Ququşun həyat hekayəsi
Bu “Ayrılıq”la o
“Ayrlıq“ın fərqi
Əslən azərbaycanlı olan bu
xanım həyatının ən gözəl günlərini
elə gəncliyində yaşadı. Tale onu imtahana çəkirdi;
həyatının ən uzun gecələri
başlayırdı artıq…
1950-ci il mayın 5-də Tehranın
Sarıçeşmə küçəsindən
başladı ”fərari mələk“ Ququşun ilk uzun gecəsi.
Kasıb bir məhəllədə, yoxsul ailədə
dünyaya gözlərini açdı. Valideynləri Azərbaycandan
idi, əvvəlcə Gəncədən Bakıya, daha sonra isə
Bakıdan İrana köçmüşdülər.
Yeni doğulan körpəyə Faiqə
adını verdilər. Günü-gündən
böyüyürdü qızcığaz. O qədər
gözəl idi ki, Tehranda qonşuluqda yaşayanlar onu Qu
quşuna bənzədirdilər. Başqa bir versiyaya görə
atası Sabirin restoranı olub. Əylənmək
üçün xarici qonaqlar tez-tez buraya gələrdilər.
2-3 yaşı olan balaca Faiqə də qonaqları əyləndimək
üçün müxtəlif mahnılar oxuyarmış. Bir
dəfə kafedə əylənən fransızlar Faiqənin
səsinə heyran qalırlar və onu əzizləyərək
«Ququş» deyə müraciət edirlər. Bu ehtimallardan
hansı daha doğrudur, bilmirik, amma sonradan bu bənzətmə
müğənninin səhnə adına çevrilir. Amma
taleyin işi elə gətirir ki, Faiqənin 2 yaşı
olanda valideynləri Sabir və Nəsrin Atəşinlər
bir-birindən ayrılır.
Balaca Faiqə böyük
yolçuluğa addımlarını kəndirbaz olan atası
ilə birlikdə atmağa başlayır. Azyaşlı
qızının istedadını görən ata onu tez-tez
özü ilə səyyar səhnələrə
çıxarır, ona mahnılar oxutdurur. Əvvəllər
atası ilə birlikdə səhnəyə çıxmaqdan
utanırdı Faiqə, amma özünün dediyi kimi, zaman hər
şeyi həll edir, səhnəyə çıxmaq, geniş
auditoriya qarşısında çıxış etməyə
üzü-gözü öyrəşir. Atası akrobatik hərəkətləri
ilə insanları əyləndirir, balaca, 3 yaşlı Faiqə
isə müxtəlif müğənnilərin
mahnılarını oxuyurdu. Gələcəkdə isə
Ququş şah sarayında təşkil edilən məclislərdə
çıxış edəcəkdi…
Valideynlərinin ayrılması Ququşun
həyatına təsirsiz ötüşmədi. Həyat onun
üçün bundan sonra başlayırmış... Tezliklə
atası Sabir başqa bir xanımla ailə həyatı qurur.
Ququşun 3 ögey qardaşı doğulur. Doğma
anasından ayrılan Ququş ikinci dəfə anasız qalmaq
istəmirdi. O, ev işlərində analığına
kömək eləyir, qardaşlarından birinə
baxmağı öz öhdəsinə götürür.
Yeniyetmə Ququş sanki öz doğma övladı kimi
baxırdı kiçik qardaşına. Eyni zamanda təhsilini
davam etdirir, səhnələrdə çıxış edərək
çörəkpulu qazanırdı. İsti ana
qucağına həsrət qalan Ququş ögey anasından təsəlli
alırdı. Artıq onun 13 yaşı var idi. Bu yaşa qədər
bir dəfə də olsun anasını görməmişdi.
Elə bilirdi ki, anası artıq dünyasını dəyişib.
Yoxsa niyə bir dəfə də olsun gəlib onu görməsin
ki? Bağrına basıb, şirin-şirin “qızım” deyə
söyləməsin? Fikirləşirdi… Bununla anasına haqq
qazandırmağa çalışırdı. Ta o günə
kimi…
- Qızım, Faiqə!
- Bəli, ata!
- Anan üçün darıxırsan?
- Sabir başını qaldırmadan, bir az da kövrək səslə
qızının fikrini öyrənməyə
çalışdı.
Qızın bədənini
üşütmə aldı. İllərdir bu mövzu ilə
bağlı evdə bir kəlmə də olsun
danışılmamışdı. Birdən-birə
atasının bu sualı onu
çaşdırmışdı.
