Azərbaycan Xalq
Cümhuriyyətinin ideoloqları və azərbaycançılıq
Azərbaycan Xalq Cümhuriyyətinin yaranmasında milli ideya zəmini rolunu oynayan azərbaycançılıqla yanaşı, Əlibəy Hüseynzadənin siyasi türkçülük ideyası da mühüm rol oynamışdır.
Ə.Hüseynzadənin sistemli siyasi türkçülük baxışı aşağıdakıları əhatə edirdi: 1.Məzlum olan sinifləri zalim siniflərdən azad etməyə çalışın. 2. Qafqaz əhlinə muxtariyyət verilsin. 3. Müsəlman dininə sərbəstlik verilsin. 4. Türk dilinin inkişafı yolunda olan sədlər və maneələr aradan qaldırılsın.
H.Həsənov onun siyasi türkçülük baxışlarını “Rusiya türkləri tərəfindən verilən ilk sistemli baxış kimi səciyyələndirilərək baxışın əsas istiqamətlərini belə göstərirdi:
1. Milli azadlıq uğrunda mübarizə sinfi mübarizə əvəzinə sinfi həmrəylik. 2. Dövlətçilik uğrunda mübarizə. Qafqaz xalqlarının həmrəyliyi. 3. Din uğrunda mübarizə. Bütün Rusiya müsəlmanlarının birgə mübarizəsi. 4. Dil uğrunda mübarizə. O, türk dili üçün savadlanmada, maariflənmədə, mətbuatda, siyasi həyatda geniş meydan tələb edir. Osmanlı türkcəsini türklərin ədəbi dili kimi qəbul edirdi.
T.Svyatoçovski Ə.Hüseynzadənin ideoloji baxışlarını belə səciyyələndirirdi: “1905-ci illərdən sonrakı dövrün aparıcı ədəbi jurnalı olan “Füyuzat” (bolluq) belə bir mövqedə dururdu ki, azərbaycanlılar Oğuz türkləri olaraq osmanlılarla kök etibarilə eynidirlər, hər iki xalq arasındakı fərqlər çox cüzidir. Jurnalın redaktoru və baş təsisçisi Əli bəy Hüseynzadə, tədricən ayrı millətin, “Qafqaz türkləri” adlandırdığı millətin, təşəkkülünə gətirib çıxaran yerliçiliyə meyili tənqid etdi. O, belə hesab edirdi ki, tarix eyni dil, din və mədəniyyət birliyi ilə bağlanan nəhəng dövlətlər əsrinə qədəm qoyur. Hüseynzadə açıqcasına bildirdi ki, o, “islam dünyasının mənəvi və siyasi rəhbəri olan” Osmanlı dövləti ilə bu və ya digər şəkildə birlikdə olan Azərbaycan variantına üstünlük verir. “Füyuzat”ın tutduğu və Qasprinskinin nöqteyi-nəzəri ilə eyni olan mövqeyə görə, cəmi türk xalqları eyni dil formasını, müəyyən dəyişikliklər edilmiş Osmanlı variantını qəbul etməlidirlər.
“Füyuzat” əməkdaşları dilləri mücərrəd anlayışlar ifadə etməkdən və dərin mühakimələrdən məhrum olan Qafqaz türklərinin zehni inkişafına nəzər salmağı xüsusi vurğuladılar: “Bizim ana dili adlandırdığımız dil əsrlərlə siyasət, fəlsəfə, elm sahəsində baş vermiş inkişafdan ayrı düşmüşdür və nəticədə, onun təbii inkişafı dayandırılmışdır.”
