Azərbaycançılıq və milli musiqi mədəniyyəti  

 

Azərbaycanın milli musiqi mədəniyyəti dünyada şöhrət qazanmış mənəvi xəzinə olmaqla azərbaycançılıq ideyalarını da özündə təcəssüm etdirir. Azərbaycan milli musiqi mədəniyyəti professional və xalq musiqisindən ibarətdir. Ulu Öndər Heydər Əliyev azərbaycançılıq ideyalarının təcəssümü olan milli musiqi mədəniyyətimiz haqqında demişdir: “...Azərbaycan xalqının musiqi irsi zəngindir. Biz folklor musiqisini, əsrlər və minilliklər ərzində xalq tərəfindən yaradılıb nəsildən-nəslə yadigar verilən musiqini nəzərdə tuturuq. Biz Azərbaycanda nisbətən yaxın keçmişdə, əsrin əvvəlində yaradılan, lakin tarixən qısa müddət ərzində böyük, şanlı yol keçərək, indi müasir professional sənətin ən yüksək səviyyəsində duran professional musiqini də nəzərdə tuturuq. Sizin yaradıcılıq fəaliyyətiniz, bax, bu bünövrəyə əsaslanmalı, bu təməl üzərində qurulmalıdır, siz bu zəngin materialdan geniş istifadə etməlisiniz”.

Milli musiqi mədəniyyətimiz azərbaycançılığı bədii obrazlı, melodik şəkildə ifadə edir. Lunaçarskinin yazdığı kimi “musiqi bütün aləmin özünəməxsus şəkildə inikasıdır, lakin o aləmi sükunətdəki şeylərin vasitəsilə yox, başlıca olaraq proseslərin köməyi ilə inikas edir, özünün xüsusi materiyasında, xüsusi güzgüsündə əks etdirir”. Musiqinin belə bir “materiyası” bədii səslərdən ibarətdir və bu səslər müəyyən zaman ərzində müəyyən nizam və sürümlə davam etməlidir.

Musiqidə də aşağıdakı cəhətlər özünü göstərir: təsvir obyekti (real gerçəklik, o cümlədən, insanın hiss və həyəcanları), subyekt (sənətkar şəxsiyyətinin ifadəsi), ideya (sənətkarın təsvir obyektinə münasibəti, onu qiymətləndirməsi).

Hər bir konkret musiqi əsərində məzmunun müxtəlif tərəfləri ayrılmaz vəhdətdə olur.

Sənətşünas M.Ə.Tərlanovun göstərdiyi kimi, musiqidə intonasiyanın ifadəliliyini təşkil edən mühüm ünsür melodiyadır. Melodiya (yunanca melodia - təranə, hava, mahnı) obrazlı məzmunu ifadə edən mütəşəkkil musiqi sədalarının müəyyən ölçü daxilində tək səslə ifadəsi deməkdir. Bəzi hallarda musiqi əsəri bütünlüklə yalnız təkcə bir melodiyadan ibarət olur. Buna xalq mahnı yaradıcılığına məxsus simli və nəfəsli alətlərdə çalınan solonu (italyanca solo, latınca solus - tək, tənha, vahid) misal gətirmək olar. Əsərin məzmununun təksəsli, şərhindən başqa, çoxsəsli şərhi də mövcuddur. Musiqidə çoxsəsli polifonik (yunanca polu - çoxlu, phope - səs, səda) yaxud homorfonik (yunanca homos - tən, bərabər, phone - səs) şəkillərdə özünü göstərə bilər. Polifoniyada, eyni bir zamanda, bir neçə melodiya uzlaşır. Özü də hər bir melodiya aydın şəkildə işlədilməklə bərabər, müstəqil ifa mahiyyəti daşıyır. Homofoniyada isə bir, adətən, yuxarı səs daha mühüm əhəmiyyətə malik olur, qalan səslər isə ona tabe olur və onu müşayiət edirlər.

Musiqi bir sənət növü olmaq etibarilə özündə iki yaradıcılıq fəaliyyətini birləşdirir: bəstəkar yaradıcılığını - əsəri, bir də ifaçı yaradıcılığını - oxumağı, musiqi alətlərində çalmağı və s.

