İqtisadi yüksəlişi və azərbaycançılıq
ideyaları
Azərbaycançılıq ideyaları iqtisadi yüksəlişdən ayrılmazdır. Hələ sovet dövründə Azərbaycanın gələcək müstəqilliyi üçün iqtisadi bazanın yaradılmasında Ulu Öndər Heydər Əliyevin əvəzsiz xidməti olmuşdur: “O dövrlərdə (sovet dövrü) yaranmış iqtisadi potensial da bizim böyük sərvətimizdir. Bu sərvət də Azərbaycanın tam sərbəst, heç bir dövlətdən asılı olmayaraq yaşamasına imkan verir. Güman edirəm ki, biz müstəqilliyimizi tam bərqərar etdikdən və qarşıda duran vəzifələri həyata keçirdikdən sonra ölkəmizin bu iqtisadi potensialının bəhrələrini Azərbaycanın hər bir vətəndaşı görəcək və bunun sayəsində şən - firavan yaşayacaqdır.
Azərbaycana birinci rəhbərliyi dövründə Ulu Öndər əsil milli xadim kimi iqtisadiyyatı inkişaf etdirməklə yanaşı, imkan daxilində azərbaycançılıq ideyalarının inkişafı üçün də zəmin hazırlayır. Professor Mübariz Yusifov “Heydər Əliyev və azərbaycançılıq ideologiyası” əsərində bu münasibətlə yazmışdır: Heydər Əliyev Respublikaya rəhbərlik etdiyi bütün fəaliyyəti ərzində doğma vətəninə xidmətlə özünün əsil azərbaycançılıq nümunəsini nümayiş etdirmişdir. Onun respublikaya rəhbərlik etdiyi dövrlərdə sənayenin və kənd təsərrüfatının inkişafında çox mühüm nailiyyətlər əldə olunmuş, iqtisadi sahədə böyük uğurlar qazanılmışdır. 1969-cu ildən ölkənin inkişafı yolunda atılan uğurlu addımlar məhz Azərbaycanın gələcəkdə müstəqil inkişaf yoluna qədəm qoyması məqsədinə xidmət edirdi. Bu isə, əlbəttə, sərbəst inkişafa aparan yol idi. Şübhəsiz, ölkədə iqtisadi inkişaf ənənələrinin bərqərar olunması müstəqillik dövründə onun maddi bazasının möhkəmlənməsinə zəmin yaradan başlıca amillərdən biri kimi qiymətləndirilməlidir.
1969-cu ildən bəri başlanan iqtisadi inkişaf ənənələri bu gün böyük neft strategiyası planlarının həyata keçirilməsinin təməli hesab olunmalıdır. Başqa sözlə, bugünkü iqtisadi uğurlarımızın bünövrəsi, məhz 1969-cu ildən başlanan iqtisadi inkişaf zəmininə əsaslanır. Heydər Əliyev Azərbaycanın bugünkü müstəqilliyini məhz o zamandan duyurdu, görürdü və müstəqil respublikanın iqtisadi dirçəlişini təmin etmək proqramını hələ o zamandan hazırlamağa başlamışdı. Neft sənayesinin inkişafına, iri sənaye obyektlərinin tikilməsinə və istifadəsinə, xalq təsərrüfatı və kənd təsərrüfatı sahələrində məhsul bolluğunun yüksəldilməsinə çox mühüm diqqət yetirilirdi.
1970-ci ildə qeyd olunurdu ki, Azərbaycan 100 il müddətində ölkəyə 1 milyard ton neft vermişdir. Lakin neft sənayesinin inkişaf etdirilməsi üçün mövcud avadanlıqlar günün tələblərinə cavab vermirdi. Neft hasilatının çoxaldılması təkcə o demək deyildi ki, Azərbaycan öz sərvətini sovet dövlətinə əliaçıqlıqla bəxş edirdi. Neft sənayesinin inkişafı xalqın rifahının yaxşılaşdırılmasına xidmət edirdi. Xalqın rifahı yaxşılaşdıqca, onun mədəni-məişət həyatının inkişafına zəmin yaradılırdı, əhalinin sosial təminatı gücləndirilirdi. Əhalinin sosial, məişət və mədəni həyatının təmin olunması insanlarda Azərbaycanın milli mənafelərinə rəğbətin artmasına səbəb olurdu.
Daha zəngin maddi bazaya söykənən milli mənafelər Azərbaycanın varlığına inam, milli ənənələrin davam və inkişafına zəmin yaratmaqla insanlarda müstəqil düşüncə tərzini formalaşdırırdı. Bu isə, sosial həyatda müstəqil yaşamağın, müstəqil dövlət quruculuğu ideyalarının həyata keçirilməsinə təminat yaradır. Məhz Heydər Əliyevin iqtisadi inkişafa nail olmaqla ölkənin gələcək müstəqil həyata hazırlanması proqramının aparıcı xətti bu məqsədin həyata keçirilməsi ilə bağlı olmuşdur. Ona görə də Heydər Əliyev hələ o zamanlar ölkənin inkişafı üçün, iqtisadi dirçəlişi üçün mövcud imkanlardan maksimum istifadə olunması üçün bütün səy və bacarığını sərf edirdi.
