Daşkəsən rayonunda təhsilin inkişafına və keyfiyyətinin yüksəldilməsinə böyük önəm verilir   

 

Əhəd Abıyev :“Öz mənbəyini xalqdan alan ulu öndər Heydər Əliyev siyasəti ona görə güclüdür, həmişə qələbə çalır ki, bu siyasət xalqa xidmət edir,onu xoş gələcə aparır.”

 

Daşkəsən rayonunun ümumtəhsil məktəbləri cari tədris ilinə mütəşəkkil hazırlıq və yüksək əhval-rühiyyə ilə başlayırlar. Belə ki, pedaqoji kollektivlərin əksəriyyətində ötən illərin nöqsanları, çatışmazlıqları yay dövrü ərəfəsində müzakirə edilmiş, yaranmış vəziyyətdən çıxış yolları, yeni pedaqoji üsulların tətbiqi istiqamətində yaradıcılıq axtarışları aparılmışdır.

Pedaqoji kollektivlər ötən  ilin müsbət ənənələrinə sadiq qalaraq təhsil sistemində kurikulumun tətbiqi, pedaqoji innovasiyaların öyrənilməsi məqsədilə ixtisasartırma kurslarında öz biliklərini təkmilləşdirmişlər. Rayon üzrə ibtidai təhsil səviyyəsində və 5-ci siniflərdə dərs deyəcək bütün ixtisas müəllimləri yeni fənn proqramlarının  (kurikulumlarının) tətbiqi ilə bağlı hazırlıq işlərini başa çatdırmış, əldə olunan nəticələrin təhlili üzrə aparılan işlərin istiqamətləri müəyyənləşdirilmişdir.

2012-2013-cü tədris ili ərəfəsində ümumtəhsil məktəblərinin 5-ci sinifləri yeni fənn proqramları ilə tədrisə başlayacaqdır. Rayonun ümumtəhsil məktəblərində şagırdlərin sayına uyğun dərsliklər, məktəb sənədləri Rayon Təhsil şöbəsinə gətirilmiş və aidiyyəti üzrə ümumtəhsil məktəblərinə paylanmışdır. Vahid məktəbli formasına keçidlə bağlı tədbirlər görülmüşdür. Ötən ildə təsadüf olunan çatışmazlıqlar, problemlər avqust ayı ərəfəsində müzakirə edilərək optimal həll yolları müəyyənləşdirilmişdir. Daşkəsən Rayon İcra Hakimiyyəti Başçısı cənab Əhəd Abıyevin təşəbbüsü ilə imkansız, aztəminatlı ailələrin uşaqlarına vahid məktəbli geyim formalarının daxili imkanlar hesabına ödənilməsi təmin edilmişdir.

Ümumiyyətlə, rayon üzrə Bilik gününə hazırlıq əvvəlki illərə nisbətən daha yüksək səviyyədə, mütəşəkkil hazırlıqla aparılmışdır. Rayonda gedən 15 tikinti obyektindən 7-i məktəblərin payına düşür. Bu il Bayan kəndində və Daşkəsən qəsəbəsində şagirdlər Bilik gününü yeni və müasir üslubda inşa edilmiş, müasir yüksək səviyyəli avadanlıqlarla təmin olunmuş məktəblərdə qarşılayacaqlar. Digər 5 məktəbin tikintisi isə yaxın aylarda başa çatdırılacaqdır. 2013-cü ildə isə rayon üzrə daha 26 məktəbin tikintisi nəzərdə tutulmuşdur. Bütün daşkəsənlilər möhtərəm Prezidentimiz cənab İlham Əliyevin təhsilə, bölgələrin inkişafına bu cür diqqət və qayğısını böyük razılıq və minnətdarlıqla qarşılayırlar. Rayon rəhbərliyi Daşkəsən rayonu ərazisində olan bütün ümumtəhsil məktəblərinin əsaslı təmiri və yeni tikintisini birmənalı olaraq qarşısına məqsəd qoymuşdur. Təhsilə belə qayğı gələcəkdə rayon gənclərinin hərtərəfli inkişafına müsbət təsirini göstərəcəkdir.Bu cür diqqət və qayğının nəticəsidir ki, bu il Tələbə Qəbulu Üzrə Dövlət Komissiyasına müsabiqə üçün müraciət edən 83 nəfər daşkəsənli məzundan 31 nəfəri ali məktəblərə, 9-cu sinif bazasından isə 38 nəfəri orta-ixtisas məktəblərinə daxil olmuşlar.Bu nəticə əvvəlki illərlə müqayisədə xeyli çoxdur.

