"Heydər Əliyev və türk dünyası"

 

Bişkekdəki Türkdilli Dövlətlərin Siyasətinə Dəstək Fondu (TDSDF), “Qırğızıstan Azərbaycanlılarının Əlaqələndirmə Mərkəzi” İctimai Birliyi, İssıkkuldakı “Xəzər” İctimai Birliyi, “Qırğızıstan Azərbaycanlıları Konqresi” İctimai Birliyi, Kara Balta Azərbaycanlılarının “Ñîäðóæåñòâî” Cəmiyyəti Qırğızıstan Milli Elmlər Akademiyasında (MEA) ulu öndər Heydər Əliyevin anadan olmasının 90 illiyi ilə əlaqədar “Heydər Əliyev və türk dünyası” mövzusunda elmi-nəzəri konfrans keçirmişlər.

Konfransda Azərbaycanın Qırğızıstandakı səfiri Hidayət Orucov, Qırğızıstan MEA-nın vitse-prezidenti Abdıldacan Akmataliyev, siyasətçilər, tanınmış elm, mədəniyyət və incəsənət xadimləri, diasporumuzun üzvləri, jurnalistlər iştirak etmişlər.

Konfransı akademik Askar Kakeyev açmış, Azərbaycan xalqının böyük oğlu, dünya şöhrətli siyasətçi Heydər Əliyevin həyat və fəaliyyəti haqqında geniş məlumat vermişdir. Onun sözlərinə görə, Heydər Əliyev ölkənin uzunmüddətli perspektiv inkişafının Azərbaycanın gələcəyi üçün əhəmiyyət kəsb edən strateji istiqamətlərini müəyyən etmişdir. O, dünya miqyaslı siyasi lider səviyyəsinə qalxmışdı və bu istedad xalqın inkişaf yollarını aydın görməkdə və qarşıya qoyulmuş məqsədlərə ardıcıl nail olmaqda parlaq şəkildə özünü büruzə vermişdir. Ulu öndər Azərbaycanın modernləşməyə əsaslanan milli inkişaf strategiyasının – azərbaycançılıq, milli birlik, sosial ədalət, əhalinin iqtisadi firavanlığı, ölkənin ərazi bütövlüyü ideyalarına əsaslanan müstəqil, firavan və siyasi baxımdan sabit dövlət qurulması strategiyasının təməlini qoymuşdur. A.Kakeyev daha sonra Qafar Əiyevin TDSDF-in təşəbbüsü ilə Bişkekdə rus, qırğız və qazax dillərində çap edilən “Müasir Azərbaycanın banisi, memarı və qurucusu” kitabının əhəmiyyətindən də danışmışdır.

Səfir Hidayət Orucov bildirmişdir ki, Heydər Əliyev müstəqil dövlətimizin banisi, ölkədə demokratik dəyişikliklərin əsas təşəbbüsçüsü olmaqla uğurlu inkişafın Azərbaycan modelinin əsasını qoymuş, sərrast hakimiyyət vertikalını yaratmış, dövlətçiliyi möhkəmlətmiş, sosial yönümlü bazar iqtisadiyyatının istiqamətlərini müəyyənləşdirmişdir. Azərbaycan vətəndaşları Heydər Əliyevin rəhbərliyi ilə hərtərəfli ölçülüb-biçilmiş genişmiqyaslı iqtisadi və siyasi dəyişikliklər planının işlənib hazırlanmasının və həyata keçirilməsinin şahidi olmuşlar. Heydər Əliyevin zəngin idarəçilik təcrübəsi, onun istər ölkə daxilində, istərsə də xaricdə son dərəcə yüksək nüfuz sahibi olması ölkə qarşısında duran uzunmüddətli strateji məsələlərin həllinə şərait yaratmışdır. Heydər Əliyev tərəfindən işlənib hazırlanmış siyasi strategiya Azərbaycan cəmiyyətini səfərbər etməyə və sıx birləşdirməyə şərait yaratmışdır.

Akademik Turar Koyçuyev, “Qırğızıstan Azərbaycanlıları Konqresi” İctimai Birliyinin prezidenti Çingiz Ələsgərov, TDSDF-in prezidenti Nüsrət Məmmədov və başqaları qüdrətli dövlət xadimi Heydər Əliyevin Azərbaycan xalqı qarşısındakı xidmətlərindən danışmış, ulu öndərimizin xatirəsinin qəlblərdə əbədi yaşayacağını bildirmişlər.

Tədbirin sonunda iştirakçılara Qafar Əliyevin “Müasir Azərbaycanın banisi, memarı və qurucusu” kitabı və “Ədəbiyyat və incəsənət məsələləri” jurnalı hədiyyə edilmişdir.

 

 

Qulu Kəngərli

 

Azad Azərbaycan.- 2013.- 12 aprel.- S.6.