İnsan
alveri ilə məşğul olan mütəşəkkil dəstəyə
hökm oxundu
Ağır Cinayətlərə
dair İşlər üzrə Məhkəmədə insan
alverində təqsirləndirilən Sənubər Məmmədova,
Bayram İsgəndərov, Anar Rzaquliyev, Zeynal Zeynalov, Nazim
Zeynalov, Namiq Həsənov, Rafiq Əliyev, Sədaqət
Muxammetyazova, Çiçək Ələsgərovanın məhkəməsi
başa çatıb. İttiham aktına görə, təqsirləndirilən
Sədaqət Muxammetyazova əxlaqsızlıq yuvası təşkil
edərək gəlir əldə etmək məqsədilə
qadınları fahişəliyə cəlb edib.
Belə ki, S.Muxammetyazova
yaşadığı Gəncə şəhəri,
Atatürk küçəsi 197, ev 1, mənzil 42
ünvanında əxlaqsızlıq yuvası təşkil
edib. Şəmkir rayonu, Düyərli kənd sakinləri
Esmira, Şəlalə və Şəhla Bayramova
bacılarını gəlir əldə etmək məqsədilə
fahişəliyə cəlb edib. Həmin qadınları
yaşadığı mənzildə müxtəlif kişilərlə
dəfələrlə görüşdürüb.
Bundan əlavə,
S.Muxammetyazova tanışı Bayram İsgəndərovla cinayət
əlaqəsinə girərək fahişəliyə cəlb
etdiyi Esmira Bayramovanı həmin şəxsə
ötürüb. B.İsgəndərov isə Esmiranı kirayə
tutduğu evə gətirərək orada saxlayıb, evdən
çıxmağa imkan verməyərək onunla qəddar,
qeyri-insani və ləyaqəti alçaldan rəftar edib,
üstəlik, qanunsuz olaraq azadlıqdan məhrum edib. Həmin
müddət ərzində B.İsgəndərov E.Bayramovaya
qarşı zor tətbiq etməklə və onun köməksiz
vəziyyətindən istifadə etməklə onunla dəfələrlə
cinsi əlaqədə olmaqla təkrarən zorlayıb, dəyəri
100 manat təşkil edən qızıl üzük və
sırğalarını, 40 manat dəyərində olan mobil
telefonunu əlindən alıb.
Bundan sonra B.İsgəndərov
tanışı Çiçək Ələsgərova ilə
əlbir olub cinayət əlaqəsinə girərək
E.Bayramovanı cinsi istismar məqsədilə ona təhvil
verib və bunun müqabilində 50 ABŞ dolları alıb.
Z.Zeynalov və N.Zeynalov
isə E.Bayramovanı oğurlayaraq bir neçə gün
saxladıqdan sonra qızı digər şəxsə 150
ABŞ dolları müqabilində satıblar. Bundan sonra R.Əliyev
E.Bayramovanı cinsi istismar məqsədilə gizlətmək
üçün Goranboy rayonunun Səmədabad kəndində
yaşayan həyat yoldaşı Sənubər Məmmədovanın
evinə aparıb. İki ay müddətində
E.Bayramovanı həmin evdə saxladıqdan sonra ona ümumvətəndaş
pasportu alaraq avtobusla Türkiyəyə yola salıb.
N.Həsənov isə
E.Bayramovanı Türkiyənin Düzcə rayonuna apararaq orada
fahişəliyə cəlb edib. Bir neçə ay sonra
E.Bayramovanın viza müddəti bitdiyindən N.Həsənovla
birlikdə Gəncəyə qayıdıb. R.Əliyev
onları Gəncədə qarşılayıb, Esmiranı
üç gün saxlayıb və sonradan yenidən Türkiyəyə
yola salıb, bununla daha üç ay zərərçəkmişi
cinsi istismara məruz qoyublar.
Məhkəmədə
təqsirləndirilən şəxs qismində dindirilən
S.Muxammetyazova ona qarşı elan edilən ittihamla
özünü təqsirli bilməyib: "2006-cı ilin əvvəllərində
Gəncə şəhərindəki "kolxoz"
bazarında Şəlalə adlı bir qızla tanış
oldum. Şəlalə mənə evdən
qaçdığını, qalmağa yeri
olmadığını bildirdi. Buna görə də Şəlaləni
evimə apardım və 10 gün bizdə qaldı. Həmin
vaxt hamilə olan Şəlalə mənimlə birlikdə
bazara gedib xadiməlik edirdi. Şəlalə
ünvanlarını mənə demədiyindən sahə
inspektoru Zaura müraciət edib evimdə bir qız
qaldığını bildirdim. Zaur evə gələrək sənədləşmə
apardı və Şəmkir rayonuna bununla bağlı məlumat
verdi".
