Milli musiqi mədəniyyətimiz və azərbaycançılıq

 

Ulu Öndər Heydər Əliyevin birinci hakimiyyəti illərində, məhz bu böyük şəxsiyyətin qayğısı nəticəsində milli ideyaların təcəssümü olan dünya şöhrətli sənət əsərləri yarandı. Bunlardan biri də Fikrət Əmirovun dünya şöhrətli “Min bir gecə” baleti idi.

Sənətşünas Fərəh Əliyeva “Fikrət Əmirov: Çağdaş millidünya musiqi mədəniyyətində tarixi mövqeyi” məqaləsində Fikrət Əmirovu dünya mədəniyyətinin nadir istedadlarından hesab edərək yazır ki, “Üzeyir Hacıbəyovun yaradıcılıq niyyətlərinin strateji xəttini davam etdirən Fikrət Əmirov Azərbaycan milli məktəbinin parlaq nümayəndəsi kimi qarşısına qoyduğu və yüksək peşəkarlıq səviyyəsində həll etdiyi yaradıcılıq uğurları ilə ümumi muğam-makam ənənəsinə malik müsəlman Şərqinin musiqi irsini çağdaş üslub və təfəkkür tərzi səviyyəsində dünyaya tanıtdı. O, Qərb musiqi anımları və stereotipləri sistemində sirli, ekzotik aləm kimi şərtiliklər içində siması və qəlbi pərdələnən, yalnız təsəvvürlərdə xülya kimi yaradılan “Şərq musiqisi” obrazının inhisarını əsaslı surətdə zəiflətmişdir. Minillik ənənələrin özünəməxsus əsaslarının “mühafizəkarlığı” haqqında köhnəlmiş fikirləri alt-üst edən bəstəkar formaca, məzmunca milli simfonik əsərləri ilə müasir dil, üslub sistemilə həm özünü hifz edən, həm də geniş inkişaf potensialına malik bir mədəniyyətin “Şərq musiqi incəsənətinin təmsilçisi oldu. Bu sərvətləri o, dünyaya Azərbaycan musiqiçisi, azərbaycanlı bəstəkar kimi tanıtdı. Fikrət Əmirov xalq musiqisinin zəngin melodiya, məqam, ritm, formayapçısı qanunlarının dərin qatlarına vararaq, prinsip etibarilə Avropa bəstəkarlıq təfəkkürünün məhsulu olan və musiqili-bədii kateqoriya kimi məhz bu mədəniyyət daxilində formalaşmış simfonizm üslub-janr sistemində yeni şaxə yaratdı. F.Əmirov əsərləri ilə şifahi ənənəli musiqinin zəngin sərvətlərində dayaqlanan milli melos və məqam dramaturgiyasının özünəməxsus təşkili ilə şərlənən yeni simfonik konsepsiyasının əsasını qoydu.

Rəngarəng janrlı və məzmunlu əsərlərdə reallaşan bu konsepsiya Qərb simfonik ifadə vasitələri, üslub-dil fondu, janr imkanları şəraitində məhz milli sistemin qanunauyğunluqları və təfəkkür tərzinə istinadən yaranmışdır. Azərbaycan muğamını əzəli və ənənəvi “ifa məkanı”ndan çıxarıb, simfonik orkestrin, simfonik janrın səlahiyyətinə  keçirən Fikrət Əmirov onun fəlsəfəsinin, “mənəviyyatı”nın təbii mövcudluq formasını imkan daxilində saxlamışdır. Simfonik muğamların yazılmasında əsas məqsəd də elə bu idi: bəstəkar Şərq və Azərbaycan musiqisinin incisini mümkün qədər orijinala yaxın tərzdə qoruyub çağdaş “qiyafə”də dünyaya tanıtdı. Eyni zamanda, ürəkləri fəth edən simfonik muğamlar dahi Üzeyir bəyinKoroğlusundan sonra muğamın zəngin emosional palitrasını, onun dramatizmini, zərifliyini, qüdrətli qəhrəmanlıq nəfəsini, bir sözlə, çoxçalarlı və rəngarəng “mən”ini yeni boylarla, yeni üslub vasitələri ilə sanki yenidən kəşf etdi. Bəstəkarın romantik səciyyəli üslubda yazılmış əsərləri, adətən, bu istiqamət üçün ənənəvi forma yayğınlığı, orkestr yazısının lüzumsuz dəbdəbəsindən uzaqdır. Əlvan, zəngin musiqi dili bəstəkarın təbiətinə xas alicənablıq, xüsusi mütənasiblik, ölçü hissi ilə qovuşuqda təkrar emalı mümkün olmayan bir üslub yaratmışdır. Bəstəkarın estetik baxışlarını, üslub vasitələrinin daimiliyini “mühafizəkarlıq”la izah edənlər də az deyil. Bu daimiliyin kökünü isə bəstəkarın həyat tərzində, psixologiyasında da axtarmaq lazımdır. Fikrət Əmirov dövrünün üslub fondundan yalnız öz təbiətinə uyğun olanını seçirdi.

