Azərbaycan milli incəsənəti
və azərbaycançılıq
Uzun tarixi inkişaf yolu keçmiş milli incəsənətimiz özündə azərbaycançılıq ideyalarını əks etdirən müxtəlif növlü əsərlərin məcmusundan ibarətdir. Humanizm, azərbaycançılıq ruhu aşılanmış milli incəsənətimiz bütün dünyada məşhurdur. İncəsənətdə humanizmə yüksək qiymət verən M.Qorki yazırdı: “Mənim üçün insandan kənarda heç bir ideya yoxdur; mənim üçün bütün şeyləri və bütün ideyaları yaradan odur və gələcəkdə təbiətin bütün qüvvələrinin sahibi məhz o insan olacaqdır. Bizim dünyada ən gözəl şey zəhmətlə, ağıllı insan əli ilə yaranan şeydir, bizim bütün fikirlərimiz, bütün ideyalarımız zəhmət prosesindən doğur; incəsənət, elm və texnikanın inkişaf tarixi bizə bunu göstərir. Fikir faktdan sonra gəlir.
Mən insan qarşısında ona görə “səcdə edirəm” ki, bizim dünyada insan ağlının, insan xəyalının, insan icadının təcəssümündən başqa heç bir şey duymuram və görmürəm”.
XX əsrin 20-ci illərində bütün keçmiş mədəniyyəti inkar edən bədnam “proletkultçular” bütün incəsənət əsərlərini, o cümlədən, Azərbaycan operalarının da köhnəldiyini, məzmunca əsrə uyğun gəlmədiyini, “inqilab dövründə” böyüməkdə olan nəslə qida verə bilmədiyini iddia edirdilər.
Belə baxışlara qarşı mübarizə aparan dahi Azərbaycan bəstəkarı Üzeyir Hacıbəyov yorulmadan mübarizə aparmışdır. Onun bu məqsədlə 1924-cü ildə “Kommunist” qəzetində, 1926-cı ildə “Maarif və mədəniyyət” jurnalının 8-ci və 9-cu nömrələrində çap olunmuş məqalələri diqqəti cəlb edir. Həmin məqalələrində böyük bəstəkar keçmiş bədii irsə belə birtərəfli baxışı rədd edir, Azərbaycan opera və operettalarının cəmiyyətdəki yerini və rolunu, adamların tərbiyəsinə etdiyi müsbət təsiri ətraflı şərh edirdi. O yazırdı: “Tək-tək götürüb baxsaq, görərik ki, türk (Azərbaycan - V.Ö.) opera və operettalarının hərəsinin öz-özlüyündə inqilabi ictimai və mədəni vəzifəsi inkar qəbul etməyən bir həqiqətdir.
“Leyli və Məcnun”, “Aşıq Qərib” və “Arşın mal alan” öz balalarının gələcək ailəvi həyatlarını korlayan cahil valideynin hərəkətlərinə qarşı etirazdır, “Ər və arvad” çadraya qarşı birinci mübarizədir, “Şah İsmayıl” müstəbid hökmdarları dizin-dizin süründürən inqilabcuyanə bir məzmundur...
“O olmasın, bu olsun”a gəldikdə, bu operetta məzmunca bugünkü yaşadığımız inqilabi yeni həyata o qədər yaxındır ki, guya bugünkü gün üçün yazılmış təbliği bir ədəbiyyat cümləsindəndir...”.
Ü.Hacıbəyov bizim sənətin qüdrətini, böyüklüyünü onun xalqa bağlı olmasında, xalqın adı ilə bağlı olan keçmiş mütərəqqi ənənələrə ehtiramla yanaşmasında görürdü. Ən böyük yaradıcı, ən böyük “bəstəkar xalqdır”, “ilk gözəl nəğmə və rəqs melodiyalarının yaradıcısı xalq özüdür” deyən böyük bəstəkarımız göstərirdi ki, xalq musiqisini əsaslı surətdə öyrənməyincə böyük əsərlər yazmaq mümkün deyildir. O, xalqı təkcə bəstəkar deyil, həm də misilsiz tənqidçi və musiqi əsərlərinin ən yaxşı “istehlakçısı” adlandırır, xalqın musiqi əsərlərinə diqqətlə yanaşdığını, yaxşını pisdən gözəl seçə bilmək və hər çeşidli saxta gözəllikləri və ideyasız dəbdəbələri amansızcasına rədd etmək qabiliyyətini, məharətini xüsusi qeyd edirdi.
Ədəbiyyat və incəsənətin əsil inkişafı ən yaxşı mütərəqqi, realist ənənələrin, estetik və bədii baxışların yeni şəraitdə ardıcıl və yaradıcı inkişafıdır. S.Vurğunun dediyi kimi, tarixi inkişafın təcrübəsi göstərir ki, öz köklərilə bizim sələflərimizə bağlı olmayan adamların yaradıcılığı xeyirxahlığa gətirib çıxarmır. Belə adamlar nə qədər “novatorluq” örtüyünə bürünsələr də, bizim klassik yazılı ədəbiyyatdan və şifahi xalq yaradıcılığının yaxşı ənənələrindən ayrı düşdükləri üçün yeni və qiymətli heç nə yarada bilmirlər.
