Girov qoyulan saqqal
Səyyad
Aranın hekayəsi
Bu il Aranın şiddətli istiləri erkən
başladığından Qaradonlu bəylərinin və
hacılarının say-seçmə kişiləri
arvad-uşaqlarını, qul qaravaşlarını, nökər-naiblərini,
mal-qaralarını toparlayıb hələ mayın əvvəllərindən
üz tutmuşdular Sarıyer yaylaqlarına. Qaradonluda
qalmışdı əsnafın bir-iki dəngil-düngül,
“vəzndə” yüngül nümayəndələri,
aralıq çarvadarları, bir də qara camaat.
Yer-göy od tutub yanırdı. Elə bil
hamını nəhəng bir təndirin başına
yığmışdılar, nəfəs aldıqca
adamların ürəyini, ciyərini, boğazını sanki
alov qarsırdı. Hərdənbir, o da ancaq axşam tərəfləri
əsən kiçik bir meh insanlara görünməmiş
bir səadət bəxş edirdi. Dərindən nəfəs
alan, xəfif mehi bacardıqca içlərinə çəkən
adamlar “oxxxayyy, İmam Hüseynin payı olsun!” deyib uca pərvərdigara
dua edir, “bir də, bir də, ey yerin-göyün yiyəsi”
deyib yalvarırdılar. Təntiyən nəfəslər,
sıxılan ürəklər bir anlıq rahatlıq
tapır, amma meh keçib gedən kimi əvvəlki müsibət
yenidən başlayırdı.
Cavan-cuvan çəmini tapmışdı.
Səhər Allah verəndən yeyib göy-göyərtidən,
mer-meyvədən, qarpız-yemişdən heybələrinə
yığıb özlərini toxuyurdular Araza. Gün
xeylağ əyiləndən, qaş qaralandan sonra komalarına
dönürdülər. Bağ-bağatı qalın, həyətində
su quyusu olanların vəziyyəti bir balaca babatıydı.
Tez-tez quyudan su çəkib başlarına əndərir,
bağın qalın yerlərinə girib iri teştlərin
içində sərinlənirdilər. Həmişə
abır-həyalarına qısılan, ağır oturub batman
gələn Qaradonlu qız-gəlinləri yeniyetmə
uşaqları bir neçə yerə güdükçü
qoyardılar ki, yad nəzərlərdən uzaq olsunlar.
Çoxu suyu üst-başına axıdıb elə
islanmış pal-paltarda həyət-bacada dolaşır,
gündəlik iş-güclə məşğul olurdular. Bir
hovur çəkmirdi ki, yenidən donlarını suya salıb
çıxarırdılar, təzədən yaş-yaş
geyirdilər, az çəkmirdi paltarları elə əyinlərindəcə
günün altında yenə qup-quru quruyurdu.
Uzun müddət Qaradonlunun kəndxudası
olmuş kərbəlayı Ələşrəfin oğlu
Hacı Rüstəmin və qardaşlarının hansı səbəbdənsə
ləngiyib bu cəhənnəm alovunun içində indiyə
qədər duruş gətirməsi ətraf kəndlərin
adamlarını da heyrətdə qoymuşdu.
Hazırlaşıb yola çıxmağa hacı Rüstəmin
bircə işarəsi gərəkdi. Bir günün
içində qəflə-qatır toparlanıb yola
düşməyə hazır idi. Amma Hacı Rüstəm əmr
vermirdi.
Camaat, qohum-əqrəba, oğlanları da
qalmışdı girinc. Hamı bir-birinə baxır, lal
baxışla, göz-qaşla bir-birinə sual verir, cavab
almayıb, yenə səssiz şəkildə çiyinlərini
çəkirdilər. Böyük oğlu başına bir
badya su əndərib iri tut ağacının altında oturub
tez-tez sərnicdən su tökərək üz-gözünə
çiləyən anasına yaxınlaşdı.
- Ana, atam niyə tərpənmir?- Yəqin
bir səbəb var.
- Nə?
- Bilsəydim, deyərdim. Darıxma.
İnşallah, biz də gedərik.
Oğlu nagüman şəkildə
anasına baxdı. Sıxıntı, nigarançılıq çəkdiyindən
neçə gündü üzü gülmürdü. Ana
ürəyi dözmədi.
