Girov qoyulan
saqqal
Səyyad
Aranın hekayəsi
Hacı Rüstəmin oğlanları
oğrun-oğrun, əlaltdan yəhər-yüyənlərini,
qayışlarını, xurcunlarını yerbəyer edirdilər.
Ürəklə yır-yığış etməsələr
də, ümidlərini də üzmürdülər.
Atalarının Bakıdan dönüşünü gözləyirdilər.
Sabah, inşallah, dediyi kimi evdə olmalıydı. İndiyə
qədər vədinə xilaf çıxmamışdı.
Görəsən Bakıya niyə getdi?
Nəsə alıb-verəcəyi var? Nə çatmır?
Nə dolaşıq işi var ki, yaylaq səfəri
bu qədər uzandı?
Suallar həddən çox idi, amma
heç kim dilinə gətirmirdi. Yenə böyük oğlu
Sübhan cəsarətə gəlib anasından soruşdu:
- Dədəm yaylağa niyə belə gec
qalxdı? Ana, böyük oğulam, bir şey varsa, məni də
məsələdən hali edin. Hacı son aylar çox fikirli
gəzib dolanır. Borca düşüb, yoxsa əlindən
bir xəta çıxıb?
Eyni şeyləri Məşədi Zərifə
də düşünürdü. Neçə-neçə
illər bundan əqdəm, təzə gəlin gələn
vaxtlarda ərinin tapşırıqlarından biri də bu
olmuşdu ki, çox sual verib hər şeylə maraqlanma.
Arvadımsan, hər halda səndən gizli
sözüm-söhbətim olmayacaq, nə olsa axırda biləcəksən.
Amma o zamana qədər dözümsüzlük edib artıq
sual vermə. Məcazım götürmür. Qulağında
sırğa eləmişdi.
İndi oğluna- ciyərparasına,
gözünün ilk ovuna nə desin, onu da üzən,
sıxan, tay-tuş yanında dili gödək edən bu vəziyyətə
necə aydınlıq gətirsin? Oğlanlarından betər
o narahatıydı. Gah buza dönürdü, gah da od tutub
yanırdı, ürəyi həyəcandan az qala
ağzından çıxırdı, dili ağzında
pörşələnirdi. Guya ona asan idi? Əslində,
hamıdan çox o yaman gündəydi. Kiçik gəlini
boyluydu. Əgər bir yerə getməyib yayı kənddə
qalsalar, bir azdan doğulacaq çağa bu istidə tələf
olacaqdı. Gəlinin ilkiydi. Kim bilir, sonra gəlinin vəziyyəti
nə təhər olardı? Hər il yaylağa getmiş,
suyunu, havasını, yaşayış tərzini yeniləyən
oğul-uşaqları, nəvələri... kiş, kiş,
kiş... bu dəfə o allı-güllü yaylaqları, buz
bulaqları, bulaq başında, yamacların döşündə
bitən yarpızı, qulancarı, qırxbuğumu, pərpətöyünü,
gicirtkəni, əvəliyi, çaygülünü, kəklikotunu
yığıb təzə ayranla, qatıqla dovğa
bişirib təzə-təzə içməsələr,
nehrə yağı ilə kətə yeməsələr, mal
yataqlarından göbələk yığıb gicirtkənlə,
qırxbuğumla qovurub nuş etməsələr,
üstündən də kəkotulu çay içib
rahatlanmasalar, aranın yayından da betər
qışını necə yola verərlər
(Açıqlıq olduğundan bir balaca külək əsəndə
şaxta qılınc kimi kəsirdi). Yaman yerdə
axşamlamışdılar. Məşədi Zərifə
uyğun bir cavab vermək üçün söz axtarır,
amma tapmayıb təngnəfəs olurdu. Vaxt uzatmaq
üçün nəyi isə götürüb-qoyur, bəzi
şeylərin yerini dəyişdirirdi.
Çırpınmaqdaykən Allah
dadına yetişdi. Bir çapar yel kimi onların evinə sarı
çapırdı. Məşədi Zərifənin astadan
dodaqlarından tanrıya bir yalvarış qopdu: “Allah,
özün xeyrə cala!” Çapar evlərinin
qabağında bir-iki dövrə vurub atın tərini
soyutdu, sakitləşdirdi, əlini atın yalına çəkdi,
çağrısını sığalladı.
İsmarıcını yetirməmişdən su istədi.
Saxsı cürdəyin yarısının axırına
çıxandan sonra toxtadı, özünə gəlib
soruşdu:
- Hacı Rüstəm oğlu Sübhan sənsən?
Sübhanın lap ürəyi
üzüldü:
- Bəli, bəli!
