Bir qalanın sirri, yaxud “Yenilməz batalyonun gerçək üzü     

 

Cəzalanmış matros, güllələnmiş podpolkovnik və Demeşkoya qoyulmuş büst...

 

Azərbaycanın bu bölgəsi özünün qədim tarixi, mədəniyyəti, etnoqrafiyası ilə xeyli maraq doğurur. Ancaq bu gün “Azərbaycanın Parisi” adlandırılan bölgədə daha maraqlı hadisələr XIX əsrin əvvəllərinə təsadüf edir. Mən burada bir məşhur filmimizin qəhrəmanlarının real həyatını öyrəndim, cəzalanmış matroslar və güllələnmiş podpolkovnik barədə həqiqətlərin izinə düşdüm...

 

***

 

...1803-cü ildə Zaqatala qəzası Rusiyanın tərkibinə daxil olduqdan sonra buranın hərbi-strateji əhəmiyyətini nəzərə alan çar hökuməti Zaqatala şəhərinin günbatan hissəsində qala tikdirmək qərarına gəlir. Qala Cənubi Qafqazda olan rus qoşunlarının komandanı general İvan Paşkeviçin göstərişi və nəzarəti altında 1804-1830-cu illər arasında tikilir.

Çar hökuməti qalanı tikməkdə iki məqsəd güdürdü. Birincisi, yerli əhalinin üsyanlarının yatırılmasında qaladan sığınacaq kimi istifadə etmək, ikincisi isə Şimali Qafqazı işğal edərkən buradan hərbi dayaq məntəqəsi kimi yararlanmaq. Beləcə, Şamil hərəkatı dövründə və Zaqatala üsyanının yatırılması vaxtı bu qala rus ordusunun düşərgəsi və başlıca hərbi məntəqəsi olur. Şeyx Şamil hərəkatı yatırıldıqdan və Şimali Qafqaz Rusiyaya birləşdirildikdən sonra qala özünün hərbi əhəmiyyətini itirir. Ancaq belə bir qalanın Rusiyanın mərkəzindən çox uzaqdaucqar yerdə olması çar II Nikolayın yadından çıxmamışdı. Rusiyada 1905-1907-ci il inqilabı zamanı “Potyomkin” gəmisində üsyan edən matrosların cəzalandırılması üçün Zaqatala qalası münasib hesab edilmişdi. 400 üsyankar matros qalaya salındı. Qalada saxlanılan matrosların inqilabi fəaliyyəti barədə tarixdə kifayət qədər məlumat var. Görkəmli yazıçı Qılman İlkininreal faktlar əsasında qələmə aldığı “Qalada üsyan” romanı 1907-ci ildə Zaqatala qalasında baş vermiş hadisələrlə bağlıdır. “Yenilməz batalyonfilmi məhz bu roman əsasında ekranlaşdırılıb. Hüseyn Seyidzadənin rejissoru olduğu filmdə adları çəkilən qəhrəmanların əksəriyyəti real tarixi şəxsiyyətlərdir. Xatirinizdədirsə, filmdə cəzalanmış matroslardan biri podpolkovnik Dobrovolskini öldürür. Zaqatalaya səfərim zamanı çox böyük tarixi əhəmiyyəti olan iki sənəd əldə elədim. Zaqatala Tarix-Mədəniyyət qoruğunda saxlanılan bu sənədlərdən biri general-leytenant Şatilovun Rusiya imperiyasının hərbi nazirinə göndərdiyi teleqramdır. 29 iyul 1907-ci il tarixli şifrəli teleqramdan oxuyuruq: “İyul ayının 10-u axşam Zaqatalada 201 saylı Lebedinski piyada alayının 2-ci batalyonunun komandiri Dobrovolski batalyonlardan birinin bölüyünə baxışdan sonra evə qayıdarkən öldürülmüşdür. Qatil tezliklə tutulmuşdur. O, həmin batalyonun 7-ci bölüyünün əsgəri, cərimə ilə Qara dəniz donanmasından bura keçirilmiş sabiq matros Stepan Demeşkodur”.

General-leytenant daha sonra Hərbiyyə Nazirinə bildirir ki, Cinayət Məcəlləsinin 1451-ci maddəsinə uyğun olaraq sıravi Demeşkoya rəisi qəsdən və əvvəlcədən hazırlaşmaqla öldürmək ittihamı irəli sürüləcək ki, bunun da ən yüksək cəzası ömürlük katorqa işlərinə cəlb edilməkdir: “Zaqatala dairəsində hərbi vəziyyət olmadığına görə, sıravi Demeşkonun əməlinə hərb nizamnaməsinin 279-cu maddəsini tətbiq eləmək olmaz. Həmçinin həmin nizamnamənin 91-ci maddəsi də bu əməlin cəzalandırılması üçün kifayət deyil. Əlahəzrətdən xahiş edirəm ki, sıravi Demeşkonun hərb dövrünün şərtlərinə uyğun olaraq qanunun bütün sərtliyi ilə cəzalandırılması üçün göstərişinizi verəsiniz. Onu da diqqətinizə çatdırım ki, aldığım məlumatlara görə, barəsində söhbət gedən batalyonda stabillikdir. General-leytenant Şatilov”.

Növbəti sənəd Baş Hərbi Prokurora 20 avqust 1907-ci ildə göndərilmiş 7095 saylı yaddaş qeydidir. Sənəddən oxuyuruq ki, Zaqatalada yerləşən müvəqqəti hərbi məhkəmə hakim general-mayor Rapşinskinin sədrliyi ilə 17 avqust 1907-ci ildə Stepan Demeşkonun cinayət əməli ilə bağlı qərar çıxarıb. Qərarda yazılıb: “Sıravi Stepan Demeşko 10 iyun tarixində Zaqatala şəhərində axşam saat 8 radələrində podpolkovnik Dobrovolskini şəhərdən qalaya qayıdarkən izləmiş və tapançadan ona bir neçə dəfə atəş açmışdır. Nəticədə podpolkovnik Dobrovolski 3 yara almış və bu yaralardan ölmüşdür. Məhkəmə sıravi Demeşkonun bu cinayəti törətdiyini sübut etmişdir. Məhkəmə qərara aldı: “Sıravi Demeşkoya ən yüksək cəza - güllələnmə cəzası verilsin”.

"Yenilməz batalyon" filmində operator Xan Babayevin böyük məharətlə və peşəkarlıqla kinolentin yaddaşına köçürdüyü məşhur kadrlar məhz sıravi Stepan Demeşkonun güllələnməsinin və dəfninin bir qədər bədiiləşmiş təsviridir.

Stepan Demeşkonun Zaqataladakı abidəsi isə hələ sovet dövründə podpolkovniki güllələmiş matrosun məzarı üstündə ucaldılıb. İllər keçsə də, məlum hadisələrin bu gün bizə bir elə dəxli olmasa da, hər halda, bu olaylar Zaqatala tarixinin bir parçasıdır. Bu olaylar burdakı qalada - yenilməz Zaqatala qalasında baş verib...

 

 

İlham Tumas

 

Azad Azərbaycan.- 2012.- 11 sentyabr.- S.6.