Osmanlının
zühuru
Bizə iki qitə
üzərində hökm etmək yetməz
Qobu
çölündən qopub möhtəşəm Xarəzmi
yerlə-yeksan etdikdən sonra monqollar iki hissəyə
bölündülər. Bir hissəsi şimala doğru getdi.
Çingiz xanın əmri ilə Cəbə və Sabutay
noyonların başçılığı altında 30
minlik monqol ordu ilə Xarəzmşah Məhəmmədin
oğlu Cəlaləddini təqib etmək üçün Azərbaycana
girdilər. Bir neçə ildən sonra Cəlaləddinin
ölüm xəbərini alan noyonlar işğal etdikləri
torpaqları buraxaraq Dərbənddən geri qayıtdılar.
Uzun müddət qalmasalar da monqollar Azərbaycan,
İran, İraq, Anadolunun daxil olduğu, Bizans qapılarına
qədər uzanan Böyük Səlcuq imperiyasını
sarsıtdılar. Monqolların səfərindən
sonra Səlcuq imperiyası dərəbəylərə
parçalandı. Cəbə noyonun səfərindən 20 il
sonra isə Çingiz xanın nəvəsi Hülaki xan
çətinlik çəkmədən bu ərazilərdə
Elxanilər dövlətini yaratdı. Hülaki xanın Anadolu
və Misir səfərləri uğurlu olsa da, monqollar bu
torpaqlarda tam olaraq öz hakimiyyətlərini qura bilmədilər.
Süleymanşah
oğulları
Böyük Səlcuq imperiyasını Azərbaycan və İranı Atabəylər vasitəsi ilə idarə etsələr də, Anadoluda demək olar ki, müstəqil türk bəylikləri yaranmışdı. Bu bəyliklər Səlcuq sultanlarına tabe olsalar da, demək olar ki, hər bir Oğuz boyu öz müstəqilliyini elan etmişdi. Sultanlar bu bəyliklərlə daha çox problem yaşamamaq üçün onlara Bizans sərhədlərində torpaqlar verir və bu yolla həm də öz sərhədlərini qoruyurdular.
Oğuzların Qayı boyundan olan və sonradan tarixə Osmanlılar kimi düşən Süleyman şah oğulları Səlcuqlarla Anadoluya gəlməmişdilər. Monqolların axını zamanı Xarəzəmşahın qulluğunda olan Ərtoğrul Qazi Cəlaləddinlə birlikdə Azərbaycana, buradan da Anadoluya gəlir. Cəlaləddin öldükdən Ərtoğrul Qazi Keyqubadın qulluğuna girir. Keyqubad Süleymanşahoğullarına Bizans sərhədində boğazlara doğru açılan torpaqlarda, indiki Əskişəhir yaxınlığında Söyüdlü adlanan ərazini yurd yeri verir və burda balaca Qayı bəyliyi elan olunur.
Osmanlının
yaranışı barədə rəvayətlərin birində
deyilir ki, Səlcuq Rum Sultanı monqollarla savaşda məğlub
olanda onun köməyinə o zamana qədər Anadoluda
heç kimin tanımadığı tayfa çatır və
məhz bu kömək nəticəsində Keyqubad monqollara
qalib gəlir. Və göstərdiyi köməyin hədiyyəsi
olaraq Ərtoğrul Qazi Qərb torpaqlarını hədiyyə
alır.
Osmancıq
Ərtoğrul Qazi Bəlxdən monqollardan qaçaraq Anadolunun Bizans qapısına qədər gəldikdən və Söyüdlüdə məskunlaşdıqdan sonra Osman adını verdiyi oğlu doğuldu. Hər kəsin Osmancıq adlandırdığı və sonradan ən böyük imperiyalarından birinin qurucusu olan Osman Qazi ağca qoyunların üstündə oturaraq ox atmağı öyrənir və taxta qılıncı ilə düşmənləri «öldürürdü».