- Atan Qalağayındadı. Gecəydi deyə
yola çıxmadı. Məni göndərdi. Dedi
hazırlaşsınlar, sabah gecəynən yaylağa
qalxacaqsınız.
- Ay səni şad xəbər olasan! -
çəpərin o üzündən Məşədi Zərifə
özünü saxlaya bilməyib alqış elədi:
- Oğlum, ona yaxşı xələt ver.
Sübhan nə verdisə çaparın
dili ağzına sığmadı. Elə kənddən çıxanacan
Hacı Rüstəmə, oğlanlarına, tayfasına dua elədi.
- Ana, siz öz
yır-yığışınızla məşğul olun,
mən də çobanları, nökər-naibi xəbərdar
edim, sonra da atları hazırlayım.
Qız-gəlin gecəykən
boğçalarını yığıb hazır qoydular. Səhərə
qədər evi-eşiyi sahmana salıb, qatıra, dəvəyə
yüklənəcək şeyləri artırmaya
daşıdılar. Atların köhnə nalları təzələndi.
Evdə qalacaq adamlara lazımi tapşırıqla verildi. Onsuz
da hamı işini bilirdi, amma hər halda vəsiyyət
yüngüllükdü. Təkrarın, xatırlatmanın zərəri
yoxdur.
Hacı Rüstəm səhər yeməyinə
özünü çatdırdı. İkindi
çağında
Qalağayından
çıxmışdı. Yayda gecənin ömrü
çox qısa olur. Gözünü yumub açınca hava
işıqlaşır. Yay yaxşı fəsildir, istisi
olmaya, daha doğrusu cəhənnəm alovu olmaya.
Oğlu onsuz hər şeyi yerbəyer eləmiş,
yola düşəcək adamları, heyvanları da tam səfərbər
etmişdi. Qaş qaralanda Hacı Rüstəmin qəflə-
qatırı Beyləqana tərəf irəlilədi. Ordan
Haramıya, ordan da Cəbrayıla, ordan da Qubadlının
Xanlığına qalxıb Şuşanın altı ilə
Laçına çıxıb Minkəndin içindən
Calbayıra, ya da Sarıyerə düşüb ikisindən
birində düşərgə salacaqdılar. Daha burdan beləsi
aydın idi. Bütün gərginliklər, pis günlər
arxada qalmışdı.
***
Olub keçmişlərdən
yaxşı dərs alan Hacı Rüstəm yaylaqda
qaldığı üç ayda çox tədbirli hərəkət
etdi. Güllü-çiçəkli, şirəli-şəkərli
yamacların, yarğanların bal kimi şirin otlarını
yeyən mal-qara xeyli doğub-törədi. Qoyun-quzunun
sayı-hesabı bilinmədi. Geri qayıdarkən bir hissəsini
Gorusda ermənilərə, bir hissəsini də Minkənddə
yerli bəylərə satdı. Xeyli pul-para əldə etdi.
Bir-birinə oxşayan xurcunlardan birinin iki gözü basabas
Nikolay çervonları ilə doluydu. Hansı xurcun
olduğunu üç nəfər bilirdi. Arvadı,
böyük oğlu, bir də özü. Geri qayıdarkən
hər üçü nəzərləri ilə həmişə
həmin xurcunu gözaltılayırdılar.
***
Sentyabrın axırıydı.
Bakının istisi hərdən küləkli havayla əvəzlənirdi.
Pis cəhəti oydu ki, toz-torpaq üst-baş cəhənnəm,
adamın gözünə dolub sonradan xoşagəlməz fəsadlar
törədirdi. Şəhərdə traxoma geniş
yayılmışdı. Xüsusən uşaqlar arasında bu
zəhrimar aman vermirdi. Böyüklər sərvaxt olduqlarından
külək əsən kimi ehtiyatlı tərpənib
üz-gözlərini örtərək özlərini
qoruyurdular. Uşaqlar isə bunu qanmadıqlarından tozlu
küçələrdə və dalanlarda gözlərini
ovxalaya-ovxalaya ora-bura qaçır, acışmış bəbəklərini
çirkli gölməçə suları ilə yuyub guya təmizə
çıxırdılar. Əslində gözlərini tayca
da zay günə qoyurdular.
Mayda pəncərələri taybatay
açılmış kontorun qapı-bacası,
şüşələri kip örtülmüşdü.
Görünür toz-torpaqdansa istini məsləhət
bilmişdilər. Pirkeşik Qulam içəri girib baş əydi.
O zamankı təriqi ilə yenə məlumat verdi:
- Ağa, Araz boyunun Qaradonlu mahalından
Hacı Rüstəm təşrif gətirib.
