Divanə və dahi Lev Landau
Azərbaycanda
doğulanlar
1962-ci
ilin yanvar ayının 7-dən Moskvanın Timirzyayev
rayonundakı 50 saylı xəstəxananın
qarşısındakı izdiham, Amerikadan, Avropanın müxtəlif
ölkələrindən nadir tapılan dərmanları və
adlı-sanlı cərrahları Sovet İttifaqının
paytaxtına çatdıran təyyarələr yalnız bir
adam üçün idi. Sanki dünya fizika
elminin ürəyi Moskvada döyünürdü. Avropanın “Sovetlərin Eynşteyni”
adlandırdığı xəstə isə ağır fiziki
zədələrlə koma vəziyyətindəydi.
Ölkənin bütün tibb heyəti “Sovet Eynşteyni”nin – Lev Davıdoviç Landaunun huşunun
özünə qayıtması üçün əlindən
gələni edirdi. Təxminən iki aydan sonra
yaralının yaşayacağına təminat veriləcək,
ancaq o dünyanı görüb qayıtmış bu
adamın elmi yaddaşı bərpa olunmayacaqdı. Həkimlər bəşəriyyətin bu nadir
fenomenlərindən olan alimin tam sağalması
üçün ona lazım olan dava-dərmanlarla bərabər
doğulub boya-başa çatdığı Azərbaycanın
naz-nemətini də məsləhət görürdülər.
Vətəndən onun tam sağalması üçün
vaxtaşırı yüksək dağların balı,
Xəzərin kürüsü göndərilirdi...
Rəhmətlik Mehdi Bəyazidin onun haqqında
yazdığı yazını indi də ciyərlərimə
çəkə-çəkə oxumaqdan doymuram. Mənə elə
gəlir ki, bunu Bəyaziddən daha yaxşı kimsə yaza
bilməzdi. Ona görə də, yeri gəldikcə,
rəhmətlik Mehdinin həmin yazısından bəhrələnməyi
özümə borc bildim. Mehdi yazırdı:
“İnsanın ətraf mühitin təsirindən
aldığı enerji və qəribə çalarlar hələ
də biologiyanın, genetikanın sirri olaraq qalır. Landau bakılı idi, Tanrının bəxş
etdiyi on iki iqlimdən doqquzu ilə yoğurulmuşdu. Bu enerji, bu güc, bu qəribə əsrarəngizliyi
o, həmişə hiss edir, özü də bu barədə qəribə
bir vəcd və vəhylə danışırdı.
Bir dəfə arvadı Kora oğulları İqorun
üstünə düşəndə o, demişdi: "Bura
bax, bizim evdə yəhudi kimdir - sən, yoxsa mən? Əlbəttə,
mən! Amma unutma ki, mən köklü-köməcli
qafqazlıyam, bakılıyam, demək istəyirəm ki, bəşəriyyətin
ilk beşiyində doğulmuşam. Yəni
içimdə sonsuzluğa qədər uzanıb gedən bir nəhayətsizlikdən
sərməstəm, sərxoşam. Ona
görə də içimdəki azadlıq məni hər dəqiqə
bihuş edirkən, içki içə bilmirəm. Mən istəmirəm sən bizim oğlumuzu
mühafizəkar yəhudilər kimi məcbur edəsən ki,
mütləq royalda çalsın, rəsmlər çəksin,
"yüksək cəmiyyət"in saxta etiketləri,
smokinqləri içində boğulub batsın. Biz onu royal qarşısında əyləşdirib
mütləq bəstəkar görmək istəyirik.
Amma onun içindəki azadlıq bəlkə öz təcəssümünü
futbolçu olmaqda, rəssam olmaqda, lap elə traktorçu
olmaqda, bəlkə də... Don-Juan olmaqda
görür”.
Arvadı Kora vulkan kimi püskürüb gələn bu
monoloqların qarşısında çox zaman
başını itirirdi. Amma Koranın, dostlarının “Dau”
adlandırdıqları bu insan sanki “Günəş adamı”
idi. Hamı onu sevir, əzizləyir,
şıltaqlıqlarına, əndazəni aşan hərəkətlərinə
bir dahinin əməlləri kimi baxırdı…
Sadəcə Lev Landau
Landau
1908-ci il yanvar ayının 9-da Bakıda
anadan olub. Anası Lyubov Velyaminovna şəhərdə
məşhur ginekoloq həkim, atası David Landau Azərbaycanın
neft sənayesində ad çıxarmış mühəndis
idi. Kiçik yaşlarından balaca Levdə
qeyri-adi dərəcədə riyazi qabiliyyət olduğu
üzə çıxır.
