Azərbaycançılıq və milli-mədəni
irs
Hər
bir xalqın mədəni irsi özündə maddi və mənəvi
mədəni irsi əks etdirir. Mədəni irsə malik olmaq
hər bir xalqın toxunulmaz hüququdur. Ümumdünya mədəni
irsin və təbii sərvətlərin qorunması
haqqında “YUNESKO-nun 16 noyabr 1972-ci il tarixli Konvensiyasında
(Azərbaycan bu sənədə 1993-cü il dekabr
ayının 6-da qoşulmuşdur) “mədəni irs”
anlayışının dəqiq tərifi verilmişdir: “Abidələr
- tarixi baxımdan əhəmiyyətli, universal dəyərə
malik memarlıq nümunələri; ansambllar - tarixi
baxımdan əhəmiyyətli universal dəyərə malik əlahiddə
və ya bir-biri ilə əlaqəli tikililər qrupu”,
1976-cı il noyabr ayının 26-da Nayrobi şəhərində
keçirilmiş BMT-nin təhsil, elm və mədəniyyət
məsələləri üzrə baş konfransının qəbul
etdiyi “Tarixi ansamblların mühafizəsi və müasir rolu
haqqında” tövsiyələrində bildirilir: “Tarixi və
ya ənənəvi ansambllar” dedikdə,
toxunulmazlığı və dəyəri arxeoloji,
memarlıq, tarixi, estetik və sosial-mədəni baxımdan
tanınan, şəhərlərdə yaşayış məskənlərini
təşkil edən istənilən bina, tikili qrupları,
şəhərlərdə yaşayış məskənlərini
təşkil edən istənilən bina, tikili qrupları,
arxeoloji qazıntı yerləri də daxil olmaqla,
açıq məkanlar nəzərdə tutulur. Bir-birindən
fərqlənən bu ansambllar arasında tarixi şəhərlər,
qədim şəhər məhəllələri xüsusilə
seçilir”. Mədəni irs elə bir sərvətdir ki, onun
mühafizəsi, qorunması və təbliği öz vətəndaşları,
beynəlxalq birlik qarşısında müvafiq öhdəliklər
götürmüş dövlətin vəzifəsidir.
İctimai fikirdə xalqların mədəni müxtəlifliyi tarix boyu prioritet məsələ kimi üstünlük təşkil etmişdir. Bu baxımdan, bütün sosial-iqtisadi, hüquqi və digər problemlər yalnız xalqın mədəni ənənələrinə, davamlı fərdi eyniyyət axtarışı prosesinin nəticəsinə - milli özünüdərk hissini formalaşdıran əxlaq qaydalarına uyğun həll oluna bilər. Belə olan halda, qüdrətli qloballaşma əsrində Azərbaycanın mədəni-tarixi və dövlətçilik məkanı kimi qorunub saxlanılması yalnız onun mədəni arxitipini mühafizə edə bilən tarixinin davam etdirilməsi yolu ilə mümkündür.
Xalqları mədəni irs qədər, milli-mənəvi ənənələr qədər, dəyərlər qədər birləşdirən başqa bir vasitə yoxdur. Biz bu vasitələrdən daim istifadə etməliyik.
Azərbaycanlı milli mənlik şüurunun və ləyaqət hisslərinin tükənməz mənbəyi bizim qədim və zəngin mədəni irsimizdir. Ağır sarsıntıları və qələbələri, taleyüklü dönüşləri, əsrlərin ibrətamiz dərslərini, zamanın fırtınalarına tab gətirmiş mədəniyyət abidələrini istər eyni və ya qohum etnosların, istərsə də, əsrlər boyu eyni ərazidə mehribanlıqla yaşamış müxtəlif etnoslara mənsub əhalinin ümumi sosial yaddaşına çevirən tarix, mədəni irs zaman keçdikcə bir-birini əvəz edən ayrı-ayrı nəsillərə vahid bir toplum keyfiyyəti verir, onun nümayəndələrinə soy-kökünü, dost-düşmənini tanıdır. Tarix, mədəni irs ən qüdrətli milli özünüdərk məktəbidir. Sovet hakimiyyəti illərində məqsədyönlü, məkrli niyyətlərlə Azərbaycan tarixi ideoloq-alimlər tərəfindən saxtalaşdırılmışdır. Bu gün, heç şübhəsiz ki, tarixi oğurlanmış azərbaycanlılar üçün keçmişini bilmək yalnız onunla fəxr etmək deyil, habelə, azərbaycançılıq tərbiyəsində mühüm əhəmiyyət kəsb edir.