Daşkəsən rayonunun təhsil işçiləri yeni tədris ili ilə bağlı görülmüş hazırlıqlara dair rayon müəllimlərinin ənənəvi sentyabr konfransında da geniş müzakirələr aparmışlar. Rayonun mərkəzində yeni inşa olunmuş “Yeni Həyat” sarayında keçirilən konfransda, Bayan kənd ümumi orta, Daşkəsən qəsəbə tam orta məktəblərinin yeni tikintisindən və 2 saylı Uşaq bağçası və Körpələr evinin əsaslı təmirindən sonra açılışı mərasimlərində Rayon İcra Hakimiyyətinin Başçısı cənab Əhəd Abıyev yeni dərs ili münasibətilə konfrans iştirakçılarını təbrik etmiş, konfransın işinə uğurlar arzulamışdır. O bildirmişdir ki, öz mənbəyini xalqdan alan ulu öndər Heydər Əliyev siyasəti ona görə güclüdür, həmişə qələbə çalır ki, bu siyasət xalqa xidmət edir, onu xoş gələcəyə aparır. Tarixi şəxsiyyətlər arasında Heydər Əliyev qədər müəllimə, müəllim əməyinə yüksək qiymət verən digər siyasətçi tanımıram.Onun məktəb və təhsillə bağlı arzularını möhtərəm Prezidentimiz cənab İlham Əliyev, ulu öndərin adını  daşıyan Heydər Əliyev Fondunun Prezidenti, YUNESKO və İSESKO-nun xoşməramlı səfiri, Azərbaycanın birinci xanımı Mehriban Əliyeva böyük uğurla, ümumxalq sevgisi qazanmaqla həyata keçirirlər.Hər birimiz yaxşı görürük ki, son illər ölkə başçısı cənab İlham Əliyevin diqqət və qayğısı, həmçinin Heydər Əliyev Fondunun dəstəyi ilə təhsil sahəsində köklü islahatlar aparılır, milli təhsilimizin inkişaf etmiş ölkələrin təhsilinə inteqrasiyası istiqamətində çox mühüm addımlar atılır.

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 11 iyul 2011-ci il tarixli sərəncamına əsasən 2011-2021-ci illərdə Milli Təhsilin inkişafı üzrə “Milli Strategiya”nın hazırlanması ilə bağlı Dövlət Komissiyasının yaradılması ölkəmizin ictimai həyatında ən böyük hadisə olmuşdur.

Rayonumuzun təhsil sahəsində irəliləyiş hiss olunmaqdadır. 2011-2012-ci dərs ilində ümumtəhsil məktəblərində tədrisin maddi texniki bazasının möhkəmləndirilməsi, şagirdlərin normal təhsil almaları üçün lazımi şəraitin yaradılması istiqamətində görülən işlərin səviyyəsi ötən illərə nisbətən daha geniş miqyas almışdır.Müsbət haldır ki, məktəblərimizin əksəriyyətində əsaslı və cari təmir işləri aparılmışdır.Əldə olunan uğurlar bizi sevindirir, lakin təhsildə nöqsanlar, problemlər də vardır. Təəssüf ki, rayonumuzun bəzi ümumtəhsil məktəblərində tədris prosesinin təkmilləşdirilməsinə, müəllim və şagird kollektivinin dərslərə davamiyyətinə, müəllimlərin pedaqoji fəaliyyətinə nəzarət işi pis təşkil olunmuşdur.Buna necə dözmək olar ki, Alunitdağ, Yuxarı Daşkəsən, Daşkəsən, Quşçu qəsəbə, Çanaqçı, Mollahəsənli, Qabaqtəpə, Qaraqullar, Qazaxyolçular, Təzəkənd kənd tam orta məktəblərinin məzunlarından bir nəfər də olsun ali məktəblərə qəbul olunmamışdır.Belə halda ortaya haqlı sual çıxır.Adları qeyd edilən məktəblərinin rəhbərliyi və pedaqoji kollektivi nə iş görmüşdür? Rayon Təhsil şöbəsinin rəhbərliyi adları qeyd olunan məktəblərlə bağlı ciddi tədbir görməlidir.