F.Əmirovun yaradıcılığı Azərbaycan və dünya musiqisinin ən maraqlı, ətraflı tədqiqini gözləyən nadir sənət hadisələrindəndir. Bəstəkarın üslubunun ətraflı öyrənilməsi müasir musiqinin bir çox problemlərinin izahı və işıqlandırılmasında müstəsna rol oynaya bilər.

Ulu Öndər Heydər Əliyev azərbaycançılıq ruhu aşılayan bəstəkarların yaradıcılığını yüksək dəyərləndirirdi:  SSRİ  xalq artisti Hacıyev Rauf Soltan oğlu istedadlı bəstəkarlardan biridir... əsərləri ... yüksək peşəkarlıqla, incə lirizmlə və bədiiliyi ilə seçilir. R.S.Hacıyevin əsərləri həm Sovet İttifaqında, həm də xaricdə geniş tanınır”. 1982-ci ilin may ayında Q. Qarayevin dəfn mərasimində çıxış edən Heydər Əliyev deyirdi: “Qara Qarayevin... əsərləri...Azərbaycan xalqının qədim musiqi mədəniyyətinin bütün zənginliyini... özündə təcəssüm etdirir”. O, daha sonra deyirdi: “Qara Qarayev Azərbaycan xalqının zəngin tarixinə... neçə-neçə ilhamlı səhifələr həsr etmişdir”.

Heydər Əliyev tanınmış isdedadlı bəstəkar, böyük gələcəyinə inandığı Arif Məlikova qayğı göstərir, onun “Məhəbbət əfsanəsi” baletini Azərbaycan xalqının milli musiqisini dünyaya tanıdan şah əsərlərdən biri hesab edirdi. Ümumiyyətlə, 70-ci illərdə Azərbaycan bəstəkarları üçün rejim bir dekorasiya idi. Onların əsərləri musiqi mədəniyyətini zənginləşdirməklə yanaşı, xalqda milli ruhu, özünə inam hissini gücləndirirdi.

Ulu Öndərin bilavasitə qayğısı nəticəsində ölkədə yeganə olan Mahnı Teatrını SSRİ xalq artisti Rəşid Behbudov yaratdı. Azərbaycan milli xoreoqrafiyası məşhurlaşdı.

Heydər Əliyev Azərbaycan musiqisinin dünya miqyasında tanıdılması yönündə böyük işlər görürdü. Onun hakimiyyəti illərində Azərbaycan mədəniyyəti ölkə sərhədlərini sürətlə aşaraq dünya miqyasına daha geniş çıxırdı. Buna dair yüzlərlə misal göstərmək olar. 1973-cü ilin payızında SSRİ xalq artisti Rəşid Behbudovun rəhbərliyi altında Mahnı Teatrı Latın Amerikası ölkələrində uğurla konsertlər verdi. Bu barədə tanınmış tənqidçi İlham Rəhimli yazırdı: “Rəşid Behbudov oxuyanda günəşli Azərbaycan məlahətli səslə sehrlənmiş nağıla çevrilir.

Xalqımızın əzəməti, Xəzərin coşqunluğu, dağ çeşmələrinin saflığı, laləli düzlərin ətri, bərəkətli çöllərin, meyvəli bağların şirinliyi mahnılarla könüllərə hopur. Rəşid Behbudov Azərbaycanı tanıdıb. Səni tərənnüm edirəm, Azərbaycan! Qüdrətli sənəti, odlu-alovlu mahnıları ilə Azərbaycanı sönməz məşələ çevirib”.

70-80-ci illərdə Azərbaycan mədəniyyəti və incəsənətinin tərəqqisini hətta xarici ölkələrin siyasətçiləri, alimləri, diplomatları və jurnalistləri də etiraf edirdilər.

