Ombudsman Azərbaycanda rüşvət və işgəncə hallarının mövcud olduğunu bildirib

 

Amma o hesab edir ki, rüşvət aşağı səviyyədədir, işgəncəyə isə müvafiq qurumlarda rast gəlinir        

 

Dünən Azərbaycanın insan hüquqları üzrə müvəkkilinin təşkilatçılığı ilə Avropa Şurasının 60, Avropa İnsan Hüquqları Məhkəməsinin isə 50 illiyinə həsr olunan "Avropa Şurası və Azərbaycan: insan hüquqlarının müdafiəsində yeni mərhələ" mövzusunda "dəyirmi masa" keçirilib. APA-nın məlumatına görə, tədbirdə çıxış edən ombudsman Elmira Süleymanova Azərbaycanın Avropa Şurası ilə əməkdaşlığının uğurla davam etdirildiyini, ölkədə qanunvericilik bazasının təkmilləşdirildiyini bildirib.

Ombudsman ölkədə aşağı səviyyədə rüşvət hallarının mövcud olduğunu, müvafiq qurumlarda işgəncə faktlarına rast gəlindiyini, bələdiyyələrin işinə müdaxilə hallarına yol verildiyini də diqqətə çatdırıb. E.Süleymanova bu çatışmazlıqların aradan qaldırılmasının zəruri olduğunu deyib. Müvəkkil həmçinin bələdiyyələrdən aşağı strukturların ləğv edilməsinin vacibliyini də diqqətə çatdırıb.

Avropa Şurası baş katibinin Azərbaycandakı xüsusi nümayəndəsi Veronika Kotek təmsil etdiyi qurumla Azərbaycan arasındakı əməkdaşlıqdan razı olduqlarını, bu əməkdaşlığın səviyyəsinin daha da dərinləşdirilməsinə çalışdıqlarını deyib.

Milli Məclisin hüquq siyasəti və dövlət quruculuğu məsələləri daimi komissiyasının sədri Əli Hüseynov Azərbaycan qanunvericiliyi ilə İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında Avropa Konvensiyası arasında prinsipial ziddiyyətlərin olmadığını deyib: "Müəyyən uyğunsuzluqlar isə ola bilər".

Ə.Hüseynov Azərbaycanın Avropa Şurası qarşısında götürdüyü öhdəliklərin böyük bir hissəsini yerinə yetirdiyini deyib. Komissiya sədri öhdəliklərdən biri olan "Alternativ xidmət haqqında" qanun layihəsinin hazırlanması ilə bağlı işçi qrupun da fəaliyyət göstərdiyini bildirib.

Ə.Hüseynov, həmçinin Ombudsman Aparatı tərkibində daim inkişafda olan Avropa presedent hüququnun öyrənilməsi üçün müvafiq qurumun yaradılması təklifini də irəli sürüb: "Belə olsa, həmin qrup ölkə qanunvericiliyini ekspertizadan keçirə və beynəlxalq hüquqa uyğunluğunu öyrənə bilər".

 

 

Abbas  S.

 

Ayna.-2009.-24 yanvar.-S.2.