Ərtoğrul Qazi 1281-ci ildə öldü. O
vaxtlarda Osmancıq tez-tez Bizans torpaqlarına hücum edir və
böyük qənimətlərlə geri dönürdü.
Bu üzdən Qayı oğulları içində və ətraf
torpaqlarda artıq Osmancığın avtoriteti açıq
hiss olunurdu. Hələ atası sağ ikən
o, Biləciyi, İnəgölü və Əskişəhiri
Bizanslılardan alaraq öz torpaqlarına qatmışdı. Məhz
bu fəthlərə görə Elxanilərə asi olduğu
üçün əsir götürülərək Təbrizə,
Elxani sarayına aparılan Keyqubadın yerinə Səlcuq
taxtına oturdulan Qiyasəddin Məsuddan Sancaq bəyi
ünvanını aldı.
«Oyun içində
oyun»
Biləcəyin fəthi ilə Bizans torpaqları içinə girən Osmancıq, bu fəthini «oyun içində oyun» adlandırmışdı. Osmanın güclənməsindən və İnəgölündə bir qalanı fəth etməsindən təşvişə düşən Biləcik senyoru, Osman Qazini Biləciyə dəvət edib onu burda öldürməyi planlaşdırmışdı. Biləcik senyorundan oğlunun toyuna dəvət alan Osman bu təklifə müsbət cavab vermiş, amma yol üstündəykən Xırmanqayası senyoru, Biləcik senyorunun alçaq planlarını Osmana açıqlamışdı. Toya gələn Osman əsgərləri pusquda durmuşdular. Bizanslıların onlara qarşı hərəkətə keçdiyini biləndə pusqudan çıxıb düşməni qılıncdan keçirmişdi. Bizans qapıları önündə strateji bir qalanın taleyi bu şəkildə həll edilmişdi.
Xain sui-qəsdi Osmana xəbər verən
Xırmanqayası senyoru ömrünün sonuna qədər
Osmanın dostu və müttəfiqi olmuşdu.
Dərviş təkkələrinin
qurduğu dövlət
Orta əsrlərdə mili ideya deyilən bir anlayış yoxdu. Böyük dövlətlərin ideoloji təməlləri dini sektaların yaratdığı ordenlər (müsəlman türklərdə təkkə) tərəfindən yaradılır və dərin dövlətlər elə bu təkkələr tərəfindən idarə olunurdu. Böyük Səlcuq Sultanlığının iflasını görən Anadolu dərviş təkkələri yeni xanədan və yeni dövlət yaratmaq istəyirdilər.
Osmanlı dövlətinin də yaranmasında belə ordenlərdən bir neçəsi iştirak etmişdi. O vaxt Osmanlı imperatorluğunun mənəvi atası və yol göstərəni Keyikli Baba deyilən bir övliya idi. Keyikli Baba Osmanın mürşidi hesab olunurdu. Osmancıq Keyikli Babanın icazəsi və məsləhəti olmadan heç bir addım atmazdı. Daha sonra isə Osman Qazinin oğlu Orxan Qazi hər zaman hər yerdə Keyikli Babanı özünün mürşidi və böyüyü olaraq göstərirdi. Orxan Qazinin Keyikli Babaya olan mənəvi bağlılığı atası Osman Qaziyə olan hörmət və izzətindən artıq idi. Bursanın fəthi zamanı Keyikli Baba Orxan Qazinin ordusuna qatılmış, Orxan Qazi ilə birlikdə Bursanın fəthində iştirak etmişdi. Bu fəthdən sonra Orxan Qazi İnəgölünü Keyikli Babaya bağışlamaq istəmiş, lakin mürşidi etiraz etmişdi: «Bizim qayəmiz Allahın rizasını qazanmaqdır. Siz bu əraziləri daha kasıb ailələrə versəniz, daha böyük savab işləmiş olarsınız».
