Azərbaycançılıq və Azərbaycan
tarı
Azərbaycançılıq ruhunun aşılanmasında qədim milli musiqi aləti olan Azərbaycan tarı xüsusi rol oynayır. Tar mizrabla çalınan simli, peşəkar alətdir. Onu X əsrdə Türküstan türklərindən olan Tərxanın oğlu Məhəmməd Cərco şəhərinin Frab kəndində icad edb. Tarın ilkin forması 5 simli, sadə olub. Sadıqcan 1870-1875-ci illərdə tar üzərində bir sıra uğurlu islahatlar aparıb, ona daha 6 sim əlavə edib. Tarın adına Qətran Təbrizi (XI əsr), Ə.Təbrizi (XIV əsr), Kişvəri, M.Füzuli (XVI əsr) Qövsi Təbrizi (XVII əsr) kimi klassiklərin şeirlərində rast gəlirik.
Tar farsca
tel, sim deməkdir. Bəzi mənbələrə görə
tara qədimdə vətər də deyiblər. Vətər
isə dairənin hər hansı iki nöqtəsini birləşdirən
düz xəttə deyilir.
Tarın
diapazonu kiçik oktavanın do səsindən II oktavanın
sol səsinə qədərdir. Alət
transpozisiyalıdır, əsasən, in H, yəni si köklənir,
notları metso-soprano açarında yazılır.
1931-ci ildə
Ü.Hacıbəyli tərəfindən yaradılan Azərbaycan
xalq çalğı alətləri orkestrində tarlardan bu günə
kimi aparıcı alət kimi istifadə edilir. Tar həm
uşaq musiqi məktəblərində, həm musiqi
texnikumlarında, həm də ali təhsil ocaqlarında tədris
olunur.
1935-ci ildə
S.Rüstəmovun “Tar məktəbi” adlı kitabı
çapdan çıxıb. XX əsrin 60-cı illərində
həvəskar tarzən Varid Fərzəlibəyov tarın bəm
(bas) formasını icad edib. Sonralar Q.Qasımlı və
B.Balabəyov da daha 2 növ fərqli bəm tar
hazırlayıblar.
Böyük
Azərbaycan sənətkarları milli ruhun
aşılanmasında tara yüksək qiymət vermişlər.
Fikrət Əmirovun qeyd etdiyi kimi, axı tar azərbaycanlılar
arasında ən geniş yayılmış, simləri
xalqın ürək telləri ilə həmahəng səslənən
çox qiymətli musiqi alətidir. Üzeyir Hacıbəyov
tarı bəzi “solçuların” hücumlarından
müdafiə etməklə zəngin xəzinəmizi - Azərbaycan
xalq musiqisini müdafiə edirdi. Moskvada keçirilən Azərbaycan
incəsənəti dekadası günlərində simfonik
orkestrdə sarı simli Azərbaycan tarının və
başqa milli çalğı alətlərinin müvəffəqiyyətlə
səslənməsi Hacıbəyovun yaradıcılıq
ideyalarının qələbəsi və milli musiqimizin təntənəsi
idi. O öz fikrini izah edərkən belə deyirdi: “Mən
tarın bu operada iştirak etməsi üçün başqa
cür düşünürəm. Hərgah tarı, milli bir
alət olduğu üçün irəli çəkmək
istəsəydim, o zaman kamançaya da müəyyən yer
verərdim. Lakin bu, lazım deyildi. Şərq musiqisi əsasında
yazılan əsərdə kamançanın vəzifəsini
skripka daha yaxşı bədii bir surətdə ifa edə bilər.
Lakin tar belə deyil, tarın tembri orkestrdə yenilik
yaradır və onun incə səsləri artıq dərəcədə
xoşa gəldiyi üçün orkestrə daxil edilməsini
lazım bilirəm”.
