Azərbaycanın
iqtisadi yüksəlişi və azərbaycançılıq
ideyaları
Azərbaycançılıq
ideyaları iqtisadi yüksəlişdən ayrılmazdır.
Hələ sovet dövründə Azərbaycanın gələcək
müstəqilliyi üçün iqtisadi bazanın
yaradılmasında Ulu Öndər Heydər Əliyevin əvəzsiz
xidməti olmuşdur: “O dövrlərdə (sovet dövrü)
yaranmış iqtisadi potensial da bizim böyük sərvətimizdir.
Bu sərvət də Azərbaycanın
tam sərbəst, heç bir
dövlətdən asılı olmayaraq yaşamasına imkan
verir. Güman edirəm ki, biz müstəqilliyimizi tam bərqərar
etdikdən və qarşıda duran vəzifələri həyata keçirdikdən sonra ölkəmizin
bu iqtisadi potensialının bəhrələrini Azərbaycanın hər bir
vətəndaşı görəcək və bunun sayəsində
şən - firavan yaşayacaqdır.
Azərbaycana
birinci rəhbərliyi dövründə Ulu Öndər əsil
milli xadim kimi iqtisadiyyatı inkişaf etdirməklə
yanaşı, imkan daxilində azərbaycançılıq
ideyalarının
inkişafı üçün də zəmin
hazırlayır. Professor Mübariz Yusifov “Heydər Əliyev və
azərbaycançılıq ideologiyası” əsərində
bu münasibətlə yazmışdır: Heydər Əliyev
Respublikaya rəhbərlik etdiyi bütün fəaliyyəti ərzində doğma vətəninə xidmətlə özünün əsil azərbaycançılıq nümunəsini nümayiş
etdirmişdir. Onun respublikaya rəhbərlik etdiyi dövrlərdə
sənayenin və kənd təsərrüfatının
inkişafında çox mühüm nailiyyətlər əldə
olunmuş, iqtisadi sahədə böyük uğurlar
qazanılmışdır. 1969-cu ildən ölkənin
inkişafı yolunda atılan uğurlu addımlar məhz Azərbaycanın
gələcəkdə müstəqil inkişaf yoluna qədəm qoyması
məqsədinə xidmət edirdi. Bu isə, əlbəttə,
sərbəst inkişafa aparan yol idi. Şübhəsiz,
ölkədə iqtisadi inkişaf ənənələrinin bərqərar
olunması müstəqillik dövründə onun maddi
bazasının möhkəmlənməsinə zəmin yaradan
başlıca amillərdən biri kimi qiymətləndirilməlidir.
1969-cu
ildən bəri başlanan iqtisadi inkişaf ənənələri
bu gün böyük neft strategiyası planlarının həyata
keçirilməsinin təməli hesab olunmalıdır.
Başqa sözlə, bugünkü iqtisadi
uğurlarımızın bünövrəsi, məhz 1969-cu
ildən başlanan iqtisadi inkişaf zəmininə əsaslanır.
Heydər Əliyev Azərbaycanın bugünkü müstəqilliyini
məhz o zamandan duyurdu, görürdü və müstəqil
respublikanın iqtisadi dirçəlişini təmin etmək
proqramını hələ o zamandan hazırlamağa
başlamışdı. Neft sənayesinin inkişafına, iri
sənaye obyektlərinin tikilməsinə və istifadəsinə,
xalq təsərrüfatı və kənd təsərrüfatı
sahələrində məhsul bolluğunun yüksəldilməsinə
çox mühüm diqqət yetirilirdi.
1970-ci
ildə qeyd olunurdu ki, Azərbaycan 100 il müddətində
ölkəyə 1 milyard ton neft vermişdir. Lakin neft sənayesinin
inkişaf etdirilməsi üçün mövcud
avadanlıqlar günün tələblərinə cavab
vermirdi. Neft hasilatının çoxaldılması təkcə
o demək deyildi ki, Azərbaycan öz sərvətini sovet
dövlətinə əliaçıqlıqla bəxş
edirdi. Neft sənayesinin inkişafı xalqın
rifahının yaxşılaşdırılmasına xidmət
edirdi. Xalqın rifahı yaxşılaşdıqca, onun mədəni-məişət
həyatının inkişafına zəmin
yaradılırdı, əhalinin sosial təminatı gücləndirilirdi.
