Ölümün fövqündə duran qəhrəman
(Əvvəli qəzetimizin 10 yanvar
tarixli sayında)
Cavad xanın
hökmranlığını şərti olaraq iki dövrə
ayırmaq olar. XVIII əsrin sonlarınadək
sürmüş birinci dövrdə o, son dərəcə
ehtiyatlı, çəkingən davranış sərgiləyirdi.
O öz sələfləri kimi daha güclü
qonşuları - İrakli və İbrahim xanla münasibətlərində
güzəştli mövqe tutmaq, qüdrətli Rusiya
imperiyası və möhkəmlənməkdə olan Qacar
İranına itaət göstərmək məcburiyyətində
qalırdı. Həmin illərdə Cavad xan praqmatik siyasətçi
kimi çıxış edirdi; özünün və rəqiblərinin
qüvvələr nisbətinin heç də xeyrinə
olmadığını başa düşür, şəraitə
və imkanlarına uyğun olaraq ən optimal
sandığı siyasi kursu yürütməli olurdu. Cavad xan
tələm-tələsik, ölçülüb-biçilməmiş
hər cür addımdan qaçmağa, uzaq durmağa
çalışırdı. Ümumiyyətlə, bəhs
etdiyimiz dönəmdə ona avantürizm ruhu yad idi.
Fəqət XVIII əsrin
sonu - XIX əsrin əvvəllərində Cavad xanın tərz-hərəkətində
nəzərəçarpacaq dəyişikliklər baş
verirdi. O hətta əlverişsiz olsa belə, mövcud şəraitə
uyğunlaşmaq, acı gerçəkliyi qəbul etmək
zorunda qalan praqmatik xadimdən üsyankar, şərəf və
müstəqilliyinin alver mövzusuna çevrilməsini qətiyyən
yaxına buraxmayan, lazım gələrsə, öz prinsipləri
uğrunda həyatını belə qurban verməyə
hazır, qədim türk eposlarının əfsanəvi qəhrəmanlarını
xatırladan tarixi şəxsiyyətə çevrilirdi tədricən.
Cavad xanın rus baş komandanları Knorrinqə, Sisyanova və
başqalarına ünvanladığı ehtiraslı məktubları
bu çevrilmə-transformasiyanın tarixi şahidlikləridir.
Cavad xanın həyatının son epizodunda - Sisyanovun Gəncə
yürüşü zamanı nümayiş etdirdiyi qəhrəmanlıq
isə bu prosesin apofeozu idi.
Bu barədə irəlidə
yeri gəldikcə söhbət açacağıq. Hələlik
isə qayıdaq Cavad xanın idarəçiliyinin ilk illərinə.
Cavad xan elə əvvəldən II İraklinin açıq
düşmən münasibəti ilə
qarşılaşmışdı. Hətta 1787-ci ilin avqustunda
İrakli Gəncəyə yürüş elan etdi. O zaman
Gürcüstanda Georgiyevsk traktatına uyğun olaraq polkovnik
Burnaşevin komandanlığı altında rus
qoşunları da bulunurdu. Gəncə yürüşündə
həmin hissələr də iştirak edirdi. Rus-gürcü
qoşunu Gəncə qalasını mühasirəyə
aldı. Yeri gəlmişkən, bu, Cavad xanın ruslarla
üç qarşılaşmasından birincisi idi.
Gəncə mühasirədə
ikən sentyabrın 13-də rus qoşunlarının Cənubi
Qafqazdan çıxarılması haqqında əmr daxil oldu.
Düşmən tələsik çəkildi. Azərbaycanın
bu qədim şəhərinin üzərini almış təhlükə
beləcə sovuşdu. Cavad xan isə ilk ciddi imtahandan
çıxmış oldu. İrakli Cavad xanın illik xərac
ödəməsi şərti ilə Gəncə
xanlığının müstəqilliyini tanıdı. Fəqət
bu tanıma formal idi; fürsət düşdükcə,
gürcü hökmdarı Gəncəni ələ
keçirməyə çalışırdı.
1780-ci illərdə
Qubalı Fətəli xan çox güclənmişdi. Azərbaycan
xanları arasında onun ən böyük rəqibi
İbrahim xan idi. Qarabağa qarşı ittifaq yaratmaq
üçün 1789-cu ilin yanvarında Şamxor
çayının sahilində Qubalı Fətəli xan,
Nuxalı Məhəmməd Həsən xan, Cavad xan, II
İrakli görüşür. Görüş ərəfəsində
Cavad xan itaət əlaməti olaraq, qala açarlarını
Fətəli xana hədiyyə etmişdi. Bunun müqabilində
Fətəli xanın dəstəyi ilə Cavad xan Şəmsəddin
mahalının Gəncəyə qaytarılması haqqında
İraklinin razılığını aldı. Lakin Fətəli
xanın tezliklə qəfil vəfatı bu
razılaşmanın üstündən xətt çəkdi.
