1902-ci il. Şamaxı zəlzələsi xatirələrdə  

 

 

 

1902-ci ilin 31 yanvarında, günorta saat 12.50 dəqiqədə Şamaxıda güclü zəlzələ baş verdi. Yeraltı təkanlar nəticəsində şəhərdəki 5 min evdən 4 mini tamamilə dağıldı, 3 mindən çox sakin həlak oldu. Həmin vaxt Şamaxı əhalisinin sayı 20 min nəfərdən artıq idi (1897-ci ilin siyahıya almasına görə).

Artıq səhərisi gün - fevralın 1-də - Bakı qubernatorunun səlahiyyətlərini icra edən vitse-qubernator Liliyev Şamaxıdan aşağıdakı mətnlə teleqram aldı: “Günün birinci yarısında tayı-bərabəri olmayan zəlzələ şəhərin yarısını xarabalığa çevirdi. İnsan tələfatı var. Bazar yanır”.

Sonrakı günlərdə fəlakətin miqyası aydınlaşdı. Zəlzələ təkcə Şamaxını yox, ətraf 125 kəndi də əhatə edirdi. Evlərlə bərabər məktəblər, hamamlar, 40 məscid və 12 kilsə də dağılmışdı. Çoxlu sayda insan dağıntıların altında idi. O cümlədən, şagirdlər uçan məktəblərin, qadınlar isə hamam xarabalıqlarının altında qalmaqdaydı.

Bu, Şamaxı üçün ilk dağıdıcı zəlzələ deyildi. Daha əvvəl - 1806, 1859 və 1872-ci illərdə də şəhər zəlzələdən dağılmış, ancaq hər dəfə yenidən tikilmişdi. O cümlədən, 1859-cu il zəlzələsindən sonra Şamaxı quberniya şəhəri statusunu itirmiş, paytaxtı Bakı olmaqla Bakı quberniyası yaradılmışdı.

1859-cu il zəlzələsinin şahidləri arasında dünya şöhrətli geoloq German Abix (1806-1886) də vardı. İmperator elmlər akademiyasının akdemiki olan bu alim 80 illik ömrünün 42 ilini Qafqaz dağlarının tədqiqinə həsr etmişdi. Onun çoxsaylı əsərlərindən biri də “1859-cu ilin mayında Şamaxı və Ərzurum zəlzələsi” adlanır. Deyilənlərə görə, həmin vaxt Abix Şamaxının gec-tez zəlzələdən bütövlüklə məhv olacağını proqnozlaşdırmışdı. Budur, 1902-ci il fəlakəti onun proqnozunun doğrulması kimi görünürdü.

Şamaxının seysmik zonada yerləşdiyinin daha bir tarixi sübutu isə 1667-ci il zəlzələsidir. Onun təsvirinə məşhur holland səyyahı Yan Streysin (1630-1694) “Üç səyahət” kitabında rast gəlinir. Streys şəhərdə zəlzələdən 4 il sonra olsa da, fəlakətin nəticələrinin hələ də hiss olunduğunu qeyd edərək yazıb:

Bu ölkədə zəlzələ tez-tez olurbizim orada keçirdiyimiz 1 il ərzində bir neçə dəfə baş verdi. Ancaq 1667-ci il zəlzələsi tarix yaranandan ən güclüsü sayılır. O, düz 3 ay davam edib və əvvəli çox güclü olub. Bütün şəhər özülünə qədər silkələnib, təkcə kilsə və qüllələr yox, evlər və şəhər xəndəyi də dağılıb, bütün bunlar o qədər tez baş verib ki, heç kəs qaçaraq canını qurtara bilməyib. Hesablamalara görə, dəhşətli dağıntılarda əli silah tuta bilən 80 mindən çox kişi həlak olub. Həlak olan qadın, uşaq və qulların sayı isə məlum deyil. Fəlakət təkcə Şamaxını yox, ətraf əraziləri də əhatə edib, sərt qayalar ayrılıb, bir çox kənd əmələ gələn boşluqlara yuvarlanıb. Hətta gəliş-gediş yolları da o qədər bərbad vəziyyətə düşüb ki, karvanlar dolanbac yollarla hərəkət etməli olur. Zəlzələ gecə-gündüz davam edərək elə böyük dağıntılar yaradıb ki, şəhərdən kənarda yaşayan xristianlar və müsəlmanlar dünyanın sonunun gəldiyini fərz ediblər”.