Xalq musiqisində bəstəkar və ifaçı, adətən, bir subyektdə təmsil olunur. Məsələn, aşıq musiqisi yaradıcılığında. Lakin peşəkar sənətin inkişafı ilə əlaqədar bədii yaradıcılığın bu iki şəkli - bəstəkar və ifaçının yaradıcılığı arasında ayrılma, seçilmə baş verir. Təsnifat prosesində musiqi əsərinin yazılı qeydə alınması - not yazısı meydana gəlir. İfaçı not yazısında qeydə alınmış, “kristallaşmış” musiqi əsərini canlandırmaqla bir növ bəstəkarla dinləyici arasında vasitəçi rolunda çıxış edir. Özü də ifaçı mövcud əsərin dinləyiciyə “təqdim olunmasında”, çatdırılmasında yaradıcı şəkildə iştirak edir. Belə ki, o əsərin bu və ya digər daxili ideya - bədii imkan və digər cəhətlərini üzə çıxarmaq, qeyd etmək yolu ilə onun məzmununu xüsusi şəkildə zənginləşdirir, ifa edilən musiqinin özünəməxsus fərdi şərhini verməklə əsərə yaradıcılıq payını qoymuş olur. Lakin unutmaq lazım deyildir ki, ifaçılıq sənətinin müstəqilliyini mütləqləşdirmək olmaz: yaradıcılıq prosesində ifaçılıq ikincidir. Əsər - musiqi isə birincidir. 

Sənətşünas Elmira Abasovanın fikrincə, Azərbaycanda bəstəkarlıq sənəti məktəbinin yaranması XX əsrin əvvəlinə təsadüf edir. Onun əsasını görkəmli Azərbaycan bəstəkarı Ü.Hacıbəyov (1885-1948) qoymuşdur. O, ilk milli operaların (“Leyli və Məcnun”, “Şeyx Sənan”, “Rüstəm və Zöhrab”, “Şah Abbas və Xurşid Banu”, “Əsli və Kərəm”) və musiqili komediyaların (“Ər və arvad”, “O olmasın, bu olsun”, Arşın mal alan”) müəllifidir.

Azərbaycanda operanın yaranması peşəkar musiqi sənətinin digər janrlarının inkişafı ilə hazırlanmış və öz-özlüyündə Azərbaycan musiqisinin inkişafında yeni və mühüm sıçrayış, yeni musiqi yaradıcılığının şifahi vərdişlərindən musiqi mədəniyyətinin müasir formasına keçid olmuşdur. Eyni zamanda, operanın Azərbaycanda yaranması tamamilə qanunauyğun  haldır. Təbiidir ki, musiqi sənətinin ən mürəkkəb janrı olan opera, Azərbaycanda klassik operanın ənənəvi formalarında yarana bilməzdi. İlk Azərbaycan operaları özü-özlüyündə musiqi sənətinin qeyri-adi janrında yaranmışdı - bunlar muğam operaları idi. Bu operaların musiqi materialının əsasını əsrlər boyunca Azərbaycan folklor yaradıcılığında yaşayan xalq vokal-instrumental poemalar, daha doğrusu, muğamlar təşkil edirdi.

İnqilabdan qabaqkı illərdə “Şah İsmayıl” operasını yazmış M.Maqomayev (1885-1937) də Azərbaycanda bəstəkarlıq məktəbinin yaradılmasında əsas rol oynamışdır. “Aşıq Qərib” operasının, “Əlli yaşında cavan”, “Evliykən subay” musiqili komediyalarının müəllifi S.Hacıbəyov (1884-1950) musiqi sənətinin görkəmli, xadimi idi.

İlk Azərbaycan operaları və musiqi komediyaları mühüm tarixi rol oynamışlar. Onlar Azərbaycanda peşəkar musiqi sənətinin digər janrlarının yaranması üçün möhkəm təməl olmuş, milli musiqi teatrını yaratmış və onun inkişafına yol açmış, həmçinin, opera ifaçılığı məktəbinin təşkilinə kömək etmişdir.

