Xilafətin səngəri, Teymurun viran qoyduğu yurd
Güney Azərbaycandakı
yurdlarımız barədə yazıları davam etdirir. Bu dəfə
Zəncan əyalətinin mərkəzi Zəncan mahalı
haqda söz açacağıq.
Coğrafi
mövqeyi, əhalisi
Zəncan (Zəngan) - Azərbaycanın ən
böyük mahallarından birinin, Zəncanın (qacarlar
dövründə «Xəmsə» adlanırmış) mərkəz
şəhəridir. Bu şəhər olduqca əlverişli
coğrafi şəraitə malikdir və dəniz səviyyəsindən
1663 metr hündürlükdə yerləşir. Buna görə
də şəhərin qışı nisbətən soyuq
olmaqla yanaşı, həm də uzun olur.
Zəncan mahalı şimaldan Şərqi
Azərbaycan və Ərdəbil əyalətləri, şərqdən
Tarım və Əbhər mahalları, cənubdan Zərrinrud
və Xudabəndə mahalları, qərbdən Mahnişan
mahalı və şimal qərbdən isə Miyana mahalı ilə
əhatə olunub.
Topoqrafik cəhətdən Zəncan
mahalı hündür yayla kimi görünən dağlıq
ərazidir. Mahalda müxtəlif çayların
haçalanması nəticəsində münbit və məhsuldar
düzənliklər təşkil tapıbdır. Mahalın
dağlıq və təpəlik əraziləri isə
Şimali Zəncan və Cənubi Zəncan dağlarına
bölünür. Mahalın əsas iki böyük
çayı isə Zəncan çayı və
Qızılüzən çayıdır. Zəncan şəhəri
Zəncan çayının qırağında yerləşir.
Zəncan mahalı bir şəhər (Zəncan),
üç bölgə (Mərkəz, Zəncançay,
Qarapüştəli), 12 kənd rayonundan (Yuxarı
Çaypara, Aşağı Çaypara, Qənibəyli,
Aşağı Qarapüştəli, Binab, Buğdakəndi, Təhəm,
Yuxarı Zəncançay, Aşağı Zəncançay,
Qutluq, Möcüzat) və 328 kənddən ibarətdir.
2006-ci ilin rəsmi statistikasına
görə əyalət əhalisinin sayı 454616 nəfərdir.
Onların 228918 nəfəri kişi, 225698 nəfəri isə
qadındır. Əhalinin 349713 nəfəri şəhərdə,
104903 nəfəri isə kənddə yaşayır.
Etnik tərkibi
Etnik və dini tərkibinə görə
mahal demək olar ki, Azərbaycanın ən monoetnik bölgələrindəndir.
Başqa bölgələrdən bura işləməyə gələn
türk olmayan az sayda məmurları və iş
adamlarını nəzərə almasaq, demək olar ki, mahal
Azərbaycan türklərindən ibarətdir.
Dini tərkibinə görə isə az
sayda xristian, yəhudi və assuridən başqa əhalinin əksəriyyətini
müsəlmanlar təşkil edir.
Təbii sərvətləri,
təbiəti
Zəncanın ətrafında mis,
qızıl, civə və başqa qiymətli yataqların
olması digər tərəfdən Yaxın, habelə Orta
Şərqlə mühüm ticarət yollarının
üstündə yerləşməsi onun tarixən
ictimai-iqtisadi yüksəlişinə şərait yaradıb.
Mənbəyini Sultaniyyə
dağlarından alan Qızılüzən çayı ilə
birləşən Zəncan çayı Xəmsə mahalını
bol su ilə təmin edir. Zəncanda olan əkin yerləri,
bağ və bostan sahələri bu çaydan başqa bir
neçə kiçik çay vasitəsi ilə də
suvarılır.
Zəncan ərazisi qədim dövrlərdən
özünün geniş çəmən əraziləri və
otlaqları ilə məşhurdur. Olduqca böyük
yeraltı və yerüstü sərvətlərə malik
olan bu yerdə, yaşayış üçün lazım
olan bütün nemətlər yetərincədir.
Zəncan ətrafında buğda, arpa,
düyü və digər dənli bitkilərlə birlikdə
müxtəlif növ, olduqca keyfiyyətli meyvələr də
yetişdirilir.
Tarixi, görkəmli
şəxsləri
Zəncan şəhərinin
salındığı tarix hələlik dəqiq müəyyənləşdirilməyib.
İran alimləri buna cəhd etməyiblər. Azərbaycan
alimlərinin isə bu şəhərin tarixini yerindəcə
araşdırmasına imkan verilməyib.
Bununla belə bir sıra yazılı mənbələrdə
şəhərin qədim adına təsadüf olunur. Belə
ki, Ptolomey Atropatena ərazisində olan bir sıra qədim
şəhərlərlə (Qazaka, Fraaspa, Fanaspa) yanaşı
Aqnazana şəhərinin də adını çəkir.