Keyikli Baba dərviş təkkəsinin rəhbəri olmaqla yanaşı böyük bir fəzilət qapısıydı. Orxan Qazi mürşidi son dəfə ziyarət edərkən «Taxtınız Kəbə nuruna, feyz və bərəkətinə sahib olsun. Dövlətinizin təməli xalq olsun»,- söyləmişdi.
Osmanlı dövlətinin yaranmasında digər övliya Əxi təkkəsinin mürşidi, Şeyx Ədəbalıydı. Bütün Azərbaycan, İran və Anadoluda çox böyük qüdrət sahibi olan Əxi təkkələrinin köməyindən faydalanmaq üçün Osman Qazi Şeyx Ədabalının qızı Malhun Hatun ilə evlənmiş, bu nikahdan Orxan Qazi doğulmuşdu. Osmanlı rəvayətlərində bildirilir ki, bir gecə Şeyx Ədabalının dərgahına gələn Osman yuxusunda şeyxin sinəsindən çıxan bir ayın onun sinəsinə girdiyini görmüşdü. Bu yuxunu şeyxə danışdıqdan sonra Şeyx onun yuxusunu belə yozmuşdu: «Sən, Ərtoğrul Qazi oğlu Osman, atandan sonra bəy olacaqsan, qızım Malhun Xatunla evlənəcəksən. Məndən çıxıb sənə gələn nur budur. Sizin soyunuzdan çoxlu padşahlar çıxacaq, dövlətlər soyunuzun hakimiyyətini qəbul edəcək».
Şeyx Ədabalı Osmanı
dövlətinin ideoloqu, Orxan Qazinin babasıdır. Əslən
Qaramanlı olan Şeyx Ədabalı zamanının
böyük övliyaları olan Mövlanə Cəlaləddin
Rumi və Hacı Bəktaş Vəli ilə söhbətlər
etmişdi. Ən ünlü şeyxlərindən biri idi.
Qaramandan yola çıxan şeyx bütün Anadolunu,
İran və Azərbaycanı, İraq və Ərəbi gəzərək
hər yerdə əxi ordenini bir yerə toplamış və
sonda Osmanlı dövlətini qurulmasına şahidlik edərək
gözlərini birdəfəlik yummuşdu. Onun Əxi təkkəsinə
rəhbərlik etməsi isə Osmanıların gücünə
güc qatmışdı. Osmana, daha doğrusu nəvələrinə
vəsiyyətində bunları söyləmişdi:
«Keçmişini bilməyən, gələcəyini də
bilməz. Osman, keçmişini yaxşı bil ki, gələcəyinə
sağlam ayaq basasan». Şeyxin ölümündən 4 ay sonra
Osman Qazi də ölmüş və xanədanı Orxan Qaziyə
buraxmışdı.
Quruluş
Osmanlı dövlətinin quruluş tarixi 1299-cu ilə təsadüf edir. Xanədanın elan olunması İnəgölü fəthindən sonra baş verdi. Osman Qazi öz bəyliyinin istiqlalını elan etdi və bundan sonra kimsəyə itaət etməyəcəyini açıqladı. Artıq Səlcuqlar tarix səhnəsindən silinmiş, Elxanilərin qüdrəti isə Anadoluda tamamilə zəifləmişdi. Tək təhlükə Bizans tərəfdən idi. Anadolu bəylikləri və təkkələrinin Osman Qazinin xanədanını qəbul etməkdən savayı yolları qalmamışdı. Çünki “kafir Bizans”ın qarşısında Osmanlı əşirəti dururdu.
Osman Bizans ordusu ilə 1302-ci ildə Qoyunhisar savaşında üz-üzə gəldi. Bizans ordusu Osmanlı əşirətindən dəfələrlə güclü olmasına baxmayaraq türk atlıları bizanslıları darmadağın etdi. Savaşda Osman Qazinin əsas silahdaşlarından Aydoğdu bəy şəhid düşdü və bu itki Osmanı çox pərişan etdi.