Böyük Azərbaycan bəstəkarı Fikrət Əmirov Azərbaycan milli operaları və onlarda öz əksini tapmış azərbaycançılıq ideyaları haqqında demişdir: “Azərbaycan operaları arasında Üzeyir Hacıbəyovun “Koroğlu” və M.Maqomayevin “Nərgiz” əsərləri xüsusi yer tutur. Bu bəstəkarlar birinci olaraq operamızın səhnəsinə yeni qəhrəmanlar gətirdilər və Azərbaycan opera sənətində inqilabi xalq mövzusunu təsbit etdilər. Qəhrəmanlıq pafosu ilə dolu olan, yüksək vətənpərvərlik ruhunda bəstələnən “Koroğlu”, operamızın şah əsəri kimi şöhrət qazandı. 1940-cı ilə qədər Azərbaycan teatrı səhnəsində professional milli balet əsərləri yox idi.

Ə.Bədəlbəylinin ilk milli baleti “Qız qalası” üzərində teatrımızın bütün yaradıcılıq kollektivi böyük həvəs və ruh yüksəkliyi ilə çalışdı, teatrın geniş yaradıcılıq imkanları aşkara çıxdı. Bundan sonrakı illərdə bir-birinin ardınca milli baletlərimiz yarandı. Qara Qarayevin “Yeddi gözəl”, S.Hacıbəyovun “Gülşən” və başqa əsərləri meydana gəldi.

Opera mürəkkəb, sintetik bir janrdır. Əsil mənada opera yaradan müəllif böyük istedad sahibi olmalıdır. Təkrar edirəm: böyük istedad.

Belə ağır işə girişən bəstəkardan bu janra qədərki bütün musiqi formalarını yaxşı bilmək, texniki cəhətlərə mükəmməl yiyələnməklə yanaşı, həm də çox gözəl zövq, müəyyən mənada dramaturqluq da tələb olunur.

Xalqın həyatını daha əhatəli musiqi lövhələrində təsvir etmək üçün opera bəstəkara geniş imkanlar verir. Məsələn, dahi sənətkar Üzeyirin “Koroğlu”su xalqımızın qəhrəmanlıq tarixini gözəl musiqi dili ilə danışmağın ən yaxşı nümunəsidir. Bu əsər xalqın müəyyən dövrdəki mübarizəsinin, duyğu və düşüncələrinin musiqi ensiklopediyasıdır.

Opera, müəllifdən həm də fədakarlıq gözləyir. Hər yeni yazılan əsərin mütləq müvəffəqiyyət qazanacağına ümid etmək çətin olsa da, bu, sənətkarı ilhamlı əməkdən, yaradıcılıqdan çəkindirməməlidir”.

Azərbaycan və Zaqafqaziyanın musiqi həyatında əvəzsiz rol oynamış, qədim Azərbaycan şəhəri Şuşa böyük bir konservatoriya rolunu oynamışdır. Bunu bizim düşmənlərimiz də etiraf edir: “Azərbaycan şəhəri Şuşa çoxdan bəri Şərq musiqi mədəniyyətinin böyük mərkəzlərindən biri kimi məşhurdur. Zaqafqaziya xalqlarının musiqi sənətinin inkişafında Şuşa xüsusi rol oynamışdır. Şuşanın əhəmiyyəti haqtında erməni musiqişünası V.Korqanov yazmışdır:

“Poeziyanın, musiqinin və nəğmənin bəxtiyar vətəni olan Şuşa, Zaqafqaziyanı musiqiçilər və müğənnilərlə təmin edir. O, bütün Zaqafqaziyaya hər mövsüm, hətta hər ay üçün yeni mahnılar, yeni havalar yaratmaqla onun üçün konservatoriyanın işini görür”.