Osmanlılaşdırmanın əleyhinə olanlar, on birincisi, ictimaiyyətin mətbuatdan ayrı düşəcəyini və ədəbiyyatın əksəriyyətin başa düşə bilməyəcəyi bir dildə yazılacağını əsas götürdülər. Populist meyilli azəriçilər (azərbaycançılıq tərəfdarları) dedikdə, çoxsaylı İran oxucularını da nəzərdə tuturdular. “Molla Nəsrəddin” onların fikir carçısı oldu. Cəlil Məmmədquluzadənin hamının başa düşəcəyi sadə dildə yazmağı qarşısına vəzifə qoyduğu “Molla Nəsrəddin” işıq üzü gördü. Satirik jurnal olan “Molla Nəsrəddin” osmanlı dilinin qramatikasının və ifadələrinin Azərbaycan dilində gülməli vəziyyət yaratdığını göstərərək həzz alırdı. Azəriçilərin digər nəşr orqanları “Tərəqqi” və “İqbal” idi. Osmanlıpərəstlər öz ideya və fikirlərini “Yeni Fyuzat”. “Şəlalə” və “Dirilik” jurnallarında irəli sürdülər.
Fransız tədqiqatçısı F.Jorjon XIX əsrin sonu XX əsrin əvvəllərində fəaliyyət göstərmiş, Rusiya və Osmanlı imperiyalarındakı həmfikirlərilə sıx əlaqə yaratmış, “rus mədəniyyətindən qidalanmış azəri (azərbaycançılıq-Ö.V.) ziyalılarının yeni gənc nəsli haqqında məlumat verir, pantürkizmi” və “panislamizm” hərəkatlarının Azərbaycanda da təşəkkül tapdığı, bu yeni nəslin “erməni-müsəlman davası”, “1905-ci siyasi hadisələri”, sosializmin yaranması” ilə qarşılaşdığını göstərir. Əli bəy Hüseynzadə Əlimərdan bəy Topçubaşov, Əhməd bəy Ağaoğlu, kimi ziyalıların adları xüsusi qeyd edilir,
Həsən Əzizoğlu Ə.Hüseynzadənin türkçülük ideyalarının əhəmiyyəti haqqında belə yazır: Ə.Hüseynzadə ictimai fikrimizdə böyük bir türkçü kimi qəbul olunub. Onun bu ilk və kiçik tövsiyəsi, daha doğrusu, mübarizəyə çağırışı, 1918-ci ilə qədər Rusiyada türk-müsəlman xalqları tərəfindən aparılan milli-azadlıq mücadiləsinin qayəsini təşkil edib və proqramına çevrilib. Onu ilk siyasi türkçü kimi də qiymətləndirməyimiz daha əsaslı olardı.
Ə.Hüseynzadə 1905-ci ildə “Həyat” qəzetində “Türklər kimdir və kimlərdən ibarətdir” adlı silsilə məqalələrlə çixış edib. Bu yazıda o, türk dünyası, onun tarixi coğrafiyası, digər türk xalqları haqqında məlumatlar verib. Orxon-Yenisey yazılarından, qədim türk “runlarından”, onları kəşf edən Vilhelm Tomsendən, “Kutadqu-Bilik” əsərini kəşf edən G.Vamberi haqqında yazıb. Məqalələrdə dünyanın bir sıra görkəmli türkşünaslarının adını və onların tədqiqatlarının mahiyyətini açır. Onlardan V.Radlov, G.Vamberi, Uyfalvun Şarl Ecen, V.Tomsen, Deqin Cozef, Q.Venqler, Şəmsəddin Sami, Nəcib Asim və başqaları əhatə olunub. Bir ona heyifislənmək olar ki, əgər hələ 100 il bundan əvvəl bu adlar və onların tədqiqat obyektləri olan türk abidələri azərbaycanlıların yaddaşına gətirilmişdisə, o zaman niyə onlar elmimizdə genişmiqyaslı tədqiqat obyekti olmadılar? Təəssüf!..
