Dağa çiyin verən ədib...
Məmmədhüseyn
Əliyev isə elə bu filialda da
çalışa-çalışa böyük coşqu ilə
yazıb yaratdı, “Dağlar oğlu”, “Dağda bahar”,
“Torpağın ətri” kimi neçə-neçə əbədiyaşar
əsərlərini irs olaraq bu günün və sabahın
oxucularına ərməğan elədi.
Uzaq əyalətdə
bir ədəbi məktəb və ədəbiyyatımız
naminə bir ədəbi mühit yaratdı, yeni,
yaradıcı bir nəsil yetişdirdi və indi onların da
bir çoxu müasir ədəbiyyatımızda layiqli yer
tuturlar ki, elə bu da yaradıcılığı ilə
yanaşı Məmmədhüseyn müəllimin ədəbiyyatımıza
xidmətidir.
lll
Elə
buradaca görkəmli yazıçının özünəməxsus
şəxsi məziyyətlərindən, onunla qısa
ünsiyyətlərimdən yadımda qalan bəzi məqamları
qeyd etmək istəyirəm.
Lerikdən-Lənkərana,
necə deyərlər, dağdan arana enəndən bir müddət
sonra bir gün Məmmədhüseyn müəllimin yolu
doğma rayona düşür. Fürsətdən istifadə
edib neçə il direktoru olduğu məktəbə
yollanır. Keçmiş iş yoldaşları ilə
görüşüb hal-əhval tutur.
Sonra
da sıra ilə oturub onunla şirin-şirin söhbət edən
müəllimləri diqqətlə nəzərdən
keçirib baxışlarını köhnə həmkarı
Bilal müəllimin üzərində saxlayır:
–
Bilal müəllim, səndən bir söz soruşacam, ancaq
düzünü de, mən çox “süd” verirdim, yoxsa indiki
direktorunuz Mürsəl müəllim?..
Məmmədhüseyn
müəllimin nə demək istədiyini əlüstü
başa düşən Bilal müəllim çox da
yubanmadan, necə deyərlər, əlbəəl:
– Məmmədhüseyn
müəllim, adamın başının üstündə
Allahı var, çox süd verməyinə, əlbəttə,
sən Mürsəl müəllimdən artıq verirdin,
özü də sərinc-sərinc... Sonra da nəzərlərini
keçmiş direktorunun üzünə zilləyib: – Ay Məmmədhüseyn
müəllim, incimə ha, ancaq öz aramızdır,
burası da vardı ki, axı həm də sən arada bir təpik
atıb o sərincin südünü
dağıdırdın...
Yeri
gəlmişkən, Bilal müəllimin özü də
olduqca maraqlı, hazırcavab bir adam idi.
Söhbət
açdığım o illərdən bir müddət sonra mən
rayonun kommunist gənclər təşkilatına rəhbərlik
edirdim və qəsəbədəki ən qocaman, 1 saylı məktəbdə
çalışan bu müəllimlə iş əsnasında tanış olub
dostlaşmışdım. Aramızda xeyli yaş fərqi
olmasına baxmayaraq, Bilal müəllim bütün məziyyətləri,
halı-xasiyyəti ilə elə bir növ özü də gənclərin
sırasında idi. Bir də yeniyetmələrlə, gənclərlə
işləyənlər elə indi də nə qədər
ki, onların arasında,
ünsiyyətdədirlər, elə özləri də
sanki cavandırlar. O mühitdən ayrıldıqları,
uzaqlaşdıqları gündən isə qocalıqları
başlayır...
...Rayon
partiya komitəsinin ikinci katibi işləyirdim. Vəzifə
pillələri tədricən məni bir az da irəli,
yuxarı qatlara qaldırsa da, Bilal müəllimlə, ona bənzər
yaxşı kişilərlə münasibətlərimi dəyişdirməmiş,
daha da istiləşdirmişdim...
Bir
gün birisi mənə Bilal müəllimin hansısa bir məsələ
ilə bağlı ardımca gileyləndiyini dedi.
Bilal
müəllimə məndən də artıq, yaxın olan, ərki
çatan dostum Akif Tağıyevə:
– Bilal müəllimi
məni istəyən adam bilirdim. Deyirlər ki, ardımca danışıb, – deyə
giley-güzar elədim.