Bu savaşdan sonra Osman Qazi fəthlərini davam
etdirərək torpaqlarını istər Qərbə, istərsə
də Şərqə doğru genişləndirdi. Xanədanın elan olunmasından sonra 27 il yaşayan
Osman Qazi Anadoluda bir çox önəmli torpaqlara yiyələndi.
1315-ci ildə Bizanslıların ən önəmli və
böyük qalalarından biri olan Bursanı mühasirəyə
aldı. Sonradan xəstələnərək
komandanlığı oğlu Orxan Qaziyə verdi. Bundan
sonra felən Sultan olsa da bütün dövlət işlərini
Orxan Qazi gördü. 1326-cı ildə Bursanın fəth
olunma xəbərini aldıqda, ağır xəstə
olmasına baxmayaraq oraya aparılmasını istədi. Bir
neçə gündən sonra Bursada 68 yaşında vəfat
etdi. Bu dünyadan rahat gedirdi, çünki Ərtoğrul
Qazidən miras olaraq aldığı 4800 kvadrat kilometr
torpağı 16 000 kvadrat kilometrə çatdıra
bilmişdi.
Türk törəsini
pozdular
1281-ci ildə Ərtoğrul Qazi Söyüdlüdə canını Allaha tapşırırkən, Osmancığın Orxan adlı bir oğlu dünyaya gəldi. Hələ ilk gənclik illərindən başlayaraq Orxan atasının ordusunda önəmli sərkərdə kimi Bizans qalalarına qarşı aparılan qazavatlarda ad çıxarmışdı. Osman xəstələndikdən sonra da xanədan Orxanın idarəsinə keçmişdi. Lakin Osman Qazi 1326-cı ildə vəfat etdikdən sonra Bursada türk oğuz boylarının qurultayı keçirilmiş və qurultay törələrə uyğun olaraq xanədanın Osman Qazının böyük oğlu Əlaəddin bəyə keçməsini doğru saymışdı.
Buna baxmayaraq Əlaəddin bəy xanədandan imtina etmişdi. İmtina səbəbi isə Orxanın hərbi sahədə çox qabiliyyətli olması, atasının Orxan bəyə dövlət işlərində göstərdiyi etimad, həmçinin əxi təkkələri ilə qan qohumluğu idi.
Zamanın çoxunu elm öyrənməyə sərf edən Əlaəddin bəy xanədanın Orxanın rəhbərliyi altında daha böyük uğurlar qazana biləcəyini önə sürmüşdü. Bu imtinadan sonra qurultay Orxan bəyi Sultan elan etmiş və Orxan da böyük qardaşını özünün baş vəziri təyin etmişdi. Əlaəddin bəy ölənə qədər qardaşı ilə birlikdə Osmanlı dövlətinin yaradılmasında müəyyən rolu olmuşdu.
Əlaəddin bəyin imtinasına baxmayaraq,
kiçik qardaşı Orxan bəyin sultan elan olunması əslində
əsrlərdir davam edən türk törəsinin
pozulması demək idi. Törəyə görə miras
yalnız nəslin böyük nümayəndəsinə mənsubdur.
Sonradan bu törə digər Osmanlı Sultanları tərəfindən
də pozulacaq, tax-taca sahib olmaq üçün Sultanlar ata və
qardaşlarını, həmçinin oğullarını
edam etdirəcəkdilər.
Maltəpə
savaşı; İznik və İzmirin fəthi
Orxan Qazinin ən böyük nailiyyətlərindən biri xanədan sahibi olduqdan sonra on il ərzində öz torpaqlarını Qara dənizdən Mərmərə dənizinə qədər genişləndirməsi oldu. Bizans on il müddətində demək olar ki, Kiçik Asiyadakı bütün torpaqlarını itirdi. Dardaneli keçən Sultan Orxanın axınçıları faktiki olaraq Şərqi Romanın paytaxtı Konstinopolu qurudan mühasirəyə aldılar. Lakin dəniz yolu ilə davamlı yardım alan şəhər yüz il Osmanlı təzyiqləri qarşısında davam gətirə bildi. Buna baxmayaraq Orxan Qazi yunanların tarixi şəhərləri olan Nikeya və Nikemediyanı (türklər bu şəhərləri İznik və İzmir adlandırdılar), işğal edərək Bizansı Kiçik Asiyadan tamamilə çıxardı.
