Üzeyir
Hacıbəylinin Paris məktubları
Ceyhun Hacıbəylinin
qürbəti
1938-ci ilin aprel ayı. Kreml.Moskvada keçirilən Azərbaycan İncəsənəti ongünlüyünün sonuncu günü.
Üzeyir Hacıbəyli başda olmaqla Azərbaycan İncəsənət nümayəndələrinin şərəfinə təşkil edilmiş ziyafət zamanı Stalin deyir:
-
Üzeyir bəy, bildiyimə görə sizin kiçik
qardaşınız Fransada yaşayır. Onunla
məktublaşırsınızmı?
Üzeyir
bəy: – Əvvəllər məktublaşırdıq,
yoldaş Stalin, son zamanlar yazışmırıq.
Stalin: -
Niyə? Sizə mane olanmı var?
Üzeyir
bəy:- Xeyr!
Stalin: –
Nahaq yerə yazışmırsınız! Siz
ona məktub göndərin, bəlkə vətənə
dönmək istəyir? Əgər vətənə
qayıtsa, onu işlə, evlə təmin edərik.
Mütləq qardaşınıza yazın!
Üzeyir bəy Bakıya gələn kimi
qardaşına Stalinlə olan söhbətini yazır.
Qardaşı razılaşırmı?
Üzeyir Hacıbəylinin qardaşına
yazdığı məktubları sarsılaraq oxudum. Fərqli
rejimlərin hakim olduğu məkanda yaşayan iki dahinin, iki
qardaşın həsrət dolu məktubları olduqca təsirlidir.
Üzeyir bəy məktublarında nələr
yazırdı? Buna keçmədən
öncə Ceyhun Hacıbəylinin həyatına qısa nəzər
yetirək.
Ceyhun
Hacıbəyli 1891-ci ildə Şuşada doğulub, ilk təhsilini
rus-tatar məktəbində, Bakıda alıb, gəncliyində
felyetonlar yazıb, sonralar isə “Kaspi”, “Proqres”, “Bakı”, “Azərbaycan”
kimi qəzetlərdə publisistik məqalələr qələmə
alıb. Onun "Pristav Ağa" felyetonu daha
çox məşhurdur. Felyeton
"Proqres" qəzetinin 1907-ci ildə işıq
üzü görmüş 6 və 7-ci saylarında
"Daqestanskiy" imzası ilə çap olunub.
1908-ci ildə qardaşı Üzeyir bəy Şərqin
ilk operasını səhnələşdirərkən Ceyhun bəy
İbn Salam və Nofəl rollarını oynayıb. Əli bəy
Hüseynzadənin rəhbəri olduğu “Səadət” məktəbində
bir müddət müəllim işləyib, Peterburqda
hüquq fakültəsində Murtuza Muxtarovun vəsaiti
hesabına təhsil alıb, ardınca Parisdə Sarbonna
Universitetinə qəbul olub. 1909-cu ildə
Turgenevin "Pulsuzluq" komediyası ilk dəfə olaraq Azərbaycan
türkcəsinə tərcümə edib, 1910-cu ildə
“Hacı Kərim” povestini yazır, 1911-də kitab formasında
çap etdirib.
1917-ci ildə
“İttihad” və “Müsəlmanlıq” qəzetlərinin redaktoru
olub, Cümhuriyyətin elanından sonra isə Üzeyir bəylə
birgə “Azərbaycan” qəzetinin, Şəfi bəy Rüstəmbəyovla
birgə isə “Azerbaydjan” qəzetinin redaktoru vəzifəsində
çalışıb. 1919-cu ildə Paris
sülh konfransına gedən nümayəndə heyətinin tərkibinə
daxil edilib. Bu onun Azərbaycanı sonuncu tərk
edişi olur. Cümhuriyyət işğal
olunur və Ceyhun Hacıbəyli ölkəyə bir daha
dönmür. Xanımı Zöhrə Hacıbəylini,
körpə uşağına yanına gətirdir.