Tədqiqatçı Cahid Quliyev azərbaycançılıq ruhuna, milli-mənəvi dəyərlərə bağlı olan sənətkarlar haqqında yazır: “Böyük sənətkar olmaq, ümumxalq məhəbbəti qazanmaq üçün gərək yazıçı, ənənəyə yiyələnməklə yanaşı, öz şəxsi yaradıcılıq sifətinə malik olsun. Belə sənətkar həyata ağıllı yanaşır, zəngin, mürəkkəb və ziddiyyətli hadisələri seçməyi bacarır, yenilik hisslərini duyur və bu hissləri vermək üçün təzə ifadə vasitələri, yeni forma seçir. Məhz sənətkarın novatorluğu elə bundadır ki, inkişafın əsil istiqamətini anlasın, yeniliyi vaxtında duysun və öz sənəti ilə bu yeniliyin qələbəsinə kömək etsin”.
Sənətkar keçmiş irsdən öyrənərkən bugünün övladı olduğunu yaddan çıxarmamalıdır. Bəşər fikrinin yaratdığı mədəniyyətin həqiqi və gözəl varisi olan sosializm sənətkarı mütərəqqi, humanist, inqilabi incəsənət və elm əsərlərinə məhəbbətlə yanaşır, hər cür qara qüvvələrə və ictimai bərabərsizliyə qarşı mübarizədə bu zəngin irsdən ehtiram və ehtirasla istifadə edir. Müasir ədəbiyyat xalq idrakından, xalq mənəviyyatından danışdığı zaman, onun mənəvi keçmişinə böyük bir hörmət və məhəbbətlə yanaşmalı tariximizin həyat və mübarizə səhifələrini ilham və ürəklə vərəqləməlidir.
Sənətkar öz oxucusunu, tamaşaçısını, dinləyicisini həyəcanlandırmaq, ağlatmağı və güldürməyi, düşündürməyi bacarmaq iqtidarında olmalıdır. O, oxucunun və dinləyicinin şüuruna və hisslərinə hakim olmağı bacarmalıdır. Həqiqi sənət əsərləri insanı riqqətə gətirməlidir. Müəllif yaratdığı müsbət qəhrəmanın simasında insanı lazımi yüksəkliyə qaldırmağı, duyğulara təsir etməyi bacarmalıdır.
Ü.Hacıbəyovun “Koroğlu” operasını yada salın. Biz tamaşanın ilk anından musiqinin əsiri olur, əsərin qəhrəmanları, xüsusən, Koroğlu ilə birlikdə sevinir, kədərlənirik, onlarla birlikdə iztirab çəkir və onlarla birlikdə qələbəni təntənə ilə qeyd edirik. Bunun səbəbi odur ki, Üzeyir sənəti soyuq bir şüurun, formal bir texnikanın məhsulu deyil, hadisələri yaşamış, insan taleyini duyub-düşünmüş, sevinc və iztirablar keçirmiş böyük bir ürəyin məhsuludur. Onun musiqi dili ilə qələmə aldığı həyat boyasız, sadə və təbiidir. Üzeyir sənəti həyat və insanı təsdiq edir.
Üzeyirin realizmi hadisələri və insanları natural halında deyil, yüksək romantik üslubda ifadə edir; cəmiyyətin bugünkü halını təsvir etdiyimiz zaman biz sabaha, gələcəyə doğru gedirik, daima yüksəlir və kamilləşirik. S.Vurğun yazır: “Üzeyir musiqisini dinlədiyimiz zaman biz bəzən qaşlarımızı çatıb loğman kimi düşünürük, bəzən həyat və insan eşqinə odlardan-alovlardan keçən qəhrəmanlar oluruq. Bəzən ürəyimiz ümman kimi təlatümə gəlir, bəzən də sakit və nurlu bir yaz səhəri kimi açılırıq, özümüzdə dağlarda külünglər çalan fərhadlar qüdrəti hiss edirik, xəyalımız göylərə uçduqca, yaşadığımız ana torpağı, onun yaratdığı insan adlı böyük neməti daha çox sevirik, öz varlığımız və tariximiz ilə fəxr edirik”. Böyük Azərbaycan şairi Səməd Vurğun gənc nəslin azərbaycançılıq, milli ruhda böyüməsinə yüksək qiymət verir, bunun üçün həyat həqiqətinə sadiq qalmağı əsil milli əsərlər yazmağı tələb edirdi: “Bu həqiqət (həyat həqiqəti) o qədər zəngin, rəngarəng, mənalı və gözəldir ki, onun heç bir boyağa rəng və uydurmalara ehtiyacı yoxdur”. Azərbaycan ədəbiyyatı və incəsənətinin təməlini qoyanlar həyat həqiqətinə sadiq olur, xalqla bağlılıq kimi nəcib ənənələri də özlərinin həyat və mübarizə devizi kimi qəbul edirdilər. Yeni həyatın yeni ədəbiyyat və incəsənətin yaradıcıları olan bu sənətkarlar sənətkarlığı, ustadlığı klassiklərdən öyrənir, eyni zamanda, yeni şəraitin, yeni zəmanənin tələblərini diqqət mərkəzində saxlayırdılar.