 

***

 

1902-ci il zəlzələsindən sonra Şamaxıya gələn alimlər Şahqulu Mirzə və Ter-Mikailov mütəmadi təkrarlanan fəlakətlər zamanı dağıntıların bu qədər iri miqyasda olmasının 2 əsas səbəbini göstərirlər. Əvvəla, şəhər məsaməli və sulu qruntun üzərində yerləşir. İkincisi, şamaxılılar evlərini zəif gilli məhlulla yerli daşlardan tikirlər və ən əsası, evin yastı damı çox ağır olur. Elə buna görə də, Şamaxının xristianlar yaşayan hissəsində dağıntılar nisbətən azdır: onların evləri yerli daşdan yox, odundan tikilib.

Üstəlik, hər zəlzələdən sonra şamaxılılara bu qorxulu ərazidən köçüb getmək təklif olunsa da, ata-baba yurdlarına və əcdadların məzarlarına bağlılıq onların evlərini yenidən tikərək əvvəlki həyata qayıtmaları ilə nəticələnir. Hətta 1859-cu il fəlakətindən sonra Şamaxı quberniya şəhəri statusunu və ticarət yollarının kəsişməsi kimi iqtisadi əhəmiyyətli rolunu itirəndən sonra da əhali şəhərin köçürülməsinə qəti etiraz edir. Yəni, onları bu yerlərdə saxlayan iqtisadi mənfəət yox, adət-ənənələri idi.

1902-ci ildə də əhali yeni ərazilərə köçməkdən imtina edir. Elə o vaxt da mühəndis K.İ. Xatilov deyir: "Şamaxını yenidən tikəcəklər, həyat öz məcrasına dönəcək, dəhşətlər və səfalət yavaş-yavaş yaddaşlardan silinəcək və bu, yeni zəlzələyə qədər davam edəcək. Sonra yenə dağıntılar, yenə də eyni dəhşətlər...”

 

***

 

O vaxtın qəzetləri Şamaxı zəlzələsinin təsvirləri ilə zəngindir. “Novosti dnya” qəzeti artıq zəlzələ gününün səhərisi xəbər verirdi: “...Teleqraf məlumatlarına görə, Şamaxının bütün əhalisi zəlzələdən həlak olub. Başqa təfərrüatlar yoxdur”.

Daha 1 gün sonra - fevralın 2-sində isə qəzet yazırdı: “Olduqca çox insan tələfatı var. Məscidlər, kilsələr, xəzinə idarəsi, türmə dağılıb. 25 min adam evsiz və çörəksiz qalıb”.

Daha sonra qəzet xəbər verir: “Davam edən yeraltı təkanlar qazıntı işlərinə mane olur. Dağıntıların altında yüzlərlə adam qalıb. Hadisənin şəhərin 10-dan çox hamamında yaxaladığı çoxlu qadın həlak olub”.

Manaf Süleymanov özünün dəyərli “Eşitdiklərim. Oxuduqlarım. Gördüklərim” kitabında zəlzələ vaxtı 11-12 yaşlarında olan şahidin dilindən fəlakəti bu cür qələmə alıb:

“Zəlzələdən dağılan evlərin gurultusu, yerdən qalxan toz dumanı, azca ara skitləşəndə adamların qışqırıq, ağlaşma səslərindən, ah və fəryadlardan az qalırdı adamın bağrı yarılsın. Məhəllələr yerlə-yeksan idi. Torpaq altında çoxlu adam qalmışdı, ölən və yaralanan da çox idi. Salamat qalanlar canlarını götürüb şəhərdən qaçırdı. Çox çətinliklə çadır, alaçıq qurdular. Tonqal qalayıb azyaşlı uşaqları dövrələmə oturtdular. Adamlar əllərində bel, külüng torpaq altında qalanları xilas edirdi. Ətraf kəndlərdən köməyə xeyli adam gəlmişdi...”

Zəlzələdən 5 gün sonra - fevralın 5-də “Kaspi” qəzeti öz reportajında yazırdı:

