Azərbaycan dilinin
Şahbuz Şivələrinin leksikası
Dil
millətin ən əsas milli dəyəri və onun milliliyini
təmin edən vacib atributudur. Milli
varlığımızı mədəni təməllərə
bağlayan məhz ana dilimizdir. Ana dilimiz millətimizin təsdiqini
və milli özünüdərkini müəyyənləşdirən
əsas amillərdən biridir. Milli-mənəvi sərvətimizdən,
mənəviyyatımızdan bəhs olunanda ilk növbədə
ana dilimiz yada düşür. Bu dilin birbaşa xalqla
bağlı olan, onu daha dərindən öyrənən
müəyyən bir sahəsini göstərmək, fərqləndirmək,
tədqiq etmək zəruridir. Bu barədə bəhs edərkən
dilçilikdə məhz dialektologiyanın bu elmin fundamentini təşkil
etdiyini və ya bunların bir-birindən ayrı
mümkünsüzlüyünü vurğulamaq lazım gəlir.
Beləliklə, Azərbaycan dilinin dialekt və şivələri
bu günə qədər həm ümumi şəkildə, həm
də ayrılıqda regionlar üzrə öyrənilmişdir.
Hətta bəzən bir kəndin şivəsi belə
araşdırma obyekti olmuşdur. Bu mənada Naxçıvan
qrupu dialekt və şivələri dialektoloji araşdırma
baxımından həmişə böyük maraq
doğurmuşdur. Bu aktuallıqdan irəli gəlir ki, həmin
regionun dil materialları daim öyrənilir və öyrənilməkdədir.
Azərbaycanın qədim diyarı Naxçıvanın dilbər
guşələrindən biri olan Şahbuz rayonu həm də
şeir, söz, sənət ocağı kimi tanınıb və
öz şivələri ilə seçilib. Naxçıvan
Dövlət Universitetinin müəllimi, filologiya elmləri
namizədi Əbülfəz Muxtaroğlunun müəllifliyi
ilə çapdan çıxan yeni tədqiqat əsəri də
bu baxımdan Şahbuz şivələrini öyrənmək
üçün mühüm vəsaitdir.
Bu günlərdə işıq üzü görən “Azərbaycan dilinin Şahbuz şivələrinin leksikası” adlı monoqrafiyası dilçilik elminə layiqli bir töhfədir. Naxçıvan Dövlət universiteti Elmi Şurasının qərarı ilə çap olunan bu monoqrafiya Naxçıvan Dövlət Universitetinin rektoru, akademik İsa Həbibbəylinin maddi və mənəvi dəstəyi nəticəsində ərsəyə gəlmiş, elmi redaktoru filologiya elmləri doktoru, professor Sədaqət Həsənova, rəyçiləri filologiya üzrə fəlsəfə doktoru, professor Sevindik Vəliyev və filologiya üzrə fəlsəfə doktoru Zirəddin Xasıyevdir.
Monoqrafiya giriş, üç fəsil, nəticə, ədəbiyyat siyahısından ibarətdir. Müəllif zəngin məhəlli dil faktları ilə yanaşı, 150-yə yaxın elmi ədəbiyyatdan da istifadə etmişdir. Monoqrafiya ədəbi dil leksikasının zənginləşməsi, dil tarixi və tarixi leksikologiya ilə bağlı bəzi məsələlərin aydınlaşdırılması, həmçinin dialektoloji və izahlı lüğətlərin təkmilləşməsi üçün dialekt leksikası zəngin material verir. Müəllif Şahbuz rayonunun bölgələrindən topladığı dialektoloji materialları qruplaşdıraraq üç fəsildə ayrı-ayrı başlıqlar altında vermişdir. Heç şübhəsiz, gərgin zəhmət, zəngin material əsasında yazılmış bu monoqrafiya dialekt leksikasını zənginləşdirməklə bərabər, həm də bu istiqamətdə yazılacaq tədqiqat işlərinin genişlənməsi üçün zəmin yaradacaq. Bu elmi-tədqiqat işindən təkcə dialektoloqlar deyil, kənd təsərrüfatı mütəxəssisləri, eləcə də filologiya fakültəsinin magistr tələbələri və.s faydalanacaqlar. Ümumiyyətlə, Azərbaycan Respublikasının dialektoloji baxımdan zəngin bölgələrindən biri kimi Cənub qrupuna daxil olan Naxçıvan Muxtar Respublikasının dialekt və şivələri tədqiqat baxımından olduqca böyük maraq doğurur. Naxçıvanın dialekt və şivələri mənəvi bir xəzinədir. Məhz elə bu bölgənin belə zənginliyi və tükənməzliyi səbəbindən uzun illərdir ki, bu sahədə çox qiymətli, orijinal tədqiqatlar aparılır. Dialekt və şivələrin öyrənilməsi dil tarixinin, eləcə də xalqın milli-etnik mənşəyinin və onun etnoqrafiyasının tarixinin tədqiqi üçün mühüm əhəmiyyətə malikdir. Çünki bu və ya başqa dialektdə elə dil faktları vardır ki, onlar müasir dildə ya işlənmir, ya da tamam başqa məna daşıyır, uzun illərdən bəri işlənərək öz forma və məzmununu dəyişmişdir. Bu kimi dil faktları xalqın uzaq keçmişindən xəbər verir və dünəni ilə səsləşir. Ədəbi dilin zənginləşməsi üçün də dialekt leksikası zəngin material verir.
Beləliklə, Azərbaycan dilinin dialektologiyası fonunda Naxçıvan bölgəsinin Şahbuz şivələrinə həsr olunan bu kitab faydalı tədqiqat əsəridir.
Tofiq Hacı
Azad Azərbaycan.- 2013.- 7 aprel.- S.7.