"Hökumət təhlükəsizlik "yastıq"ını arxayınlıq "yastıq"ına çevirməyi düşünür"
Ekspert iqtisadiyyatın xilas planı olmadan qlobal maliyyə
böhranının təsirlərindən qorunmaq
üçün Dövlət Neft Fondunun vəsaitlərindən
istifadənin əleyhinədir
Ölkə
başçısının sədrliyi ilə keçirilən
iclasda, nəhayət ki, hökumət nümayəndələri
qlobal maliyyə böhranının Azərbaycana təsirlərindən
danışdılar. Beləliklə də məlum oldu ki,
hökumət böhrandan qorunmaq üçün Dövlət
Neft Fondunun vəsaitlərindən istifadə etməyi
planlaşdırır. Özü də daha çox bank-maliyyə
və tikinti sektorunu canlandırmaq məqsədilə. Bu nə
qədər təhlükəsiz və məqsədəuyğundur?
İqtisadi Təşəbbüslərə Yardım Mərkəzinin
sədr müavini Rövşən Ağayev "Ayna"ya
müsahibəsində vəsaitlərdən nəzarətsiz
istifadənin fəsadları barədə söhbət
açdı və iqtisadiyyatımızın mövcud durumunu
şərh etdi.
- Milli Bankın idarə
heyətinin sədrinin çıxışından belə qənaətə
gəlmək olar ki, qlobal maliyyə böhranında Dövlət
Neft Fondu təhlükəsizlik "yastıq"ı rolunu
oynayacaq. Sizcə, bu "yastıq" doğrudanmı iddia
edilən qədər təhlükəsizdir? Xaricdə
saxlanılan neft pullarının ölkəyə gətirilməsinin
fəsadları ola bilərmi?
- Ötən il hökumətin
sosial öhdəliklərini icra etməsi, dövlət
büdcəsində problemlərin yaranmaması
baxımından Dövlət Neft Fonduna toplanmış vəsaitlər,
həqiqətən də, təhlükəsiz
"yastıq" funksiyasını yerinə yetirə bildi. Ancaq
bu, narahatlıq doğurur. Çünki hökumət təhlükəsizlik
"yastıq"ını arxayınlıq
"yastıq"ına çevirməyi
düşünür. İqtisadi ehtiyatları büdcəyə
toplamaq hesabına büdcənin dayanıqlı gəlir mənbələri
təmin edilmir. Əksinə, neftdən gələn vəsaitlərə
arxalanır. Hər hansı şəxsin öz vəsaitlərindən
bu cür istifadə üsulunu anlamaq olar. Lakin hökumət
ciddi strukturdur, onun problemə strateji yanaşması vacibdir.
Beynəlxalq maliyyə təşkilatlarının
proqnozlarına görə, böhran 2-3 il uzana bilər. Deməli,
təhlükəsizlik "yastıq"ı olmayacaq və
hökumətin onda nə edəcəyi maraq doğurur.
- Bu vəsaitlərdən
daha çox maliyyə-bank, tikinti sektorunu və əmlak
bazarını canlandırmaq üçün istifadə məqsədəuyğundurmu?
- Əvvəla qeyd edim
ki, Azərbaycan bankları böhrana qədərki dövrdə
xeyli məbləğdə kredit ehtiyatları əldə
etmişdi. Böhran başlayanda məlum oldu ki, Azərbaycan
banklarının xarici maliyyə institutlarına təqribən
2,5 milyard dollar borcu var. Qəfildən bu kanalın kəsilməsi
və böhranın dərinləşməsi beynəlxalq
maliyyə institutlarının qapılarını
bağladı. Bəzi beynəlxalq banklar hətta
stimullaşdırıcı təkliflərlə yerli banklara
müraciət etdi. Yəni əsas borc vaxtdan əvvəl
qaytarılarsa, faizlər tələb olunmayacaq. Bir il ərzində
1 milyard dollardan artıq borc geri qaytarıldı. Təbii
olaraq iqtisadiyyatda maliyyə ehtiyatlarının
qıtlığı yarandı. Ona görə də kəsilmiş
pul ehtiyatlarının yerinin kompensasiya edilməsi
aktuallaşıb.
Bildiyiniz kimi, qlobal maliyyə
böhranından çıxmaq üçün dövlətlər
xilas planı hazırlayır. Milli Bank da azərbaycansayağı
bir xilas planı təklif edir. Belə ki, neft gəlirlərindən
toplanmış valyuta ehtiyatlarının bir hissəsini
ölkəyə gətirmək planlaşdırılır. Bankın
idarə heyətinin sədri deyir ki, bu pullar ölkə
daxilindəki banklarda yerləşdirilsin və iqtisadiyyatın
kredit ehtiyatlarının ödənilməsinə yönəldilsin.