Qərara gəldi ki, Hacı Rüstəm
acıqlansa da, nəhayət kişini yanlayıb bir
soruşsun. Həddindən artıq ləngidilər. Nə
işdi axı? Oğlanları atalarından soruşa bilməzdilər.
İxtiyarları çatmazdı. Hacı
Rüstəmin qardaşları da ondan
asılı idilər. “Kim istəyir getsin, yolu
tanımırsız” cavabını
eşitmək istəmirdilər.
Axşamdan xeyli keçəndən sonra məşədi
Zərifə xanım ehtiyatla soruşdu:
- Hacı, uşaqlar gicələk olub istidən.
İnşallah, fikrin nədi? Allah qoysa, nə vaxt yola
düşürük?
- Hələ vaxtı deyil, - Hacı
Rüstəmin cavabı qısa olmuşdu. Üzünü divara
çevirib tənzifi üstünə çəkmişdi.
Məşədi Zərifə xanım
Novruz bayramından bu yana ərini hey fikirli görürdü.
Elə bil kişinin dəryada gəmiləri
batmışdı. Evdə onsuz da az danışan idi, son
günlərdə ağzını heç bıçaq da
açmırdı. Tayfalarında elə bir sınıqlıq
olmamışdı. Qışda bir az mal-qara tələf oldu
– bu heç, gözlənilən idi. Düzdü,
başqaları ilə müqayisədə bir az artıq oldu.
Ona da səbəb hacının Bakıda, Tiflisdə
Qalağayın bəyləri ilə müalicədə
yubanmasıydı. (Əslində bəylər
Fıtılbörkdən (Sankt-Peterburqdan), Parijdən gələn
sirklərdə lüt-üryan qızlara baxmağa
getmişdilər).
Ümumiyyətlə, aran bəyləri
qış vaxtı ənənəvi olaraq Bakıya, ordan da
Tiflisə, Vladiqafqaza kefə gedirdilər, ordan aldıqları
naxışlı çəkmələrlə, atlas
parçalarla, cıncıq-mıncıqla, bəzən də
həqiqətən dəyərli zinət əşyalarıyla
qayıdandan sonra arvadlarının könüllərini
alıb artıq söz-söhbətə yol vermirdilər.
Hacı Rüstəmin əli
aşağı idi. Yaylağa getmək (özü də
qohum-əqrəba ilə birlikdə) xeyli pul-para tələb
edirdi. Pul isə yoxa çıxmışdı. Heç vaxt
heç kimə əl açmamışdı. Allah tərəfi,
ehtiyacı olmamışdı. Bu il Bakının, Tiflisin
mehmanxanalarında çox əliaçıqlıq eləmişdi.
Bütün iri qonaqlıqların, ziyafətlərin xərcini
o çəkmişdi, qarsonları əvvəlcədən
çağırıb “mənlikdir!” deyərək heç kəsi
əlini cibinə salmağa qoymamışdı. Kisəylə
apardığı Nikolay onluqlarının,
imperialarının altından girib üstündən
çıxmışdı. O zaman fərqinə
varmamışdı. Yazağzı Bakıya, Gəncəyə
satılmaq üçün göndərdiyi sürüləri
bada getmişdi. Bakı bazarlarına
Dağıstandan, Gəncəyə isə
Gürcüstandan heyvanlar gəlib dolduğundan 30-40 kiloluq erkəklər
su qiymətinə satılmışdı. Aparmaq, sonra da geri
qaytarmaq xərcləri eyni olduğundan dəyər-dəyməzinə
satmağı məsləhət bilmişdilər. Əldə
qalan pulla yaylağa getmək havayı işdi.
Hacı Rüstəm çox qəliz yerə
dirənmişdi. Dərdini açıb arvadına da deyə
bilmirdi. Onun gözündə kiçilməyini,
gücsüzlüyünü, çarəsizliyini biruzə
vermək istəmirdi – ürəyi partlardı. Ən
ağlasığmazı buydu ki, Hacı Rüstəmin məhz
pulsuzluqdan yaylağa gedə bilməməyi heç kimin xəyalına
belə gəlmirdi. Hətta arvadının və
oğlanlarının da. Onda qalmış yadlar ola. Hamı bu
sirri-xudanın əlində əsir qalmışdı,
saçını-başını yoluşdurub işin
içinə vaqif olmaq istəyirdi, amma nə fayda? Heç
kimin ağlına əsl səbəb gəlmirdi.