Aqnazana Zəncanın qədim adıdır. Şəhər
Atropatenanın müstəqilliyi, həmçinin Parfiya və
Sasanilər dövlətindən asılılıq
dövründə Azərbaycanın aparıcı şəhərlərindən
olub.
Zəncan şəhəri ərəb
işğalı dövründə də öz strateji əhəmiyyətini
saxlaya bilmişdi. Şəhərin abadlığı və fəal
ticarət həyatı haqqında ərəb mənbələri
qiymətli məlumatlar veriblər.
Ərəblər Babəkə
qarşı vuruşarkən Zəncanın strateji mövqeyindən
istifadə ediblər.
Bu dövrün ən mühüm ticarət
yollarından biri Zəncan şəhərini Ərdəbil
vasitəsilə Muğan, Şabran və Dərbənd, digəri
isə Ərdəbil vasitəsi ilə Bərzand, Varsan, Beyləqan,
Bərdə, Gəncə, Tiflis şəhərləri ilə
birləşdirirdi.
Zəncanı Xəzər dənizi
rayonları və Həmədanla birləşdirən yollar da
əhəmiyyətli ticarət yollarından bir olub.
Ərəb coğrafiyaşünası
İstəxri yazıb ki, Zəncandan Tus səhrasına bir,
oradan Xunəyə bir, Xunədən Qızılüzən
körpüsünə iki, oradan Ərdəbilə qədər
olan yolun uzunluğu isə iki mərhələdir.
Azərbaycanın başqa qədim şəhərlərində
olduğu kimi, Zəncanda da vaxtilə qala divarları olub. Həmin
qala divarlarının qalıqları hazırda da
qalmaqdadır.
Monqolların Azərbaycan
yürüşü zamanı Zəncan şəhəri əvvəlki
əhəmiyyətini itirir. Bu dövrdə Elxanilər tərəfindən
Sultaniyyə şəhərinin salınması istər-istəməz
buranın ictimai-iqtisadi əhəmiyyətini azaldır.
Zəncan haqqında məlumat verərkən
Həmdullah Qəzvini yazır: "Zəncan şəhərinin
əsası Sasanilər sülaləsinin banisi Ərdəşir
Papakan tərəfindən qoyulub (Ancaq bu fikrin tam əksinə
olaraq, hələ Atropatena dövründə Zəncan
artıq sayılıb-seçilən şəhərlərdən
biri idi). Vaxtilə Zəncan şəhərinin ətraf
divarlarının uzunluğu 10000 addıma bərabər idi.
Monqolların hücumundan sonra şəhər xeyli
dağıdıldı. Zəncan şəhəri yüz para
kəndə malik olmaqla 12000 dinar vergi verirmiş. Şəhər
bol suya, müxtəlif meyvə ağaclarına malikdir. Burada
üzüm, alma, keyfiyyətli pambıq və düyü
yetişdirilir…"
Zəncan şəhəri XIV əsrin
sonundan etibarən yenidən inkişaf etməyə
başlayır. Əmir Teymur tərəfindən tutulduqdan
sonra Sultaniyyə yavaş-yavaş öz iqtisadi əhəmiyyətini
itirir. Elə həmin dövrdən etibarən də Zəncan
ikinci həyatını yaşamağa başlayır. Şəhər
səfəvilərin hakimiyyəti dövründə də
inkişaf edərək, Azərbaycanın əsas ticarət mərkəzlərindən
birinə çevrilir. XVII əsr səyyahları qeyd edir ki, Zəncan
Azərbaycanın əsas ticarət yollarının kəsişdiyi
nöqtə idi.
V.V.Bartoldun yazdığına görə,
orta əsrlərdə Zəncan şəhərinin 20000 əhalisi
olub.
XIX əsrin ortalarından başlayaraq isə
bura babilər hərəkatının mərkəzinə
çevrilib. Güney Azərbaycanın bir çox şəhərlərində
olduğu kimi 1847-ci ildə Zəncan əhalisi də
ümumxalq hərəkatına qoşularaq, şəhər
hakimini qovmuşdu.
1850-ci ildə dövlət qoşununun
şəhəri mühasirəyə almasına baxmayaraq, əhali
inadla müqavimət göstərib. Ancaq bir sıra səbəblər
ucbatından başqa şəhərlərdə olduğu kimi
burada da hakimiyyət ona qarşı olan hərəkatı
yatırdı.
Zəncan Məşrutə inqilabında
və 1945-46-cı illərdə Güney Azərbaycan Mili
Hökumətinin qurulmasında da önəmli rol oynayıb.
1945-ci ildə Milli Hökumət
üçün əhəmiyyətini və buranın ön
cəbhə olduğunu nəzərə alaraq Milli Hökumət
başçısı Seyid Cəfər Pişəvəri
Xalq Qoşunları nazirinin müavini Qulam Yəhyaya Zəncan
fədailərinin rəhbərliyini tapşırıb.