Bir neçə gün
sonra Zaur Sədaqətlə Şəlaləni Şəmkir
prokurorluğuna çağırdıqlarını bildirir.
"Prokurorluğa gedəndə Şəlalənin atası,
anası və Esmira adlı bacısı da orada idi.
Qızı təhvil verib Gəncəyə qayıtdım. Bir
neçə müddət keçdikdən sonra Şəlalə
yenə də Şəmkirdən qaçıb bizə gəldi.
Şəlaləni anasının evinə aparanda qadın
bildirdi ki, onun üçün bir adam tapım və Şəlaləni
ərə verək. Bundan sonra Şəlaləni
götürüb Gəncəyə qayıtdım", - deyə
S.Muxammetyazova ifadəsində bildirib.
Sədaqətin
qızı Gülşirin Zeynal adlı oğlanla
görüşür, Zeynal isə dostu Bayramla tez-tez
S.Muxammetyazovagilə gəlirmiş. "Bayrama təklif etdim
ki, Şəlaləni alsın. Bayram da razılaşdı.
Şəlalə evlərinə qayıdandan sonra Bayram və
Zeynalla birgə Şəlalənin valideynlərinin yanına
elçi getdik. Bayram bir ay ərzində Şəlaləgildə
qalıb. Təxminən bir ay sonra Bayram və Şəlalənin
bacısı Esmira axşamüstü bizə gəldi. Bayram
bildirdi ki, Şəlalə ruhi xəstədir, Esmiranı istəyir.
Bundan sonra Esmira ona dedi ki, otaqların birini ona ya satım, ya da
kirayə verim. Mən isə bununla razılaşmadım",
- deyə S.Muxammetyazova qeyd edib.
Məhkəmədə
təqsirləndirilən şəxs qismində dindirilən
Bayram İsgəndərov özünü qismən təqsirli
bilib: "Sədaqət Muxammetyazovanı təxminən
üç ildir tanıyıram. Bir gün Sədaqət mənə
bildirdi ki, evində Şəlalə adlı qız qalır və
o, hamilədir. Sədaqət təklif etdi ki,
biabırçılığın qarşısını
almaqdan ötrü onunla birlikdə Şəlalənin
yaşadığı kəndə gedim. Özümü Şəlalənin,
guya, Rusiyada yaşayan əri kimi təqdim etdim ki, onun problemi
olmasın. Şəlaləni, onun bacıları Esmira və
Şəhlanı, onların valideynlərini birinci dəfə
orada gördüm. Sonradan bildim ki, Şəlalə, Esmira və
Şəhla Sədaqətin yanında fahişəliklə məşğul
olurlar.
Şəlaləgilin
evində 15 gün qaldıqdan sonra Gəncəyə
qayıtdım. Gəncədə Esmiranın
razılığı ilə Sədaqətin evində onunla
görüşürdük. Sonradan Esmira möhkəm xəstələndi
və buna görə də onu Gəncə şəhəri,
Hərbi şəhərcik-38-də kirayə tutduğum evə
apardım. Bir müddət sonra ona dərman almaq
üçün pul tapa bilmədiyimi görüb Esmiranı əvvəllər
tanıdığım Çiçək Ələsgərovaya
verdim".
Təqsirləndirilən
Anar Rzaquliyev də ona elan edilən ittiham üzrə
özünü təqsirli bilməyib: "Bayram İsgəndərov
mənim dostumdur. Bir dəfə Bayramgilə gedəndə məni
Esmira ilə tanış edib. Lakin mən nə Esmiraya yemək
aparmışam, nə də onunla yaxınlığım olub".
Məhkəmədə
təqsirləndirilən şəxs qismində ifadə verən
Çiçək Ələsgərova isə
özünü təqsirli bilib: "Maddi vəziyyətim pis
olduğundan uşaqları dolandırmaq üçün məcbur
olub fahişəliklə məşğul olmuşam. Esmira ilə
məni Bayram tanış edib. O bildirdi ki, Esmira xəstədir,
onu saxlamağa, müalicə etməyə və ev kirayəsinin
pulunu verməyə imkanı yoxdur. Mən də Esmiranı
öz evimə gətirdim. Həmin vaxt Bayram məndən 50
dollar borc pul aldı və bir həftədən sonra
qaytardı. Həmin pulu Esmiranın müalicəsinə xərclədim.
Sağalandan sonra Esmira da mənimlə birlikdə fahişəliklə
məşğul olurdu.
Bir dəfə Esmira ilə
birlikdə "müştəri"nin yanından qayıdarkən
Zeynal maşınımızı saxladıb Esmiranın
saçından tutub döyməyə başladı. Sonra məni
də maşından çıxarıb döydü və
Esmiranı öz avtomobilinə oturdub harayasa apardı. Həmin
vaxt Zeynalı tanımadığımdan Esmiranı tapa bilmədim.
