"Ermənilərin
Azərbaycana qarşı ərazi iddiaları və qanlı
cinayətləri"
Azərbaycan Milli Elmlər Akademiyası Naxçıvan Bölməsinin sədri akademik İsmayıl Hacıyev Azərbaycanın, onun ayrılmaz tərkib hissəsi olan Naxçıvanın yeni dövr tarixşünaslığında özünəməxsus yer tutan məhsuldar alimlərdən biri kimi tanınır. Görkəmli alimin "Tarixdə və günümüzdə Naxçıvan", "Naxçıvan və naxçıvanlılar", "Heydər Əliyev və milli tarixi yaddaşın bərpası", akademik İsa Həbibbəyli ilə həmmüəllifi olduğu "Mustafa Kamal Atatürk və Naxçıvan", "Azərbaycan Xalq Cümhuriyyəti və Naxçıvan" kimi çox sayda kitabları, respublikada və xarici ölkələrdə nəşr olunan məqalələri elmi ictimaiyyətə məlumdur. Ümumilikdə bu əsərlərin hər biri müasir dövr Azərbaycan tarixinə, Naxçıvan tarixinə işıq tutan sanballı əsərlərdir.
Akademik İsmayıl Hacıyevin elmi fəaliyyətində ermənilərin Azərbaycana, qədim türk diyarı Naxçıvana qarşı əsassız ərazi iddialarının və torpaqlarımıza yalnız siyasi, inzibati-ərazi baxımından deyil, həmçinin qədim mədəniyyət baxımından da olan iddialarının ifşası məsələləri də ön planda dayanır. Alimin "Ermənilərin Azərbaycana qarşı ərazi iddiaları və qanlı cinayətləri" adlı monoqrafiyası xüsusilə diqqəti çəkir və böyük maraq doğurur. İki fəsildən ibarət olan monoqrafiyada ermənilər tərəfindən Azərbaycan xalqına qarşı törədilmiş soyqırımı və deportasiya siyasətini ifşa edən sənədlər, Azərbaycan torpaqlarına qarşı əsassız ərazi iddiaları, xalqımıza qarşı törədilən cinayətlər aydın şəkildə göstərilmişdir.
Ermənilərin dünya ictimaiyyətinə çatdırmaq istədikləri budur ki, guya Tanrı tərəfindən "seçilmiş olan millət" məhz ermənilərdir. Onlar sadəcə Qafqaz və Şərqi Anadolu bölgələri ilə kifayətlənməkdə və iddia etdikləri bu torpaqların bir zamanlar məhz hz. Nuhun nəvəsinin nəvəsi olan Haya vəd edildiyini önə sürməkdədirlər. Ümumiyyətlə, ermənilər öz tarixlərini olduğu kimi deyil, görmək istədikləri kimi yazmaqda və bunun təbliğatını aparmaqdadırlar. Tarixlərini daha da qədimlərə apararaq dünya mədəniyyətini, yazını, astrologiyanı, mis və dəmir mədənçiliyini özlərinin kəşf etdiklərini və dünyada insan həyatının Sevan gölü sahillərindən başlandığını önə sürməkdə və özlərini xristianlığı ilk qəbul edən xalq olaraq görməkdədirlər. Məlum məsələdir ki, belə iddialar heç bir həqiqəti özündə əks etdirmir. Bütün bunlar mifoloji təxəyyüllərə əsaslanan əfsanəvi iddialardır. Məsələyə dini aspektdən yanaşsaq, Adəm peyğəmbər bəşəriyyətin ilk atası sayıldığı kimi, Nuh peyğəmbər də Dünya Tufanı səbəbiylə bəşəriyyətin ikinci atası sayılır. Belə bir vəziyyətdə hər hansı milli mənsubiyyətdən söhbət gedə bilməz. Yox, əgər hz. Nuh, ermənilərin də iddia etdiyi kimi, ermənidirsə, o zaman ağla gələn ilk fikir budur: bəşəriyyət ermənilərdən törəmiş və bütün dillər erməni dili əsasında formalaşaraq sonradan deformasiyaya məruz qalmışdır. Necə deyərlər, bax budur müəmma!