Bu arada Ağa Məhəmməd
xan Qacar İranda mərkəzləşdirilmiş dövlət
yaratmaqda idi. Yeri gəlmişkən, İranın
şimal-şərqində Astarabada hakimlik edən Qacarlar da
oraya Gəncə bölgəsindən köçüb
getmişdilər. A.Bakıxanov yazır ki, "I Şah Abbas Səfəvi
30 min Qacar ailəsini buradan (Gəncə-Qarabağdan)
köçürüb, Xorasanın Mərv nahiyəsində və
Astarabadın Mübarəkabad qalası ətrafında yerləşdirdi.
İranda hökumət sürən indiki şahların
sülaləsi Astarabad Qacarları nəslindəndir".
Ağa Məhəmməd xan
1794-cü ildə öz əzəli və barışmaz rəqibi
Zəndilər üzərində qəti qələbə
çaldıqdan sonra öz hakimiyyətini qəbul etdirmək
üçün Azərbaycan xanlarını Təbrizə dəvət
etdi. Lakin onun hədələrinə baxmayaraq, Cavad xan istisna
olmaqla digər xanlar dəvəti rədd etdilər. Ağa Məhəmməd
xanla görüşən Cavad xan ona Qafqaz
yürüşündə yardım edəcəyini vəd
etdi.
Cavad xanın davranış
xəttini düzgün anlamaq üçün o dövrün
siyasi durumu nəzərə alınmalıdır. Ağa Məhəmməd
xanın mərkəzləşdirilmiş dövlət yaratmaq
- Səfəvi imperiyasını bir növ reanimasiya etmək cəhdləri
Qafqazın bir çox əmirləri tərəfindən mənfi
qarşılanmışdı. İbrahim xan II İraklinin, bəzi
Azərbaycan xanlarının və avar Ümmə (Ömər)
xanın daxil olduğu geniş antiqacar koalisiyası
yaratmağa çalışırdı. Belə bir vəziyyətdə
Cavad xan ya həmin koalisiyaya qoşulmalı, ya da Ağa Məhəmməd
xanın yanında bulunmalı idi. Bir sıra səbəblər
üzündən ikinci variant daha sərfəli
görünürdü. Bu, İbrahim xana qarşı
naşükürlük kimi dəyərləndirilməməli
idi; zira Qacar təhlükəsi Qarabağ xanını
gürcü çarı ilə yenidən
yaxınlaşdırmışdı. Belə
yaxınlaşmalar isə adətən Gəncə
xanlığının asılı hala salınması ilə
nəticələnirdi.
Digər tərəfdən,
Cavad xan da Qacar idi, Ağa Məhəmməd xan da: Gəncə
əmiri formalaşmaqda olan Qacar dövlətçilik sistemində,
yəqin ki, Ziyadoğullarının layiq olduqları şan və
şöhrətini bərpa etməyə, Nadir şah Əfşarın
bu soydan aldığı torpaqları geri qaytarmağa ümid
edirdi. Bu motivlər Cavad xanı 1795-ci ilin bahar-yayında Azərbaycana
və Gürcüstana yürüş edən Qacar ordusu tərkibinə
qatılmağa sövq etmişdi.
Şuşa qalasının
33 günlük nəticəsiz mühasirəsinə son
qoymağı və Tiflisə yürüş etməyi də
Cavad xan məsləhət görmüşdü Ağa Məhəmməd
xana. Tiflisə yürüş və Tiflisin alınmasında
Cavad xanın fəal surətdə iştirak etməsi
faktından rus, sovet, gürcü və dünənə qədər
Azərbaycan tarixşünaslığında Gəncə əmirinin
məkrli, qəddar, hiyləgər, az qala Ümumqafqaz
maraqlarına xəyanət etmiş şəxs obrazını
yaratmaq məqsədilə istifadə olunmuşdu. Halbuki Cavad
xan praqmatik xadim kimi hərəkət edərək,
özünün və başçılıq etdiyi
xanlığın maraqlarının qorunması naminə ən
əlverişli çözümü seçmişdi. O da
unudulmamalıdır ki, Şuşanın mühasirəsi
zamanı gürcülər Gəncəni ələ
keçirməyə cəhd etmişdilər. İrakli avqustun
29-da knyaz Çavçavadzeyə yazırdı ki, Ağa Məhəmməd
xan, guya, onun 40 ildən artıq malik olduğu Gəncə və
İrəvanı almaq üçün Tiflisə
yürüyür.