“Şəhərin aşağı və orta hissəsi, yəni, tatarlar yaşayan hissələr torpaqla bir olub. Bütün tikililər minlərlə adamı udmuş xarabalıqlara dönüb. Hər şey - məktəblər, məscidlər, o cümlədən əvvəlki zəlzələlərə tab gətirməyi bacarmış Cümə məscidi, hamamlar, birmərtəbəli və ikimərtəbəli evlər, varlıların və yoxsulların evləri - hamısı zəlzələyə qurban gedib. 12 hamamın xarabaları altında çoxlu qadın qalıb. Yanvarın 31-i cümə axşamı günüydü və həmin gün hamamlarda qadınların yuyunmaq növbəsi idi... Rus-tatar məktəbi uçub. Şamaxının yuxarı hissəsi - erməni məhəlləsi də dağılıb və cəmisi 30-40 ev salamat qalıb. Pravoslav kilsəsi, kazarmalar, xəzinədarlıq binası dağılıb, türmə və qəza idarəsinin binası zədələnib. Bu hissədə küçələr enli olduğundan ölənlər azdır. 30 erməninin və 200 müsəlmanın cəsədləri çıxarılıb. Esablamalara görə, uçqunların altında hələ 2 min adam qalmaqdadır.”.

 

***

 

Bakının yardımı Şamaxıya fevralın 4-dən yetişməyə başladı. Şəhərə daxil olan karvanda 100-dən çox dəvə vardı. 80 araba da yardım gətirmişdi. Yardıma ərzaq, çadır, yorğan-döşək və paltar daxildi. Bu yardımın təşkilində əlahiddə rol hacı Zeynalabdin Tağıyevə məxsusdu.

Bir daha Manaf Süleymanovun kitabına müraciət edək:

“Tağıyevin adı, Bakı sözü ağızdan-ağıza, dildən dilə gəzirdi; deyirdilər ki, əşyaların çoxunu Hacı yollayıb. Bütün Bakıda zəlzələdən xəsarət çəkənlərə 5 manatdan 500 manata qədər kömək yığmaq elan edilib.

Qəzetlər yazırdı ki, zəlzələ xəbəri gələn kimi Tağıyev öz kontorunda iclas çağırdı, zəlzələdən zərər çəkən Şamaxı və ətrafındakı kəndlərə yardım komitəsi yaradıldı... Az bir vaxtda 122 min 912 manat pulçoxlu başqa şeylər cəm edildi...”

Bəzən möcüzə də baş verirdi. Məsələn, zəlzələdən 9 gün sonra qalıqların altından 6 yaşlı Ümmü adlı qız uşağı salamat çıxarıldı. Ümumilikdə isə vəziyyət faciəvi olaraq qalırdı.

Aşqabad” qəzeti fevralın 12-də yazırdı: Kim ki taqətdən düşməyib, panika içində artıq faktik mövcud olmayan şəhəri tərk edirdi. Şəhərdə cəsəd qoxusu yayılıb. Ölülər dirilər üçün təhlükəyə çevrilib və dəfn olunmalarını tələb edir”.

1 gün sonra qəzet yenidən zəlzələ mövzusuna qayıdır: “Təbiət də Şirvanın bəxtsiz paytaxtına qarşıdır - duman, soyuq, yağışlar, qar. İnsanlar çadırlarda donur...”

Fevralın 18-də Şamaxı müsibəti barədə hətta "New York Times" yazır: “Bakıya ötən həftə 70 mil aralıdakı Şamaxıda baş vermiş zəlzələnin təfərrüatları tədricən gəlib çatır; əksəriyyəti qadınlar və uşaqlar olmaqla 2000-dən çox adam həlak olub, 4000 ev dağılıb... Şamaxıdan şərqdə yerləşən Mərəzə kəndində vulkan puskürməyə başlayıb və bu, ətrafdakıları daha çox dəhşətə salır”.

 

***

 

Fəlakətdən sonra şamaxılılar qarlı, şaxtalı havada pərən-pərən olub qonşu ərazilərə və Bakıya pənah aparırlar. Sonra tədricən həyat məcrasına qayıdır, şəhər yenidən tikilməyə başlayır, zəlzələ xofu da unudulur. Mətbuat da get-gedə Şamaxı mövzusunu arxa planaarxa səhifələrə keçirir. Bu mövzuda son məlumatlardan biri aprelin 6-sına təsadüf edir. “Moskovskiy listok” qəzeti həmin tarixdəki nömrəsində yazır:

Bu günlərdə hamamın qazıntısında 5 qadın cəsədi tapılıb. Bədbəxtlər zəlzələ vaxtı dağılmamış tağın altında daldalanıblar. Cəsədlərdə heç bir əzilmə və zədələnmə müəyyən olunmayıb. Həkimlər onların aclıqdan öldüyünü söyləyir. Əhali təəssüf edir ki, qazıntıların dayandırılmasına göstəriş vaxtından əvvəl verilib...”

 

Kifayət

Azad Azərbaycan.- 2013.- 20 avqust.- S.7.