Professor Musa Qasımlının qeyd etdiyi kimi, ümumiyyətlə, Heydər Əliyevin hakimiyyəti illərində Azərbaycan musiqisi yuksək inkişaf səviyyəsinə çataraq sovet dövründə çiçəklənmə, intibah mərhələsini yaşadı. O, Azərbaycan bəstəkarlarına, müğənnilərinə qayğı göstərir, qurultaylarında iştirak edir, problemlərini operativ həll edir, yubileylərini keçirir, yüksək dövlət mükafatlarına təqdim edir, klassik Azərbaycan bəstəkar və musiqiçilərinin ev, xatirə muzeylərini yaradır, milli musiqiyə, muğama, folklor musiqisinə, bədii özfəaliyyət kollektivlərinin yaradılmasına, aşıq musiqisinin dirçəldilməsinə çalışır, məşhur aşıqların yubileylərini keçirir, xatirələrini əbədiləşdirir, musiqinin problemlərinə dair ictimaiciddi elmi müzakirələr açdırır, gənc istedadların üzə çıxmasına qayğı göstərir və bu barədə mühüm qərarların qəbul edilməsinə nail olurdu. Sonralar Heydər Əliyev nitqlərinin birində deyirdi: “Əsrin əvvəllərindən bu günədək olan müddəti götürsək, görərik ki, həmin dövrdə Üzeyir Hacıbəyov, Müslüm Maqomayev, Qara Qarayev, Fikrət Əmirov, Niyazi, Cövdət Hacıyev, Arif Məlikov, Tofiq QuliyevRauf Hacıyev kimi görkəmli bəstəkarlar yetişmişdir. Şərqdə ilk opera Üzeyir Hacıbəyovun dühası ilə yaranmışdır. Bir sözlə, Azərbaycan da profesional musiqi mədəniyyəti təşəkkül tapmışdır. Demək istəyirəm ki, bu ictimai-siyasi quruluş, iqtisadi sistem xalqın mədəniyyətinə nəinki zərər vura bilməmiş, əksinə, bu sistemdə mədəniyyətimiz çox inkişaf etmiş və irəliləmişdir”.

Heydər Əliyevin bilavasitə qayğısı sayəsində “Nəsimi” kinofilminin bəzi kadrları dahi azərbaycanlı şairin edam edildiyi Hələb şəhərində çəkildi.

“Babək” kinofilminin çəkilişinin təşəbbüsçüsü də bilavasitə Heydər Əliyev oldu. Azərbaycan rəhbəri filmin çəkilişini nəzarətdə saxlayır və işlərin gedişi ilə yaxından maraqlanırdı. Heydər Əliyev bu məsələnin geniş müzakirəsini keçirərək filmin daha yaxşı alınmasından ötrü əlindən gələni edirdi. MK bürosunun 1978-ci il 14 aprel tarixli iclasında “Azərbaycan xalq kütlələrinin azadlıq hərəkatına həsr edilmiş iki seriyalı bədii filmin çəkilişinə kömək göstərilməsi haqqında məsələ” müzakirə olundu. Müzakirə zamanı maliyyə çatışmazlığının olduğu fikri səsləndirildi. Heydər Əliyevin göstərişi ilə “Azərbaycanfilm” studiyasına əlavə maliyyə vəsaiti ayrıldı. Məsələnin müzakirəsi zamanı çıxış edən Heydər Əliyev deyirdi ki, mən bu filmə çox böyük əhəmiyyət verirəm. Burada xüsusi olaraq nəzərə almaq lazımdır, birinci, elmi mötəbərlik, ikinci, ideya-bədii tərəf və kinematoqrafiya dəyəri. Bu üç məsələ tam əksini tapmalıdır, ona görə də bu film sıradan biri olmamalıdır. Onu həqiqətən elə etmək lazımdır ki, ittifaq ekranında ən yüksək səviyyədə olsun.

Heydər Əliyevin tövsiyələri və tələbkarlığı öz bəhrəsini verdi. “Babək” filmi böyük ustalıqla çəkilərək 70-ci illərin sonunda ekranlara çıxarıldı və geniş tamaşaçı kütləsinin rəğbətini qazandı. Kinofilm Azərbaycan xalqında qəhrəmanlıq, milli mənlik, özünə inam hisslərini yüksəldir, işğalçılara qarşı qisas, nifrət aşılayırdı. Filmin çəkilişinin başa çatması və böyük ekrana çıxması, heç şübzəsiz, Azərbaycan kino sənəti tarixində mühüm hadisəyə çevrildi.