Avropada Azərbaycanın ən qızğın
müdafiəçilərindən biri olur. 1919-cu ildə
Parisdə “İlk müsəlman dövləti Azərbaycan”
adlı kitabı çapdan çıxır, Azərbaycan
türklərinin soyqırımı ilə bağlı məqalə
ilə çıxış edir. 1920-ci ildə
“Arşın mal alan ” musiqili
komediyasını fransız dilinə tərcümə edir və
həmin ildə də tamaşaya qoyulur. 1926-cı
ildə çap etdirdiyi “Azərbaycan teatrı” adlı məqaləsində
Hüseyn Cavid və Cəfər Cabbarlını fransızlara
tanıdır. 1930-cu ildə “Azərbaycan
mətbuatı tarixi”, 1933-cü ildə “Qarabağ dialekti və
folkloru” kitabları fransız dilində işıq üzü
görür. Fransız şərqşünasları
A.Beniqsen və Ş. Lemerse Kelkejenin 1964-cü ildə Parisdə
fransız dilində nəşr etdirdikləri “Rusiyada 1920-ci ilə
qədər çıxan müsəlman mətbuatının
tarixi” əsəri hazırlanarkən Azərbaycan bölməsində
Ceyhun Hacıbəyli də iştirak edir. Fransada
SSRİ-ni öyrənən institutun Parisdə fransızca nəşr
etdirdiyi “Qafqaz” jurnalının Azərbaycan bölməsində
gedən yazıların redaktəsi ilə məşğul
olur, həmin institutun dəstəyi ilə 1959-cu ildə
Münhendə “Azərbaycanda İslam əleyhinə təbliğat
və onun metodları” əsəri çap edilir. Dəyərli aydın, 1962-ci ildə ürək xəstəliyindən
vəfat edir, Sen-Klu qəbiristanlığında dəfn
olunur.
Nuri-didə Ceyhun
Ceyhun Hacıbəylinin Üzeyir bəyə göndərdiyi
məktubların mətnini əldə edə bilmədik. Ona görə
də yazıda Üzeyir bəyin ona yazdığı məktublardan
bəhs edəcəyik. Məktubların
başlığını Üzeyir bəy “Nuri-didə Ceyhun,
Zurya, Ceyçik” xitabları ilə başlayır, öncə
öz əhvalları, sonra hökumətdə baş verən
mühüm hadisələr haqqında yazır. Məktublarda Üzeyir bəy Ceyhun Hacıbəylini
ölkəyə qayıtmağa razı salmağa cəhd
göstərir. Məktublarda adı çəkilən
Zurya (Zöhrə) Ceyhun bəyin xanımı, Ceyçik və
Temuçin isə övladlarıdır.
1919-cu il 19 mart tarixli məktubunda Üzeyir bəy
Xoyski hökumətinin istefasından, Nəsib bəyin yeni
kabinə qurmasından, Bakıda çıxan qəzetlər
haqqında danışır. Məktubda maraqlı məlumatlardan
biri Bakı gecələri haqqında yazılanlardır:
“Bakı həyatından şayani-diqqət olan bir şey
varsa, o da tez-tez tərtib verilməkdə olan “veçer”lərdir
ki, hamısı yay klubunun zalında olur. Lakin
indiki veçerlər ilə keçən ilkilərdə təvafüt
vardır. İndi içki işi azad
olduğuna görə veçerlərdə hamı kefli olur.
Mən də hər dəm keflənirəm”.
8 oktyabr
1919-cu il tarixli məktubda Üzeyir bəy Nəsib bəyin
kabinəni istefaya göndərməsi, yeni kabinə
formalaşdırması haqqında danışır,
Qarabağ və Lənkəran məsələlərinin
ölkənin xeyrinə bitdiyinə, lakin Şimaldan əndişə
duyduqlarını yazır. Görünür,
Üzeyir bəy Şimal deyərkən Rusiyanı nəzərdə
tutub. Narahatlığın əsasız
olmadığını gələcək göstərəcəkdi.
Məktubun sonunda Üzeyir bəy yazır: “Əgər orada
öylə bir vacib iş yoxsa, artıq oturmağın nə
mənası? Çıxın gəlin buraya.