Təhsilini SSRİ-in ikinci paytaxtı sayılan
Leninqradda davam etdirməsiylə Levin qarşısında
böyük perspektivlər açılır. O, 1927-ci ildə Leninqrad
Dövlət Universitetinin bitirərək, Fizika Texnika
İnstitutunda aspiranturaya qəbul olunur. 18
yaşlı fizikin ilk elmi işləri bu illərə təsadüf
edir.
1929-cu ildə Lev Landau xaricə ezam olunur, ilyarım
Danimarkada, İngiltərədə və İsveçrədə
işləyir.
O, Kopenhagendə Nils Borun institutunda olur, bu dahi alimlə
çiyin-çiyinə işləyir. Landau bu
müddətdə elektron qazının diomaqnitizm nəzəriyyəsini
işləyib hazırlayır. Xaricdə iş təkliflərinə
baxmayaraq gənc alim 1932-ci ildə SSRİ-yə qayıdır
və Xarkov şəhərində açılmış
Fizika Texnika İnstitutunda işləməyə
başlayır. Stalin repressiyasının ilk
dalğası onu burada yaxalayır. Bir tərəfə
baxanda azadlıqsevər və sadəlövh Lev əslində
özü sanki repressiyaya tərəf gedirdi. O, Xarkov
institutunda işləyəndə Stalinin əleyhinə
yazılmış bir təbliğat
çağırışını redaktə edir, həmçinin
ölkədə fizika elminin gələcək inkişafı
ilə bağlı tənqidi fikirlərlə bağlı məktub
hazırlayır. Beləliklə, dahi fizik “alman
casuslarıyla əməkdaşlıq edir” kimi qondarma ittihamla
günlərin bir günü zindana atılır.
Fizika İnstitutunun direktoru, Sovet elmində “xeyirxah
insan-alim” titulunu qazanmış akademik Kapitsa Stalinə məktub
yazaraq dünya şöhrətli alimin, dahi fizikin həbsdən
azad olunmasını xahiş edir. Kapitsanın məktubundan
yazılır: “Yoldaş Stalin, sizə məlum olduğu kimi
dövlətimizin və hökümətimizin
tapşırığı ilə mən çox mühüm
bir elmi iş üzərində işləyirəm. İşin eksperimental hissəsində böyük
uğurlar əldə olunub. Lakin maye
heliumumla bağlı nəzəri məsələlərin
işlənilməməsi ucbatından tapşırıq yerinə
yetirilə bilmir. Bu nəzəri problemin
öhdəsindən yalnız Lev Landau gələ bilər”.
Kapitsa tək deyildi. Dünya şöhrətli
alimlər - Heyzenberq, Nils Bor da Landaunun azad olunması xahişi
ilə sovet rəhbərinə müraciət etmişdilər.
Nəhayət səylər bəhrəsini verir.
Molotov Stalinin tapşırığı ilə
Kapitsanı söhbətə çağırır. Saat yarımlıq görüşdən sonra
“xatakar” Lev akademik Kapitsaya zaminə verilir. Azadlıq sənədində
yazılmışdı: “SSRİ Xalq Daxili İşlər
Komissarlığının 1938-ci il 28
aprel tarixli qərarı ilə Lev Davidoviç Landau barəsində
cinayət işinə xitam verilsin”.
Yeri gəlmişkən, onu deyək ki, Landau həyatının
sonuna qədər Kapitsaya demək olar ki, səcdə edib. Hamını,
hətta özündən yaşca böyükləri belə
dolamaqdan çəkinməyən Lev Landau Kapitsaya münasibətdə
yalnız və yalnız ehtiram nümayiş etdirib. Təsadüfi deyil ki, illər sonra Kapitsa da vəzifəsindən
uzaqlaşdırılanda Dau heç nədən çəkinmədən
onun yanına gedib-gəlirmiş.
Beləliklə, Landau xilas edilir, ancaq birillik həbsxana
divarları öz işini görmüşdü. Kapitsa onu qırmızı
terrorun qanlı caynağından alanda, ayaq üstə dura
bilmirdi, bir dəri, bir sümük qalmışdı: onu təcili
surətdə həyata qaytarmağa başladılar. O isə
hüdud bilməyən nikbinliyilə özünə də,
başqalarına da sataşa-sataşa deyib-gülürdü.
