Naxçıvan
Muxtar Respublikası Yazıçılar Birliyinin konfransı
keçirilmişdir
Naxçıvan Muxtar Respublikası Yazıçılar
Birliyinin konfransı keçirilmişdir. Naxçıvan Muxtar
Respublikası Ali Məclisinin sədri Vasif Talıbov və
konfrans iştirakçıları əvvəlcə Cəlil
Məmmədquluzadə adına
Naxçıvan Dövlət Musiqili Dram Teatrının
foyesində Naxçıvan, 20 oktyabr (AzərTAc). Naxçıvan Muxtar Respublikası
Yazıçılar Birliyinin konfransı keçirilmişdir.
Naxçıvan
Muxtar Respublikası Ali Məclisinin sədri Vasif Talıbov və
konfrans iştirakçıları əvvəlcə Cəlil
Məmmədquluzadə adına
Naxçıvan Dövlət Musiqili Dram Teatrının
foyesində naxçıvanlı şair və
yazıçıların, ədəbiyyatşünas alim və
tədqiqatçıların əsərlərindən,
elmi-kütləvi nəşrlərdən ibarət sərgiyə
baxmışlar.
Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sədri
Vasif Talıbov konfransda çıxış edərək
demişdir ki, hər bir xalqın həyatında ədəbiyyatın,
bədii söz sənətinin mühüm yeri və rolu
vardır.
1975-ci ilin oktyabrında keçirilən Azərbaycan ədəbiyyatı
günlərində çıxış edən ümummilli liderimiz
Heydər Əliyev demişdir: “Tarix tələbkar
imtahançıdır. Hökmdarlar, saray əyanları
unudulub getmişlər. Azərbaycanın
böyük mütəfəkkir və humanist şairlərinin
təravətdən düşməyən misraları isə
bu gün də öz hikməti və insanpərvərlik ruhu
ilə dünyanı heyran qoyur”.
Ali Məclisin
sədri demişdir ki, ədəbiyyatın ən böyük
amalını və tarixi missiyasını mənsub olduğu
xalqa xidmətdə görən ümummilli liderimiz hakimiyyətdə
olduğu bütün dövrlərdə Azərbaycan ədəbiyyatının
inkişafına çalışmış, yaradıcı
ziyalıları himayə etmiş, sağlam ədəbi
mühitin yaradılmasını bir nömrəli vəzifələr
sırasına çəkmişdir. Ötən
əsrin 70-ci illərindən başlayaraq həyata
keçirilən bu tədbirlər sayəsində ədəbiyyatımız
özünün yeni inkişaf mərhələsinə
qalxmış, yaradıcı insanlar hərtərəfli
müdafiə imkanı qazanmış, repressiya
qurbanlarının əsərlərinə isə “ikinci həyat”
verilmişdir.
Bildirilmişdir ki, Azərbaycan ədəbiyyatının
qorunması və təbliği məqsədi ilə ulu
öndərin ölkəmizdə birinci dəfə hakimiyyətdə
olduğu 1969-1982-ci illərdə 87 muzey, o cümlədən
görkəmli şair və yazıçıların
ev-muzeyləri yaradılmış, monumental abidələri
ucaldılmış, keçmiş ittifaq miqyasında yubileyləri
keçirilmişdir. Bütün bunlar bir tərəfdən həmin
dövrün qapalı Sovet cəmiyyətində Azərbaycan ədəbiyyatını
və mədəniyyətini tanıtmaq və təbliğ etmək
məqsədi daşıyırdısa, digər tərəfdən
Azərbaycan ədəbi mühitində yeni ab-hava yaratmaq,
tarixi yaddaşı, xalqımızın adət-ənənələrini
bərpa etmək, yeni milli ədəbi qüvvələr
yetişdirmək kimi strateji məqsədə xidmət edirdi. Bu məqsəd, şübhəsiz ki, Azərbaycanın
gələcək müstəqilliyinə
hesablanmışdı. O dövrdə xalqın siyasi iradəsini
azadlıq və suverenlik idealları ətrafında cəmləşdirməyin
bir yolu da bədii ədəbiyyatdan keçirdi. Ona görə də bədii ədəbiyyat
xalqın milli mənafeyinə uyğunlaşdırılır,
tarixi yaddaşı oyadan “Dədə Qorqud”, “Babək” kimi bədii
filmlər çəkilərək geniş
tamaşaçı auditoriyasına
çıxarılırdı.