Ermənilərin urartulularla bağlı iddiaları da mövcuddur. Halbuki əsl həqiqətdə urartu dili ilə erməni dili nəinki bir-birinə bənzəmir, hətta ayrı-ayrı dil qrupuna məxsusdurlar. Qədim urartu dili və mədəniyyəti Ural-Altay qrupuna, erməni dilisə hind-Avropa dil qrupuna aiddir. Urartu ilə ermənilər arasında hər hansı əlaqə qurmağa heç bir əsas yoxdur.
Erməni tarixçiləri tərəfindən sürülən digər iddiaya görə isə, onlar Frakiyada yaşamış olan bir friq qrupundan törəmiş olub, e.ə. XIII-XII əsrlərdə Balkan yarımadasında yaşamış, sonra Kiçik Asiyaya köçüb gəlmiş və Het dövlətinə son qoymuşlar. Əgər "yuxarı ellər" mənasında işlədilən Armeniyaya - Ermənistana köçüb gələn friq soyu iddiası qəbul edilərsə, onda yuxarıda bəhs edilən ermənilərin Nuh peyğəmbər və urartululardan törədiklərinə dair nəzəriyyələr çox bariz bir şəkildə öz-özlüyündə təkzib olunur və bu iddialar bir-biri ilə ziddiyyət təşkil edir. Ermənilərin Cənubi Qafqaz mənşəli olması ilə bağlı versiyaya gəlincə isə, onların, daha doğrusu, hayların Qafqaz xalqları ilə heç bir əlaqəsi yoxdur.
Akademik İsmayıl Hacıyev ermənilərin etnik mənşəyinə və tarixinə dair irəli sürülən mülahizələrə nəzər salaraq erməniləri öz dillərindən ifşa etmişdir. Məşhur erməni tarixçisi Manuk Abekyan ermənilərin kim olduqları və harada təşəkkül tapdıqları barədə yazır: "...erməni xalqının mənşəyi nədir, necə və nə vaxt, haradan və hansı yollarla buralara gəlmişlər, erməni olmazdan əvvəl və sonra hansı xalqlarla əlaqələr qurmuşlar, onun dilinə, etnik mənsubiyyətlərinə kimlər necə təsir göstərmişlər? Bizim əlimizdə bunları isbatlayan açıq və dəqiq məlumatlar yoxdur..."
Akademik İsmayıl Hacıyev erməni tarixində bir müəmmalıq, bir ziddiyyətlik olduğunu ortaya çıxararaq belə bir nəticəyə gəlmişdir ki, erməni tarixi tamamilə ermənilər tərəfindən yazılıb, yazılı tarixin qəbul etdiyi, elmi metodologiyanın sənədlərə əsaslanaraq isbat etdiyi "Böyük Ermənistan dövləti" mövcud olmayıb, erməni tarixinin qədimliyi məsələsi və "Böyük Ermənistan" əfsanəsi tamamilə mifologiyaya əsaslanır.
Müəllif eyni zamanda məşhur rus və erməni tarixçilərinin əsərlərinə istinad edib ermənilərin Cənubi Qafqaza, xüsusilə də Azərbaycana və indiki Ermənistana ruslar tərəfindən köçürülməsi məsələlərinə nəzər salaraq, erməniləri çarizmin regionda öz imperiya siyasətini yeritməsini artıran faktorlardan biri kimi dəyərləndirmişdir. Şübhəsiz, ermənilər də özlərini Rusiyanın bölgədəki əsas icraçıları kimi görərək bundan faydalanmağa çalışmış, İrəvan və Naxçıvan xanlıqlarının ərazisi əsasında müvəqqəti inzibati-idarəetmə vahidi kimi "Erməni vilayəti"nin yaradılmasına da nail olmuşdular. Ermənilərin Qafqazda heç bir dövlət quruculuğu olmamışdır. Akademik İsmayıl Hacıyev bu məsələyə xüsusilə diqqət çəkərək ermənilərin Qafqazda deyil, Qafqaz ərazisindən kənarda asılı və yarımasılı vəziyyətdə vassal dövlət yaratdıqlarını, tarixdə ilk dəfə Çar I Nikolayın 1828-ci il martın 21-də verdiyi fərman ilə İrəvan və Naxçıvan xanlıqları əsasında "Erməni vilayəti"nin yaradılmasını göstərmiş və qeyd etmişdir ki, "Erməni vilayəti" heç də erməni dövləti deyildi. Bu, tarixi Azərbaycan torpaqlarında İrəvan və Naxçıvan xanlıqlarının ərazisində yaradılacaq gələcək Ermənistanın təməli idi. Müəllif XX əsrin əvvəllərindən başlayaraq ermənilərin xalqımıza qarşı törətdikləri soyqırımı cinayətlərinin əsl mahiyyətini açıb göstərmiş, eyni ssenarinin Xocalıda da davam etdiyini faktiki materiallar əsasında açıb ortaya qoymuşdur.