Cavad xanın içində
yer aldığı Qacar ordusu sentyabrın 10-da Tiflisə
yaxınlaşdı. Rus tarixçilərinin
yazdığına görə, ilk toqquşmalarda
gürcülərin inadlı müqaviməti ilə
qarşılaşan Ağa Məhəmməd xan hətta geri
çəkilməyi düşünürdü. Bu fikirdən
onu Cavad xan daşındırmış və Tiflisin
asanlıqla ələ keçiriləcəyinə inandıra
bilmişdi. Sentyabrın 12-də Tiflis Qacar ordusu tərəfindən
tutuldu və dəhşətli talana məruz qaldı. Bu
basqın o dərəcədə fəlakətli olmuşdu ki,
on minədək insan əsir aparılmış, ölkənin
maddi qüvvələri dağınıq hala gəlmişdi.
Ağa Məhəmməd xan
Tiflisdə uzun müddət ləngimədi. Rus qoşunlarının
varid olacağı xəbəri onu Muğan düzünə
çəkilməyə vadar etdi. Ağa Məhəmməd
xan İrakli ilə təmaslarını davam etdirirdi, lakin rus
qoşunlarına ümid bağlayan gürcü çarı
danışıqları uzatmağa müvəffəq oldu. Yeri
gəlmişkən, sazişin əldə olunmamasında Cavad
xanın da "payı" var idi. Rus tarixçisi Dubrovinin
yazdığına görə, Cavad xan bir tərəfdən
Ağa Məhəmməd xanı II İraklinin qeyri-səmimiliyinə
və ruslarla əlaqədə olmasına
inandırırdı, digər tərəfdən isə əl
altından İrakliyə öz sədaqəti barədə
gizli məktub yazırdı. Yəqin ki, rus
qoşunlarının tezliklə Qafqaza yürüş edəcəyi
xəbəri Cavad xana da çatmışdı və o da hərbi-siyasi
durumun dəyişməsinə hazırlaşırdı.
Ağa Məhəmməd
diyarı tərk edən kimi İbrahim xan və II İrakli
Cavad xanı cəzalandırmaq məqsədilə Gəncəyə
yürüş təşkil edirlər. Bu yürüşdə
avar Ümmə xan da iştirak etmişdi. Cavad xan təhlükəni
aradan qaldırmaq üçün bütün diplomatik məharətini
işə salmalı oldu. O, İbrahim xana 10 min manat təzminat
verdi, habelə bacısı və oğlunu əmanət
göndərdi. Avar xanının hər döyüşçüsünə
40 manat ödəməklə onların xanlığı tərk
etməsinə nail oldu. Ona görə də 1796-cı ilin
mayında II İrakli əsas gürcü qüvvələri
ilə Gəncəyə yaxınlaşdığı zaman
müttəfiqlərini orada görmədi. Cavad xan 400-dək
gürcü əsirini geri qaytarmaqla və ildə 15 min manat xərac
ödəməyə boyun olmaqla İraklini də qane etdi.
1796-cı ilin aprelində
general V.Zubovun komandanlığı altında rus
qoşunlarının Cənubi Qafqaza yürüşü
başlandı. Tezliklə ruslar Dərbəndi, Qubanı,
Bakını, Şamaxını və s. Azərbaycan ərazilərini
işğal etdilər. General Rimski-Korsakovun
başçılıq etdiyi ayrıca korpus dekabrın 13-də
Gəncəyə çatdı. Hələ sentyabrda Cavad xan
Zubova məktubla müraciət edərək rus himayəsini qəbul
etməyə hazır olduğunu bildirmişdi. Tarixçi
O.P.Markova Zubovun yürüşünün əsas məqsədlərindən
biri kimi Cənubi Qafqazda Gürcüstanın üstün
mövqeyini təmin etmək olduğunu göstərir. Ona
görə də Cavad xan öz xanlığının
varlığına qarşı yaranmış real təhlükəni
neytrallaşdırmaq üçün rusların itaətini qəbul
etməyə hazır idi.
Cavad xan rus qoşunlarının
pişvazına şəxsən çıxmış və
general Rimski-Korsakova şəhər açarlarını hədiyyə
etmişdi. Lakin rus generalı onun sülhpərvərliyini
lazımınca qiymətləndirmədi. O, Cavad xandan
qalanı sakinlərdən boşaltmağı və ora rus
qarnizonunu buraxmağı tələb etmiş, sonuncu da bu tələbi
qəbul etmək məcburiyyətində qalmışdı. Rimski-Korsakov
Gəncəyə polkovnik Voyeykovu komendant təyin edərək,
özü şəhər kənarında yerləşdi.