Hər ikimizin dostu da tez-tələsik bu
umu-küsümü kişiyə
çatdırmışdı. Aradan çox
keçmədi ki, Bilal müəllim yanıma gəldi. Yaşlı kişinin qabağına yeriyib kabinetimin
qapısı ağzında qarşıladım. Ehtiramla oturmağa yer göstərdim. Bilal müəllim də heç vaxt
üz-gözündən əskik olmayan təbəssümlə
məni süzüb kef-əhval tutdu. Ordan-burdan söz
salıb heç nə olmamış kimi qəfildən mətləb
üstünə gəldi:
–
Eşitmişəm məndən gileylənmisən, – dedi.
Düzü, onun bu sözlərindən bir qədər
tutuldum. Nə
cavab verəcəyimin götür-qoyundaydım ki, kişi özü vəziyyətimi
yüngülləşdirdi, sözünə davam edib:
– Evimizə
qaz balonunu mən alıb gətirirəm. Elə
tənzimləyicini də peçə özüm qoşuram.
Sonra kibriti arvada
verib, “alışdır, gör yanır?” – deyib kənara çəkilirəm...
Beləcə
Bilal müəllim sözünü bitirib gülər
yaşıl gözləri ilə
qımışa-qımışa üzümə baxaraq sonra da oturduğu yerdən
qalxdı, artıq-əskik daha bir kəlmə söz demədən
sağollaşıb otaqdan çıxdı. Mən də
qapıya qədər kişinin ardınca gedib “nahaq
özünüzü əziyyətə salıb buracan gəlmisiz,
vallah, buna heç gərək yox idi,” – deyə bildim...
lll
Məmmədhüseyn müəllimin bir hekayəsi var;
“Hampa oğlu”.
Çoxdan eşitdiyim əhvalatdı. Deyirlər ki,
bəs bir nəfərin yanında bacısı oğlunu tərifləyirlər
ki, “Allah saxlasın, canlara dəyən, fərasətli
oğlandı”.
Həmin adam da deyilənləri təsdiqləyib: – Həə,
düz deyirsiniz, həqiqətən, yaxşı
oğlandı... Ancaq... Hayıf ki, qardaşım oğlu
deyil, – deyə köks ötürür...
Məmmədhüseyn
müəllim də bu fikri məharətlə inkişaf
etdirib həmkəndlisi, gənc yaşlarından o
zamanların idarəetmə orqanlarında babat vəzifə
tutan ümidverici bir gənci, Musarza Məmmədovu nəzərdə
tutaraq adı çəkilən hekayəni qələmə
alıbmış və elə o gənclə də hər dəfə
rastlaşanda:
–
Özünü tanıdın da...
“Hampa oğlu” hekayəmdəki o gənc
oğlan sənsən ha, – deyərmiş.
Onun hər mükaliməsinin arxasında məsələyə
münasibətinin özünəməxsus mükəmməl
fəlsəfəsi vardı.
Bir yaxın adamla Məmmədhüseyn müəllimin
yaşayıb işlədiyi şəhərdən
ötüb keçərkən görüşmək
üçün ayaqüstü kişinin yanına
döndüm.
Yol yoldaşım:
– Mən
aşağıda durub gözləyirəm, – deyib yuxarı,
kişinin rəhbərlik etdiyi “yazıçılar birliyinin”
bölgə filialının yerləşdiyi binanın ikinci
qatına qalxmağa ya tənbəllik elədi, ya da
saymazyanalıq, kim bilir, bəlkə də
aralarında nəsə vardı, deyə bilmərəm...
Mən
yuxarı qalxıb yazıçı ilə
görüşdüm, yüngülvari bir hal-əhval tutdum, sonra da əlbəəl sağollaşıb getmək istədiyimi
bildirdim.
Kişi:
– Hara belə tələsirsən? Əyləşsənə, bir stəkan
çay iç! – deyə oturmağı təklif
elədi.
Mən
dil ağız edib:
– Mərkəzə
tərəf ötüb keçirdim, – dedim, – sizinlə
ayaqüstü də olsa görüşüb hal-əhval
tutmaq istədim. Onu da əlavə etdim ki, bəs
filankəs də aşağıda durub məni gözləyir,
yubanmayım, icazə verin, qoy gedim.