***
Xoruzların birinci banında
Qalağayın yolundan zınqırovları min cür ahənglə
səslənən fayton Qaradonluya sallanan yolda bəzəkli gəlin
kəcavəsi kimi baş yola girdi. Qaradonlu bazarının
yanından ötüb sol tərəfə döndü. Torpaq
yolla bir az da irəliləyib karvansaranı keçib
bişmiş kərpicdən tikilmiş iri
bağ-bağatın içində yaşıllığa
batmış ikimərtəbəli imarətin qabağında
durdu. Zınqırovlar yenə bir-birinə dəyib yuxulu
adamların yuxusuna bir az da nağıl şirinliyi qatıb
camaatı lap məst elədi. Elə yuxulu-yuxulu da hamı
bildi ki, fayton Hacı Rüstəm üçün gəlib. O
da məlum oldu ki, Hacının səfəri heç
şübhəsiz Bakıyadır.
Məşədi Zərifə xanım
axşamdan duyuq düşmüşdü. Əri meşin urus
heybəsini – çamadanını sər-sahmana salıb bir
gözü yumulu, bir gözü açıq, sol əlini
başının altına, sağ əlini isə ürəyinin
başına qoyub fikrə getmişdi. Ərinin xasiyyətini
yaxşı bilən Zərifə xanım heç nə
soruşmamışdı. “Məsləhət biləndə
özü deyəcək”.
Faytonun səsini yoldan enəndə
qulağı çalmışdı. Sərvaxt yatdığından
həmən qalxdı, həyətə düşdü,
üzünə su vurub geri döndü.
Arvadı, oğlanları, o biri otaqda gəlinləri
ayaq üstündəydi. Yenə də oğlanları yox, Məşədi
Zərifə xanım dilləndi.
- Hacı, inşallah, səfərin
haradı?
- Bakıya gedirəm. Üç
günün tamamında evdəyəm, inşallah! Allah amanında!
Böyük oğlu çamadanı
götürdü. Arvadı bir dolça suyla arxasınca çıxdı.
O biri oğlanları kölgə kimi analarının
ardınca düşdülər. “Sabahın xeyir”dən sonra
hacı yerini rahladı. Faytonçu “Ya Allah! – deyib atlara
yüngül bir qamçı çəkdi. Faytonun ardınca
səpilən su səhərin bürküsünü
diksindirdi. Dördü də bir ağızdan:
- Yaxşı yol! – dedilər.
***
Bibibheybətdəki kontorunda dövrün
məşhur messenatı, neft milyonçusu Hacı Zeynalabdin
Tağıyev İngiltərəyə və Almaniyaya neft
aparacaq gəmilərinin sənədlərini imzalayıb maliyyə
məsələlərini idarə edən Mirzə Mütəllimlə
qalan işlərini müzakirə edirdi. Bu zaman qapı
açıldı, pirkeşik Qulam elə qapının
ağzından hündürdən məlumat verdi:
― Ağa, Araz boyunun Qaradonlu
mahalından kərbəlayi Əliəşrəf oğlu
Hacı Rüstəm bəy şərifi-qəbulunuza təşrif
gətirmək istəyir.
Hacı Zeynalabdin Tağıyev fikrə
getdi. Ad qulağına tanış gəldi, amma xatırlaya
bilmədi. Hər halda qonağı həmişəki kimi
adına və sanına, şəninə və cəlalına
görə qapıda çox saxlamağı lüzum bilmədi.
“Nəyə gəlib?” sualını da vermədi. Hər
cür səbəb ola bilərdi.
Adamların çoxu ehtiyacı ilə
bağlı hacının qapısını
döyürdülər. Dövr çətin, külfət
böyük, ehtiyac boğazacan. Hamı əli yananda
ağzına təpir. Biçarə insanlar, fəqir-
füqaralar neynəsinlər? Amma bu gələn bəydir.
Görəsən nə məsələdir?
- Çağır gəlsin.
Bəli, içəri bir bəy girdi. Yol
yorğunluğu da üzündən-gözündən
tökülürdü. Hər iksi ilə ehtiramla
görüşdü. Oturmaq təklifi gözlədi. Hacı
nəyi isə yadına salmaq üçün xəyala
getmişdi. Yaddaşını qurdalayıb lazım olanı
tapa bilmədi, darıxdı, hələ də ayaq üstə
dayanıb təklif gözləyən bəyi bir daha
süzüb izin verdi.