Əhalinin sosial, məişət və mədəni həyatının
təmin olunması insanlarda Azərbaycanın milli mənafelərinə
rəğbətin artmasına səbəb olurdu.
Daha
zəngin maddi bazaya söykənən milli mənafelər Azərbaycanın
varlığına inam, milli ənənələrin davam və
inkişafına zəmin yaratmaqla insanlarda müstəqil
düşüncə tərzini formalaşdırırdı.
Bu isə, sosial həyatda müstəqil yaşamağın,
müstəqil dövlət quruculuğu ideyalarının həyata
keçirilməsinə təminat yaradır. Məhz Heydər
Əliyevin iqtisadi inkişafa nail olmaqla ölkənin gələcək
müstəqil həyata hazırlanması proqramının
aparıcı xətti bu məqsədin həyata keçirilməsi
ilə bağlı olmuşdur. Ona görə də Heydər Əliyev
hələ o zamanlar ölkənin inkişafı
üçün, iqtisadi dirçəlişi
üçün mövcud imkanlardan maksimum istifadə
olunması üçün bütün səy və
bacarığını sərf edirdi.
Reyhan Mirzəzadə isə “Azərbaycanı
dünyaya saydıran insan” əsərində Ulu Öndər
Heydər Əliyevin iqtisadi uğurları azırbaycançılıq
ideyaları ilə vəhdətdə
götürdüyünü göstərir: Neft sənayesi Azərbaycanda
iqtisadi inkişafın ən aparıcı sahələrindən
biri olduğu üçün Heydər Əliyev həmin sahədə
uğurlar qazanılmasına xüsusi diqqət yetirmişdir.
Heydər
Əliyevin rəhbərliyi ilə neft sənayesinin inkişaf
etdirilməsi barəsindəki məsələ SSRİ Nazirlər
Soveti qarşısında qəti qoyuldu və Azərbaycanda
iki böyük neftayırma zavodu tikildi. Zavodlar
üçün Almaniya və Fransadan yeni avadanlıqlar gətirilib
quraşdırıldı. Respublikada ən iri ilkin
neftayırma kompleksi işə salındı. Cəmi 3 il ərzində
onu layihədə nəzərdə tutulan gücə
çatdırmaq mümkün oldu. Bu isə neft məhsulları
istehsalını 86 faiz artırmaqla, 5 köhnəlmiş
qurğunu ləğv etməyə, xidməti işçilərin
sayını 3 dəfədən çox azaltmağa imkan
verdi. İstehsal edilən neft məhsullarının keyfiyyəti
xeyli yaxşılaşdı. Mənbələrdə göstərildiyi
kimi, Bakıda xam neftin hasilatından tutmuş, onun
istehlakçıya çatdırılmasınadək texnoloji
prosesin bütün mərhələlərini özündə
birləşdirən güclü neft kompleksi inkişafda oldu.
Bu kompleksin ayrılmaz hissəsi hazırda “Azneftmaş”
konserninin iri zavodlar qrupunda təmsil olunmuş neft
maşınqayırmasıdır. Keçmiş SSRİ-də
bənzəri olmayan bu nadir qurum indinin özündə də
təkcə Azərbaycanda deyil, həm də Rusiya,
Qazaxıstan, Türkmənistan və MDB-nin digər neft hasil
edən respublikalarında böyük neftin taleyini həll
edir.
Ulu
Öndərin fəaliyyətində azərbaycançılığı
və iqtisadiyyatı inkişaf etdirmək müstəqillik illərində
ən yüksək zirvəyə qalxdı. Bunu bütün tədqiqatçılar
təsdiq edir.