- Çox darıxmışam… - titrək
səslə ancaq bunu söyləyə bildi.
- Mən də darıxırdım, - deyə
Sabir pıçıldadı, amma darıxma, unut onu, -
israrlı şəkildə sözlərinə əlavə
etdi.
- Axı, niyə,
ata, - qız atasının dediklərini başa düşməyə
çalışırdı.
- Onun artıq
öz ailəsi - həyat yoldaşı, bir oğlu və bir
qızı var, - dedi və qızını bərk-bərk
qucaqlayaraq sanki ona təsəlli verməyə
çalışdı.
Başını
atasının sinəsinə sıxan Ququş artıq
heç nə fikirləşmirdi. Anasına haqq
qazandırmağa çalışmırdı. Artıq
anlamışdı nəyə görə anası ötən
illər ərzində onu bir dəfə də olsun görməyə
gəlməmişdi…
Zirvəyə doğru
Ququşun gəncliyi
İrandakı şah dövrünə düşür. Qərb
sivilizasiyasının hökm sürdüyü bu dövlətdə
“bəxt quşu” Ququşun başına 1957-ci ildə qonur. 7
yaşlı Ququş “Qorxu və ümid” filminin çəkilişlərinə
dəvət alır. Obrazı uğurla canlandıran balaca Faiqəyə
1960-cı ildə “Fərari mələk” filmində çəkilmək
üçün təklif gəlir. Və yavaş-yavaş
Faiqənin ulduzu parlamağa başlayır.
21 yaşı
olanda Fransanın Kann şəhərində təşkil edilən
ənənəvi festivalda fransızca ifa etdiyi “Retour de la vie”
(«Həyata dönüş») və “J`entends crier je t`aime” ( «Səsini
eşitdim - mən səni sevirəm») mahnılarına görə
birinci yeri tutur. Qələbə sevinci ilə Tehrana qayıdan
gənc müğənniyə maraq gözlənilməz dərəcədə
artır. Kiçik yaşlarından pul qazanmaq
üçün ən adi səhnələrdə belə
çıxışlar edən Ququş artıq
çıxış edəcəyi səhnələr
arasında seçim etməyə başlayır.
Artıq hər kəs onu sevirdi.
Şöhrət qapısını döyməkdə idi.
Qızlar-qadınlar, müğənnilər, aktrisalar
Ququşun geyindiyi paltarlardan geyinir, onun jestlərini təkrarlayırdılar.
O zaman hakimiyyətdə olan Məhəmməd Rza şah Pəhləvinin
bütün məclislərində çıxış edən
Ququşun qonorarı artır, şöhrətin zirvəsinə
ucalırdı. Ona bir-birinin ardınca müxtəlif filmlərdə
baş rollarda oynamaq təklifləri gəlir, Ququş isə
rejissorlara qrafikinə uyğun olarsa, çəkilə biləcəyini
deyirdi. Dözülməz kaprizləri ilə bəzən
yaxın ətrafını belə bezdirən Ququş 70-ci illər
İranında ən bahalı müğənni və aktrisa
idi.
Ququşun ard-arda uğur qazanmasında onun
həyat yoldaşı Mahmud Qurbaninin də böyük rolu
olub. Qurbani konsertmeyster idi və İranın musiqi
meydanında ayaq üstə durmaq üçün həyat
yoldaşına yaxından kömək edirdi. Qurbani
uğurlarıyla birlikdə, eyni zamanda əzablarına da
hamilik edirdi.
Onlar 1967-ci ilin fevralında ailə həyatı
qururlar. Kəmbiz adında bir oğulları olur (hazırda o,
Los-Ancelesdə yaşayır və musiqi ilə məşğuldur-red.).
Ququş sənət dünyasında parlasa da, ailə
sarıdan bəxti gətirmir. Evliliklərindən 6 il sonra
1972-ci ilin sonlarında Qurbani ilə boşanmağa qərar
verirlər.
Bir vaxtlar Ququş anasının
başqası ilə ailə həyatı qurduğunu eşidərkən
yıxılmadığı kimi, bu dəfə də
ayaqları üstündə dayanmağı bacarır. Qurbani
onu sevməsə də, artıq onu sevənlər var idi.
Tehran və digər şəhərlərdəki
kinoteatrların dəyişməyən bir afişası
vardı... “Ququş!”. Çox vaxt çəkildiyi filmlərin
adı afişaya yazılmır, təşkilatçılar
sadəcə, onun adını yazmaqla kifayətlənirdilər.