Bu sözlərimdən
kişi alındı, sonra da oturduğu yerdən
qalxdı, otaq boyu o baş-bu başa bir “gəşt” eləyib
gəlib qarşımda durdu:
– Gedirəm
deyirsən, get, yolun açıq, işin avand olsun, məni
sayıb gəldiyin üçün də sağ ol, xatirin əziz
olsun! Sonra da əlimi sıxıb mənalı-mənalı:
– O
aşağıda gözləyən “filankəsə” də
çatdırarsan ki, düşüb onunla da görüşərdim,
dedi, – ancaq ötən axşam şam yeməyinə boranı
yemişəm, bu səbəbdən də gərək
bağışlasın məni...
Kişinin bununla nə demək istədiyini şəksiz
ki, ilk əvvəl anlamadım, heç yol yoldaşıma da
bu boranı əhvalatını açıb demədim. Aradan bir müddət
keçəndən sonra ərkim çatan bir-iki “köhnə
kişinin”, söz sərraflarının yanında bu əhvalatı
danışdım, Məmmədhüseyn müəllimin demək
istədiklərinin – bir gün əvvəl yeyilən
boranının ertəsi gün xoşa gəlməyən “fəsadlara”
vəsilə, səbəb ola biləcəyini və kişinin
də yuxarı qalxıb onunla görüşməyə tənbəllik
edən şəxsin etinasızlığına elə o “fəsadların
həngində” də tutarlı
cavabını anladım...
Onu da
anladım ki, şübhəsiz, Məmmədhüseyn müəllim
heç də boranı-filan yeməmişdi, sadəcə ona
qarşı laqeydlik edən şəxsə öz
iradını, tənəsini özünəməxsus tərzdə
beləcə bildirmişdi...
lll
Həmyerlimiz Əsgər Talıboğlunun anası rəhmətə
getmişdi. Qonşu bölgələrdən birinin rəhbərinin
anasının rayon mərkəzindən xeyli aralı, Kirəvud
kəndində keçirilən yas məclisində ehtiram əlaməti
olaraq bir neçə gün ardıcıl iştirak etdik.
Həmin müddətdə Məmmədhüseyn müəllimi
də getdiyim vaxtlar bu hüzr məclisində görəsi
olurdum. Yay vaxtı olduğu üçün yasa gələnlərin
əksəriyyəti, elə biz də qarışıq
açıq havada, həyətin bağçasında,
ağacların altında qoyulmuş stollarda əyləşirdi.
Düzünü deyim ki, hər adam bu
tanınmış sənətkarın yanında oturmağa cəsarət
etmirdi. Qonaqlarla dolub-boşalan bağçada Məmmədhüseyn
müəllimin əyləşdiyi böyük stolun
arxasında iki, ya üç nəfər olardı.
Yeri gəlmişkən,
Məmmədhüseyn müəllimin Lerikdə ən çox
ünsiyyət saxladığı adam Vəkil
Ağababayev idi. Sözün əsl mənasında
el-oba təəssübkeşi olan Vəkil müəllim həm
də sözə-sənətə də çox yaxın, qələm
adamlarına diqqəti ilə seçilən, fərqlənən
bir ziyalıdır. Vəkil müəllimlə
şəxsi münasibətimiz və onun Məmmədhüseyn
müəllimlə yaxınlığı məni rahatca bu
kişinin, yazıçının oturduğu stolun ətrafına
çəkirdi. Xatirimdədir, məclisdə
ehsan üçün düzülmüş təamların
arasında mövsümə uyğun olaraq tabaq dolusu gilas da
olurdu. Kişinin bir-birindən maraqlı söhbətləri
bir yana, qəribə gilas yeməyi
vardı. İri çini qabda qoyulmuş seçmə
gilasların saplağından yapışıb ustufca
ağzına qoyur, şirəsini somurub sonra da çəyirdəyinin kimə dəyəcəyinin fərqinə
varmadan çiyninin üstündən arxaya tolazlayırdı.
Ta ki, iri tabaqdakı meyvələr qurtarana qədər
kişinin şirin söhbətlərini də nəzərə
alsaq, adam bu gilasların tükənib
qurtarmasını heç istəmirdi...
lll
Səksəninci
illərin sonunda rayon partiya komitəsinin ikinci katibi işlədiyim
vaxtlarda Yazıçılar Birliyinin Lənkəran bölgəsinin
məsul katibi Məmmədhüseyn müəllim başda
olmaqla, qurumun gənc yazarlarını Lerikin ədəbiyyat həvəskarları
ilə görüşə dəvət elədim
(Aralarında Balayar Sadiq, Xanlar Həmid və indi
adlarını unutduğum başqaları da var idi). Çox maraqlı, yadda qalan bir şölən oldu.