Bu təklif səslənəndən bəri əksəriyyət
böhranın təsiri altında hökumətin
addımını dəstəkləyir. Xatırladım ki,
bir müddət öncə hökumət iqtisadiyyatı,
maliyyə və bank sektorunu xilas etmək üçün mənfəət
vergisində güzəştlər tətbiq etmişdi.
Bu məsələdə
diqqətimi çəkən məqamlar var. 2005-2008-ci illərdə
neftin qiyməti yüksək olanda hökumət
iqtisadiyyatın strukturunun təkmilləşdirilməsi,
diversifikasiyası, idarəetmədə islahatların
aparılması, sahibkarlığın inkişaf etdirilməsi,
rəqabət mühitinin formalaşdırılması, bank
sektorunun genişləndirilməsi baxımından çox
işlər görə bilərdi. Bunlar edilmədi. "Suda
boğulan saman çöpündən yapışar"
prinsipi ilə nəticələr haqqında fikirləşmirik.
Bilirsiniz ki, böhrana qədər
tikinti işlərinin 60 faizi kreditlər hesabına həyata
keçirilirdi. Qəflətən bu sektorda işin
dayanması müqabilində, hökumətin etiraf etdiyi kimi,
500 min nəfər işsiz qalıb. 4 milyon işçi
qüvvəsi olan ölkədə 500 minin tikinti sektorundan
qidalanması vacib amildir. Bu, məşğul əhalinin 15
faizi deməkdir. Hökumət belə vəziyyətdə
işgüzar fəallığı, maliyyə-bank sektorunun
sabitliyini saxlamaq və insanları qısamüddətli
mövsümi işlə təmin edən tikinti sektorunun vəziyyətini
yaxşılaşdırmaq istəyir. Bu planı o vaxt
alqışlamaq olardı ki, hökumət iqtisadiyyatın
diversifikasiya, xilas planlarını ortaya qoyardı. Planlarda vəsaitlərdən
dəqiq istifadə ilə bağlı məqamlar öz əksini
tapmalı idi.
Bəzi rəqəmlərə
diqqət çəkmək istəyirəm. Hamı 2008-ci ilin
böhran ili olmasından söhbət açır. Rəsmi
statistikaya nəzər saldıqda, əslində, Azərbaycanda
böhranın əvvəlki illərdə də
müşahidə edildiyinin şahidi olmaq mümkündür.
Azərbaycanda 70-ə yaxın qeyri-sənaye məhsulu istehsal
olunur. Ötən illərdə 30-dan artıq məhsulun
istehsalında kəskin azalma müşahidə edilib.
Məsələn, konservləşdirilmiş pomidorun
istehsalı 2006-cı ilə nisbətən 2007-ci ildə 3 dəfə
aşağı düşüb. Pambıq lifinin istehsalı
14 min ton, yəni 30 faiz aşağı düşüb. Qəribədir
ki, hazırda hökumət kənd təsərrüfatının
deyil, tikinti sektorunun gücləndirilməsi haqqında
danışır. Sonuncu müşavirədə məhz bu
vurğulandı.
Tikinti sektoru müvəqqəti
effektə hesablanmış sferadır. Razıyam, bu sahədə
işgüzar fəallığı saxlamaq lazımdır. Məsələn,
ABŞ-ın yeni prezidenti Barak Obama işgüzar fəallığı
artırmaq üçün infrastruktur layihələrini
genişləndirəcəyini söyləyir. Ancaq bu o halda
effekt verir ki, iqtisadiyyatın diversifikasiya planı, ixrac
potensialının artırılması məsələsi
gündəmdə olsun. Kənd təsərrüfatının,
qeyri-sənaye məhsullarının istehsalına vəsait
ayrılmalıdır. Tikinti sektorunun da inkişafına vəsait
ayırmaq olar. Amma məsələ ondadır ki, hökumət
son illər tikinti layihələrini maliyyələşdirməklə
məşğuldur. Üç ildən sonra
ayılacağıq ki, on milyardlarla valyuta ehtiyatlarımız
maliyyə və tikinti sektorlarına xərclənib. Bir daha
vurğulayıram ki, bu, müvəqqəti effektdir. Real olaraq
ixrac potensialının, iqtisadi strukturun təkmilləşdirilməsi
baxımından heç nə olmayacaq.
- Bütün dünya
qlobal maliyyə böhranından çıxış
yolları axtarır: istər inkişaf etmiş, istərsə
də etməkdə olan ölkələr. Təbii ki, əksər
dövlətlərin maliyyə ehtiyatları var. Böhrandan
çıxmaq üçün bu vəsaitlərdən istifadə
edən ölkələr varmı?