Beləliklə, Ə.Hüseynzadənin türkçülükdə göstərdiyi xidmətlər ondan ibarətdir ki, o, Azərbaycan gerçəkliyində ilk dəfə olaraq dünyada mövcud olan türk xalqlarının, başqa millətlərdən olan görkəmli türkşünasların, milliyyətcə türk türkşünaslarının, qədim türk yazılarının, xüsusən də, Orxon-Yenisey yazılarının, türk maddi-mədəniyyət abidələrinin, türk etnoqrafıyasının, böyük türklərin: Alp Ər Tonqanın, Gültəkinin və Bilgə xaqanlarının adlarını sevə-sevə qələmə alıb, türk yazı sistemlərinin, yəni əlifbaların (türk runları və uyğur əlifbası), türk dillər qrupunun və ona qohum olan dillərin, qədim türk din və məzhəblərinin sistemli təsvirini verib. Ə.Hüseynzadə bir vacib məsələni də qaldırıb ki, türk islamı qəbul edərək ərəbləşmədi, öz milli mahiyyətini və dilini saxladı. Bütün dünya dinlərindən türk həyat tərzinə, türk təfəkkürünə və türk dilinə ən yaxın və yararlı islam dini olduğunu təkid edir və xüsusi vurğulayır ki, türk məhz islamda özünü türk saya bilir. 0, Azərbaycanda elmin üç əsas cərəyanla inkişafını görürdü: “Elmi-əhvali-əqvam”, “Elmi-bəşər”, “Elmi-lisan” Qaldırdığı problemlərdən ən vacibi də millətin əxlaqı olub.
“Türk dili” məfhumunda Ə.Hüseynzadə özünəməxsus mövqe tutur. Bu məsələdə Ə.Hüseynzadə ilə başqaları arasında müəyyən fikir ayrılığı var idi. Əgər M.F.Axundov dramaturgiyasını Azərbaycan xalq dili əsasında yaratmışdısa, Ə.Hüseynzadə tam və formalaşmış Azərbaycan dili haqqında heç bir fikir irəli sürmür. 0 deyir ki, dilimiz Bakı, Gəncə, Şirvan ləhcələrindən ibarətdir. Ə.Hüseynzadə türk dili deyərkən hər türk xalqının öz dilini nəzərdə tutmurdu, o, məhz osmanlı türkcəsini nəzərdə tuturdu. Hətta türk dilinin inkişaf yollarının da o, Əlişir Nəvainin yaradıcılığına əsasən deyil, ərəb-fars sözləri əsasında görür. Millətimizin təşəkkülü haqda fikirlərindən danışsaq, onu qeyd etmək lazımdır ki, Ə.Hüseynzadə Azərbaycan xalqını “təzə cavan bir millətdir”, “yolunun mənzili-əvvəlindədir” - deyə qiymətləndirirdi.
Avropalaşmağa aid Ə.Hüseynzadənin özünəməxsus baxışları var. “Kasablanka faciəsi” adlı məqaləsində o deyir: “Biz istəyirik ki, islam ölkəsinə onların (avropalıların) beyinləri, dimağları girsin, boğazları, mədələri girməsin. Biz istəyirik ki, ölkəmiz onların beyinlərini həzm etsin. Yoxsa mədələrində həzm olunmasın”. Amma bununla yanaşı, onu da xüsusi qeyd etmək lazımdır ki, o, qəti şəkildə “firəngləşməyin” əleyhinədir. Ə.Hüseynzadə o kəsləri qınayır ki, Avropadan əsən hər hansı yelə, hətta zəhərli yelə şəfabəxşiş deyir. Bu mövqeyini o, belə açıqlayır: türkün firəngləşməsi, firəngin tərəqqisi deməkdir, “müsəlman tərəqqisi demək deyildir”.