Azərbaycan
Respublikasında Heydər Əliyev tərəfindən
yaradılmış iqtisadi inkişaf bazası ilə müstəqillik
dövründə iqtisadiyyatın dirçəlişi
üçün olduqca münbit bir şərait mövcud idi.
Bunun sayəsində 1994-cü ilin sentyabrında Azərbaycanda
iqtisadi potensialın möhkəmləndirilməsini, həmçinin,
respublikada yaranmış sabitlik şəraitində ölkəmizə
olan inam və marağın artmasını təmin etmək
məqsədilə “Əsrin müqaviləsi” adlanan ilk
neft kontraktları imzalanmışdır. Dövlət neft
strategiyasının həyata keçirilməsində və
reallaşdırılmasında ən böyük məsuliyyət
Dövlət Neft Şirkətinin (ARDNŞ) üzərinə
düşür. Neft strategiyasının səmərli nəticələr
əldə etməsi işində şirkətin o vaxtkı
birinci vitse-prezidenti, ölkə başçısı
İlham Əliyevin xüsusi rolu, əməyi və fəaliyyəti vardır. Neft strategiyasının
həyata keçirilməsi yolunda bir çox çətinlikləri
uğurla aradan qaldırıb gələcək perspektivləri
pozitiv baxımdan təhlil edən İlham Əliyev Respublika
Sarayında “Əsrin müqaviləsi”nin beşinci
ildönümünə həsr edilmiş təntənəli
mərasimdəki çıxışında deyir: “ Müstəqil
Azərbaycanın bu günü və sabahı
üçün böyük əhəmiyyət kəsb edən
neft strategiyasının hazırlanması və həyata
keçirilməsinin fəal iştirakçıları kimi
biz əvvəlki nəsillərin görkəmli nailiyyətlərini
inkişaf etdirir və gələcək nəsillər
üçün güzəranın təməlini qoyuruq... “Əsrin
müqaviləsi”nin həyata keçirilməsi nəticəsində
əldə olunmuş nailiyyətlər göz
qabağındadır. Gələcək haqqında isə təkcə
onu qeyd etmək kifayətdir ki,
30 il ərzində Azərbaycan “Əsrin müqaviləsi”dən
bütün gəlirin 80 faizini, xarici neft şirkətlərinin
hamısı birlikdə isə 20 faizini götürür.”
Bir
sözlə, M.Yusifovun qeyd etdiyi kimi: “Heydər Əliyevin
1969-cu ildən respublikaya rəhbərlik etdiyi dövrdən
ölkənin inkişafı yolunda atılan uğurlu
adımlar Azərbaycanın gələcəkdə müstəqil
inkişaf yoluna qədəm qoyması məqsədi
daşımışdır. Azərbaycan Respublikasının
sərbəst inkişaf yoluna qədəm qoyması Heydər Əliyevin
ölkəyə rəhbərlik etdiyi 1969-cu il dövründən
başlanır. Azərbaycan Respubirkasında baş verən
bugünkü iqtisadi dirçəliş ölkəmizin iqtisadiyyatında
1969-cu ildən bəri yaranmış ənənələrin
müasir dövrdəki davamından ibarətdir.
İqtisadiyyatda müstəqil
inkişafın bərqərar edilməsi sosial həyatda
müstəqil düşüncə tərzinin
formalaşmasına təsir göstərən başlıca
amillərdən biridir. Heydər Əliyevin Respublikaya rəhbərlik
etdiyi 1969-82-ci illər dövründə tikilən və
istifadəyə verilən çoxsaylı sənayə müəssisələri
iqtisadi dirçəliş yaranmasına çox böyük
təkan verdi. İstehsal müəssisələrinin
yaranması və istifadəyə verilməsindən məqsəd
xalqın rifahının
yaxşılaşdırılmasından ibarət idi.