Monoqrafiyanın ikinci fəsli Azərbaycanın ayrılmaz tərkib hissəsi olan qədim türk diyarı Naxçıvana qarşı ermənilərin əsassız iddialarına, törətdikləri cinayətlərə həsr olunub. Uzun illərdir ki, ermənilər Naxçıvana qarşı ərazi iddiaları ilə çıxış etməkdə və bu iddialarını həyata keçirmək üçün saxta tarixçilik metodologiyasına baş vurmaqda, hətta məsələyə siyasi olmaqla birlikdə dini mövqedən də yanaşmaqdadırlar. Bu iddialar dünya mətbuatında sıx-sıx gündəmə gətirilərək Azərbaycana və ümumiyyətlə türklüyə qarşı mənfi rəylərin formalaşmasına səbəb olmuşdur. Ermənilər tərəfindən istər internet saytlarında, istərsə də dərc olunan kitab, məqalə və dövri mətbuatda Naxçıvanın hazırda Azərbaycanın sərhədləri daxilində olmasına baxmayaraq, guya tarixən erməni ərazisi olduğu şəklində əsassız iddialara yer verilməkdədir. Bütün bu iddiaları gündəmə gətirərkən məsələyə dini, siyasi və antitürk mövqeyindən yanaşan ermənilər böyük güclərin yeritdikləri siyasətdən və ikili münasibətlərdən də bəhrələnməkdədirlər. Son dövrlərdə Naxçıvandakı tarixi memarlıq abidələrinin guya ermənilərə məxsus olması, eyni zamanda xaçqarların dağıdılması məsələsi beynəlxalq qurumların müzakirə obyektinə çıxarılmışdır. Şübhəsiz ki, bu cür iddialar daha əvvəllər də önə sürülürdü, ancaq günümüzdə bu təzyiq və hücumlar daha geniş xarakter almışdır. Qeyd etmək lazımdır ki, bu təzyiq və hücumlar heç də təsadüfi xarakter daşımır. Artıq hər kəs tərəfindən qəbul olunan bir reallıqdır ki, Naxçıvan dünyanın siyasi xəritəsində kiçik bir yerə sahibdir. Lakin kiçik olmasına baxmayaraq, böyük geosiyasi, coğrafi əhəmiyyətə malikdir. Bu bölgə bütün türk dünyasını bir-birinə bağlayan bir körpüdür.
Akademik İsmayıl Hacıyev monoqrafiyasında bütün bunlara aydınlıq gətirmişdir.
İsmayıl Hacıyevin "Ermənilərin Azərbaycana qarşı ərazi iddiaları və qanlı cinayətləri" adlı monoqrafiyası Azərbaycan tarixşünaslığına ən sanballı töhfədir. Belə layiqli töhfəyə görə yeni dövr elmi mühiti layiqincə təmsil edən AMEA-nın həqiqi üzvü, tarix elmləri doktoru, professor İsmayıl Hacıyevə öz gələcək fəaliyyətində uğurlar arzulayırıq.
Seyidzadə Hacı Tofiq
Azad Azərbaycan.- 2012.- 17 oktyabr.- S.7.