Ali Məclisin
sədri demişdir: “Nəzərə almaq lazımdır ki, ədəbiyyatda,
bütövlükdə siyasi mühitdə sovet
ideologiyasının, sosializm realizmi metodunun hökmranlıq
etdiyi bir məkanda bu tədbirləri həyata keçirmək
kifayət qədər riskli məsələ idi. Buna baxmayaraq 70-80-ci illərin Azərbaycanında
milli mənlik şüurunun yetişdirilməsinə xidmət
edən yaradıcılıq məhsulları bütün vasitələrlə
təqdir və təbliğ olunurdu. Bu dövrdə ədəbiyyatın
əsas vəzifəsi bir məqsədə tabe etdirilmişdi:
xalqı öz ardınca irəli aparmaq. Ulu öndərimiz ədəbiyyatımızın
bu vəzifənin öhdəsindən gəldiyini xüsusi
vurğulayaraq deyirdi: “Bizim ədəbiyyatımızın
xalqımıza etdiyi ən böyük xidmət ondan ibarətdir
ki, şairlərimiz, yazıçılarımız öz əsərləri
ilə Azərbaycanda, xalqımızda, millətimizdə daim
milli hissiyyatları oyatmağa, xalqı irəli aparmağa
çalışmışlar. Milli
özünüdərk, milli dirçəliş prosesləri
xalqımıza birinci növbədə ədəbiyyatdan
keçib”.
Ali Məclisin sədri qeyd etmişdir ki, artıq uzun əsrlər
boyu Azərbaycan ədəbiyyatında tərənnüm
olunan və xalqın ürəyində yaşadılaraq nəsildən-nəslə
ötürülən dövlət müstəqilliyi arzudan həqiqətə
çevrilmişdir. Artıq 21 ildir ki, dövlət müstəqilliyi
şəraitində yaşayırıq. İndi
əsas məqsəd müstəqilliyimizi qorumaq, onun əbədiliyinə
nail olmaqdan ibarətdir. Bunun
üçün Azərbaycan Prezidenti İlham Əliyevin rəhbərliyi
altında bütün sahələrdə - istər
sosial-iqtisadi, istər ictimai-mədəni, istərsə də
ordu quruculuğunda ardıcıl tədbirlər
görülür.
“Müstəqillik dövrünün özünəməxsus
ədəbiyyatı olmalıdır”, - deyən Ali Məclisin
sədri bildirmişdir ki, bu dövr əvvəlki dövrlərdən
tamamilə fərqlənir. Əsas fərq bundan
ibarətdir ki, sovetlər birliyi dövründəki kimi indi ədəbiyyatın
üzərində senzura yoxdur. Müxtəlif
mövzular üzrə dövlət sifarişləri aradan
qaldırılmış, mövzu seçimində tam sərbəstlik
verilmişdir. İkinci fərq budur ki, bu
gün bədii yaradıcılıqda “Vətən”
anlayışı öz real məzmununa qovuşmuş, Azərbaycan
müstəqil dövlət olmuşdur. Əgər
əvvəllər şair və ya yazıçı “Vətən”
deyərkən fikrində xəyali sərhədlər
cızır və ya keçmiş sovetlər birliyini nəzərdə
tuturdusa, bu gün real sərhədlər hüdudunda müstəqil
Azərbaycanımız – öz doğma Vətənimiz
mövcuddur. Buna baxmayaraq mövzu
seçimində sanki bir çətinlik
yaranmışdır. Muxtar respublika Yazıçılar
Birliyinin bəzi üzvləri əksər hallarda sönük
lirikaya üstünlük verir, yubiley və ya təqvim
şeirləri yazır, ədəbiyyatın, şeirin ali missiyasını yaddan
çıxarırlar. Bu, bir tərəfdən
kitab çapında sərbəstlik yaradılmasından irəli
gəlirsə, digər tərəfdən
Yazıçılar Birliyinin zəif işinin nəticəsidir.
Birlik öz üzvlərinin
yaradıcılığını
yaşadığımız dövrün vəzifələrinə
səfərbər etməyi bacarmalıdır.