Getmək lazım olsa, sonra da
mümkündür. Cəhd eylə,
fürsətdən istifadə eylə firəng dilini kəmalınca
ögrən və özünü orada gözəlcəsinə
tanıtdır”.
14 yanvar
1920-ci il tarixli məktubunda Üzeyir bəy
ermənilərin “Arşın mal alan”a sahib
çıxmaları haqqında qardaşına
danışır: “Bir neçə gün əvvəl
İstanbul səfirimiz Yusif Vəzirovdan bir məktub aldım.
Yazır ki, ermənilərin fransızca “Renesans” qəzetəsi
iddia edir ki, “Arşan mal alan”ı yazan ermənidir.
Yusif bu işdən çox mütəəssir olduğunu
yazır və israr eləyir ki, mən əsərlərimin
notlarını çap etdirib onlara göndərim ki, səfarət
xərcinə olaraq Yevropada, həmən Amerikaya böylə
intişarına səy etsin...Mən əhvalatı Nəsib bəyə
söylədim. Dedi ki, bu iddia ermənilərin Zəngəzur
iddiasından daha betərdir”.
Məktublarda imkan olduğu təqdirdə qardaşlardan
birinin digərinə pul göndərməsini, ailə üzvləri
haqqında qeydləri, yaxın qohumlar haqqında son məlumatların
verilməsini həyəcansız oxumaq olmur. Hər sətirdə
uzun həsrətin, məsafənin böyüklüyü
insanın qarşısında canlanır, neçə dəfə
Parisə getmək istəyən Üzeyir bəyin suya
düşən ümidlərini gördükcə
sarsılırsan.
Cümhuriyyətin
işğalından sonra 26 noyabr 1921-ci ildə qələmə
alınmış məktubda Üzeyir bəy onu yenidən Azərbaycana
dönməyə çağırır: “Sizi ordanmı
buraxmırlar, yoxsa bura gəlməkdənmi ehtiyat edirsiniz? Mən belə güman edirəm ki, buraya gəlsəniz,
sizə heç bir söz deyən olmaz”. Həmin məktubunda
Üzeyir bəy qardaşına konservatoriya açmasından,
iki yüzdən artıq şagirdin oxumasından,
yarısının qadın, yarısının kişi,
qadınların arasında çadralıların da
olmasından bəhs edir, açılışda Nərimanovun
iştirakından, Nərimanovla birlikdə komissarlara çay
qonaqlığı verməsindən, hökumətin ona dəstəyindən
yazır.
10 mart 1922-ci
il tarixli məktubunda “Arşın mal
alan”ın fransız dilinə tərcümə olunmasından
sevindiyini yazır, Parisə gəlməsi üçün Nərimanovun
Moskvadan dönməsini gözlədiyini bildirir. 18 mart 1922-ci il tarixli məktubunda Üzeyir bəy onu yenidən
ölkəyə qayıtmasını istəyir: “Hökumət
izn verəndən sonra nə üçün gəlməmək?
Halbuki izn ilə gələnlərin hamısı burada rahat
oturub qulluq etməkdədirlər, məsələn, Yusif Vəzirov,
Vəkilov və sairələri... Mən bir kərə
də olsun eşitməmişəm ki, izn verilməklə
buraya gələn adamlara sonra bir əziyyət olsun və əvvəllərdə
təqsirləri olanlar dəxi gəlib Şura hökumətinə
sidq dil ilə qulluq edirlər. Sən ki, məlum
olduğu üzrə təqsirsizsən, özün də ki,
Parisdə student olaraq yaşayırdın, nəinki
mühacir... Görünür ki, oraların da aksiyon mətbuatı
buraların əhvalını fəna bir halda yazır və sən
də ona inanıyorsan... Bizimkilər və biz
özümüz səni inandıra bilərik ki, heç vaxt
böylə asudə və rahatcasına
yaşamamışdıq. Bu saat
buraların əhvalı çox gözəldir,
qoçubazlıqla məşğul olan Bakıdan heç bir
əsər də qalmayıbdır”.
Lakin Üzeyir bəy illər sonra
yanıldığını görəcəkdi. Elə
nümunə göstərdiyi Yusif Vəzir keçmiş
müsavatçı kimi sürgün olunur, sürgündə
də dünyasını dəyişir. Bu
aqibət Ceyhun Hacıbəylini də gözləyə bilərdi.