Qulam Yəhya Zəncan cəbhəsinin
başçısı olduğu dövrdə Mürtəzəvi,
Həsən Nəəri və Hidayət Hatəmi ilə
birlikdə Zülfüqarinin başçılıq etdiyi
şah ordusunun silahlılarını zərərsizləşdirmiş
və Azərbaycan ərazisinə soxulmaq istəyən
başqa silahlı dəstələrin qarşısını
almışdı.
Bu mahalın fədailəri Azərbaycana
durmadan hücum edən silahlı bandaların
qarşısını almaqla yanaşı, Azərbaycan Milli
hökumətinə qarşı şah tərəfdən
vuruşan varlıların torpaqlarını pulsuz olaraq, kəndlilərə
paylamışdılar.
Milli hökumətin bir illik mövcudluğu,
Azərbaycanda siyasi sabitliyin yaranması, Azərbaycan türkcəsinin
rəsmi dövlət dilinə çevrilməsi prosesində
Azərbaycan fədailəri, o cümlədən Zəncan fədailəri
əsas rol oynayıblar.
Zəncan şəhəri həm də
tarixi abidələrlə zəngindir və bu baxımdan da Azərbaycan
tarixinin canlı salnaməsidir. Şəhərdə 100-ə
yaxın karvansara, 20 hamam, 50-dən artıq məscid,
çoxlu türbə və başqa tarixi abidələr var.
Azərbaycanın görkəmli şəxslərindən
Şeyx Əxi Fərəc Zəncani, Usta Əbdülqafar Səkkak
və İsa Kaşaninin türbələri bu şəhərdədir.
Məşhur
xalçaçılıq məktəbi
Başqa ənənəvi peşələrlə
yanaşı, Zəncanda xalçaçılıq da
çox inkişaf edib.
XVI əsrdə Türkiyəyə
köçürülən minlərlə azərbaycanlı
sənətkar arasında zəncanlı xalça ustaları
da olub. Türkiyənin "Anadolu", özəlliklə
"Uşaq" adlı xalça kompozisiyalarında Zəncan
xalçaçılıq məktəbinə aid bədii və
texniki özəlliklər diqqəti cəlb edir.
Mütəxəssislərin bildirdiyinə
görə, “Zəncan” adı ilə tanınan xalçalar
Qarabağın "Dəryanur" xalçasını
çox xatırladır. Həm ara sahənin, həm də
köbə zolağının bədii quruluşu əyrixətli
nəbati naxışları olan müəyyən xalça
nümunəsindən götürülüb.
Qarabağın "Dəryanur"
xalçaları "Zəncan" xalçaları ilə
müqayisədə daha zəngin rəng qammasına malikdirlər.
Son dövlər "Zəncan" xalçaları kimyəvi
vasitələrlə boyanan iplikdən toxunur. Bu üzdən də
onların keyfiyyətinin bir qədər aşağı
düşdüyünü deyirlər. Bununla belə o, öz
məktəbinə sadiqliyi qorumaqdadır.
"Zəncan" adı ilə
tanınan xalçalar əsasən kiçik
ölçülü, bəzən uzunsov olur. Onların
toxunuşu sıx olmur. İşlənməsi kobud olsa da, rənglərinin
zənginliyi və harmonik uyğunluğu ilə fərqlənir.
Bu, xüsusilə dəvə yunundan toxunan xalçalara aiddir.
Belə xalçalar yüksək keyfiyyətli xalça
nümunələri hesab olunur. Yaxın vaxtlara qədər Zəncan
palaz və kilimlərinə, eləcə də mürəkkəb
toxunuşlu xurcunlarına və çuvallarına Rusiya
bazarlarında böyük tələbat olub.
Gəzməli-görməli
yerləri
Zəncanın gəzməli və
görməli yerlərindən biri Söhrein bölgəsidir.
35000 hektarlıq geniş bir əraziyə malik bu bölgə
müxtəlif bitki növləri, ağaclar, çiçəklərlə
zəngindir. Bu qoruqda maral, dovşan, tülkü,
tısbağa, ilanın dörd növü və
çeşidli quş növləri mövcuddur.
Zəncanın başqa maraqlı yerlərindən
biri də Gavazang kəndidir. Zəncanın 3 kilometrliyində
yerləşən bu görməli yer münasib iqlimi, təbiəti
və şəraitinə görə təbiətsevərlər
və dağçılar (alpinistlər) üçün ən
maraqlı bölgələrdən biri hesab edilir. Burada
salınan istirahət, idman mərkəzləri yerli və
ölkənin başqa əyalətlərindən gələn
qonaqları özünə cəlb edir.
Orta Doğu
Araşdırma Mərkəzi (ODAM) Güney Azərbaycan Qrupu
Azad Azərbaycan.- 2012.- 21 sentyabr.- S.5.