Əvvəlki illərdə “Kitabi-Dədə Qorqud” dastanına rəsmi səviyyədə türkçü, turançı damğası vurulmuşdusa, Azərbaycan xalqına yad hesab edilmişdisə, Heydər Əliyev bu biabırçılığa cəsarətlə son qoydu. Onun bilavasitə göstərişi ilə Azərbaycan xalqında milli, tarixi köklərinə hörmət, torpaq, vətən sevgisi hissləri aşılayan “Dədə Qorqudfilmi yazıçı Anarın ssenarisi əsasında yaradıldı və böyük tamaşaçı rəğbəti qazandı.

Ümumiyyətlə, milli tarixlə bağlı ən gözəl bədii, sənədli filmlər bütün sovet dövrü ərzində məhz Heydər Əliyevin hakimiyyəti illərində cəsarət və sevgi ilə yaradılaraq ekranlara çıxarıldı. Azərbaycan kinosunun ən gözəl nümunələri olan “Babək”, “Nəsimi”, “Dədə Qorqud”, “Ad günü”, “İstintaq” və onlarla başqa bədii filmlər yaradılaraq xalqın istifadəsinə verildi. R.Təhmasib, Ə.İbrahimov, T.Tağızadə, H.Seyidbəyli, R.Ocaqovb. kimi quruluşçu-rejissorlar bütün ölkə miqyasında məşhurlaşdılar. Belə bir cəhət də əhəmiyyətlidir ki, hətta uşaqlar üçün çəkilən cizgi filmləri də torpaq, yurd sevgisi, milli ruh aşılayırdı.

Professor Musa Qasımlı düzgün olaraq yazır:  “Beləliklə, Azərbaycan incəsənəti sovet hakimiyyəti illərində ilk dəfə olaraq ən yüksək inkişaf mərhələsinə məhz Heydər Əliyevin hakimiyyəti illərində, onun həyata keçirdiyi tədbirlər nəticəsində çatdı. 70-ci illər-80-ci illərin ortaları sovet dövründə Azərbaycan incəsənətinin tərəqqisi illəridir. Heydər Əliyevin bilavasitə səyləri və qayğısı nəticəsində Azərbaycan musiqisi, teatrı, kinosu, rəssamlığı, memarlığı, radio və teatrı inkişaf etdi. Həmin illərdə Azərbaycan musiqi sənəti klassiklərinin xatirələri əbədiləşdirilir, ən parlaq nümayəndələrinə dövlətin orden və medalları, fəxri adlar verilir, mənzil və yaradıcılıq şəraitləri yaxşılaşdırılır, əsərləri ölkə və xarici dövlətlərin səhnələrində oynanılır, xalq musiqisifolklor dirçəldilir, bədii özfəaliyyət kollektivlərinin fəaliyyəti gücləndirilir, aşıq musiqisinin inkişafına diqqət verilirdi. Bəstəkarların qurultaylarında iştirak edən Heydər Əliyev onların problemlərini yerindəcə həll edirdi. O, Azərbaycanda kino sənətinin inkişafına xüsusi önəm verir, kinostudiyanın maddi-texniki bazasını möhkəmləndirir, milli tarixlə bağlı ən yaxşı bədii filmlərin çəkilişini tövsiyə edir, aktyorları dövlətin ali mükafatlarına və fəxri adlara təqdim edir, Azərbaycan kinosunun yubileyini keçirir, teatrın inkişafına başlıca diqqət yetirir, teatr xadimlərinin, milli teatrın və digər teatrların yubileylərini keçirir, onlara fəxri adların, dövlətin orden və medallarının verilməsinə nail olur, milli tarixlə bağlı əsərlərin səhnələşdirilməsini tövsiyə edirdi. Azərbaycan incəsənət xadimlərinə isti münasibət bəslənilməsi azadlıq ideyalarını yayan, milli özünüdərki, özünə inamı gücləndirən əsərlərin yaranmasına kömək edirdi. Heydər Əliyev onları xalqın tarixinə, gerçək həyatına nüfuz etməyə səsləyir, gözəl əsərlər yaratmağa ruhlandırırdı. Heydər Əliyevin hakimiyyəti illərində Bakının siması yeni memarlıq binalarının tikilməsi ilə dəyişdi, onlarla yeni memarlıq abidələri, heykəllər tikildi, Azərbaycan memarları məşhurlaşdı, rəssamlıq sənəti inkişaf etdi, sənətkarlar dövlətin ən yüksək mükafatlarını aldılar, radioteleviziya inkişaf etdirildi. Bütün bunlar, heç şübhəsiz, Azərbaycan xalqında milli hissləri, milli özünüdərki və özünə inamı, o cümlədən, azərbaycançılığı gücləndirirdi.

 

 

Vahid Ömərov

 

Azad Azərbaycan.- 2013.- 17 aprel.- S.5.