Halbuki Ququşun çəkildiyi bütün filmlərin
adı artıq tamaşaçıya nə isə izah edirdi. Səhnənin
və ağ pərdənin ehtiraslı qəhrəmanının
adı afişalarda yazılmasa belə, filmlərin adı
tamaşaçıya gəl-gəl deyə bilərdi…
“İsti hiss” (1971), “Bita” (1972), “Amerikalı Məməl”
(1975), “Nazənin” (1975), “Həmsəfər” (1975), “Darıxma
gecəsi” (1975), “Bal ayı” (1976), “Uzun gecə” (1977), “Bu gecə
kimsə ağlayır” (1979)…
Ququşun şöhrəti qısa
müddətə ölkə sərhədlərini
aşır. “Uzun gecə” filmi isə karyerasının pik
nöqtəsi olur. 1977-ci ildə film ekranlara çıxan kimi
sovet respublikaları da daxil olmaqla dünyanın 50-yə
yaxın ölkəsində göstərilir. İran mətbuatı
hər gün Ququşla bağlı baş xəbərlər
dərc edir, guya “Uzun gecə” filminin müğənninin
sifarişi ilə çəkildiyini yazırdılar. Mətbuat
hesab edirdi ki, həmin filmdə əslində, Ququş Pərvanə
rolu ilə öz taleyini oynayırdı...
Ona qibtə edənlər “necə də
xoşbəxtdir!” - deyirdilər. Ququş sonralar etiraf edirdi ki,
həyatda ən nifrət etdiyi sual xoşbəxtliklə
bağlı olub. Dörd dəfə rəsmi şəkildə
ailə həyatı qursa da, tale Ququşun üzünə
gülmədi. Təsəllisi isə yalnız birinci
nikahından olan oğlu Kəmbiz oldu. Qəribə
burasıdır ki, “xoşbəxtsiniz?” - sualına cavab verməyən
Ququş “bədbəxt” olduğunu da etiraf etməyib. Ona bəxtəvərlik
oxuyanlara isə gülümsəyərək cavab verdiyindən,
heç kim Ququşun daxilən bədbəxt olduğunu hiss
etməyib.
1975-ci ildə Ququş İran aktyoru Bəhruz
Vüsuqi ilə ailə qurur. Cəmi 14 ay bir yastığa
baş qoyurlar. 1976-cı ildə boşanırlar.
1978-79-cu illərin sonlarında Ququş Humayun
Müstəqi ilə eşq macərası yaşayır.
1979-cu ildə ölkədə İslam inqilabı baş
verir, üsyançılar Rza şah Pəhləvini devirirlər.
İslamın qayda-qanunlarına görə Ququş Müstəqi
ilə qeyri-qanuni, yəni nikaha girmədən yaxın əlaqə
qurduğuna görə üç ay müddətinə həbs
edilir. Həbsdən çıxandan sonra da onlar bir müddət
birgə yaşayırlar.
“Bu gecə kimsə
ağlayır”
Çox maraqlıdır ki, hər kəsi
gözəlliyi ilə özünə cəlb edən
Ququşa İslam inqilabından bir neçə ay əvvəl
yeni bir filmə çəkilmək üçün təklif
gəlmişdi. Ququş 1979-cu ildə çəkildiyi “Bu gecə
kimsə ağlayır” filmini görə bilmədi. Həmin
filmin çəkilişləri bir il əvvəldən
başladığına görə 1979-cu ildə təhvil
veriləcəkdi. Lakin yeni molla rejimi filmin göstərilməsini
qadağan edir və Ququşu sıxışdırmaqda davam
edir. Ququş isə yeni filmlərə çəkilmək istəyirdi.
Lakin yaxşı başa düşürdü ki, artıq
inqilabdan əvvəlki filmlərdə aldığı
rolları bir daha oynaya, əvvəlki kimi geyinib səhnəyə
çıxa bilməyəcəkdir.
Dörd divar
arasında
Təzyiqlər isə davam edirdi. Ondan
müsahibə almağa da qadağa qoymuşdular.
Alaqaranlıq otağında pəncərənin
yaxınlığındakı divanın üstündə əyləşib
gözünü bir nöqtəyə zilləmişdi.