- Bildiyimə görə,
xilas planı tərtib edilən ölkələrdən
yalnız Qazaxıstanda 25 milyard dollardan tədricən istifadə
məsələsi gündəmdədir. İnkişaf
etmiş ölkələr isə büdcənin
ehtiyatlarından istifadəyə üstünlük verir.
Büdcə kəsirinin örtülməsi daxili qiymətli
kağızlar bazarının hesabına həyata keçirilir.
Dövlət daxili qiymətli kağızlar bazarında
borclanmaya gedir. Yəni vəsaitlərin mənbəyində əhəmiyyətli
fərq var.
Bəzən hökumət
məmurları bizi qınayırlar ki, hətta ən
yaxşı təkliflərin əleyhinə
çıxış edirik. Dövlət Neft Fondunun vəsaitlərindən
istifadə etmək mübahisə doğurmur. Söhbət
bunun necə istifadə edilməsindən gedir. Bu gün bank
sektoru kifayət qədər qapalıdır,
inhisarlaşıb. Məsələ ondadır ki, məmurların
inhisarında olan banklara vəsaitlər yönəldilir. Tikinti
sektoru tamamilə inhisardadır. Xüsusilə dövlət vəsaitləri
hesabına həyata keçirilən tikinti layihələrinin
hamısı ayrı-ayrı məmurların maraq dairəsindədir.
Şəffaflıq olmayan mühitdə pullar necə xərclənəcək?
Neft pullarına Milli Məclisin
nəzarəti yoxdur. Mübahisə doğuran məsələ
parlamentin fəaliyyətinin nə qədər effektli
olmasıdır. Parlament büdcə vəsaitlərinə nə
dərəcədə nəzarət edir?
Amma istənilən halda
parlamentdə informasiyanı 5 deputat bilirsə və biz QHT
olaraq büdcə paketini oradan əldə edə biliriksə,
deməli, parlament hökumətə baxanda daha açıq
qurumdur.
İnhisarlaşma,
bankların kapitalla davranmasında təcrübənin
olması sual doğurduğu şəraitdə vəsaitlər
qeyri-ədalətli şəkildə
bölüşdürüləcək. Azərbaycanda rəqabətli
bazar, istehsal sahələri mövcud deyil. Sahibkarların
sayı da azdır. Belə çıxır ki,
ayrı-ayrı maraq qruplarının əhatəsində olan
sahibkarlar bundan yararlanacaqlar.
İkincisi, 2008-ci ilin məlumatına
əsasən, verilən kreditlərin 90 faizi Bakı və
Abşeronun payına düşür. Maraqlıdır,
növbəti kreditləşmə dalğası da bu cür həyata
keçiriləcək? Mərkəzin xilası naminə pullar
xərclənəcək. Sənaye məhsullarının
85-90, rabitə xidmətlərinin 97, tikintilərin 65-70 faizi
paytaxtda həyata keçirilir. Qazaxıstanda paytaxt və
bölgələr üçün ayrıca xilas planları
hazırlanıb. Düşünürəm ki, Bakı və
bölgələr üçün ayrıca planlar
hazırlanmalıdır. Ölkənin ixrac potensialının
artırılmasına hesablanmış antiböhran planı
olmadan vəsaitlərin ölkəyə gətirilməsinin əleyhinəyəm.
Bu vəsaitlərin
böyük hissəsi
nəzarətsiz şəraitdə
buxarlanacaq.
- Pulların Azərbaycana
gətirilməsində problemlər olmayacaq ki?
- Bu texniki bir məsələdir.
Ola bilər ki, hökumət xarici banklardan pul götürməsin,
sadəcə, bu ilin birinci rübündə yığılan
vəsaitlərdən istifadə etsin. Əsas odur ki, ehtiyac həddi
qiymətləndirilsin. Yəqin ki, xaricdən alınan vəsaitləri
kompensasiya etmək və işgüzar fəallığı
artırmaq üçün bir neçə milyard dollardan
istifadə ediləcək.
- Cənab Elman Rüstəmov
çıxışında onu da bəyan edib ki,
inflyasiyanın birrəqəmli səviyyəsinə nail olmaq
gerçəkdir. Sizcə, hökumət neft pullarını
ölkəyə gətirməklə birrəqəmli
inflyasiyaya nail olmağı düşünür, yoxsa
başqa yollar axtarılır?
- Bu başqa problemdir.
2007-ci ildə qlobal maliyyə böhranının xarakterik cəhəti
inflyasiyanın artımı idi. İnflyasiyanın səviyyəsi
2008-ci ilin birinci yarısına qədər son 10 ildə ən
yüksək idi. Ötən ilin yayından başlayaraq
inflyasiyanın deflyasiya ilə əvəzlənməsi prosesi
getdi. Hətta vəziyyət o yerə çatdı ki,
ABŞ-da oktyabr və noyabrdakı deflyasiya həddi 1947-ci ildən
sonra ən yüksək göstərici kimi qeydə
alındı. Beynəlxalq aləmdə inflyasiya deflyasiya ilə
əvəzləndi. Böhranın xarakteri dəyişdi.