Ə.Hüseynzadədə türk dövlətçilik ideyalarının inkişaf etmiş bir baxışına rast gəlmədik. Onun fikrincə, gələcək qurum sadəcə “türklərin mənəvi birliyi” şəklində ola bilər. Ə.Hüseynzadə 1905-ci ildə “Həyat” qəzetinin 10-cu sayında dərc edilmiş “Qəzetimizin məsləki” məqaləsində yazır ki, Azərbaycan türklərinin gələcək inkişafını ancaq Rusiya tərkibində görür. O deyir: “Biz isə türk, müsəlman və rus rəiyyəti bulunduğumuz üçün türklük və islam dairəsində və rus dövlətinin şəraiti-iqtisadiyyə və siyasiyyəsi daxilində tərəqqi etmək istəriz”. Bu haqda onun fikrinə Dumaya gedən deputatlara verdiyi tövsiyədə rast gəlirik. Orada sadəcə bütün Qafqaz xalqlarına, türklərə, ermənilərə, gürcülərə və başqalarına müştərək özünüidarə etmək hüququndan söhbət açır.
1905-ci il tövsiyələrində o, nə ümumən Rusiya türkləri üçün, nə ümumən Qafqaz türkləri üçün, nə də xüsusən azərbaycanlılar üçün muxtariyyət tələb etmir. Onun tövsiyəsi ondan ibarətdir ki, “Qafqaz əhlinə öz ümumi idarəsinə özü baxa bilmək üçün lazım gələn muxtariyyət tələb ediniz.”. 0 dövrkü Azərbaycan düşüncəsi üçün bu, bir addım irəli olsa da, onu nəzərə almalıyıq ki, elə bu dövrdə gürcülər və ermənilər də artıq “Ümumi Qafqaz” deyil, sırf milli erməni və gürcü muxtariyyəti məsələsi qaldırırdılar.
Ə.Hüseynzadə türk dünyasını nə müstəqil, nə muxtariyyət veziyyətində görmür, hələlik, Rusiya imperiyasının sərhədləri daxilində görür. Sonrakı yazılarında isə, o, sadəcə, türklərin rus imperiyasına qarşı mübarizəsi məsələsini qaldırır və hər hansı bir dövlət qurumundan söhbət açmır.
H.Əzizoğlu sonda
göstərir:
“O, ilk azərbaycanlı olub ki, sistemli şəkildə dil, din, sinfi problemləri qaldırıb. Amma onun tələbləri birbaşa hökumət qarşısında deyil, Dumaya gedən, milliyyətcə azərbaycanlı olan deputatlara tövsiyə şəklində qaldırılmışdır.
Beləliklə, 1905-ci ildə Ə.Hüseynzadənin mövqeyində ancaq milli-mədəni inkişaf üçün yaradılası şərait haqqında problemlər əks olunub. 1904-1906-cı illərdə o, hələlik, milli şürun qaldırılması uğrunda çalışırdı. Ə.Hüseynzadə bu məqalədə üç həmrəylik sistemini açıqlayır: türkçülük, islamçılıq və rus vətəndaşlığı. Sonrakı illərdə türkçülüyün siyasi tərəfi onun üçün Rusiya çarizmi ilə mübarizədən ibarət olub.”
Bir sözlə, XX əsrin əvvəllərində millət və milli vətən azadlığı ideyalarının üstünlük təşkil etməsi Azərbaycanda yalnız dövlətçilik deyil, həm də vətənçilik nəzəriyyəsinin inkişafı üçün örnək olmuşdur. Heydər Əliyev bu təsirin sosial mahiyyətini düzgün qiymətləndirərək, qeyd edir kı, “XIX əsrin sonu XX əsrin əvvəlləri dünyada yeni münasibətlərin bərqərar olduğu bir dövr kimi Azərbaycan xalqının həyatının bütün sahələrində öz təsirini göstərmişidir”. Şübhəsiz ki, həmin dövrdə Azərbaycan xalqının dünyagörüşündə, mənlik şüurunda həmin hadisələr barədə düşüncələr az təsir göstərməmişdir. Milli mətbuatda şərhini tapan maarifçilik ideyalarında milli dövlətçilik haqqında düşüncələr, ziyalıların məfkurəsində dövlətçilik fikirləri üstünlük təşkil edirdi.
VAHİD ÖMƏROV
Azad Azərbaycan.- 2013.- 28 aprel.- S.5.