Xalq
yazıçısı Mirzə İbrahimov “Üzeyir Hacıbəyov sənət və sənətkarlıq
haqqında” adlı məqaləsində haqlı olaraq
yazır ki, inqilabi çevrilişi cəmiyyətin köhnəlmiş
iqtisadi-ictimai, siyasi və məişət formaları
dağılarkən və bütün bunlar yenidən qurularkən
ədəbiyyat və incəsənətdə yeni ruh, yeni
meyillər hakim olmağa başlarkən, dünəndən
qalan irsə qarşı mühafizəkarlıqla
yanaşı, ifrat-solçu münasibətlər də
özünü göstərir. 20-ci illərdə Azərbaycanda
da belə hallara tez-tez rast gəlmək olurdu. Musiqi sahəsində
bu solçu meyillər, xüsusən, “tar məsələsi”ndə
daha qabarıq şəkil aldığından, o zaman nəzəri
cəlb etmişdi. Avropa musiqi formalarının bizdə
yayılmasını ürəkdən istəyən Üzeyir
Hacıbəyov “hətta tarın xalq musiqisi aləti cümləsindən
olduğuna da inanmayan” yoldaşlarla mübahisəsində
deyirdi: “Avropa musiqisindən əlavə bir də Şərq
musiqisi vardır və biz azərbaycanlılar
özümüz Şərq əhlindən olduğumuza
görə musiqi təhsili işində Şərq musiqisinə
qarşı biqeyd qalarsaq, öz mədəni vəzifəmizi
kamalınca ifa etməmiş olarıq. Tar isə Şərq
musiqi təhsilini genişləndirə bilən alətdən ən
qiymətlisi, ən mühümüdür”.
Sənətşünas
Vaqif Əbdülqasımov tarın muğam operalarında əvəzsiz
rolundan bəhs edərək, göstərir ki, Azərbaycan
milli opera janrının əsasını muğam operaları
təşkil edir. Bu janrın yaradıcısı böyük
bəstəkarımız Üzeyir Hacıbəyov olmuşdur.
Onun ilk muğam operası olan “Leyli və Məcnun” 1908-ci ildə
öz səhnə təcəssümünü tapmaqla Azərbaycanda
opera sənətinin əsası qoyulmuşdur. Bu uğurlu
operadan sonra Ü.Hacıbəyov “Əsli və Kərəm”,
“Şeyx Sənan”, “Rüstəm və Söhrab”, “Şah Abbas
və Xurşid Banu”, “Harun və Leyla” kimi muğam operaları
yazmışdır.
Üzeyir
Hacıbəyovun muğam operaları yaratmaq ənənəsini
sonralar Müslüm Maqomayev (“Şah İsmayıl”),
Z.Hacıbəyov (“Aşıq Qərib”) və başqaları
davam etdirmişlər.
Muğam
operalarında simfonik orkestr əsərlərin müqəddimələrini,
rəqs, marş kimi instrumental nömrələrini,
operanın hadisələrinə müvafiq müxtəlif
orkestr epizodlarını, səhnəarası musiqi
parçalarını çalır, xor, solo-vokal və vokal
ansamblları müşayiət edir. Bütün bunlarla
yanaşı,muğam operalarında əsas ağırlıq
Azərbaycan xalq çalğı aləti - tarın üzərinə
düşür. Məlumdur ki, opera dramaturgiyasında vokal
formaların xüsusi rolu vardır. Operanın
ideyasının açılması, onun daxili aləmindən
gələn xüsusiyyətlərin üzə
çıxarılması üçün vokal forma əsas
vasitələrdəndir. Ariya da vokal formanın mühüm
sahəsidir. Muğam operalarında ariyanı, ariozonu və
mahnı kimi vokal formalarını muğam oxunuşu əvəz
edir. muğam oxumada isə tar müstəsna rola malikdir. Tar
muğam operalarında simfonik orkestrin tərkibində digər
musiqi alətləri ilə bərabər hüquqla iştirak
edərək, solo-vokal muğam partiyalarını
müşayiət edir və ona yol göstərir. Bir sözlə,
vokal partiyanın inkişafına imkan yaradır. Bu dediklərimizlə
əlaqədar olaraq, “Leyli və Məcnun” operasına
müraciət edək. Bu operada klassik operalardan fərqli olaraq
tamamlanmış, bitkin musiqi formaları - ansambllar,
reçitativlər, antrakt və s. yoxdur. Hadisələrin
inkişafı, dramaturgiyası, obrazların daxili aləmi məhz
muğamlar vasitəsilə verilmişdir. Doğrudur, operada ənənəvi
formalar - müqəddimə, xorlar, duet, trio və s. var. Lakin
qeyd olunan formalarla yanaşı, tarın müşayiəti ilə
oxunan muğam parçaları mühüm rol oynayır.
Operada xalq musiqimizin digər janrlarından - zərbi-muğamları,
təsnif, rəng, xalq mahnıları və rəqslərindən
geniş istifadə edilib.