- Əyləşin.
Hacı Rüstəmin 50 yaşı
olmazdı. İri, ala gözləri, ağ bənizi vardı.
Almacıq sümüklərinə sanki
xırda-xırda qan çilənmişdi. Bir az pörtəndə
həmin o nöqtələr birləşib, böyüyüb
həya və abır pərdəsi kimi şəxsin əxlaqından,
nəcibliyindən xəbər verirdi. Hacı Zeynalabdin yenə
qarşısındakı adamı harda gördüyünü
xatırlamaq istəyirdi.
- Hörmətli Hacının səhhəti-şərifi
necədir? – Hacı Rüstəm ortaya çökmüş
sükutu ədəblə pozdu.
- Əlhəmdülillah, hələ ki,
böyük yaradanın mərhəmətindən yararlanıb
onun verdiyi ömrü yaşayırıq. Şükür!
- Allah sizi həmişə salim və
sağlam etsin! – Hacı Rüstəm dua edib
boğazını arıtladı. Bir qədər susub sonra təmkinlə
tanışlıq verdi.
- Ağa, mən Hacı Rüstəm Araz
boyunda Qaradonlu mahalının tanınan kişilərindən
kəndxuda kərbəlayi Əliəşrəf bəyin
oğluyam. Əkinçilik və maldarçılıqla məşğuluq.
Qız aylarında Qalağayın bəyləri ilə
Bakıya gəlib “Astoriya”da “Novaya Yevropa”da həm dincələrin,
həm də millətin xeyrinə keçirilən bəzi tədbirlərdə
bəqədri qüvvə hərdən iştirak da edirik. Kəndli
olsaq da, Bakı həyatına da qatılırıq. Siz
maşallah, çox böyük adamsınız, dünya
işləri ilə məşğulsunuz, dünyada məşhursuz.
Biz sizinlə tənləşə bilmərik. Bir növ
xırda tacir ömrümüzü sürürük.
Hə... yadına düşdü.
Keçən payızın sonunda “İsmailiyyə”də cəmiyyəti-xeyriyyənin
toplantısında “Qızlar seminariyası”nın nəfinə
keçirilən tədbirdə qutuya iki qızıl onluq atan
bəydir. Bayaq pirkeşik ucadan söylədiyi təkin o zaman
kimlərin nə qədər ianə verdiyini söyləyən
də onun adını hündürdən tələffüz
etmişdi. Ayrı-ayrı neftxudaların, milyonçuların
adlarını dərhal və əzbərdən söyləyən
həmin şəxs Hacı Rüstəmin adını və
yerini iki dəfə qulağını onun ağzına əyib
fasilə ilə demişdi. Çünki şəxs və yer
adı təzəydi. Birinci dəfə eşidirdi, ilk dəfə
belə yer adıyla qarşılaşırdı.
Azca duruxdu. Əsas mətləbə gəlirdi.
Bilmək istəyirdi ki, başqa adamın yanında istəyini
dilə gətirsə, Hacı Zeynalabdin bunu nətəər
qarşılayar: xoşuna gələr, yoxsa
acığına? Münasib olarmı? Bəlkə məsləhət
deyil? Boynunu döndərib masanın o biri tərəfində
onunla üzbəüz oturmuş şəxsə baxdı.
Hacı Zeynalabdin başını yellədi, yəni dərdini
söylə, yad deyil.
- Ağa, yaylağa getməliyəm. Əlim
aşağıdır. Oturub-durduğum bəylərdən
borc istəyə bilmədim. Sizə üz tutdum...
Əlini qoyun cibinə salıb göy,
yaşıl, narıncı rənglərlə süslənmiş,
başı bağlanmış ipək bir dəsmal
çıxartdı.
- Bunu da girov qoyuram. Payızın siftə
ayının sonunda, yaylaqdan qayıdanda, inşallah,
hesablaşarıq.
İpək dəsmalı Hacı Zeynalabdin
Tağıyevin qarşısına qoydu.
Neft milyonçusunun diqqətini tamam
başqa şey məşğul etməkdəydi. Hacı
Rüstəm çox ləyaqətlə, aramla
danışırdı. Nitqində sakitlik və mərdanəlik
hökm sürməkdəydi. Birinci dəfəydi ki, onun
qapısına borca gələn adam belə təmkinlə
danışır, özünü ləyaqətlə
aparırdı. Yalvarmırdı, yaltaqlanmırdı, əttökən
dua-alqış yağdırmırdı. Hacı Zeynalabdin
Tağıyev qarşısına qoyulmuş ipək dəsmalı
götürüb əlində samballadı... Fikrə getdi...