Osmanlı axınçılarının boğazları fəth etmək üzrə olduğunu görən Bizans türklərin qarşısına bütün gücü ilə çıxdı. Məqsəd türk təhdidinə birdəfəlik son vermək və Kiçik Asiyadakı Bizans hegemoniyasını bərpa etməkdi.
Sakarya çayı boyunca irəliləyən Orxan Qazi Maltəpədə düşmənlə üzləşdi. 8 min əsgəri vardı və bu qüvvə ilə Bizans ordusunu yenmək imkansız görünürdü. Çünki Bizans ordusu türklərdən dəfələrlə çox idi. 1329-cu ildə baş verən Bizans-Osmanlı savaşı bir gün sürdü. Bütün günü Bizans ordusu qarşısında güclə davam gətirən Orxan Qazi başa düşdü ki, sabah ordusu darmadağın ola bilər. Ordular öz mövqelərinə çəkiləndə bizanslılardan fərqli olaraq Orxan ordusuna istirahət vermədi. Osmanlı axınçıları gecə yarısı Bizans düşərgəsinə soxulub düşməni doğramağa başladılar.
Gözlənilməz gecə basqınından panikaya düşən Bizans ordusu qaçmağa üz qoydu. İmperatorlar yaralı bir şəkildə canını qurtarsa da, ordusunun bir hissəsi qırıldı, digər hissəsi isə əsir düşdü. Maltəpədən dönən Osman Qazi zəfərini artıq təslim olan İzmir və İznikdə bayram etdi. Qalaları təslim edən Orxan Qazi hər kəsə aman verdi. Bizanslılar cizyə vergisini verməklə dini ayinlərini sərbəst şəkildə yerinə yetirə bilərdilər.
Paytaxt müvəqqəti olaraq İznikə
köçürüldü və burda böyük islam abidələri
inşa edildi.
İmperatorluğun
memarı
Sultan Orxan qazinin ən böyük işlərindən bir Osmanlı dövlətini qurması oldu. Osman Qazinin zamanında nazir rütbələri – vəzirlik və paşalıq institutları təsis olundu. Osmanlı Divan Təşkilatı yaranmaqda olan imperiyanın dəftərxana və idarə işlərini həyata keçirməyə başladı. Fəth olunan şəhərlərin və torpaqların idarəsi isə qazılara həvalə olundu. Qazıların yanında həmçinin hərbi işləri idarə edən subaşılar vəzifə alardılar. İstər qazıları, istəsə də subaşıları Sultan təyin edərdi. Osmanlı dövlətinin təşkilindən başlayan bu təsisatlar uzun illər boyu davam etdi.
Orxan Qazinin böyük yeniliklərdən birini orduda apardı. Yaranmasından on il keçəndən sonra Osmanlı dövlətinin və ordunun əsas bel sütunlarından biri olan yeniçəri institutu da məhz Orxan Qazi tərəfindən yaradıldı. Əsasən piyada qoşun olaraq nəzərdə tutulan yeniçərilər müharibələrdə əsir götürülən, ya da qul uşaqlardan və qul bazarlarından satın alınan uşaqlardan təşkil olunurdu. Bu uşaqların ata və anaları olmur, onlar yalnız dövlət üçün xüsusi məktəblərdə yetişdirilirdilər. Əsasən xristian uşaqları bu məktəblərə cəlb edilir, onlara islamı qəbul etdirir və keçmişləri unutdurulurdu. Uzun əsrlər boyu yeniçəri məktəblərinin sirləri dövlət sirri kimi qorunur və bu məktəblərdə əsasən təkkə üzvləri yeni gətirilən uşaqlara dərs keçir, onlara döyüş sənətini öyrədirdilər. Sonradan Osmanlı dövlətinin qüdrətlənməsində və imperiyaya çevrilməsində, Osmanlı xanədanının 600 il davam etməsində yeniçəri məktəblərinin böyük rolu oldu.