Azərbaycanın mədəni irsinin, azərbaycançı ruhunun qorunub saxlanmasında Ulu Öndər Heydər Əliyev əvəzsiz rol oynamışdır. Hələ sovet dövründə O, yazıçıların yubileylərini keçirir, əsərlərini çap etdirir, mədəni irsi xalqın mənəvi sərvətinə çevirirdi. M.Qasımlı çox düzgün olaraq Heydər Əliyevi təkcə kommunist lideri deyil, “milli lider, mədəniyyət milliyyətçisi kimi” təqdim edərək yazır: “Millətlər arasında fərqləri ləğv etməyi qarşıya qoyan kommunist ideologiyasından fərqli olaraq Heydər Əliyev Azərbaycan milli mədəniyyətinin qoruyucusu, inkişafetdiricisi və zənginləşdirici funksiyasını sistemli şəkildə, qətiyyətlə həyata keçirirdi”.
Heydər Əliyev yasaq olunmuş ədəbi-tarixi abidələrin (“Kitabi - Dədə Qorqud”) öyrənilməsini, İraqda Füzulinin qəbrinin bərpasını, Cavidini məzarının Azərbaycana gətirilməsini, Nizami, Nəsimi, S.Vurğun və s. görkəmli korifeylərin yubileylərinin keçirilməsini təşkil etdi.
Azərbaycan tədqiqatçısı İ.Hüseynova Heydər Əliyevin birinci hakimiyyəti illərində Azərbaycan mədəniyyətinin müxtəlif sahələrində - elm, təhsil, maarif, ictimat-mədəni sahələrində keyfiyyətli dəyişikliklər baş verdiyini qeyd edərək yazır: “1970-1980-ci illərin əvvəllərində ali təhsil sahəsində yaranan fundamental maddi-texniki baza, mütərəqqi ənənələr müasir ali təhsilimizin möhkəm bünövrəsini təşkil edir”.
Tədqiqatçı qadınların hüquqlarının qorunması və sosial-iqtisadi həyatda fəal iştirakı məsələsinə də toxunaraq, həmin dövrdə yüzlərlə azərbaycanlı gənc qızın keçmiş SSRİ-nin qabaqcıl ali məktəblərinə göndərildiyini, müasir dövrdə Azərbaycanın yüksək ixtisaslı mütəxəssislər sarıdan çətinlik çəkməsini, məhz 1969-1982-ci illərdə təhsil, elm sahəsində aparılan səmərəli fəaliyyətin nəticəsi ilə əlaqələndirir: “Heydər Əliyev həm 70-80-ci illərdə Azərbaycana rəhbərlik etdiyi vaxtlarla da Azərbaycanın gələcəyi, müstəqilliyi haqqında düşünürdü. Azərbaycanın müstəqil yaşaması üçün, mövcudluğu üçün, böyük imkanlara malik olduğuna tam əmin idi. Qeyd etmək lazımdır ki, O, respublikanın sosial-iqtisadi, milli-mədəni inkişafını yüksək səviyyədə təmin etməklə məhz bunun gələcəkdə əsas təməl olacağını nəzərdə tuturdu”.
ABŞ tədqiqatçısı T.Svyatoxovski 60-cı illərin sonu 80-ci illərin əvvəllərini “Əliyev dövrü” kimi səciyyələndirərək, bu dövrdə mədəni inkişafın xarakteristikasını belə müəyyənləşdirmişdir: “1960-1970-ci illər Azərbaycanın mədəni mənzərəsini əmələ gətirən üç mövcud cərəyanın qarşılıqlı əlaqəsini qabarıq şəkildə nümayiş etdirirdi. Bu cərəyanlardan biri urbanizasiyanın, xüsusilə, Bakı əhalisinin sürətli inkişafında, ikinci cərəyan isə yavaş-yavaş dirçələn ziyalı təbəqəsi üçün ehtiyat qüvvələrin hazırlanması istiqamətində əhali arasında ali təhsilli kadrların sayının 150 min nəfərə çatmasında özünü göstərdi... Hər iki istiqamətdəki inkişaf ikidilliliyin güclənməsilə bir araya düşdü ki, bu da 3-cü cərəyanın mahiyyətini təşkil edirdi”.
T.Svyatoxovski Heydər Əliyev dövründə milli ziyalı kadrların yaranması sahəsindəki uğurları xüsusi diqqətə çatdırır.
AMEA-nın prezidenti, görkəmli alim M.Kərimov Heydər Əliyevin 1970-1985-ci illərdə Azərbaycan mədəniyyətinin inkişafındakı əvəzsiz xidmətlərindən bəhs edərkən, bu dahi şəxsiyyəti “elmimizin, mədəniyyətimizin, ədəbiyyatımızın gözəl bilicisi və araşdırıcısı” kimi səciyyələndirir: “Heydər Əliyev həm də böyük bir elm adamı idi. Onun müdrik siyasətinin dərinliyi, məhz elmi prinsiplər üzərində qurulması, intellektual potensiala arxalanmasında idi. Azərbaycan elminə respublikada rəhbərlikdə olduğu bütün dövrlərdə göstərdiyi qayğı və dəstək də elə buradan qaynaqlanırdı. Heydər Əliyev öz fəaliyyəti və siyasi təcrübəsində elmi fikrin ən yeni nailiyyətlərindən faydalanırdı. O, cəmiyyətin, xalqın inkişaf zəminini elmdə, intellektdə görürdü”.
