Milli Kitabxanada kitabların hamısı elektron versiyada olmayacaq 

 

Azərbaycan Respublikası Mədəniyyət Turizm Nazirliyi 2020-ci ilədək kitabxanaların fəaliyyətinin yaxşılaşdırılması məqsədilə konsepsiya layihəsi hazırlayıb.

Layihədə kitabxanaların modernləşdirilməsini təmin etmək, kitabxanaları inkişaf etdirməklə əhalinin bütün təbəqələri üçün informasiya qeyri-bərabərliyini mümkün qədər azaltmaq, ölkənin bütün ərazisini səmərəli şəkildə kütləvi kitabxanalar şəbəkəsi ilə əhatə etmək, həm kitab mədəniyyətinin, həm şəbəkə texnologiyalarının istifadə vərdişlərini inkişaf etdirmək təklif edilir.

Bununla yanaşı, layihədə qeyd edilib ki, kitabxanalar əhalinin bütün kateqoriyalarına informasiya xidməti göstərən intellektual mərkəzlərə çevrilməli, qloballaşmaqda olan dünyada Azərbaycanın simasını qoruyub saxlamaq vəzifəsini yerinə yetirməlidir.

Modern.az-açıqlama verən M.F. Axundov adına Milli Kitabxananın direktor müavini Mələk Hacıyeva bildirdi ki, kitabxanada ilk dəfə 2000-ci ildən Soros Fondunun dəstəyi ilə birillik layihə çərçivəsində klassik ədəbiyyat nümunələrinin elektron variantı hazırlayıb. Hazırda elektronlaşma prosesi davam edir. “Kitabxana fondunda 5 milyona yaxın kitab var, onlar hamısı elektronlaşmayacaq. Hazırda kitabların az hissəsi oxuculara elektron variantda təqdim olunur. Bütün kitabların elektronlaşması isə uzun zaman tələb edir. Hətta 70-ci illərdən Amerika Beynəlxalq İnternet Şəbəkəsinə qoşulan kitabxanalar da bildirirlər ki, onlar tam elektronlaşmayıb”.

Mütəxəssis əlavə etdi ki, bu sahədə təcrübəli kadrlara ehtiyac olduğunu nəzərə alaraq, işçilər bir sıra ölkələrə, o cümlədən Amerika kitabxanalarına təcrübəyə göndərilir.

Məleykə Hacıyeva qeyd edib ki, oxucu kateqoriyasını kitabxananın resurslarını nəzərə alaraq yeni kitablar alınır, eyni zamanda artıq oxucu tələbini ödəməyən  bəzi kitablar fonddan çıxardılır. Yararsız vəziyyətdə olan kitablar isə kitabxana tərəfindən yenidən bərpa edilir.

Milli Kitabxanaya müəlliflər tərəfindən verilən kitab nüsxələri ilə bağlı problemə gəlincə, M. Hacıyeva qeyd etdi ki, qanuna əsasən, hər bir qəzet 2 nüsxə, kitab müəllifləri isə 4 nüsxə çap məhsulunu onlara verməlidir. Qəzet nüsxələri ilə problem olmasa da, kitablarla vəziyyət fərqlidir. Çünki bəzən müəlliflər maliyyə vəsaiti az olduğundan ya bir, ya iki nüsxə təqdim edirlər. Kitaba tələbat çox olduqda nüsxələr kitabxananın öz büdcəsi hesabına çoxaldılır. Tələbatın az olduğu, nüsxənin isə çox olduğu kitablar bir nüsxə kitabxanada saxlanmaqla bölgə kitabxanalarına paylanır.

 

 

Nigar Məmmədli

 

Azad Azərbaycan.- 2012.- 9 sentyabr.- S.7.