinə təyin olunub. Amma Sumqayıt teatrını xoş sözlərlə anır: - 1984-cü ildə ali məktəbi, Mikayıl Mirzə və Fuad Hacıyevin kursunu bitirəndən sonra iş təyinatım Sumqayıt Dövlət Dram Teatrına oldu və mən təyinatla düz 10 il həmin teatrda çalışdım. Öncə qeyd etmək istəyirəm ki, bir çox teatr kollektivlərində çalışmışam, amma bu teatrın kollektivi kimi mehriban kollektiv heç yerdə yoxdur. Ailə qurandan sonra mənə uşaqla Bakıdan Sumqayıta getmək çətin oldu, ona görə də Musiqili Komediya Teatrına keçdim. Ora məni ikinci dərəcəli rolların ifaçısı kimi götürdülər.
Bu günəcən bu teatrda çalışıram. Efirə isə artıq birinci kursdan çıxırdıq.
- Sizin üçün məgər baş rollar və ikinci dərəcəli rollar arasında fərq var?
- Bu gün bizim teatrlarda xarakterik aktrisa yoxdur. Hamı baş rola can atır. Əsas hər obrazın, qəhrəmanın xasiyyətini nümayiş etdirmək bacarığıdır. Şəxsən mənim üçün xarakterik rollar, baş rollardan daha maraqlıdır və həmişə onlara can atmışam.
- İlk rolunuz?
- Sumqayıt teatrına gələndə orda paralel olaraq iki tamaşa hazırlanırdı: Cəfər Cabbarlının "Oqtay Eloğlu" pyesi və Anarın "Beşmərtəbəli evin altıncı mərtəbəsi" romanı üzərində qurulmuş tamaşalar. Təzə gəldiyim üçün Təhminə rolunu mənə verməyə cürət etmədilər, Zaurun yoldaşı Fira rolunu verdilər.
- Ürəyinizdən Təhminəni oynamaq keçirdi?
- O vaxt istərdim. Düzdür, indinin özündə də daxilimdə tragik obrazlar yaratmaq arzusu qalıb. Ümumiyyətlə, aktyorun ampluası olmamalıdır. Aktyor hər şeyi bacarmalıdır. Əsl aktyor tamaşaçını həm güldürməyi, həm də ağlatmağı bacarmalıdır. Hər yoldan keçən aktyor ola bilməz.
Çox aktyorlar səhnəyə çıxanda zalı görmürlər, bütün diqqətləri ifalarında olur. Amma mən elə edə bilmirəm, mən səhnəyə çıxanda tamaşaçının gözünün içinə baxmalıyam, yoxsa tamaşanı oynaya bilmərəm. Amma biz çox zaman tamaşaçıların mədəniyyətsizliyi ilə üzləşirik. Bir də görürsüz tamaşa gedir, bu, kino, konsert deyil. Amma kimsə zaldan uca səslə telefonla danışır və yaxud da tamaşa hələ bitməyib, tamaşaçılar isə əşyalarını dolabdan tez götürmək üçün zaldan çıxırlar. Belə hallar mənə çox pis təsir edir. Bu, səhnəyə olan hörmətsizlikdir. Teatr səhnəsi isə mənim üçün müqəddəsdir.
Neçə dəfə olub ki, küsüb teatrdan getmək istəmişəm, amma alınmayıb. Bəlkə də aktyorluq mənim qanımdadır, ona görə. Mənə çox pis təsir edir ki, 3-5, lap 10 il səhnədə olan, amma bircə dənə də yaddaqalan obraz yaratmayan kəslərə bir də görürsən fəxri ad verilir.
- Yəni ədalət prinsipi gözlənilmir demək istəyirsiniz?..
- Mən anlaya bilmirəm ki, nəyə görə bu qədər əmək sərf etmişəm, amma nə fəxri ad, nə mükafat gördüm. Aktrisanın görünüşü, geyimi, gözəllik salonuna getməyi var, ailə saxlamağı var. Bu gün mən 150 manat maaş alıram və bütün günü teatrda oluram. Bu məbləğ isə heç kommunal xərclərə çatmır. Elə aktyor var ki, beş evi var, amma yenə də hökumətdən ev istəyir. Mənsə elə aktyor tanıyıram ki, kirayə qalır, ailəsini güclə dolandırır. Elə aktyor var ki, ona Xalq artisti fəxri adı verilib, lakin insanlar onların familiyasını belə bilmir.
- Bəlkə bu sənəti seçdiyiniz
üçün heyifsilənirsiz?
- Məktəb illərində idmanla məşğul olurdum. Yaxşı həndbolçu idim, hardasa heyifsilənirəm.
- Yaxşı, o vaxt aktrisa olmaq istəyinizə
ailədə necə reaksiya verdilər?
- Atam bizə deyirdi, hansı ixtisası istəyirsizsə, seçin, təki gələcəkdə deməyəsiz ki, mane oldum. Mən dram aktyorluğuna sənədlərimi gizli vermişdim. Evdə söyləmişdim ki, sənədlərimi mədəni-maarifə verdim.
- Mərhum Hacıbaba
Bağırovla dəfələrlə
tərəf-müqabil olmusunuz. Onu necə xatırlayırsınız?
- Onunla işləmək, tərəf-müqabil
olmaq çox rahat idi. Kömək edirdi,
istiqamət verirdi.
İndi bizim teatrımız ustad tərəf-müqabil
sarıdan çox kasaddır.
Sevinc İsmayıl
Ayna.-2009.-26 sentyabr.-S.19.