Və... bir balaca özünə gələn
kimi elə xəstəxanadaca füsunkar bir dilbəri
yatağına çəkdiyi bilinəndə doktor qəzəblə
ondan “bir ayağınız burda, bir ayağınız gorda ikən,
deyin görüm bu nə deməkdir?” soruşanda cavab
vermişdi: “Doktor, mən neyləyim ki, bu, sadəcə olaraq
Lev Landau deməkdir?”
O, yalan
danışmırdı, bu, doğrudan da Lev Landau demək
idi...
Qısqanclığı sevməyən
Dau
Onun şəxsiyyəti,
insanlara, dünyaya baxışları haqqında müasirlərinin,
həmkarlarının çoxunun xatirələri var. Bu xatirələrdən
məlum olur ki, Lev Landau yalanı sevməz, elmə
saxtakarlıq qatanlara qarşı amansız olar, həyatını
fizikadan kənarda təsəvvür eləməzdi. Ancaq
bütün bunlarla belə onun həyat yoldaşı
Koranın bomba partlayışını doğuran xatirələrində
o, həm də bax belə nəqş edilmişdi: “Daunka
otağa uça-uça girdi: məni bərk-bərk
qucaqlayıb burnumdan öpdü və elan elədi:
“Koraçka, sənə şad xəbər! Bu gün
axşam saat doqquzda evə canlar alan bir
qız gətirəcəyəm. Ona demişəm
ki, sən bağdasan - ya evdə səssizcə oturarsan, ya da
ümumiyyətlə, çıxıb gedərsən. Siz üz-üzə gəlməməlisiniz. Bu onu hürküdə bilər”.
Həmin gün Kora elə həmin şkafdaca gizlənmişdi. Və həsbi-halın
ən şirin yerində birdən-birə ortaya çıxmışdı.
Bu, sadiq qadının birinci və
axırıncı qiyamı idi. Bundan
sonrakı belə axşamlarda o, dinməz-söyləməz
öz otağına çəkilərək, Landaunun
otağından süzülən işığa baxa-baxa
qalacaqdı, çünki əri qısqanclığı vəhşi
və ibtidai duyğu hesab edirdi. Amma bu vəhşi
və ibtidai duyğu onu divanələr kimi sevən
qadını əzib külxınc edirdi. Bunu
üzə vurmaq isə Koraya baha başa gəlirdi.
Qısqanclığa görə ailə büdcəsindəki
payından “Daunka” cərimələr tuturdu!
Bəli,
fizika-riyaziyyat dahisi Lev Landau hələ cavanlığından
– Xarkovda barmaqla göstərilən Kora ilə evlənəndə
qadınla şərt kəsmişdi ki, onun
azadlığını əlindən almağa cəhd
göstərməsin…
…İllərdir Koranın xatirələr kitabının
əlyazmaları barədə söz-söhbətlər kəsilmək
bilmir. Artıq o dərc olunub, əldən-ələ gəzir,
İnternetə də verilib. Amma sən demə,
onun bəzi hissələri incik düşmüş akademiklər
və onların xanımları tərəfindən yoxa
çıxarılıb.
Divanə dahi
Landau həmişə deyərdi: “Həyat o qədər qısadır ki, elmdə məlum olan məsələlərə yenidən qayıtmaq vaxt itkisidir”. O, bütün elmi dərəcələri, zirvələri digərlərinə qismət olmayan yaşlarda əldə eləmişdi. 26 yaşında artıq dissesrtasiya müdafiəsi keçmədən fizika-riyaziyyat elmləri doktoru, 38 yaşında akademik və SSRİ-nin ən ali Dövlət mükafatlarının sahibi, bir sıra dünya ölkələrinin elmlər akademiyasının akademiki idi. Həyatda hər şeyi, hətta alimləri, qadınları, əşyaları belə sistemləşdirən, dərəcələrə ayıran Landau dövrünün dahi alimlərini də sıralamışdı. O, birinci yerdə Albert Eynşteyni qoyurdu. Dau deyirdi ki, ümumi nisbilik nəzəriyyəsi ilə tanışlığı həmin nəzəriyyənin təsəvvür oluna bilməyən gözəlliyi onda heyrət doğurub: “Enyşteynin nisbilik nəzəriyyəsi ilə tanış olandan sonra insan zəkasının hansı möcüzələrə qadir olduğuna bir daha inandım”. İkinci yerdə onun üçün Nils Bor gəlirdi. Landau bu dahi alimlə yanaşı işlədiyi üçün həmişə fəxr edirdi. Elə Nils Bor da onu oğlu kimi sevirdi. Borun həyat yoldaşı Landaunu belə xatırlayırdı: “Dau çox qeyri-adi cavan idi. Bir də görürdün, yaşca özündən böyük bir alimi əməlli-başlı ələ saldı. Ancaq bu şıltaq dahinin Nils Borla münasibəti ata-oğul münasibətlərinə daha çox oxşayırdı”. Bu dahilərin sırasında Landau üçüncü yerdə özünü görürdü…