Axı, bu, bir həqiqətdir ki, keçmişin sənət fədailəri də mütərəqqi ənənəyə böyük ehtiramla yanaşmış, həm də yaşadıqları dövrün ən böyük novator sənətkarları olmuşlar. Belə olmasa idi, onlar klassiklər səviyyəsinə yüksələ bilməzdilər, adları tarixə düşməzdi.
AMEA-nın müxbir üzvü Yaşar Qarayev Ulu Öndər Heydər Əliyevin Azərbaycan sivilizasiyası və azərbaycançılıq konsepsiyasının əhəmiyyəti barədə yazır: “Azərbaycan sivilizasiyanın neçə min illik tarixi barədə çağdaş Siyasi Öndər və milli ideoloq Heydər Əliyevin son nəzəri müşahidələri belə bir miqyaslı təşəbbüsün icrasını elmi-nəzəri fikrimiz qarşısında vaxtı çatmış vəzifə kimi irəli sürür.
İkinci tərəfdən, digər dünyagörüşü, cərəyanları ilə və daha qlobal fəlsəfi ideyalarla (dirilik və dünya ideyası, həyatın mənası, insan və zaman, olum və ölüm...) bir kontekstdə baxanda milli ideya da özünün daha uzaq tarixi kökləri, genezis və mənşə təfərrüatı ilə birlikdə görünür. Axı, millilik və millət ideyası da, əslində, yüz illər və min illər boyu tarixi evolyusiya keçirən cəmiyyət və insan, fərd və şəxsiyyət ideyasının indiki yekun, növbəti sonuc məqamından başqa bir şey deyildir. Məhz bu baxımdan milli ideyanın müasir vəziyyətinin, onun çağdaş Qərb-Şərq tipologiyasının geniş, qlobal tarixi-fəlsəfi kontekstdə dərki üçün dini-fəlsəfi-bədii fikrin ən yaxın və uzaq təcrübəsi, xüsusilə, zəngin material verir.
Azərbaycançılığın konsepsiyası bir də, məhz bu təcrübənin elmi-nəzəri və bədii-fəlsəfi zirvəsində ucalmalıdır. “Şübhəsiz ki, bu konsepsiya tarixi keçmişimiz, milli, mədəni, dini ənənələrimiz üzərində qurulmalıdır”. Ancaq bu təqdirdə, milli ideyanın özünün milli təkrarsızlığı yarana bilər”.
Şübhəsiz ki, Heydər Əliyev öz xalqının psixologiyasının xüsusiyyətlərini, mentalitetini çox gözəl bilən xarizmatik liderdir. Onun həyatında hadisələrin sanki öncədən müəyyənləşdirilmiş gedişini təkcə sözün gücü ilə dəyişdirə bildiyi hallar çox olmuşdur. Heydər Əliyevin şəxsi nümunəsi bizim hamımızı, onun həmvətənlərini ruhlandırır və qurub-yaratmağa həvəsləndirir. O, Azərbaycana otuz ildən çox rəhbərlik edərək, sözü və əməli ilə yeni gerçəklik yaradır, Azərbaycan üçün dünyaya yol açır, onu ən sivilizasiyalı və çiçəklənən ölkələrdən birinə çevirməyə çalışır. Buna görə də xalq öz millətinə təmənnasız xidmət etməyin misilsiz nümunəsinə heyran olmaqla yanaşı, həm də başa düşür ki, indi Azərbaycana məhz belə lider lazımdır.
Ulu Öndər öz tarixi missiyasını şərəflə yerinə yetirdi. Onun layiqli siyasi varisi Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev də bu vəzifəni yeni dövrə uyğun ləyaqətlə davam etdirməkdədir. Cənab İlham Əliyev müstəqilliyimizi, dövlətçiliyimizi, iqtisadiyyatımızı daha da möhkəmləndirmək, inkişaf etdirməklə yanaşı, azərbaycançılıq ideologiyasını, milliliyimizi ümumbəşəriliklə daha düzgün, daha dolğun uyğunlaşdırılmasını təmin edir.
Vahid ÖMƏROV
Azad Azərbaycan.- 2013.- 9 aprel.- S.5.