Qlobal inflyasiya istehsalın aşağı düşməsi və
işsizliklə yadda qaldı.
Rəsmi statistikaya əsasən,
Azərbaycan ərzaq ehtiyatının 60 faizini idxal hesabına
həyata keçirir. Dünyada baş verənlərdən
sonra idxal inflyasiyası dayanıb. Deməli, qalır ölkədaxili
amillər. Amma bu prosesdən kənarda qalmaq mümkün
deyil. İstər-istəməz deflyasiya prosesi inflyasiyanın
tempini zəiflədir. Belə şəraitdə
inflyasiyanı birrəqəmli həddə gətirmək
mümkündür. Amma bu heç də böhranın səngiməsi
demək deyil. Deflyasiyanın özü inflyasiya qədər zərərlidir.
İnflyasiyanın səviyyəsi aşağı
düşür, amma dünya artıq başqa problemlərlə
üzləşir.
- Dünya
Bankının Azərbaycan təmsilçisi
açıqlamasında bildirib ki, Azərbaycan 10 ballıq
şkalanın 7-8-nə cavab verir. Ölkəmiz biznes
mühitini yaxşılaşdırmaq istiqamətində 66
pillə irəliləyərək 33-cü yerdə dayanıb.
Bəs nədən yerli ekspertlər maliyyə
böhranının qapını kəsdiyini bəyan edirlər?
Hökumət də bunu etiraf etdi. Yəni ölkəmizdə
vəziyyət doğrudan da yaxşılaşıb, bizlərsə
bunu görmürük?
- Sözün
açığı, beynəlxalq təşkilatların
ölçü vahidləri və parametrləri təəccüb
doğurur. Ümumdünya İqtisadi Forumunun illik reytinq cədvəlinə,
DB-nin "Doing Biznes" indeksinə baxanda fərqli yanaşmalar
müşahidə edilir.
DB-nin Azərbaycana
münasibətdə sərgilədiyi mövqeyini izah etməkdə
çətinlik çəkirəm. Xüsusilə bankın
yerli təmsilçisinin Azərbaycan ekspertlərinə kinayəli
münasibətinə təəssüflənirəm. Bir
ölkədə ÜDM-in 60 faizi xammal hesabına formalaşırsa,
neft sektoru ilə qeyri-neft sektoru arasında əmək məhsuldarlığı
arasındakı fərq 75 dəfədirsə, ixracın 96
faizi neft hesabına formalaşırsa, məşğulluğun
ümumi strukturunda iki faiz paya malik olan sfera ölkədə
ÜDM-in 65 faizini formalaşdırırsa və məşğulluğun
strukturunda 98 faiz payı olan digər sferalar heç ÜDM-in
30 faizini yarada bilmirsə, beynəlxalq testdə təhsilin səviyyəsi
57 ölkə arasında 55-ci yeri tutursa, uşaq
ölümünə görə Qafqazda "lider"iksə,
ərazinin hər 1000 kv.kilometrinə düşən
yolların həcminə görə sonuncu onluqda yer tuturuqsa,
iqtisadi inkişafdan danışmaq mənə təəccüblü
görünür. Bəlkə, DB-nin ayrı parametrləri
var?! Öyrənmək heç vaxt gec deyil. Biz öyrənməyə
həmişə hazırıq.
Beynəlxalq təşkilatların
bu cür açıqlamalarından ona görə narahatıq
ki, hökumət islahatlar keçirmək əvəzinə
daha da arxayınlaşır. Gözlə görünən
inkişaf neft pulları ilə bağlıdır. Neftin qiyməti
iki il 30-40 dollar civarında qalarsa, böyük ehtimalla, bu belə
də olacaq, onda Azərbaycan iqtisadiyyatını çox dəhşətli
faciələr gözləyir. O zaman heç bir beynəlxalq
ekspert bunu yoza bilməz. İndiki neft hasilatı çərçivəsində
Azərbaycanın ehtiyatları ən yaxşı halda növbəti
iki il ərzində onun büdcəsini sabit saxlamağa kifayət
edər. Sonrakı mərhələdə, yəni 2011-ci ildən
sonra neftin hasilatının azalma dövrü başlayacaq. Belə
vəziyyətdə ölkədə uğurlu inkişaf
haqqında danışmaq yersizdir. Resurslar o vaxt təminata
çevrilir ki, ondan səmərəli şəkildə
istifadə edilsin. Resurs bolluğu təminatlı gələcək
demək deyil.
Ağayev R.
Əhmədova A.
Ayna.- 2009.- 24 yanvar.-
S.8.