“Göyçə
mahalı- Kəsəmən:
Bir kəndin tarixindən səhifələr”
Filologiya
elmləri doktoru, yazıçı-publisist Almaz Ülvinin
“Göyçə mahalı Kəsəmən: Bir kəndin
tarixindən səhifələr” kitabı.
Kitab
Qərbi Azərbaycanın Göyçə mahalının Kəsəmən
kəndi ilə bağlı müəllifin elmi-tarixi qeydlərini,
portretlərini, publisistik düşüncələrini, nəsil-şəcərə
araşdırmalarını əhatə edir. Kəndin əsrlər
arxasında qalan tarixi, etnoqrafiyası, əhalinin adət-ənənəsi,
qaçqınlıq taleyi, inzibati ərazisi,
tanınmış ziyalıları, ictimai-siyasi həyatı,
nəsil-şəcərəsi bütün detalları ilə
qələmə alınmışdır.
Kitabda
“Göyçəm, göy çiçəyim”, “Dövlət
xadimləri”, “Alimlərimiz, müdriklərimiz”, “Kənddə
məktəb”, “Kənd soveti və kolxoz sədrləri”, “Yer
üzü müharibə istəmir”, “Kəndin tibb həyatından”,
“Dinsiz yerdə otur, imansız yerdə oturma”, “Könül dəftərinin
tərcümanları”, “Publisistik düşüncələr”,
“Nəsil-şəcərələr” bölmələri yer
almışdır. Onları bir ideya: oxucunun diqqətini “Sənin
Qərbi Azərbaycan, Göyçə mahalı, Kəsəmən
adlı torpağın, yerin-yurdun, əsrlər boyu şölə
saçan ocağın var” fikrinə yönəltmək birləşdirir.
Müəllif
sovetlər imperiyasının xalqımıza vurduğu
repressiya zərbələrini, II Dünya müharibəsinin Kəsəməndən
apardığı çoxsaylı qurbanları, 1990-cı ilin
20 yanvar gecəsində nakam şair Ülvi Bünyadzadənin
ölümün gözünə dik baxmasını,
başından güllə yarası alan İrşad Kərimovun
qorxmazlığını, Qarabağ müharibəsində
şəhid olmuş Kamal Cabbarovun və başqalarının
qəhrəmanlığını gənc nəslə
çatdırmışdır. Kitabda Kəsəməndən
çıxmış alimlərin, ictimai xadimlərin,
saz-söz sahiblərinin həyat yolu izlənilir, əhalinin ən
çətin dövrlərdə belə imanını itirmədiyi,
müdrikliyi, tarixən qan düşmənçiliyinə yol
vermədiyi nəzərə çatdırılır.
Keçmiş və gələcəklə səsləşən
kitab yaşlı nəsil üçün xatirə, gələcək
nəsil üçün tanışlıq və örnəkdir.
Professor
Ziyad Abbasov, fəlsəfə doktorları Mübariz Əliyev,
Ələddin Ələkbərov, Əməkdar Müəllim
Məhəmməd Bayramovun rəy yazdıqları kitab Azərbaycan
Milli Elmlər Akademiyasının Folklor İnstitutunun Elmi
Şurasının müvafiq qərarı ilə nəşr
olunmuşdur
Zeynalov Əsgər,
Filalogiya elmləri doktoru,
professor
Azad Azərbaycan.- 2013.- 21 aprel.- S.7.