Yenə Mirzə Mütəllimlə nəyi
isə müzakirə edən Hacı Zeynalabdin
Tağıyev başını
qaldırıb dinlədi, xatırladı, yadına
düşdü, azca gülümsədi və dedi:
- Gəlsin.
Yaylaq havası Hacı
Rüstəmə heç şübhəsiz
düşmüşdü. Yanağından qan damırdı,
gümrahdı. Əlbəttə, hiss ediləcək dərəcədə
həm də toxtağıydı, arxayın
görünürdü, amma elə də biruzə vermirdi.
İnsan sərrafı olan Hacı Zeynalabdin Tağıyev idi
ki, belə halı o seçə bilərdi. Hacı Rüstəmin
davranışındakı əvvəlki
sıxıntının və gərginliyin yerini indi hörmətkarlıq
və minnətdarlıq duyğusu tutmuşdu. Yəni “sənin
yaxşılığını, əl
tutmaqlığını unutmaram”. Hacı Rüstəm yenə
ədəblə əhvalpursanlıq edib dübarə hal-əhval
tutdu, xoş sözlər söylədi və təklif
gözlədi. Hacı Zeynalabdin Tağıyev bu dəfə əvvəlkindən
daha artıq lütfkarlıq, mehmannəvazlıq göstərdi:
- Otur, otur. Səfərin necə
keçdi? Vaxtında yaylağa qalxa bildinmi? Mal-heyvanın
yolda-rizdə çox tələf olmadı ki? Bərəkətli
oldumu barı?
Hacı Rüstəm əməlli-başlı
təsirləndi. “Gör necə yerli-yerində soruşur,
ürəkyananlıq edir. Allah ona görə başından
tökür də. Düz deyirlər ki, çox
gözü-könlü tox adamdır”.
Yenə minnətdarlıq elədi, Allahdan
uzun ömür, can sağlığı dilədi.
Əlini qoynuna salıb yenə ipək dəsmalda
bir topa qızılı ehtiyatla və yenə ədəblə
- masanın üstünə qoydu. Hacı bu məqamı daha
çox gözləyirdi, görsün əli gətirib deyə
xoruzlanmır ki, özündən məmnun, razı deyil ki –
yox, bütün hərəkətləri yerindəydi,
heç bir yekəxanalıq, danqazlıq yoxuydu. Həyətdə
bir hərəkətlilik duyuldu, qoyun səsi, at
fınxırtısı eşidildi.
- Gör, bu nə səs-küydür,
kimdir mənim kontorumu mal bazarına döndərən-Hacı
pirkeşiyə əmr elədi.
Hacı Rüstəm qızara-qızara
dilləndi:
- Ağa, yaylaqdan gəlmişəm, sayənizdə
hər şey uğurlu keçdi, xırda ayın-oyundur, aran
payıdır. İrəlidən payız-qış gəlir,
nuş edərsiniz, inşallah. Hər şeyi
görmüş, hər ləziz təamı dadmış
adamsız. Sizi nə iləsə heyrətləndirmək
olmaz. Sadəcə... qanacağımızı yerinə
yetiririk.
Pirkeşik qayıdıb bu dəfə
ucadan məlumat vermədi, əyilib Hacı
Zeynalabdin Tağıyevin qulağına
barmaqlarını qatlaya-qatlaya nəsə saymağa,
pıçıldamağa başladı. Hacı Rüstəm
pörtdü, qıpqırmızı qızardı. “Rəhmətliyin
oğlu, gərək yerli-yerində məlumat verəsən”.
Pirkeşik sözünü deyib qurtaranda bu dəfə də
Hacı Zeynalabdin onun qulağına nəsə söylədi.
Pirkeşik: -Bəceşm! – deyib çıxdı. Hacı
yerində azca qurcuxdu.
― Nahaq zəhmət çəkmişəm.
O qədər pay olmaz. Sən elə qazandığını
mənə gətirmisən ki.
Pay 20 erkək, 10 motal, üç iri mis
qazan Minkənd balı, Arazdan tutulub səliqə ilə ağ
cunaya bükülmüş hərəsi dörd-beş kilo gələn
qızıl balıq idi. Balıqları torçulara tutdurub
ayrıca torda elə Arazın içində saxlatdırıb
yola düşəndə sudan
çıxartdırmışdı. Ən çaparaq faytonla
Bakıya yola düşmüşdü.
- Halal xoşun olsun, ağa, o sənin alicənablığın
qarşısında xırda şeydir.
Hacı Zeynalabdin yenə təşəkkür
edib üzünü tutdu pirkeşikə:
- Get o zaman əlinlə qoyduğun
amanatı gətir kişiyə təhvil ver.