Tədbirdə birliyin rəhbəri kimi Məmmədhüseyn
müəllim də danışdı, öz
yaradıcılığı haqqında xəsisliklə
qısaca, gənc yazarlar, onların gələcək
perspektivləri barədə isə ürək dolusu, geniş
danışdı. Gənc nasirlər öz
əsərlərindən parçalar, şairlər isə
şerlərindən seçmələr oxudular. Sonda şübhəsiz ki, mən də
danışdım, “əsgəri” olduğumuz partiyanın ədəbiyyat,
söz ustaları qarşısında qoyduğu vəzifələrdən
söz açdım. Sonra da tədbirə
gələn qonaqlara dostum Hüseynbabanın yeməkxanasında
xudmani bir nahar verdim. Bilmirəm, görüşdəki
çıxışımmı, ya bəlkə də elə
dostumun hazırladığı yeməklərin
dadı-tamımı yazıçının necə
xoşuna gəlmişdisə, tanrı payı olan uca
boy-buxununa yaraşan qaltannı səsi ilə məni tərifləyir,
elə hey “oğlan, mən səni kəşf elədim”, – deyə
təkrar edirdi...
lll
XVII-XVIII əsr
fransız şairi və mütəffəkiri Bualo
üzünü qələm adamlarına tutub deyirdi: “Demək istəyəndə ki,
yağış yağır, eləcə də yazın: “Yağış
yağır”, daha bazar açmayın!”
Məmmədhüseyn müəllimin istər roman və
povestlərində, istərsə də hekayələrində
artıq təfərrüatçılıq, mətləbdən,
yazıçı qayəsindən uzaq, kənar söz yoxdur. Bəlkə də elə
buna görə də onun romanları o dövrdə yazılan
bu janrdakı əsərlər kimi qalın-qalın, cild-cild
deyil...
Gözü
tutmayan, sözünün çəkisi yerində olmayan ədəbiyyat
adamları, yeri gələndə elə orta zümrəyə
mənsub vəzifə adamları haqqında da bəzən
hiddətlənib: “Əşi,
filankəsi qələmin ucuna qoyub ataram”, – deyərdi.
Düşünürəm
ki, görkəmli yazıçı indi sağ qalıb
yaşasaydı bu gen-bol “yaradıcılıq bazarında” yəqin ki, əlində
zopa ilə gəzərdi...
Məmmədhüseyn
Əliyev əyalətdə yaşaya-yaşaya
ömrünü eləcə orada da başa vurdu; demək
lazımdır ki, o illərdə Məmmədhüseyn müəllim kitabları
çıxmış, tək-tük qələm
adamlarından idi ki, paytaxt Bakıdan, ədəbi mərkəzdən
uzaqda yaşayıb yaradırdı. Yaşadığı
regionu həm də öz yazıçı adı ilə
şöhrətləndirirdi. Bu, Məmmədhüseyn
Əliyevin həm də yazıçı xoşbəxtliyi
idi.
Dünyadan köç edən hər bir sənətkar
həm də özü ilə yazıb yaradacaqlarını da
aparır. Bəlkə də elə buna görə onların
itkisi də daha ağır olur.
Ağrı-acı,
köks ötürə-ötürə deyək ki, Məmmədhüseyn
müəllim dağ adamlarından fərqli olaraq bir elə uzun
ömür sürmədi, ədəbi həyat verdiyi
“Dağlar oğlu”nun qəhrəmanı Mahmud Eyvazovun
ömrünün vur-tut yalnız üçdə biri qədər
yaşaya bildi...
Ancaq nə qəm; axı burası var ki, sənətkarların
ömrü onların qoyub getdikləri əsərlərində
yaşayır.
Daha uzun,
daha əbədi!
lll
...Belə
deyirlər ki, məşhur bir adamın ölümündən
az əvvəl dostları harada dəfn
edilməsini arzuladığını ondan xəbər alanda,
o da belə cavab veribmiş ki, mənim üçün fərqi
yoxdur, istəyənlər onsuz da məni axtarıb tapacaqlar...
...Bəli,
Məmmədhüseyn Əliyevi – müasir nəsrimizin
neçə-neçə maraqlı nümunələrini
yaratmış gözəl sənətkarlarımızı da
qədirbilən oxucular əsərləri vasitəsilə
bundan sonra da yəqin ki, həmişə axtaracaqlar...
Azad Azərbaycan.-2013.- 14 aprel.- S.7.