Qapalı otaqda pəncərə arxasından baxmağa məcbur
edilmişdi. Nə vaxtsa ölkəsinin dəb, gözəllik,
tərəqqi rəmzi olan bir insan qəfəsdə yaşaya
bilərmi? 1979-cu ilin fevralında baş verən İslam
inqilabı Ququşun həyatını əbədi puç
etmişdi. İllərlə ev dustağı olan müğənni
depressiyadan əziyyət çəkməyə
başlamışdı. Ətraf mühitlə əlaqəsi
kəsilən Ququş daha oxumurdu. Hətta kiçik pəncərəsi
olan darısqal otağında belə oxumaqla özünü
ovuda biləcəyini hiss etsə də...
Yeni həyata başlamalı idi. 1990-cı
ildə Məsud Kimyayi ilə tanış olur. Məsud bir
zamanlar dünyanın ən xoşbəxt adamı hesab edilən
Ququşun çox pərişan olduğunu görür.
- Ruhun solğun çiçək kimi
görünür, - divanda əyləşib otağın
kiçik pəncərəsindən yarpaqları solmuş
ağaca baxan Ququş Məsudun sözlərinə heç
bir reaksiya vermədi.
- Sənin bu vəziyyətdə görməyə
dözə bilmirəm, - Məsud əlini uzadaraq Ququşun
saçlarını oxşamaq istədi. Amma buna cəsarət
etmədi. Nədənsə qorxurdu.
Otağa sakitlik çökür. Bir
neçə dəqiqədən sonra səssizliyi Ququşun
pıçıltısı pozur.
- İçimdəki o solğun
çiçəyi yalnız sən görə bilirsən, Məsud,
- Ququş gözlərini ağacın solğun
yarpaqlarından çəkib Məsudun parlayan gözlərinə
baxır.
Məsud Ququşu qucaqlayaraq “O, solğun
çiçəklər yenidən açacaq” deyir və
qolundan tutub onu səsyazma studiyasına aparır.
Məsud Ququşun hər addımında
yanında idi. Ona yaşamaq, çalışmaq
üçün stimul verirdi. Məsud fərari mələyini
sevirdi. 1991-ci ildə cütlük arasındakı münasibətlər
məntiqi sonluqla nəticələnir. Onlar ailə həyatı
qururlar.
Bir neçə il sonra onun oxuduğu “Qəribi
aşina” mahnısı “BBC” tərəfindən Orta Şərqin
ən tanınmış mahnısı elan edilir. Müğənni
həmin titulu gecikmiş ehsan kimi qəbul etdiyini bildirməkdən
çəkinmədi.
Bir vaxtlar fars, Azərbaycan, ingilis,
fransız, ispan, italyan və s. dillərdə mahnılar oxuyan
Ququş bu gün nostalji hisslərlə yaşayır. Gəncliyində
dünyanın bir çox ölkəsində mahnıları,
filmləri ilə uğur qazanan Ququş bu gün də
İtaliya və Cənubi Amerika ölkələrində ən
çox sevilən müğənnilərdən biridir.
Ququş gəncliyində yüksəldiyi zirvəyə yenidən
can atmağa çalışsa da, əlbəttə, onun bu cəhdi
ürəkaçan nəticə vermir.
21 il ev dustağı olan Ququş-Faiqə
Atəşin molla rejimi tərəfindən edilən təzyiqlərə
dözməyib 2000-ci ildə «Dünya turu» adı altında
doğma vətənini tərk edərək Amerika qitəsini
özünə sığınacaq seçir. Orada verdiyi ilk
müsahibədə sonuncu filminin adında redaktə etmək
lazım olduğunu deyir. Göz yaşlarını saxlaya bilməyən
Ququş 1979-cu ildə sonuncu dəfə çəkildiyi,
lakin senzuranın ləğv etdiyi «Bu gecə kimsə
ağlayır…» filminin adını dəyişib “Bütün
ömür boyu kimsə ağlayır” adlandırır…
Qürbətdə yaşasa da, onu
qanadlarından vuran rejimə qarşı mübarizəsini
davam etdirirdi. 2009-cu ilin iyununda İranda keçirilən
prezident seçkilərinin rəsmi nəticələrinə
etiraz olaraq Nyu-Yorkda BMT-nin mərkəzi qərargahı
qarşısında təşkil olunması
planlaşdırılan aclıq aksiyasına
qatılacağını bəyan etdi. Aclıq aksiyası
üç gün - iyulun 22-dən 24-dək davam edəcəkdi.