Xalqın maddi rifahının get-gedə
yaxşılaşması 1969-82-ci illərdə xalqın
müstəqilliyini bərqərar etmək və onun sərbəst
düşüncə imkanlarını formalaşdırmaq
yolunda atılan addımlardan idi. Heydər Əliyevin
uzaqgörən siyasətinə söykənən bu hərəkat
hər gün baş verirdi, artırdı,
çoxalırdı. Onun idarəetmə mexanizmi elə incəliklə
istiqamətləndirilmişdi ki, o zamankı mərkəzi
hökumət hələ onu uzun müddət aşkar edə
bilməmişdi.
Heydər
Əliyev Azərbaycanda kadr hazırlığı sahəsində
çox mühüm işlər görürdü. Hər il
800 nəfərdən artıq gənc yüksək təhsil
almaq üçün respublikadan kənara göndərilirdi.
Heydər Əliyevin uzaqgörən siyasəti nəticəsində
hələ sovet dövründə Azərbaycan Respublikası
özünün müstəqil inkişaf təminatını
yarada bilmişdi. 1969-82-ci illər dövründə və
ondan sonrakı vaxtlarda iqtisadi inkişafın təmin
olunması vətənə xidmət, xalqın mənafeyi
naminə çalışmaq nümunəsi olmaqla, azərbaycançılığın
başlıca istiqamətlərindən birinə
çevrilmişdi.”
Ulu
Öndərin layiqli siyasi varisi ölkə Prezidenti cənab
İlham Əliyev Azərbaycan iqtisadiyyatını və azərbaycançılıq
ideyalarını uğurla inkişaf etdirir. Novruz bayramı
münasibətilə çıxışında İlham Əliyev
demişdir: “Əlbəttə,
biz nə sosial, nə xarici siyasət sahələrində
uğurları güclü iqtisadi baza olmadan əldə edə
bilməzdik. Məhz buna görə biz əsas istiqaməti bu
sahəyə yönəltdik. Son 8 il ərzində
iqtisadiyyatımız 3 dəfə, büdcəmiz təxminən
15 dəfə artmışdır. Bu gün biz güclü
iqtisadiyyata malik olan ölkəyik. Bizim böyük valyuta
ehtiyatlarımız vardır. Biz öz hesabımıza
yaşayırıq, heç kimdən asılı deyilik. Əksinə,
biz artıq yeni iqtisadi strategiyamızı icra edərkən
xarici ölkələrə kreditlərin verilməsinə
başlamışıq. Hesab edirəm ki, bu da çox gözəl
göstəricidir. Bu, bizə gələcəkdə həm
iqtisadi, həm də siyasi cəhətdən böyük
iqtisadi və siyasi dividendlər gətirəcəkdir və
artıq gətirir. Biz bu siyasəti davam etdirəcəyik,
maliyyə resurslarımızı şaxələndirilmiş
şəkildə lazım olan layihələrə istiqamətləndirəcəyik.
İqtisadi
sahədə əldə edilmiş nailiyyətlər bölgələrdə
də öz təsirini göstərir. Hər bir bölgədə
canlanma, inkişaf, quruculuq var, abadlıq işləri gedir.
Bölgələr, rayonlar arasında sağlam rəqabət
aparılır. Bu da məni çox sevindirir. Mən tez-tez
bölgələrdə oluram və görürəm ki, hər
bir yerdə quruculuq işlərinə böyük həvəs
vardır. Hər bir rayonda sakinlər istəyirlər ki,
onların şəhərləri, kəndləri daha da gözəl,
daha da abad olsun.
Bir
sözlə, ölkəmizdə ümumi ruh yüksəkliyi,
ümumi quruculuq meyilləri çox güclüdür və
bu, onu göstərir ki, Azərbaycan cəmiyyəti sağlam
cəmiyyətdir. Bir daha demək istəyirəm ki, bu
sağlamlığın əsas mənbəyi milli dəyərlərimizdir.
Biz bu dəyərlərə sadiqik və daim bu dəyərləri
uca tutacağıq!”
VAHİD ÖMƏROV
Səs.-
2013.- 12 aprel.- S. 5.