Prezidentlə
oturub-duran yetim
O, bütün
mükafatları aldı– birindən başqa
O, rəvan, xoşbəxt, bir ədib üçün uğurlu, ictimai-siyasi xadimə görə parlaq həyat yaşadı. 80 illik ömrünün yarıdan çoxunu rəyasətlərdə oturdu, prezidentlərlə başa-baş görüşlər keçirdi, sayıldı, seçildi. SSRİ-nin ilk və son prezidenti Qorbaçov 1990-cı ildəki seçki zamanı nominasiya nitqi söyləmək üçün məhz onu seçdi. O, SSRİ-nin ən yaxşı yazıçısı sayılırdı, doğulub böyüdüyü respublikanın milli qəhrəmanıydı, sinəsində iki “Lenin” ordeni, bir neçə ölkədən aldığı “Dostluq” ordenləri daşıyırdı, dövlət mükafatları laureatıydı, əsərləri böyük tirajla çap olunurdu, povestləri əsasında filmlər çəkilir, tamaşalar qoyulurdu. Həm SSRİ rəhbərliyi, həm də doğma respublikasının başçıları onu birdən-birə 4 ölkədə səfir vəzifəsinə təyin etmişdilər.
Ancaq 80 yaşında məşhur yazıçı, böyük ictimai xadim, görkəmli diplomat kimi vəfat edən Çingiz Aytmatov 10 yaşındaykən yetim bir uşaq idi. Hələ yetimlik bir tərəfə dursun, o “xalq düşməni” Törəqul Aytmatovun, bir neçə il əvvəl aktiv və görkəmli partiya-sovet xadimi olan, 1938-ci il repressiyasında güllələnən kişinin oğluydu. Ona və qardaş-bacılarına milliyyətcə tatar olan anasının valideynləri sahib çıxmasalar, yəqin ki, balaca Çingiz öz məşhur adaşı (Çingiz xan) kimi dünya şöhrəti qazana bilməyəcəkdi, olsa-olsa bir əsərindəki qəhrəmanı (“Qırmızı yaylıqlı qovağım mənim”dəki İlyas,) kimi ucqar dağ qəsəbəsində sürücü, ya da Pamir dağının ətəyindəki fermada baş çoban (“Qiyamət”dəki Boston) olacaqdı.
Aytmatovun həyatının ən böyük sirri bəlkə də budur: “xalq düşməni”nin oğlu ola-ola fövqəladə bir transferlə həmin xalqın ən böyük təmsilçisi olmağı bacarmaq. Həyatı puç edilmiş, yetim qoyulmuş milyonlarla yaşıdının heç biri bunu bacarmayıb, bu mərtəbəyə yüksəlməyib. Bəs Çingiz Aytmatov zirvəyə necə çatmışdı? Burada ya onun böyük, fenomenal istedadı və bacarığı rol oynayıb, ya da sovet dövlətinin öz yetim qoyduğu balaca oğlana göstərdiyi əsrarəngiz himayə. Bəlkə də hər iksi – bir-biri ilə səsləşən istedad və himayə. Hər necə olsa da, həyatının əvvəlində ucqar və kasıb bir respublikada “xalq düşməni”nin oğlu Çingiz atasının güllələnməsindən 52 il sonra həmin dövlətin prezidenti ilə oturub-dururdu. Ona böyük ehtiramla “Torekuloviç” deyirdilər.
Əslində o, atasının günahsız ola-ola nahaqdan cəzalandırılmasına görə ağlı söz kəsəndən sonra dissident olmalı, onu yetim qoyan dövlətlə, onun quruluşu, cəza maşını ilə barışmamalı idi. Ancaq Aytmatov nəinki dissident oldu, hətta əksinə, dissidentlərə qarşı çıxdı, Soljenitsın və Saxarova qarşı yazılmış və 1973-cü ildə “Pravda” qəzetində dərc edilmiş, gündəlik xəbərlər proqramı “Zaman”da (“Vremya”) oxunmuş məktubda imzası olan ilk adam idi (əlifbaya uyğun şəkildə).
Aytmatovun həyatının daha bir sirri onun yaradıcılığı ilə bağlıdır. Necə oldu ki, rus olan, gözünü açıb rus dilində danışan, rus dlində təhsil alan heç bir rus-sovet yazıçısı öz ana dilində milliyətcə qırğız olan, ucqar və dağlıq kənd respublikasından gəlmiş kənd təsərrüfatı mütəxəssisi (zootexnik) qədər parlaq, dünya şöhrətli, sevilən, dillər əzbəri olan, müxtəlif ölkələrdə və dillərdə təkrar-təkrar çap edilən əsərlər yarada bilmədilər? Bunun sirrini yenə də Aytmatov fenomeninində axtarmaq lazım gəlir. Aytmatov fenomeninin sirri isə artıq onun öz genetik kodundadır. Sanki belə proqramlaşdılıbmış: dünya ikinci böyük, amma humanist, qılıncsız Çingizlə tanış olmalı imiş.