Sizin yaxşı bildiyiniz kimi, təhsil siteminin qarşısında duran əsas vəzifə təlim prosesinin səmərəliliyini təmin etməklə milli və ümumbəşəri dəyərlərə yiyələnən, yaradıcı və tənqidi düşünməyi bacaran, fəal və təşəbbüskar şəxsiyyətlər yetişdirməkdir. Bu proses məktəblərdə yeni təlim texnologiyalarının təşkilini, müəllimin özünün hazırlığını ön plana çəkir.Bu günün müəllimi ənənəvi metodlardan uzaqlaşmalı, yeni təlim texnologiyalarını dərindən mənimsəməli, şagirdləri düşünməyə, axtarmağa, nəticə çıxarmağa sövq etməlidir.Hər bir müəllim dərslərə ciddi hazırlaşmalı, özündə informasiya bolluğu yaratmalı, peşəkarlıq səviyyəsini günbəgün artırmalıdır.

Daşkəsəndə təhsilin inkişafı ilə bərabər digər sahələrdə də böyük irəliləyişlər, uğurlar əldə olunmaqdadır. İllərdən bəri yığılıb qalmış problemlər İcra Hakimiyyəti Başçısı cənab Əhəd Abıyevin ciddi səyi və gərgin əməyi nəticəsində günbəgün həllini tapmaqdadır. Belə ki, həllinə ehtiyac duyulan məsələ və problemlər aidiyyəti üzrə nazirliklər, komitələr qarşısında qaldırılır, onların həlli ilə bağlı daimi təşəbbüslər göstərilir, görüşlər keçirilir.

Hazırda Daşkəsən şəhərində olan 5 saylı Uşaq bağçasının əsaslı təmiri, Xoşbulaq kəndində Gənclərin Təlim və İstirahət Mərkəzi , Daşkəsən şəhərində və Quşçu qəsəbəsinin hər birində 16 mənzilli yaşayış binasının, Alunitdağ qəsəbəsində elektrik yarımstansiyasının tikintisi aparılır. Çovdar Qızıl zavodunun istismara verilməsi üzrə son tamamlama işləri görülür.Zavod işə düşdükdən sonra burada 300 nəfər yerli əhali işlə təmin ediləcəkdir. Bu zavodun fəaliyyətə başlaması nəinki rayonun, eləcə də ölkəmizin iqtisadiyyatına öz müsbət töhfəsini verəcəkdir. Həmçinin rayonda Statistika idarəsinin yeni inzibati binasında son tamamlama işləri aparılır.

Daşkəsən rayonunun sosial-iqtisadi inkişafının sürətləndirilməsinə dair əlavə tədbirlər haqqındaAzərbaycan Respublikası Prezidentinin Sərəncamına əsasən üç min nəfər əhalinin yaşadığı 13 yaşayış məntəqəsini birləşdirən Zağalı-Kollu-Çıraqlı avtomobil yolunun tikintisi sürətlə davam etdirilir. Artıq uzunluğu 31 km olan yolun 6 km-i asfalt örtüyün salınması üçün hazır vəziyyətə gətirilmişdir.

Daşkəsən rayonu bütün sahələr üzrə inkişaf yolundadır.

 

 

Azad Azərbaycan.- 2012.- 14 sentyabr.- S.3.