Reyhan Mirzəzadə isə “Azərbaycanı dünyaya saydıran insan” əsərində Ulu Öndər Heydər Əliyevin iqtisadi uğurları azırbaycançılıq ideyaları ilə vəhdətdə götürdüyünü göstərir: Neft sənayesi Azərbaycanda iqtisadi inkişafın ən aparıcı sahələrindən biri olduğu üçün Heydər Əliyev həmin sahədə uğurlar qazanılmasına xüsusi diqqət yetirmişdir.
Heydər Əliyevin rəhbərliyi ilə neft sənayesinin inkişaf etdirilməsi barəsindəki məsələ SSRİ Nazirlər Soveti qarşısında qəti qoyuldu və Azərbaycanda iki böyük neftayırma zavodu tikildi. Zavodlar üçün Almaniya və Fransadan yeni avadanlıqlar gətirilib quraşdırıldı. Respublikada ən iri ilkin neftayırma kompleksi işə salındı. Cəmi 3 il ərzində onu layihədə nəzərdə tutulan gücə çatdırmaq mümkün oldu. Bu isə neft məhsulları istehsalını 86 faiz artırmaqla, 5 köhnəlmiş qurğunu ləğv etməyə, xidməti işçilərin sayını 3 dəfədən çox azaltmağa imkan verdi. İstehsal edilən neft məhsullarının keyfiyyəti xeyli yaxşılaşdı. Mənbələrdə göstərildiyi kimi, Bakıda xam neftin hasilatından tutmuş, onun istehlakçıya çatdırılmasınadək texnoloji prosesin bütün mərhələlərini özündə birləşdirən güclü neft kompleksi inkişafda oldu. Bu kompleksin ayrılmaz hissəsi hazırda “Azneftmaş” konserninin iri zavodlar qrupunda təmsil olunmuş neft maşınqayırmasıdır. Keçmiş SSRİ-də bənzəri olmayan bu nadir qurum indinin özündə də təkcə Azərbaycanda deyil, həm də Rusiya, Qazaxıstan, Türkmənistan və MDB-nin digər neft hasil edən respublikalarında böyük neftin taleyini həll edir.
Ulu Öndərin fəaliyyətində azərbaycançılığı və iqtisadiyyatı inkişaf etdirmək müstəqillik illərində ən yüksək zirvəyə qalxdı. Bunu bütün tədqiqatçılar təsdiq edir.
Azərbaycan Respublikasında Heydər Əliyev tərəfindən yaradılmış iqtisadi inkişaf bazası ilə müstəqillik dövründə iqtisadiyyatın dirçəlişi üçün olduqca münbit bir şərait mövcud idi. Bunun sayəsində 1994-cü ilin sentyabrında Azərbaycanda iqtisadi potensialın möhkəmləndirilməsini, həmçinin, respublikada yaranmış sabitlik şəraitində ölkəmizə olan inam və marağın artmasını təmin etmək məqsədilə “Əsrin müqaviləsi” adlanan ilk neft kontraktları imzalanmışdır. Dövlət neft strategiyasının həyata keçirilməsində və reallaşdırılmasında ən böyük məsuliyyət Dövlət Neft Şirkətinin (ARDNŞ) üzərinə düşür. Neft strategiyasının səmərli nəticələr əldə etməsi işində şirkətin o vaxtkı birinci vitse-prezidenti, ölkə başçısı İlham Əliyevin xüsusi rolu, əməyi və fəaliyyəti vardır. Neft strategiyasının həyata keçirilməsi yolunda bir çox çətinlikləri uğurla aradan qaldırıb gələcək perspektivləri pozitiv baxımdan təhlil edən İlham Əliyev Respublika Sarayında “Əsrin müqaviləsi”nin beşinci ildönümünə həsr edilmiş təntənəli mərasimdəki çıxışında deyir: “ Müstəqil Azərbaycanın bu günü və sabahı üçün böyük əhəmiyyət kəsb edən neft strategiyasının hazırlanması və həyata keçirilməsinin fəal iştirakçıları kimi biz əvvəlki nəsillərin görkəmli nailiyyətlərini inkişaf etdirir və gələcək nəsillər üçün güzəranın təməlini qoyuruq... “Əsrin müqaviləsi”nin həyata keçirilməsi nəticəsində əldə olunmuş nailiyyətlər göz qabağındadır. Gələcək haqqında isə təkcə onu qeyd etmək kifayətdir ki, 30 il ərzində Azərbaycan “Əsrin müqaviləsi”dən bütün gəlirin 80 faizini, xarici neft şirkətlərinin hamısı birlikdə isə 20 faizini götürür.”