M.Kərimov respublikada fundamental elmin mərkəzi olan AMEA-nın intibahını, ilk universal milli eksiklopediyanın yaranmasını Heydər Əliyevin adı ilə bağlayır, texniki elmlərlə yanaşı, bütün ictimai-siyasi fəaliyyəti boyunca tarixə, ədəbiyyata, mədəniyyətə yüksək qiymət və əhəmiyyət verdiyini, onların xalqın mənəvi həyatında oynadığı rolu layiqincə dəyərləndirdiyini qeyd edir: “Heydər Əliyevin elmi-mədəni sahəyə başını bir sistem təşkil edirdi. Burada ümumi rəhbərlik və təşkilatçılıqla yanaşı, bu böyük siyasətçinin, həm də böyük sənət adamı olduğu da aşkara çıxırdı”.
Heydər Əliyevin himayədarı olduğu akademiya intellektual sərvətin və azərbaycançılıq ideologiyasının yaranmasında mühüm rol oynamışdır. “AMEA-da dünya elminin inkişafına yeni töhfələr verən böyük alimlər yetişmişdir. Burada respublikanın çox böyük elmi potensialı formalaşmışdır. Azərbaycanın adının dünyada tanıdılmasında, Azərbaycan elmi ilə birlikdə azərbaycançılıq ideologiyasının dünyada yayılmasında bu akademiyanın, həm də tarixi bir rolu vardır. Akademiyada formalaşmış zəngin milli-mənəvi və elmi yaradıcılıq ənənələrini davam və inkişaf etdirmək milli-mənəvi sərvətimizi yaşatmaq, qorumaq və zənginləşdirmək deməkdir”.
Heydər Əliyevin mənəvi mədəniyyət sahəsində xüsusi milli ideologiya sahəsində ən uğurlu xidmətlərindən biri azərbaycançılıq ideologiyasını inkişaf etdirməsidir. Akademik R.Mehdiyev azərbaycançılığın inkişafında Heydər Əliyevin əvəzsiz xidmətini yüksək dəyərləndirmişdir.
1969-cu ildə Heydər Əliyevin Azərbaycanın siyasi rəhbərliyinə gəlişi Azərbaycan dövlətçiliyi tarixi üçün böyük rol oynamışdır. Bununla xalqımızın həyati problemlərinə, taleyüklü məsələlərinə yeni ideoloji-konseptual və fəlsəfi yanaşmaların əsası qoyuldu. Bu dövrdən ölkədə olduqca mühüm ictimai, siyasi, iqtisadi, mədəni və mənəvi proseslər başlanmışdır. Yeni əsrin zirvəsindən həmin dövrə nəzər saldıqda, böyük şəxsiyyətin, siyasi liderin və dövlət xadiminin, hətta totalitar rejim və sərt ideoloji normalar şəraitində nələrə qadir olduğunun şahidi oluruq. Belə ki, 1970-80-ci illərdə, əslində, Azərbaycanın gələcəkdə müstəqil dövlət kimi yaşaya bilməsi üçün zəruri olan əsaslar - iqtisadi, mədəni-mənəvi potensial yaradılmış, milli kadr problemləri həll olunmuşdu.
Azərbaycanda milli şüurun və milli özünüdərkin bütün formalarının yüksək vüsət almasına imkan verən sürətli inkişaf strategiyasının seçilməsi və uğurla həyata keçirilməsi Heydər Əliyevin rəhbərlik və idarəetmə fəlsəfəsinin aparıcı qayəsini təşkil edir. İstehsal, elm, mədəniyyət, Azərbaycan dilinin inkişafı sahəsində əldə edilmiş tərəqqi, milli ruhun inkişafına, milli özünüdərkin və milli uğurun yüksəlməsinə, gələcəkdə müstəqil Azərbaycan dövlətinin yaranmasına xidmət edən uzaqgörən planın tərkib hissələri olmuşdur. Azadlıq uğrunda açıq mübarizəyə hazırlıq mərhələsi 70-80-ci illəri əhatə etmişdir. Həmin mərhələnin əsas məqsədi Azərbaycanda hərtərəfli iqtisadi, siyasi, sosial, mədəni inkişaf zəminində xalqın mübarizlik ruhunu və əzmini gücləndirməklə, onu çətinlik və məhrumiyyətlərə hazırlamaq olmuşdur.
Vahid ÖMƏROV
Azad Azərbaycan.- 2013.- 10 aprel.- S.5.