Ali Məclisin
sədri demişdir: “Bəzən polemika açılır ki,
müstəqillik dövrünün ədəbiyyatı necə
olmalıdır? Bu dövrün ədəbiyyatı
birinci növbədə vətənpərvər ədəbiyyat
olmalıdır. Ədəbi məhsullarda
“Vətən” sözünü çox işlətməklə
vətənpərvərlik mövzusunda ədəbiyyat yaratmaq
mümkün deyil. Vətənpərvərlik
yazıçı və ya şairin
yaradıcılığının bütün mahiyyətini
ifadə etməli, vətəndaşlıq duyğusunun
daşıyıcısına çevrilməlidir. XIX əsrin böyük rus şairi Nekrasov vətəndaşlıq
borcunu unudanlara “Sən şair olmaya bilərsən, lakin vətəndaş
olmağa borclusan” – deyirdi. Naxçıvan ədəbi
mühitinin yetirməsi, görkəmli şair Məmməd
Araz da yaradıcı insanları layiqli vətəndaş olmaq
üçün “vətən daşı” olmağa səsləyir
və yazırdı ki, “Vətən daşı olmayandan, olmaz
ölkə vətəndaşı”. Yazıçı
və vətəndaş mövzusu həmişə aktual
olmuşdur və bu gün də aktualdır. Yazıçı, dramaturq və şairlərimiz
müstəqil və qüdrətli dövlətimizin layiqli vətəndaşları
kimi fəal mövqedə dayanmalı, hadisələrə
münasibətdə ortaya ziyalı mövqeyi
qoymalıdırlar.
Ciddi problemlərdən birinin də bədii tərcümə
ilə bağlı olduğunu bildirən Ali Məclisin sədri
demişdir ki, bu olmadan bədii əsərləri tərcümə
edib yaymaq mümkün deyil. Muxtar respublikada elmi və
publisistik əsərlərin, tarixi mövzuda
yazılmış kitabların tərcüməsi sahəsində
müəyyən təcrübə vardır. Lakin istər klassik, istərsə də müasir bədii
əsərlərin tərcüməsi sahəsində
boşluq qalmaqdadır. Muxtar respublikada
xarici dillərdən birbaşa tərcümə ilə məşğul
olan yazıçı və şairlərin olmasını əsas
götürərək Yazıçılar Birliyi nəzdində
bədii tərcümə mərkəzi yaratmaq
mümkündür.
Qeyd olunmuşdur ki, uşaq ədəbiyyatının
inkişafı ilə bağlı ayrıca tədbirlər
planı hazırlanmalı, bu məsələ ciddi nəzarətə
götürülməlidir. Son 5 ildə muxtar
respublikada uşaqlar üçün cəmi 10 kitabın nəşr
olunması, bunların isə böyük bir qisminin uşaq ədəbiyyatı
üçün qoyulan tələblərə cavab verməməsi
qeyd olunan sahədə zəif işin nəticəsidir.
2010-cu ildə Uşaqları Beynəlxalq Müdafiə
Günü münasibətilə keçirilən tədbirdə
Yazıçılar Birliyinə tapşırmışdıq
ki, yaradıcı ziyalıların qüvvəsindən istifadə
etməklə muxtar respublikada uşaq ədəbiyyatının
inkişafına nail olsun. Bundan sonra uşaq ədəbiyyatının
aktual məsələləri ilə bağlı bir
müşavirə keçirilmiş, həqiqətdə isə
mövzu kifayət qədər
aktuallaşdırılmamışdır. Uşaq
ədəbiyyatı uşağın formalaşmasında
mühüm rola malikdir. Bu ədəbiyyat
böyüməkdə olan gənc nəslin etik və estetik tərbiyəsinə
istiqamət verməli, onları xalqımızın malik
olduğu milli dəyərlər, qəhrəmanlıq,
düzlük, əməksevərlik və vətənpərvərlik
ruhunda tərbiyə etməlidir. Yazıçılar
Birliyi uşaq ədəbiyyatının ən yaxşı
nümunələri üçün müsabiqələr
keçirməli, bu sahədə fəaliyyət günün
tələbləri səviyyəsində qurulmalıdır.