Aksiyanın təşəbbüskarı
mühacirətdə yaşayan 26 nəfər İran
ziyalısı idi. Dissident ziyalılar iyunun 12-də İranda
keçirilən son prezident seçkisindən sonra
reallaşan nümayişlərin qətllər və kütləvi
həbslər yoluyla yatırılmasına etiraz edirdilər.
Ququş öz bəyanatında bildirirdi
ki, o, aclıq aksiyasına İran xalqının etiraz səsini
dünya ictimaiyyətinə çatdırmaq üçün
qoşulur və ABŞ-da yaşayan bütün
iranlıları bu aksiyaya dəstək verməyə
çağırır: “Mən İranın
azadlığını və inkişafını arzulayan bir
iranlı kimi iyulun 22-də aksiyaya qatılacağam. Biz
İrandakı bütün siyasi məhbusların, vicdan məhbuslarının
azadlığa buraxılmasını tələb edəcəyik”.
Ququş 12 iyun seçkisinin rəsmi nəticələrinə
etiraz olaraq keçirilmiş aksiyalarda insanların qətlə
yetirilməsindən, həbsə atılmasından son dərəcə
sarsıldığını söyləyirdi: “Mən son bir
ayda İranda baş vermiş bütün acınacaqlı
olayları izləmişəm. Aksiyalarda qətlə
yetirilmiş, yaralanmış dinc vətəndaşların
şəkillərini görəndə dəfələrlə
ağlamışam”.
Aman
ayrılıq…
Qanadlarından vurulmuşdu Ququş.
Ölkəsinə dönə bilmirdi. Fərhad İbrahiminin
sözlərinə Əli Səliminin yazdığı
mahnını - «Ayrılıq» mahnısını yenidən
ifa etdi acı-acı, gözüyaşlı. Gəncliyində
də oxumuşdu. Amma o “Ayrılıq”la indi oxuduğu
“Ayrılıq” arasında dağla daş qədər fərq
vardı...
Qərib ölkədə yaşayan
Ququş 2005-ci ildə Kanada və ABŞ-da verdiyi konsertlərdə
“Ayrılıq” mahnısını ifa edərkən göz
yaşlarını saxlaya bilmir.
2009-cu ildə qəzetlərin birinə
müsahibə verir. “30 ildir ki, Vətənimdən
ayrılmışam və İrana gedə bilmirəm” deyən
Ququş müxtəlif ölkələrdə verdiyi konsertlərdə
«Ayrılıq» mahnısını göz yaşları ilə
ifa edir.
…Uzun gecənin son dəqiqələri. Hər
kəs uzun gecənin sonunun necə olacağını
düşünür, gözləyir.
Nəhayət, təyyarə havaya
qalxmağa başlayır. Sevgilisinin səhhəti getdikcə
ağırlaşırdı. Əllərindən tutur. Əlləri
buz kimi idi.
- Əllərin buz kimi olub, əzizim, -
qorxu və həyəcanla söyləyir.
- Bilirəm, başımı çiyinlərinə
qoya bilərəm?
- Əlbəttə, əzizim.
Sevgilisinin əllərini ovcunda bərk-bərk
sıxmışdı. Onu buraxmaq, heç kimə vermək
istəmirdi. Öldüyünü anlamışdı, lakin
onlara yaxınlaşanlara hər şeyin yaxşı
olduğunu söyləyirdi. Stüardessa başını
çiyinlərinə qoymuş sevgilisinin halını
soruşur. O isə onun yaxşı, özü də lap
yaxşı olduğunu söyləyir.
Və… təyyarə səmada gözdən
itir…
Yəqin, oxucuya aydın oldu ki, təsvir
etdiyimiz bu hadisə «Uzun gecə» filmindəndir. Sanki öz həyatını
oynayırdı Ququş-Faiqə xanım. O təyyarə bir
daha geri dönəcəkmi? Bilmirik. Bəlkə də
heç dönməyəcək. Amma o təyyarə artıq
düz 12 ildir ki, geriyə qayıtmır. O təyyarə
özü ilə Ququşu apardı. Vətənindən,
elindən-obasından ayrı saldı:
Fikrimdən gecələr yata bilmirəm
Bu fikri başımdan ata bilmirəm.
Neyləyim ki sənə çata bilmirəm,
Ayrılıq, ayrılıq, aman
ayrılıq
Hər bir dərddən olur yaman
ayrılıq!
Azad Azərbaycan.- 2012.- 25 sentyabr.-
S.7