“Leyli və
Məcnun” operasında tarın milli xüsusiyyətə malik
tembrini, səs düzümünü, simfonik orkestrlə
uzlaşma və xüsusi kolorit yaratmaq xüsusiyyətlərini
müqəddimədə görmək olar. Operanın müqəddiməsində
skripka və ağac nəfəs alətlərlə alt
mizrablarla (V) ifa etdikləri “Heyratı” zərbi-muğamının
melodiyası deyilənlər üçün səciyyəvi
misal ola bilər.
Onu da qeyd
edək ki, bəstəkar tardan təkcə melodiya
üçün deyil, həm də akkordların, polifonik
ünsürlərin ifasında da istifadə edir.
Beləliklə,
Ü.Hacıbəyov “Leyli və Məcnun” operasının
müqəddiməsində tarın simfonik orkestrdəki rolunu
nümayiş etdirməklə, onun gələcək səhnələrindəki
fəaliyyətini müəyyənləşdirir.
Böyük
bəstəkarımız Azərbaycan tarına yüksək
qiymət verərək, “Sehrli tar”, “Sarı simin möcüzəsi”
adlı məqalələr yazmışdır. Fikrət Əmirov
tar haqqında yazmışdır: “Azərbaycan musiqi alətlərinin
gözü tardır. Tar öz ahənginə, tembrinə,
diapazonuna, gücünə görə təkcə bir aləti
deyil, sanki bir orkestri əvəz edir. Özü də orkestrin
aparıcısıdır. İfaçı dəstəsi
üçlük də, beşlik də olanda aparıcı
tarzən olur. Odur ki, tarzənin muğamın sirlərinə
vaqif olması vacib sayılır. Bu baxımdan, doğru deyirlər
ki, xanəndəni oxudan - oxuyanı oxudan tarzəndir. Qurban Primovun
sənət varlığı, ölməzliyi tardadır. Tar
və Qurban Primov ayrılmaz bir vəhdətdədir.
Fikrət
Əmirov tara azərbaycançılıq mövqeyindən
münasibətin formalaşmasında Üzeyir Hacıbəyovun
rolunu xüsusi qeyd edir: “Məlum olduğu kimi, 20-ci illərdə
musiqi həyatımızda tar ilə əlaqədar mübahisələr xüsusilə
ciddi şəkil almışdı və “hətta tarın
xalq musiqisi aləti... olduğuna da inanmayanlar vardı. Məsələnin
daha çox çətinlik törədən tərəfi o
idi ki, bu fikri respublikada mədəniyyət üçün məsul
olan vəzifəli şəxslərin dilindən eşitmək
olurdu. Bununla belə, Üzeyir Hacıbəyov vicdanının
səsini boğmur, Azərbaycan xalq musiqisinin əsaslarını uzun illər dərindən-dərinə
təbliğ etmiş dahi bir sənətkar kimi sarı simli
tarın müdafiəsinə qalxırdı. O, Şərq
musiqisini lazımınca qiymətləndirməyənlərə
qarşı çıxır və yazırdı: “Əlbəttə,
əgər bir musiqi təhsilindən ibarət yalnız Avropa
musiqisini hesab etsə idik, biz də tar təhsilinin lüzumsuz
bir şey olduğunu iqrar edib ləğv tərəfdarı
olardıq. Fəqət, bu xüsusda bizim fikrimiz belədir ki,
Avropa musiqisindən əlavə bir də Şərq musiqisi
vardır və biz azərbaycanlılar özümüz Şərq
əhlindən olduğumuza görə musiqi təhsili
işində Şərq musiqisinə qarşı laqeyd
qalırıqsa, öz mədəni vəzifəmizi
kamalınca ifa etməmiş olarıq. Tar isə - Şərq
musiqisi təhsilini genişləndirə bilən alətlərdən
ən qiymətlisi, ən mühümüdür... Musiqi məktəbi
tara yalnız elmi cəhətdən yanaşır və onu
Şərq musiqisinin əsası olan muğamatın kəşf
və şərhi üçün elmi bir alət sifəti ilə
öz proqramına daxil edir”.
Beləliklə,
“Şərq musiqisinin əsası olan muğamatın kəşf
və şərhi üçün elmi bir alət” mahiyyəti
daşıyan tarın Qurban Primov kimi ustad sənətkarın
musiqi həyatımızın xüsusən həmin dövrdəki
və daha sonrakı dövrlərdəki taleyi
üçün necə əvəzsiz simalardan biri olduğu
tamamilə aydın olur.