Bir də samballadı. Bir şey unamadı. Ovcundakı dəsmalı
xışmaladı, sıxdı, baş və şəhadət
barmağı ilə yaylığı sürçələdi...
Əlinə nə dəydisə, nə hiss etdisə
dünyanın çox üzünü görmüş,
çox yerlərini gəzmiş hacı Zeynalabdin
Tağıyev ... alındı. “Həəə.... dünya, səndə
nələr olur!?”
Mahiyyət eyniydi – indiyə qədər
ondan borc istəyən minlərlə adam olmuşdu.
Dünyadır! Birinci dəfə deyil ki... Hacının diqqətini
çəkən bu əyalət gəncinin – neftxuda
özünə görə Hacı Rüstəmi cavan hesab
edirdi – ləyaqəti və borc istəmə tərzi idi.
Xoşuna gələn, rəğbətinə səbəb olan
məhz bu idi. Başını qaldırmadan soruşdu.
İçinin həyəcanı hələ keçməmişdi.
― Olan şeydi... Nə qədər istəyirsən?
― Min manat qızıl pul.
Bayaqdan dinməzcə, həm də olduqca
mübhəm baxışlarla hansısa kənddən gələn-geyim-keçimi
qaydasında olan, qızıl kəmər və gümüş
xəncəl taxan – bu adam kimdir axı, Hacı onu belə
hörmətlə dinləyir? – düşünən
pirkeşik ağasının ona zillənən
baxışlarını duyub diqqətini cəmlədi, təzim
etdi:
- Əmrin, ağa!
― Bu amanatı götür, qoy Firəngistandan
gətirdiyim dəmir sandığa.
Elə ordan da min manat qızıl pul
götürüb kişini... – fasilə verdi – tez yola sal,
getsin. Deyəsən fövrən evinə dönmək istəyir.
― Elədir ki, var, ağa, ömrün
uzun olsun. Lap ürəyimi oxudun.
Hacı Rüstəm Qalağayından bir
bəy dostu ilə sübhdən çıxıb, iki faytonla,
iki qolu zorlu cavanla – hər ehtimala görə, bir də
gördün, yolda hansısa anasının əmcəyini kəsmiş
lotu-potu qabağını kəsdi, sarsaqladı,
üst-başındakılara tamahı düşdü –
Bakıya yola çıxmışdılar. Günortadan
xeylağ əyilmişdi, indilərdə
çıxsaydılar gecə Qalağayna çatıb, gecəni
dostugildə qalıb, yenə obaşdannan Qaradonluya dönə
bilərdi. Bunlar bəlli məsələlərdi, bunlar
heç. Hacı Zeynalabdin Tağıyevin bayaq müsahibinə
tapşırıq verərkən sözünə ara verməsi,
bir də səsinin ahəngi o demək idi ki, Hacı Rüstəmdən
qəbz alma, artıq sual vermə, deyiləni tez yerinə
yetir.
Pirkeşik girovu götürüb
qeyri-ixtiyari olaraq o da əlində samballadı, dəsmal
çox yüngül idi, o qədər yüngül ki, and
içərdi ki, içi boşdu. Xozeynin sözünün
üstündən söz demək, öz şübhəsini bəyan
eləmək səlahiyyəti olmadığından
sorğusunu içində boğdu. Ona əmr ediləni yerinə
yetirib varıb getdi işinin dalınca.
***
Evdə tam gərginlik və mubhəmlik
hökm sürürdü. Nə yaxşı ki, heç vaxt
bitib-tükənməyən ev-eşik işləri vardı,
arvadların başı qarışırdı. Mal-qara istidən
möhkəm təntiyirdi, itlər dillərini bir qarış
çıxararaq ləhliyirdilər. İnəklər,
camışlar xırda axmazlarda, gölməçələrdə
lıqqaya, lehməyə bələnərək günü
başa vururdular. Qoyunlar iri qovaq ağaclarının
altında qarın-qarına girərək birtəhər
günün qızmarından ötüşürdülər.
Azad Azərbaycan.- 2012.- 10 oktyabr.- S.7.