Göründüyü kimi,
Cavad xanın ruslarla ikinci qarşılaşması az qala onun
hakimiyyətinin itirilməsi ilə nəticələnəcəkdi.
Lakin 1796-cı il noyabrın 6-da II Yekaterinanın vəfat etməsi
ilə taxta çıxmış Pavel anasının xarici
siyasətini yenidən gözdən keçirdi.
O, rus qoşunlarının dərhal
Cənubi Qafqazdan çıxarılması haqqında əmr
verdi. Rus hərbçiləri Gəncə torpaqlarını
da tərk etməli oldular. Bu hadisə haqqında A.Bakıxanov
yazırdı: "Ruslar qayıtdıqları zaman Gəncə
ölkəsini Gürcüstan valisinə verdilər. Vali
İrakli xan, qarabağlı İbrahim xan və şəkili
Səlim xan qoşunla Gəncənin xaricinə gəldilər.
Şəmsəddinli Əli sultanı vali tərəfindən
naib sifətilə Gəncə hökumətinə təyin
etdilər. Cavad xan çarəsiz qalıb qaçmaq fikrinə
düşdü. Lakin onun arvadı Şükufə xanım
adam göndərib Əli sultan ilə mehmannəvazlığa
başladı. Keçmişdə Cavad xanın etmiş
olduğu yaxşılıqları və onu həbsxana cəzasından
necə azad etdiyini ona xatırlatdı. Əli sultan da,
zatında olan vəfadarlıq və insanlığı
üzündən Cavad xanın hüzuruna gəlib, ixlas və
təzim ilə qalanın açarını təslim etdi və
onun xidmətində durdu. Bu hadisədən sonra Gəncə əhalisi
ona tabe oldu. Ətrafa dağılmış xanlar da öz
mülklərinə qayıtdılar".
Gətirilmiş iqtibas
1796-cı ilin sonlarında Cavad xanın mənəvi durumunu
anlamağa, ayırd etməyə imkan verir. Sanki bu fraqmentdə
haqqında danışılan insan tarix əsərlərindən,
kitablardan, publisistik yazılardan tanıdığımız mətin,
səbatlı, qəhrəmanlıq abidəsi Cavad xan deyildi. Bu,
qonşuları ilə, ələlxüsus da dost-doğma Azərbaycan
xanları ilə çəkişmələrdən,
böyük dövlətlərin cahangirlik sevdalarından,
daimi basqılarından usanmış, hakimiyyətdən
çəkilərək guşənişin həyat tərzinə
başlamağı qərara almış bir insan idi. Və kim
bilir, bəlkə də bu hadisələr Cavad xanın həyata
baxışının dəyişməsində və bir
şəxsiyyət kimi transformasiyasında önəmli rol
oynamışdı.
Rusların tələm-tələsik
gedişindən sonra artıq rəsmən başına tac
qoymuş Ağa Məhəmməd şah Qacar regiona yenidən
müdaxilə etmək niyyətinə düşür. 1797-ci
ilin yayında Qarabağa soxulan Qacar bu dəfə
danışıqlar nəticəsində Şuşaya daxil ola
bilir. O ərəfədə İbrahim xan azsaylı dəstəsi
ilə Car-Balakənə pənah aparmaq məcburiyyətində
qalmışdı. Şuşada olarkən Ağa Məhəmməd
şah Şimali Azərbaycan xanlarının yanına gəlməsini
əmr etmişdi. Cavad xan öz keçmiş xidmətlərinə
güvənərək şahın hüzuruna təşrif
buyurdu. Lakin şah onu gözlənilmədən həbsə
ataraq edamla hədələdi. Məsələ onda idi ki,
Zubovun yürüşü zamanı Ağa Məhəmməd
şah qardaşı oğlu Əsgər xanı Şəkiyə,
Şamaxıya və Gəncəyə göndərərək
xanlardan ruslara qarşı çıxmalarını tələb
etmişdi. Cavad xan ruslara müqavimət göstərə bilməyəcəyini
dərk edərək bu tələbi qulaqardına vurmuşdu.
Cavad xanın Şuşada məhbus
yaşamı uzun çəkmədi. Şuşanın
işğalının 8-ci günü, iyulun 4-də Ağa Məhəmməd
şah sui-qəsdin qurbanı oldu. Ümumi
qarışıqlıqdan yararlanan Cavad xan məhbəsdən
qurtulmağa və öz yurduna dönməyə müvəffəq
oldu...
(Davamı qəzetimizin
gələn şənbə sayında)
Rəhmanzadə Ş.
Ziyadlı İ.
Ayna.-2009.-17 yanvar.-S.17.