Ali Məclisin
sədri demişdir: “Bu gün muxtar respublikanın
rayonlarında və kəndlərində yaşayan ədəbi
qüvvələrlə, eləcə də rayonlardakı ədəbi
birliklərlə və Yazıçılar Birliyinin gənclər
bölməsi ilə iş tələb olunan səviyyədə
deyil. İşdə dönüş yaratmaq,
muxtar respublikanın digər yaradıcılıq təşkilatları
ilə əlaqələri gücləndirmək
lazımdır. Yazıçılar
Birliyinin muxtar respublikada fəaliyyət göstərən teatrlarla,
o cümlədən xalq teatrları ilə əməkdaşlığı
möhkəmləndirilməli, repertuar seçimində yerli ədəbi
qüvvələrə üstünlük verilməlidir.
Dramaturqlarımız isə müasir tələblərə
cavab verən əsərlər yaratmalıdırlar. 15 il əvvəl Yazıçılar Birliyi
öz ətrafında 17 şair və yazıçını
birləşdirirdisə, hazırda Birlik üzvlərinin
sayı 80 nəfərdir. Sovetlər Birliyinin mövcud
olduğu bütün dövr ərzində Naxçıvanda
yaşayıb-yaradan şair və yazıçıların
150-dək kitabı çap olunmuşdursa, müstəqil
dövlət kimi yaşadığımız 21 ildə 600-dən
artıq kitab, almanax və tərcümə əsərləri
çap olunmuş, “Naxçıvan” jurnalının
naxçıvanlı ədəbi qüvvələrə həsr
edilmiş xüsusi nömrələri
buraxılmışdır.
Müdriklərin
“Sənətin, ədəbiyyatın vəzifəsi həyatın
surətini çıxarmaq deyil, onu əks etdirməkdir” fikrini
xatırladan Ali Məclisin Sədri konfransdan sonra
Yazıçılar Birliyinin daha səmərəli fəaliyyət
göstərəcəyinə, öz üzvlərinin
yaradıcılıq potensialını səfərbər edəcəyinə,
müxtəlif janrlarda dəyərli bədii əsərlərin
yaradılmasına nail olacağına ümidvar olduğunu
bildirmiş, bu yolda Birlik üzvlərinə, bütün
yaradıcı ziyalılara uğurlar arzulamışdır.
Sonra Ali Məclisin sədri muxtar respublikada
yaşayıb-yaradan gənc yazıçı və şairlərə
Naxçıvan Muxtar Respublikası Yazıçılar
Birliyinin üzvlük vəsiqələrini təqdim etmişdir.
Naxçıvan Muxtar Respublikası Yazıçılar
Birliyinin sədri Asim Əliyev hesabat məruzəsi ilə
çıxış etmişdir.
Azərbaycan Milli Elmlər Akademiyasının həqiqi
üzvü, ədəbiyyatşünas alim İsa Həbibbəyli
Naxçıvan ədəbi mühitinin keçdiyi inkişaf
yolundan və mövcud çatışmazlıqlardan
danışmışdır.
Sonra konfrans iştirakçıları Naxçıvan ədəbi
mühitinin yetirməsi, şair-dramaturq Müzəffər Nəsirlinin
“Qönçəbəyim nəğməsi” pyesi əsasında
hazırlanmış eyniadlı tamaşaya baxmışlar.
Tamaşadan sonra yaradıcı heyətlə
görüşən Naxçıvan Muxtar Respublikası Ali Məclisinin
sədri Vasif Talıbov uğurlu tamaşa münasibətilə
Naxçıvan Dövlət Musiqili Dram Teatrının
kollektivini təbrik etmişdir.
Aktyorlar göstərilən diqqət və
qayğıya görə minnətdarlıq etmiş, bundan
sonra da milli ruhlu uğurlu səhnə obrazları
yaradacaqlarını bildirmişlər.
Tamaşaya baxışdan sonra Naxçıvan Muxtar
Respublikası Yazıçılar Birliyinin konfransı öz
işini davam etdirmiş, Asim Əliyev yenidən
Naxçıvan Muxtar Respublikası Yazıçılar
Birliyinin sədri seçilmişdir.
Seyidzadə Hacı Tofiq
Azad Azərbaycan.- 2012.- 24
oktyabr.- S.7.