Pirkeşik geri qayıdanda yenə ipək
yaylığı əlində samballadı, hətta ovcunu
sıxıb dəsmalın içində heç olmasa ələ
dəyən bir buğda dənəsinin belə olmasını
yəqinləşdirmək istədisə yenə bir şey
çıxmadı. Biləks, dəsmal boş idi. Ədəblə
hacının qarşısına qoyub əl-əl üstə
müntəzir dayandı.
- Bu da sənin əmanətin. Həyatdır,
belə-belə şeylər çox olur.
Nə vaxt bir də belə məqam
düşsə, utanmadan gəl. Pul əl çirkidir. Bu
dünyadan beş arşın ağdan başqa heç kim
heç nə aparmayıb hələ.
Hacı Rüstəm dəsmalı əlinə
alıb özü vaqif olduğu tərzdə
xışmaladı, barmaqlarının arasında
sürtdü, nəsə duyub sakitləşdi və ayağa
qalxdı.
― Çox minnətdaram, Hacı! Sənin
də Qaradonluda kiçik bir qardaşın var. Bu başı
yolunda qoymağa həmişə hazırdı.
Bu cavan bəyin danışığı
və səmimiyyəti əvvəlki kimi yenə hacını
əfsunlayırdı.
Qulam içəri girib baş əydi.
Hacı tapşırığının yerinə yetirildiyinibildi.
“Aydındır”.
–Di yaxşı yol. Sağ-salamat evinə
gedəsən – Hacı əl uzatdı.
Xudahafizləşdilər.
Faytona minəndə yüklüyə iri
bağlama qoyuldu.
– Bu da sizə Hacının xırda bəxşişidir,
- dedi qulam.
Evdə bağlamanı açanda biləcəkdi
ki, iki dəst – biri tünd göy, digəri isə yenə
tünd palıdı rəng mahuddan iki dəst paltarlıq, bir
papaq, bir dənə də əla xrom çəkmədir,
üstündə də xeylağ firəng
şirniyyatlarıdır.
Pirkeşik içəri girib elə
kandardaca soruşdu:
- Başqa bir əmrin, göstərişin,
ağa.
Hacı Zeynalabdin başını
qaldırmadan dedi:
- Gedə bilərsən.
Yumşaq, yaylı kreslosunda fırlanıb
dənizə baxmağa başladı.
Aradan xeyli keçəndən sonra birdən
hiss etdi ki, pirkeşik qapının ağzında əvvəlki
kəmali-ədəblə durub dayanıb, nəsə
sözlü adama oxşayır.
- Niyə çıxıb getmirsən?
Dedim mürəxxəssən.
- Ağa, elədi... rədd olub getməyimi
bayaq ərz etdiniz.
- Bəs onda..?
- Ağa, məni çevir
balalarının başına, qələt edirəm cəsarətimə
görə, ancaq necə vaxtdır dirigözlü fikir-xəyaldan
ölürəm. Allah xatirinə, lütf edin, mümkünsə
məni də hali edin... o dəsmalın içindəki nə
idi ki, hətta qəbz almadan da o kəndxudaya o qədri pul
verdiniz, heç nə soruşmadınız. Üzüm
ayağının altına, ağa. Həyasızlıq edirəmsə,
məni balalarının başına çevir. Hacı
Zeynalabdin gülümsəyib saqqalına tumar çəkdi,
sonra mizin üstündəki təsbehini götürüb
asta-asta çevirdi, fikrə getdi, aramla dedi:
- O dəsmalın içindəki Rüstəm
bəyin saqqalından çəkib ora qoyduğu
iki-üç ədəd tükü idi – yəni onun şərəfi
və namusu idi, girov qoymuşdu. Bu o deməkdir ki, mən bir bəy
və kişi olaraq vədimə xilaf çıxmaram, dediyim
vaxtda hüzurunuzda olub borcumu qaytarıb amanatımı geri
alacam. Mənə arxayın ola bilərsiniz. Ona görə də
mən ona veksel yazdırıb imza etdirmədim. İnandım.
İndi anladınmı?
Pirkeşik ağzı açıla bir
xeyli Hacı Zeynalabdinə baxdı. Xozeyninin sözlərini
başında vərə-vürd edirdi.
Nəyisə anlamağa
çalışırdı.
- Bəli, ağa, Allah Sizə ömür
versin, - deyərək ayaqlarını sürüyərək eşiyə
çıxdı. Mətləbi tam anlamadığı,
beynində yenə nəyisə götür-qoy etdiyi
yerişindən bəlliydi.
2012, iyul.
Azad Azərbaycan.-
2012.- 14 oktyabr.- S.7.