“Taleyimlə bağlı ssenaridə
baş nazirin müavini, yaxud millət vəkili abzasları
yoxdur”
Seyran Səxavət ona verilən
taleyi halallıqla qəbul etdiyini söylədi
"Yazanda
özümü yaxşı hiss edirəm, yüngülləşir,
mehribanlaşıram. Ümumiyyətlə, mənim
üçün gündəm anlayışı yoxdur,
dünyada ki varam. Gündəm dünyadan böyük deyil ki?
Mən şou əhli və ya diktor deyiləm ki, hər
gün efirdə görünüm". Bunu deyən
yazıçı Seyran Səxavətdən nə
yazdığı ilə maraqlandıq. Dedi ki, həmişə
bir yazını iki dəfə yazır. Birinci dəfə beynində,
ikinci dəfə kağız üzərində. İkinci
yazı sadəcə mirzəlikdir: "İndi mən mirzəlik
etmirəm. "60 ilin kişisi" adlı üçhissəli
bir roman üzərində işləyirəm. Demək olar ki,
bu əsər beynimdə tam hazırdır. Gərək
yazı ardınca gedəndə hər şeyi unudasan. Yazı
çox eqoist bir şeydir. Yazı biləndə ki sənin qəlbində
ondan başqa zərrə qədər nə isə var,
heç vaxt əlinə qələm götürə bilməzsən.
Bunun üçün mənəvi-psixoloji hazırlıq
lazımdır. Sözün böyük mənasında iki sevən
adamın yanında üçüncü həmişə
artıqdır. Mən də bütün ömrüm boyu
çalışmışam ki, yazı ilə mənim
yanımda "qəmiş" olmasın. Yazıçı
həmişə yazır, amma həmişə
köçürmür".
İllərdir bu roman
üzərində işləyən Seyran Səxavət əsərin
mövzusu haqqında söz açdı. Dedi ki, burada
keçdiyi həyat yolundan bəhs edilir. Cəmiyyətdə
havayı yaşamadığını dilə gətirən
yazıçı: "Dünyada hamıdan çox
tanıdığım özüməm. Ən çox
tanıdığım adamı qoyub niyə başqasından
yazmalıyam?" - deyir.
Azərbaycan ədəbiyyatında
"oxucu aclığı"ndan söz salan həmsöhbətim
məsələyə bu cür yanaşdı: "Bu gün
Azərbaycanda oxumamaq eşqindən doğan toxluq və
harınlıq var. Mətbuatda çox az-az görünürəm.
Bir dəfə mənə sual vermişdilər ki, çoxdan
bəri niyə susursunuz? Demişdim ki, mənim səsim həmişə
gəlir, sadəcə, xalqın qulağı bir az
ağır eşidir. Mən susanda da susmağımla ədəbiyyata
xidmət etmişəm. Nə üçün ədəbiyyatın
ekologiyasını korlayasan? Mənim ədəbi mühitimə
dünyanın görkəmli yazıçıları
daxildir. Niyə mən o boyda mühiti qoyub gəlib küncə
sıxılmalıyam? Azərbaycan ədəbi mühiti
dünya ədəbi mühitinin yanında uzaqbaşı yataq
otağına bənzəyir, biz hamımız burada yatmaqla məşğuluq.
Dünyanın ədəbiyyat sarayı isə
böyükdür. Bu gün 1500-dən çox
yazıçı var, hərəsinin də bir
iş-gücü. Yəni kimin nə işlə məşğul
olduğunu hamımız bilirik. Məncə, əsl
yazıçılar yazmaqla, elə-belə
yazıçılar isə nə ilə gəldi onunla məşğuldurlar".
"Bəs Seyran Səxavət
nə işlə məşğuldur" sualına o belə
yanaşdı: "Adımın qarşısında heç
bir titul yoxdur. Mən tərtəmizəm. Sovet vaxtında mənə
"Komsomol" mükafatı vermək istəyirdilər,
gedib imtina elədim. Hərdən adamlardan tərsinə
xahiş edirəm. Hərənin bir taleyi var, kor-koranə
alın yazısına inananlardan deyiləm. Elə anlar olub ki,
əsasən inandığım alın yazısını da
anonim hesab etmişəm. Hər halda, mənim taleyimə
baş nazirin müavini olmaq yazılmayıb. "Bu tale ilə
barışıram" deməyin özü də
artıqdır. Mən heç tale ilə dava eləməmişəm
də. Taleyimlə bağlı yazılan ssenaridə baş
nazirin müavini və ya millət vəkili abzasları yoxdur.
Ancaq mən bu taleyi halallıqla qəbul edirəm. Qəbul etmədiyim
yalnız bir şey var. Vay o gündən ki bir əbləh bəndə
Allahın Seyran Səxavət adlı ssenarisinə bir abzas əlavə
edib "sən bunu da yaşamalısan" desin. Mən bu
abzası heç vaxt qəbul edib yaşaya bilmərəm".
Ayna.-2009.-24 yanvar.-S.20.