Sonradan Aradıq dənizinə hakim olan osmanlı donanmasının da əsası Orxan Qazi tərəfindən qoyulmuşdu.
Orxan Qazi aldığı şəhərlərdə
heç kimi incitməz, artıq qan tökməzdi.
Aldığı bütün Bizans şəhərlərində
müsəlman memarlıq abidələri tikərək xristian
abidələrini unutdurmağa çalışardı. Lakin
heç bir yerdə kilsələri dağıtmaz, boş kilsələri
məscidə çevirərdi.
«Osmanlıya iki qitə üzərində
hökm etmək yetməz»
Orxan Qazi Osmanlı xanədanın ən ədalətli
və ən fəzilətli sultanı kimi tanınır. Hətta
elmi və fəziləti ilə seçilən, bir çox
hallarda ədalətin qapısı olaraq vəsf edilən
Sultan Süleyman Qanuni belə onun əlinə su tökməyə
layiq deyildi. Təkkələrdə yetişən
və bütün ömrü boyu təkkələrlə əlaqəsini
kəsməyən Orxan Qazi son nəfəsinə qədər
Allahın məzlum qulu olduğunu unutmamışdı. O son dərəcə
dindar, təvazökar və təbəəsinə
özünü sevdirməyi bacaran birisi idi.
Ölümündən öncə oğlu Sultan Murada
aşağıdakıları vəsiyyət etmişdi:
«Oğul, səltənətinlə məğrur olma. Dünya
səltənəti keçicidir, amma bir fürsətdir. Allah
yolunda xidmət üçün bu fürsəti yaxşı
dəyərləndir… Rum
elinin fəthini tamamla. Konstantinopolu fəth et,
ya da fəthə hazırla. Anadolu bəylərinin
üzərinə çox getmə. Onlar bir müddət
sonra ağacdakı alma kimi ovcuna
düşəcəklər. Anadolu ilə problem
yaranmasa, Rumelini rahat həll edəcəksən. Cənnət məkan atam Osman Qazi xan bir ovuc
torpaqlarda bəylik yaratdı. Biz o bəylikdən
Sultanlıq qurduq. Səlcuqların varisi biz olduğumuz
kimi, Romanının da varisi bizik… Amma Osmanlıya iki qitə
üzərində hökm etmək belə yetməz… «Qurani Kərim”in buyruqlarına boyun əy. Unutma ki, gecikən ədalət ən pis ədalətdir.
Sonunda ədalət yerini tapsa belə, gecikən ədalət
zülmdür.»
Tarixçilər onu sarısaçlı,
mavigözlü və pəhləvan cüssəli təsvir
ediblər. Səltənətinin
38 il sürdüyü bildirilir. Ölüm tarixi dəqiq göstərilmir-1358-1362-ci
illər arasında dünyasını dəyişdiyini
yazırlar. Orxan Qazi Üsküdarı,
Kadıköyü alaraq Avropa qitəsinə
çıxış imkanı qazandı. Bir
çox Anadolu bəylikləri onun zamanında Osmanlı xanədanına
təslim edildi. Ankaranı da Orxan Qazi
aldı və Anadolunun şərqinə doğru irəlilədi.
Öləndə atası Orxan Qazidən aldığı 16
min kvadrat kilometr ərazini 95 min kvadrat kilometrə
çatdıraraq oğlu Murada təslim etdi. Ölməmişdən
əvvəl Bursaya gəldi və burda sakitcə həyat vida
etdi. Atasının ayaqları altında dəfn
edildi.
Azər
Azad Azərbaycan.-
2012.- 19 oktyabr.- S.6.