Fikrət
Əmirov tar ifaçısı kimi Qurban Pirimovu yüksək
dəyərləndirirdi: “Qurban Primovun sənətinin sirri nədədir?
Əvvələn, onu deyim ki, XX əsr nəsli, o cümlədən
də, biz gözümüzü açıb Qurban Primovu
eşitmişik. İndiki Azərbaycan tar tarixinin
yaradıcısı, novatoru Sadıqcandır, ancaq Qurban Primov
onun canlı tarixi, ilk və böyük təbliğatçısıdır.
Qurban Primovun üstünlüyü bir də bundadır ki, Azərbaycan
tarını bir çox ölkələrdə, o cümlədən,
xaricdə ilk dəfə sinəsinə basıb çalan məhz
o olub. Ona qulaq asanda, elə bil, Göy Gölün mənzərəsini,
Kəpəzin, Şahdağın şəlaləsini
görürsən, eşidirsən. Bu ifada Azərbaycan
bütünlüklə muğam sədalarına dönüb
gözünün önündə yenidən canlanır.
Azərbaycan
tarının real ifaçılıq məktəbinin əsasını
qoyduğu üçündür ki, Bəhram Mansurov, Hacı
Məmmədov, Əhsən Dadaşov onun yetirmələridir.
Qurban Primovun ifası bütün tarzənlərin ifasından
öz orijinallığı ilə seçilir.
...Ən
yaxın adamlarının da dediyinə görə, Qurban Primov
tara, sənətə ən müqəddəs bir varlıq
kimi baxır, onu çörək qədər uca tuturdu. O, tar
çalanda, elə bilirdin ki, tar sanki səninlə
danışır, hər kəs sanki tarla danışır.
O, səhnəyə çıxarkən oturuşu və ilk hərəkətləri
ilə tamaşaçı və özü arasında
ünsiyyət yaradırdı və sən tara qibtə
edirdin. Qurban Primovun güclü, dolğun mizrabı var idi.
Onun biləyi, alt-üst mizrablarının hərəsi bir aləm
idi. Elə bil ki, simfonik orkestrin rəngarəng ahəngini
eşidirdin.
Doğrudan
da, Qurban Primov öz şəxsiyyəti, sənətinin xəlqiliyi,
insaniyyəti, dosta vəfası, sədaqəti etibarilə əsil
mənada, Azərbaycan xalqının içərisindən
çıxmış bir şəxsiyyət idi. O, bildiyini
öyrətməkdən nəinki yorulmur, əksinə, mən
deyərdim, əsil sənət həzzi alırdı.
Böyük sənətkardakı bu böyük məziyyəti
yaxından-yaxına müşahidə etmək səadəti
mənə də qismət olmuşdu”.
Böyük
sənətkar “Sarı simin möcüzəsi” məqaləsində
isə tarzən Bəhram Mansurovdan bəhs etmişdir:
“Çox qədim zamanlardan bəri Azərbaycan
özünün sevimli xanəndələri və
musiqiçiləri ilə məşhurdur. Onlardan bir
çoxunun - Sadıqcanın, Hacı Hüsünün,
Keçəçi Məmmədin, Cabbar Qaryağdıoğlunun,
Məşədi Zeynalın, Qurban Pirimovun, Seyid
Şuşinskinin və başqalarının adı milli musiqi
mədəniyyətimiz tarixinə daxil olmuşdur. Bu görkəmli
sənətkarlar nəslinə mənsub olanlardan biri də Bəhram
Mansurovdur. Bəhram tarçı ailəsində
doğulmuşdur. Onun babası və atası istedadlı
musiqiçi olmuşlar. XIX əsrin axırlarında
Bakıdakı musiqi-maarif cəmiyyəti Məşədi Məlik
Mansurovun adı ilə bağlı idi. Xalq
ifaçılıq ənənələrini Məşədi
Süleymandan sonra onun qardaşı, Azərbaycanın ən
yaxşı tarzənlərindən biri olan Mənsur Mansurov
davam etdirdi. Bəhram Mansurov da öz ata-babasının yolu ilə
getdi”.
Beləliklə,
Azərbaycan milli musiqi alətləri içərisində
özünəməxsusluğu ilə fərqlənən Azərbaycan
tarı xalqımızda azərbaycançılıq ruhunun
aşılanmasında əvəzsiz rol oynayır.
Vahid ÖMƏROV
Azad Azərbaycan.- 2013.- 23 aprel.- S.5.