1922-ci il 24 iyul tarixli məktubunda Üzeyir bəy
Parisə gəlməsi üçün pul
yığmasından, “Arşın mal alan”ı səhnəyə
qoyan teatr yol xərcini ödəyərsə, ora gələ
biləcəyindən yazır: “Paris səfəri o qədər
pul istəyir ki, evimin bütün əşyasını
satsam, genə də öhdəsindən gəlməz”.
22 sentyabr
1922-ci il tarixli məktubunda Üzeyir bəy
Parisə gəlmək planının
alınmamağını üzüntü ilə anladır,
Paris kimi gözəl yerə getməyin baş
tutmamağından gileylənir, hökumətin də razı
olmamağından yazır. 12 iyul 1924-cü ildə Yesentukidən
göndərdiyi məktubda Üzeyir bəy
qardaşının maddi çətinlik içində, xəstə
durumda olduğundan qayğılanır, onun Parisə getməsinin
çətinliyindən, amma onların tezliklə Bakıya
birdəfəlik gələ bilmələrinin
mümkünlüyündən danışır, əgər
razı olarsa sənəd işlərini həll edəcəyini
yazır: “Əvvəla, sən qaçaq degilsən,
müxalif siyasi firqələrdə olmamısan və saniyən
komissar yoldaşlarımızın hamısı sənin kim
olduğunu çox yaxşı bilirlər”.
3 noyabr
1929-cu il tarixli məktubunda Üzeyir bəy onun Bakıya
qayıtmasında hansısa problemin olmadığından
yazır, SSRİ-i səfirliyinə müraciət etməsini
xahiş edir, həmçinin xarici qəzetlərdə
çıxan yazılara inanmamağını, Bakıda
tramvayların işlədiyini, bağçaların
açıldığını, abadlıq işləri
aparıldığını, cəmiyyətin xoş əhval-ruhiyyədə
yaşadığını yazır. Hətta məktubun
sonunda yazır: “Bakı, onların Parisindən daha
yaxşıdır”.
Ceyhun Hacıbəyli məktublarında çətin
durumda olduğunu Üzeyir bəyə deyil, Zülfüqar
Hacıbəyliyə yazırdı, sonuncu isə Üzeyirlə
bölüşürdü. Məktubların əksəriyyətində
Üzeyir bəy ondan dolanışığı haqqında
yazmasını bildirir, lakin Ceyhun Hacıbəyli çətinlikləri
ilə bağlı yazmırdı. Üzeyir
bəy hədd qoyulduğuna görə ona istədiyi pulu
göndərə bilmirdi. Maddi çətinliklər
ucbatından Ceyhunun liseydə oxuyan oğlu məktəbdən
uzaqlaşdırılır. O, Əlimərdan bəy Topçubaşovdan
yardım istəyir, sonuncu isə 1932-ci ilin 26 fevralında məktəbin
direktoruna müraciət edir. Ceyhun Hacıbəylinin
təyyarəçi oğlu Ceyhun (məktublardakı
Ceyçik) 23 yaşında II Dünya müharibəsində
almanlarla savaşda həlak olanda ata çox böyük
sarsıntı keçirir.
Məktublardan
aydın olur ki, Ceyhun Hacıbəylinin Azərbaycana dönməsi
üçün Üzeyir bəy əlindən gələni
edib, lakin Avropada yaşayan qardaşı bütün
sıxıntılarına, vətənindən, ailəsindən
uzaq olmasına rəğmən geri dönmək haqqında
düşünməyib. O, geri dönməməkdə
haqlı idi, Üzeyir bəy şəxsiyyətinin onu xilas etməsinə
kimsə qarantiya verə bilməzdi. Güllələnməkdən
qurtulsa da, sürgündən xilas olmayacaqdı. Ən əsası
1937-ci il hadisələrini eşidəndə
Ceyhun Hacıbəyli nə düşünüb, görəsən?
Dilqəm
Azad Azərbaycan.-
2012.- 14 sentyabr.- S.6.