Ancaq dahilərə xas sadəlövhlük, hamıya inanmaq xüsusiyyəti onu heç vaxt tərk etmədi. Bəli, bütün sonsuz ehtirası, şəhvət çatıltıları ilə bərabər, Landau digər məsələlərdə də genişmiqyaslı adam idi. Çox zaman uşaq kimi sadəlövh olan bu adamı bəziləri imkan düşən kimi aldadırdılar. Kəşflərini, pulunu çırpışdırırdılar, rütbəsinə, ad-sanına şərik çıxırdılar. Kapitsa onun haqqında həmişə elə bil qeybdən gəlmiş adam kimi danışırdı. Kapitsa deyirdi: “Dau elə bil öz kəşflərindən bixəbərdir, elə bil bütün bunları özünü unutmağa qədər gedib çıxan ilahi bir vəcd ilə eləmişdi. Bəzən məni ona görə gülmək tuturdu ki, nə elədiyini ona təzədən başa salmaq lazım gəlirdi. Təzə şey eşidibmiş kimi bərk sevinirdi. Mən bir çox eksperimentlərimin nəzəri izahını ona həvalə etmişdim. Ekstra-klass intellekti bu eksperimentləri bir göz qırpımında qavrayırdı”.
Landaunu məhz bu xüsusiyyətlərinə
görə o illər SSRİ-də aparılan məxfi tədqiqatlara
cəlb edirlər. Stalinin hakimiyyətdə olduğu vaxt bu məsələlərə
birbaşa Beriya rəhbərlik edirdi və qarşıya atom
bombasının hazırlanması tapşırığı
qoyulmuşdu. Landaunu əsasən nəzəri fizikanın
problemləri maraqlandırdığından o bu işlərə
çox həvəssiz yanaşır və sonda burdan
canını qurtarmağa nail olur.
Həyatla
ölüm arasında
Lev Landaunun zəngin elmi yaradıcılığında onun yazdığı dəyərli kitablar mühüm yer tutur. Landaunun Lifşiçlə birgə yazdığı “Nəzəri fizika kursu” dərsliyinin isə elm tarixində özünəməxsus yeri var. Ancaq maraqlıdır ki, bu dərsliklə bağlı da Landau barədəki əsassız dedi-qodulardan biri yayılıb. Məsələ bundadır ki, bəziləri bu məşhur dərsliyin Landaunun diktəsiylə yazıldığını deyirlər. Hesab olunur ki, Lifşiçin bu dərsliklərdəki xidməti yalnız Landaunun fikirlərini anlaşılan şəkildə qələmə almaqdan ibarətdir.
1962-ci il yanvar ayının 7-də Lev Landau
özünü asmağa cəhd göstərmiş gənc
aspirantını tənbeh eləməyə yollanarkən
avtomobil qəzasına düşür. Buzlu yolda avtomobil
qarşıdan gələn yük maşınına
çırpılır. Sürücünün yanında
oturmuş Landau kəllə-beyin travması və ciddi bədən
xəsarətləriylə huşsuz halda xəstəxanaya gətirilir.
Bütün dünya alimləri dahi fizikin həyatda qalması
üçün əllərindən gələni edirlər.
Onu sözün həqiqi mənasında tikə-tikə
yığırlar. Landau həyata qayıdır, ancaq bir daha
elmə, həyatından artıq sevdiyi fizikaya qayıda bilmir.
Neçə müddət yalnız gözləri
baxırdı, özü isə elə bil yox idi. Şüuru
özünə qayıtmırdı, müqəvva kimi hərəkətsizdi
- nə ölü kimi ölü, nə diri kimi diri! O, bundan
sonra yaddaşsızlıq mərəzindən əziyyət
çəkməli olur ki, ilk illərdə dostlarını,
tanışlarını, həmkarlarını, hətta həyat
yoldaşını belə tanımır. Ancaq yaddaşı
özünə qayıtdığı dövrlərdə də
ona daxili orqanlarında baş verən və heç kimin
baş açmadığı xəstəliklər əziyyət
verir.