Çingiz Aytmatovun əsərlərini milyonlara sevdirən onun əsərlərindəki əsrarəngizlikdir, sirlərdir. Buraya dənizin ortasında susuz qalmış insanların son damla suyu bir-birilə bölmələrinin (“Dəniz kənarıyla qaçan alabaş”), doğma anasına ox atan manqurt Yolomanın (“Əsrdən uzun gün”), müharibədəki ərini qoyub çoxdan sevdiyi oğlanla qoşulub qaçan Cəmilənin (“Cəmilə”), dəlicəsinə sevib-seçdiyi arvadını, körpə oğlunu atıb dispetçer xanımla yaşayan və axırda peşman olan İlyasın (“Qırmızı yaylıqlı qovağım mənim”), öz canavar nəslini davam etdirəsi züryətlərini bir neçə il ard-arda insan qəddarlığına qurban verib bala dağı yaşayan Ağbərə və Daşçeynərin (“Qiyamət”), daima Çingiz xanın başı üzərində dolaşan ağ buludun bir gün onu tərk etməsinin sirləri aiddir. Aytmatov bu həyat hekayətlərini elə ustalıqla yaradıb ki, əsərləri oxuyub qurtardıqdan sonra da onların təsirindən çıxmaq olmur.
Bəs necə oldu ki, bu cür qüdrətli söz ustası ədiblər üçün bir nömrəli mükafat olan, zirvə sayılan Nobel mükafatını ala bilmədi? Axı o, birmənalı olaraq rusca yazdığı əsərlərə görə həmin mükafatı alan İosif Brodskidən də, Mixail Şoloxovdan, Boris Pasternakdan da, Aleksandr Soljenitsındən da daha qüdrətli, daha miqyaslı, daha koloritli idi.
Bunun da öz sirləri var, təbii ki. Ancaq bu sirri çözmək üçün yazıçının sovet dönəmində dayandığı mərtəbəyə, tutduğu ictimai-siyasi mövqeyə, dövrün konyukturasına fikir vermək lazımdır.
Bütün tərəqqipərvər bəşəriyyət kommunizm kabusu qarşısında titrəyəndə, bəşəriyyətin bir hissəsini, milyonlarla insanı məhv edən sovet dövlətində yaşayanların halına acıyanda, o, Kommunist Partiyasının Mərkəzi Komitəsinə seçilmişdi, SSRİ Ali Sovetinə ard-arda “seçilən” deputatıydı, dünyanın ən böyük totalitar dövlətinin orden-medallarını alırdı, kommunist ideologiyasının mübariz daşıyıcısıydı, ən önəmlisi “sosializm realizmi” adlanan ədəbi cərəyanın parlaq nümayəndəsi idi. Nobel mükafatını verən komitə üçün isə onun özü kimi, əsərləri də şirin deyildi. Onlar “sosializm realizm”nin astar üzünü – həbs və sürgün düşərgələrindəki faciə və məşəqqətlərdən yazan, söz azadlığına görə təqib olunan dissidentləri sevir, qiymətləndirirdilər. O dövrdə SSRİ-nin irticaçı siması onu öyənləri də eybəcər göstərirdi və “sosializm realizmi”nin bu üzü –kolxoz quruculuğu, xam torpaqların fəthi, BAM-da romantik komsomol əməyi onlara süni, saxta görünürdü. Aytmatov isə idealist partkom, zərbəçi əmək qəhrəmanı obrazları yaratmasa da, sovet ideologiyasına tərs gələn bir cümlə belə yazmırdı.
Hətta sonradan, 2008-ci ildə Türkiyə dövlətinin təşəbbüsü ilə TÜRKSOY bu möhtəşəm ədəbin namizədliyini Nobel mükafatına irəli sürsə də, yenə də bir nəticə hasil olmadı. Kim bilir, bəlkə də onun vaxtilə Nobel mükafatı lauretalarını – Soljenitsın və Saxarovu qınayan məktuba imza atmasını, siyahıda birinci olmasını nəzərə almışdılar. Güman edirik ki, Aytmatovun ədəbi kimliyinin öz miqyasına uyğun şəkildə zirvəyə yetişməməyinə sovet həqiqətlərinə göz yumması, komministliyi, irtica tərəfdarı kimi çıxış etməsi səbəb olub .
Əgər o, siyasi aktivlikdə atası qədər fəal, onun kimi iddialı olsaydı, zamanında daha ciddi həqiqətləri yazaraq, dissidentlərə qoşulsaydı, ya taleyi atasınınkı kimi olacaqdı, ya da ötən əsrin 90-cı illərində SSRİ dağılanda o, öz doğma respublikasının başçısına çevriləcəkdi.
Ancaq illər keçəcək, Çingiz Aytmatovun, bu böyük ədibin sağlığında hansı dövlət postunda olması, siyasi baxışları, siyasi mənsubiyyəti unudulacaq, yaxud da əhəmiyyətsiz bir qeydə çevriləcək, onun gerçək istedadla yazılan, özündə sirli enerji daşıyan əsərləri isə yaşayacaq, oxunacaq, seviləcək, bəziləri isə bəlkə də yenidən filmlərə ssenari olacaq.
Böyük sovet dövlətinin ən ucqar əyalətlərindən birinin ən ucqar kəndlərindən biri olan Şəkər aulunda gözünü dünyaya açan oğlanın həmin gözlərini dünyaya Almaniyanın Nürnberq şəhərində qapamasıyla bir nağıl sona yetdi. Beləcə, Törəqul oğlu Çingiz də öz həyatının bir çox sirlərini özü ilə apardı.
Xalid
Azad Azərbaycan.- 2012.- 26 sentyabr.- S.7.