Sənətşünas E.Abasova milli opera sənətinin milli ideyaların tərənnümündə rol oynadığını xüsusi qeyd edir: Ü.Hacıbəyovun əzəmətli xalq qəhrəmanlığı operası “Koroğlu” xüsusi əhəmiyyət kəsb edir. Milli musiqi teatrının klassik nümunəsi olan bu əsər Azərbaycan musiqisinin mürəkkəb yol keçmiş tarixi inkişafının gözəl barıdır. “Koroğlu” operası dünya musiqi mədəniyyətinin ən gözəl incilərindən biridir. Bəstəkar doğma xalqının folkloru üçün ən səciyyəvi nə varsa hamısını öz əsərinin canına hopdurmuş, dünya musiqisinin yaşamağa qabil ənənələrindən yaradıcılıqla istifadə etmişdir. Süjeti qədim tarixdən götürülsə də, Ü.Hacıbəyov öz ölməz operasını bu günün canlı nəfəsi ilə yaşatmışdır.

Sənətşünas alim M.Ə.Tərlanov opera sənəti və onun ən janrları haqqında demişdir: “Opera - sənətin vokal, instrumental musiqi, dramaturgiya, təsviri sənət və bir sıra hallarda xoreoqrafiya (rəqs) kimi sahələrini vahid səhnə tamaşasında birləşdirən sintetik növünə deyilir. Operanın daxili quruluşu əsərin ssenari planında liberettoda ifadə olunan ideya qayəsi süjet xarakteri ilə müəyyən olunur.

Tarixi inkişaf prosesində operanın müxtəlif janrları müəyyənləşmişdir. Buraya tarixi-qəhrəmanlıq (Üzeyir Hacıbəyovun “Koroğlu” əsəri), tarixi-romantik, komik (Üzeyir Hacıbəyovun “Arşın mal alan”ı), xəlqi-hekayəvi daxildir.

Görkəmli bəstəkar D.Şostakoviç milli musiqi mədəniyyətinin ümumbəşəri mədəniyyətin formalaşmasında oynadığı mühüm roldan bəhs edərək yazırdı: “Hazırda vahid ümumxalq, ümumbəşər mədəniyyətinin formalaşması perspektivləri əməli vəzifə kimi irəli sürüldüyü, həm də bu yeni, çox maraqlı prosesin inkişafı üçün bu gün bizim dövrümüzdə bütün ilkin şərait yarandığı bir zamanda biz gərək milli musiqi mədəniyyətlərinin inkişaf yolunu yeni tərzdə müəyyən edək, onları yaxınlaşdıran cəhətləri müdafiə edək”.

Azərbaycançılıq ideyalarını tərənnüm edən milli musiqi mədəniyyətini, o cümlədən, milli opera sənətini Ulu Öndər Heydər Əliyev yüksək dəyərləndirirdi. Ulu Öndərin layiqli siyasi varisi Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev milli musiqi mədəniyyətimizdə, xüsusən, ölməz Üzeyir bəyin “Koroğlu” operasında milli-mənəvi dəyərlərə yüksək qiymət verərək demişdir: “İyirmi il ərzində ölkəmiz böyük və şərəfli yol keçmişdir, bütün sahələrdə böyük uğurlara imza atmışdır. Uğurlarımızın təməlində, məhz milli-mənəvi dəyərlər dayanır. Güclü iqtisadiyyat yaratmaq olar, bölgədə güclü mövqelərə malik olmaq olar, - halbuki bunun üçün də çox çalışmaq lazımdır, - ancaq milli-mənəvi dəyərlər olmadan heç bir ölkə, heç bir xalq inkişaf edə bilməz. Bizim üstünlüyümüz ondan ibarətdir ki, gənc və güclü dövlətimiz möhkəm təməl üzərində qurulubdur. Çoxəsrlik tarix, mədəniyyət üzərində qurulubdur. Milli-mənəvi dəyərlər bizim üçün ən vacib məsələdir. Biz, təbii ki, ümumbəşəri dəyərləri bölüşürük. Ancaq bizim üçün başlıca dəyərlər öz milli Azərbaycan dəyərlərimizdir”.

 

 

Vahid ÖMƏROV

 

Azad Azərbaycan.- 2013.- 14 aprel.- S.5.