Nobel
ödülü və son
1962-ci ildə Landaunun yatdığı xəstəxanaya məktub gəlir. Məktubda yazılmışdı: “Moskva, Elmlər Akademiyası, professor Lev Landauya, 1 noyabr 1962-ci il. İsveçin Kral Akademiyası Sizi “Kondensasiyalı, xüsusən maye helium mühitində nəzəri işlərinizə” görə Nobel mükafatına layiq görüb. Daimi katib Erik Rudber”. Ancaq alim xəstəxanada olduğu üçün Nobel ödülünü özü ala bilməzdi. Ona görə də, Nobel fondu tarixində ilk dəfə çoxillik ənənəsinə xilaf çıxaraq ödülü xəstəxanada təqdim eləyir. Bu, Lev Landauya olan hörmətin və ehtiramın göstəricisiydi. Beləliklə, 1962-ci il dekabr ayının 10-da 54 yaşlı dahi Landauya diplom və 250 min isveç kronu məbləğində çek təqdim olunur. Landau mükafatı təqdim edən İsveçin SSRİ-dəki səfiri Rolf Sulmana ingiliscə deyir: “Sizə təşəkkür edirəm, cənab səfir. Nobel komitəsinə, həmçinin İsveçin kralına mənim təşəkkürlərimi çatdırın. Ümid edirəm ki, sağalan kimi Sizin gözəl ölkənizə səyahət edəcəyəm”.
Şahidlər yazırlar ki, Landau Akademiyanın prezidenti Keldışın, Kapitsanın, Heyzenberqin, Tammın təbriklərini qəbul etdikcə sanki sağalmaz xəstəlikdən canı qurtarırmış kimi sevinir, hamıyla zarafat edir, deyib-gülürdü. Elmi dairələrdə isə bu mükafatın gecikdiyi haqqında daha çox danışırdılar. Amerikanın məşhur “Layf” jurnalı yazmışdı: “Landau ölümündən sonra Nobel aldı. Əslində, bu mükafat ona çoxdan verilməliydi. Hələ onu demirik ki, alimin bundan savayı ən azı yeddi işi Nobel mükafatını almağa layiq idi”. Onun fiziki ölümünə isə hələ 6 il qalırdı. Hələ 6 il sərasər həyatsevər Lev canındakı ağrılardan həyatına lənətlər yağdıracaqdı.
Bu ərəfədə Lev Landaunun artıq bir heçlik, bir yığın sür-sümükdən başqa heç nə olmadığı barədə akademik dairədə şayiə, söz-söhbət yayılanda, həmkarları qəlblərinin dərinliyində illərlə yığılıb qalmış paxıllığa, kin-küdurətə rəvac verərək bir-bir ondan üz döndərdilər. Bəziləri onun elmi kəşflərinin pulunu almağa, digərləri əcəl yastığında, necə deyərlər, ölməkdə olan ayının dərisini bölüşdürməyə tələsirdilər. Beləcə öz tələsməklərinə rəğmən çox şeyə də nail oldular. Əgər Kapitsa öz sərt xarakteriylə bir çox məsələlərə müdaxilə etməsəydi, az qala, Landaunun Nobel mükafatına, dünya akademiyalarının bir sıra təltiflərinə də şərik çıxacaqdılar. Kapitsa deyirdi: “İnsan xisləti o qədər dəhşətlidir ki, hətta Landau yavaş-yavaş sağalmağa başlayıb, özünə gələndə bunların üstünə elə bil su ələnirdi”.
Bakılı alim isə heç kimin gözləmədiyi bir vaxtda vəfat etdi. Zarafatcıl Lev Landau daxili orqanlarında aparılan əməliyyatdan ayılmadı və 1968-ci il aprel ayının 1-də dünyasını dəyişdi…
Lev Landaudan sonra arvadı Kora xeyli yaşadı. Deyirlər,
ölümünə bir az qalmış o
deyib: “Mənim dünyada ən böyük səadətim, ən
böyük uğurum Dauya rast gəlməyim idi”.
Mehdi Bəyazid
isə Koranın bu sözlərinə cavab olaraq
yazmışdı: “Yerdə qalan qadınlarınsa ən
böyük uğuru o idi ki, Allah onları bu divanə
qadının “Dau”sundan uzaq eləyib, çünki dahilərə
qul olmaq yanğısı şirin olduğu qədər də
aldadıcı və dəhşətlidir”.
İlham Tumas
Azad Azərbaycan.-
2012.- 26 sentyabr.- S.6.