Bir sözlə, M.Yusifovun qeyd etdiyi kimi: “Heydər Əliyevin 1969-cu ildən respublikaya rəhbərlik etdiyi dövrdən ölkənin inkişafı yolunda atılan uğurlu adımlar Azərbaycanın gələcəkdə müstəqil inkişaf yoluna qədəm qoyması məqsədi daşımışdır. Azərbaycan Respublikasının sərbəst inkişaf yoluna qədəm qoyması Heydər Əliyevin ölkəyə rəhbərlik etdiyi 1969-cu il dövründən başlanır. Azərbaycan Respubirkasında baş verən bugünkü iqtisadi dirçəliş ölkəmizin iqtisadiyyatında 1969-cu ildən bəri yaranmış ənənələrin müasir dövrdəki davamından ibarətdir.
İqtisadiyyatda müstəqil inkişafın bərqərar edilməsi sosial həyatda müstəqil düşüncə tərzinin formalaşmasına təsir göstərən başlıca amillərdən biridir. Heydər Əliyevin Respublikaya rəhbərlik etdiyi 1969-82-ci illər dövründə tikilən və istifadəyə verilən çoxsaylı sənayə müəssisələri iqtisadi dirçəliş yaranmasına çox böyük təkan verdi. İstehsal müəssisələrinin yaranması və istifadəyə verilməsindən məqsəd xalqın rifahının yaxşılaşdırılmasından ibarət idi. Xalqın maddi rifahının get-gedə yaxşılaşması 1969-82-ci illərdə xalqın müstəqilliyini bərqərar etmək və onun sərbəst düşüncə imkanlarını formalaşdırmaq yolunda atılan addımlardan idi. Heydər Əliyevin uzaqgörən siyasətinə söykənən bu hərəkat hər gün baş verirdi, artırdı, çoxalırdı. Onun idarəetmə mexanizmi elə incəliklə istiqamətləndirilmişdi ki, o zamankı mərkəzi hökumət hələ onu uzun müddət aşkar edə bilməmişdi.
Heydər Əliyev Azərbaycanda kadr hazırlığı sahəsində çox mühüm işlər görürdü. Hər il 800 nəfərdən artıq gənc yüksək təhsil almaq üçün respublikadan kənara göndərilirdi. Heydər Əliyevin uzaqgörən siyasəti nəticəsində hələ sovet dövründə Azərbaycan Respublikası özünün müstəqil inkişaf təminatını yarada bilmişdi. 1969-82-ci illər dövründə və ondan sonrakı vaxtlarda iqtisadi inkişafın təmin olunması vətənə xidmət, xalqın mənafeyi naminə çalışmaq nümunəsi olmaqla, azərbaycançılığın başlıca istiqamətlərindən birinə çevrilmişdi.”
Ulu Öndərin layiqli siyasi varisi ölkə Prezidenti cənab İlham Əliyev Azərbaycan iqtisadiyyatını və azərbaycançılıq ideyalarını uğurla inkişaf etdirir. Novruz bayramı münasibətilə çıxışında İlham Əliyev demişdir: “Əlbəttə, biz nə sosial, nə xarici siyasət sahələrində uğurları güclü iqtisadi baza olmadan əldə edə bilməzdik. Məhz buna görə biz əsas istiqaməti bu sahəyə yönəltdik. Son 8 il ərzində iqtisadiyyatımız 3 dəfə, büdcəmiz təxminən 15 dəfə artmışdır. Bu gün biz güclü iqtisadiyyata malik olan ölkəyik. Bizim böyük valyuta ehtiyatlarımız vardır. Biz öz hesabımıza yaşayırıq, heç kimdən asılı deyilik. Əksinə, biz artıq yeni iqtisadi strategiyamızı icra edərkən xarici ölkələrə kreditlərin verilməsinə başlamışıq. Hesab edirəm ki, bu da çox gözəl göstəricidir. Bu, bizə gələcəkdə həm iqtisadi, həm də siyasi cəhətdən böyük iqtisadi və siyasi dividendlər gətirəcəkdir və artıq gətirir. Biz bu siyasəti davam etdirəcəyik, maliyyə resurslarımızı şaxələndirilmiş şəkildə lazım olan layihələrə istiqamətləndirəcəyik.
İqtisadi sahədə əldə edilmiş nailiyyətlər bölgələrdə də öz təsirini göstərir. Hər bir bölgədə canlanma, inkişaf, quruculuq var, abadlıq işləri gedir. Bölgələr, rayonlar arasında sağlam rəqabət aparılır. Bu da məni çox sevindirir. Mən tez-tez bölgələrdə oluram və görürəm ki, hər bir yerdə quruculuq işlərinə böyük həvəs vardır. Hər bir rayonda sakinlər istəyirlər ki, onların şəhərləri, kəndləri daha da gözəl, daha da abad olsun.
Bir sözlə, ölkəmizdə ümumi ruh yüksəkliyi, ümumi quruculuq meyilləri çox güclüdür və bu, onu göstərir ki, Azərbaycan cəmiyyəti sağlam cəmiyyətdir. Bir daha demək istəyirəm ki, bu sağlamlığın əsas mənbəyi milli dəyərlərimizdir. Biz bu dəyərlərə sadiqik və daim bu dəyərləri uca tutacağıq!”
VAHİD ÖMƏROV
Azad Azərbaycan.-2013.-- 19 aprel.- S.5.