İki gündən sonra Zeynal mənim qaldığım evə
gəldi və hədə-qorxu ilə Esmiranın paltar və
sənədlərini götürdü. Bundan sonra Esmiranı
görməmişəm".
Məhkəmədə
təqsirləndirilən şəxs qismində dindirilən
Zeynal Zeynalov özünü təqsirli bilməyib: "Taksi
sürücüsü işləyirdim. Tanışım Sədaqət
Muxammetyazovanın xahişi ilə idarə etdiyim
avtomaşınla Sədaqəti, Bayram İsgəndərovu və
Esmiranı Şəmkir rayonunun Düyərli kəndinə
aparmışam. Orada Bayram deyib ki, Esmiranın əridir.
Esmiranın qohumları onlar üçün toy edib və
bundan sonra Sədaqətlə geri qayıtmışıq.
Bayram isə Şəmkirdə qaldı. Bundan sonra mən
Esmiranı görməmişəm".
Məhkəmədə
təqsirləndirilən şəxs qismində dindirilən
Nazim Zeynalov, Namiq Həsənov, Rafiq Əliyev də özlərini
elan edilən ittiham üzrə təqsirli bilməyiblər. Məhkəmədə
təqsirləndirilən şəxs qismində dindirilən Sənubər
Məmmədova özünü təqsirli bilməyərək
deyib ki, Rafiq Əliyev onun rəsmi əridir və ondan bir
uşağı var: "Lakin uzun müddətdir faktik olaraq
birgə yaşamırdıq. Bir gün Rafiq bacısı Mətanət
və Esmira adlı bir qızla yaşadığım evə
gəldi. Mətanət Esmiranı Şəmkirdə
yaşayan baldızının qızı kimi təqdim etdi. Mətanət
bildirdi ki, Esmiranı narkoman əri döyüb, onu rəsmi ərindən
boşatdırmaq istəyir. Onlar bir gün bizdə
qaldıqdan sonra çıxıb getsələr də,
üç gündən sonra yenidən qayıtdılar. Mətanət
xahiş etdi ki, Esmiranın boşanması üçün sənədlər
hazır olana qədər bizim evdə qalsın. Bir neçə
gün sonra Mətanət və bacısı Şəfəq
gələrək Esmiranı özləri ilə apardılar.
Bundan sonra nə Esmiranı, nə də Rafiqi
görmüşəm".
Məhkəmədə
zərərçəkmiş şəxs qismində dindirilən
Esmira Bayramova bacıları Şəlalə və Şəhlanın
fahişəliklə məşğul olduğunu təsdiqləyib:
"Gəncə şəhərində Sədaqət
Muxammetyazovanın evində yaşayırdıq. Sədaqət
bizim üçün müştəri tapır və pulu həmişə
özü alırdı. Bir gün Sədaqət bildirdi ki,
guya, Bayram Şəlaləni ailə qurmaq məqsədilə
qaçırıb. Sonradan Şəlalə bildirdi ki, hamilədir.
Bayram və Sədaqət onu qaçırandan sonra fahişəliklə
məşğul olmağa məcbur ediblər. Sonra Bayram məni
zorla maşına mindirərək başqa bir ünvana apardı.
Məni hədələyərək evdən
çıxmamağı tapşırdı, özü isə
evdən çıxarkən qapını
bağlayırdı.
Bayram evdə olmayanda
dostu Anara tapşırırdı ki, mənə nəzarət
etsin. Bayram mənim dəyəri 40 manat olan telefonumu, 100
manatlıq qızıl əşyaları əlimdən alıb.
Sonralar məni Asəf və Çiçək adlı şəxslərə
satdı. Bir müddət keçdikdən sonra Nazim və
Zeynal qardaşları məni zorla Mətanət adlı
qadının evinə apardılar. Zeynal dedi ki, məni Mətanətə
satıb. Sonradan Mətanət və Namiq məni Türkiyənin
Düzcə rayonuna gətirib fahişəliklə məşğul
olmağa məcbur etdilər".
Məhkəmənin
hökmü ilə Sənubər Məmmədova 4 il, Bayram
İsgəndərov 9 il, Anar Rzaquliyev 8 il 6 ay, Zeynal Zeynalov 9
il, Nazim Zeynalov 5 il, Namiq Həsənov 5 il, Rafiq Əliyev 9 il,
Sədaqət Muxammetyazova 5 il, Çiçək Ələsgərova
isə 2 il sınaq müddətinə azadlıqdan məhrum
edilib.
Zeynalov, H.
Ayna.-2009.-24 yanvar.-S.18.