Azərbaycançılıq və qloballaşma
Qloballaşma prosesi Azərbaycanın iqtisadi, siyasi, mədəni həyatına, milli-mənəvi dəyərlərinə və mənəvi-əxlaqi meyarlarına da təsir göstərir. Qloballaşma ayrı-ayrı mədəniyyətləri və milli ənənələri, ideyaları, milli-mənəvi dəyərləri ümumdünya sistemi daxilinə qataraq sivilzasiyaların dialoqu üçün də şərait yaradır. Belə dialoq zamanı qarşılıqlı anlaşma və ümumbəşəri əsaslar axtarışı konsensus, ayrı-ayrı mədəniyyətlərlə, ənənələrlə və dəyərlər sistemi ilə rastlaşarkən, onları inkar etmədən öz ənənələri və mədəniyyətinə, sadiq qalaraq başqa dəyərlərə hörmət etmək və anlaşmaq bacarığı tələb olunur.
Qloballaşmanın sürətli axarına düşən Azərbaycan bu prosesdən ümumbəşəri dəyərləri əxz etsə də, özünün tarixi-mədəni keçmişindən gələn milli-mənəvi dəyərlər sistemini və ənənələrini də qorumağa çalışır. Müstəqillik və dünyaya inteqrasiya şəraitində respublikamız Qərb və Şərq dəyərlərinin sintezini özündə ehtiva edir. Demokratikləşmə, hüquqi dövlət quruculuğu, vətəndaş cəmiyyəti və vətəndaş mədəniyyətini formalaşdıran Azərbaycan tarixən qazandığı və yaratdığı milli-mənəvi ənənələri, spesifik xüsusiyyətləri yeniləşmə ilə sıx uzlaşdırır. Azərbaycanlıların milli-mənəvi özünəməxsusluğu və mənəviyyatı onları dünya xalqlarından ayırmır, əksinə, onlarla birləşməkdə, inkişaf etməkdə əsas amillərdən biri olur. Özünəməxsusluğu saxlamaq naminə qapalı cəmiyyət olmaq, inkişafdan geri qalmaq, ümumdünya prosesindən təcrid olunmaq, demokratiya və ya totalitarizm, avtoritar etika və ya humanist etika dilemması qarşısında qalmaq deməkdir.
Milli özünütəcrid, millilik və qloballaşma arasında mübarizə gedir. Qloballaşma ümumbəşəri dəyərlərlə yanaşı, milli kimliyi müəyyən edən milli-mənəvi dəyərlərə sirayət etdikdə ənənəviçilik-mühafizəkarlıq və ya müasirlik problemi üzə çıxır. Millətin milli varlığını müəyyən edən, keçmişindən indiyə və gələcəyə, onun tərəqqisinə xidmət edən dəyərlər, meyarlar qorunub saxlanmalı, milli şüur prizmasından keçərək, müasirliklə uzlaşdırılmalıdır. Qloballaşma sivilizasiyaya da təsir edərək onu dəyişdirir, yeni ideyalar gətirir, köhnə ideyaları həyatdan və yaddaşdan silir. Hər bir dövlət öz ərazisində məskunlaşmış insanların əsrlər boyu yaratdıqları qayda-qanunlar və milli-mənəvi dəyərlərlə yaşayır. Bu dövlətin, onun cəmiyyətinin, tarixinin, adət-ənənələri və dininin yaşarlığı həmin insanların baxışlarından, ideyalarından və atdıqları addımlardan asılıdır. Qloballaşma prosesinin özü ilə xeyir və yaxud şər gətirməsi barədə suala birmənalı cavab olmasa da, bir məsələ aydındır ki, əgər dövləti ənənəvi milli dəyərləri modernist dəyərlərlə birləşdirməyə qadir olmayan adamlar idarə edirsə, əgər dövlət öz inkişafının perspektivlərini aydın görə bilmirsə, o zaman qloballaşma o ölkəni uğursuz transformasiya edir”.
S.Xəlilov çox düzgün olaraq qloballaşma şəraitində milli-mənəvi dəyərlərimizi təhlükədən uzaqlaşdırmaq üçün milli-fəlsəfi fikrə istinad etməyi, milli ideologiya və milli sosial özünüqoruma şüuru formalaşdırmağı tövsiyə edir, çıxış yolunu milli-mənəvi dəyərləri əxz edərək, real proseslərə formal əlavə etməkdə deyil, milli və ümumbəşəri dəyərlərin müasirliyin məzmunu müstəvisində vəhdətinə nail olmaqda görür.
Bu mövqeyi Y.Rüstəmov da müdafiə edərək yazır: “Azərbaycanın Avropaya inteqrasiya olunması, onun müasir Qərb sivilizasiyasının dəyərlərini qəbul etməsi heç də Azərbaycanın öz milli və dini varlığından imtina etməsi deyil.”
Qloballaşmanı mədəniyyət və əxlaq nöqteyi-nəzərindən qərbləşmə kimi qəbul edənlər də var. Azərbaycanda qloballaşma əleyhinə çıxanlara daha çox təsadüf olunur. İ.Məmmədzadə bunu Azərbaycanda şüurlarda ənənəvi şüur ehkamlarının hakim olması ilə izah edir. Yad və yeni dəyərlərə şübhə ilə yanaşılır. Qloballaşma siyasi şüurda zəruri hesab edilsə də, siyasi şüur və “ziyalı” şüuru arasında ziddiyyət baş verir. Siyasi şüur qloballaşmanı, demokratikləşməni, bazar iqtisadiyyatını islahatlar və modernləşmənin mənası kimi qəbul etdiyi halda cəmiyyətin “ziyalılaşmış” şüuru ona şübhə ilə Azərbaycan mədəniyyətinin və milli-mənəvi dəyərlərinin özünəməxsusluğuna təhlükə kimi yanaşır. İ.Məmmədzadə maraqlı bir məsələyə toxunur. O, ənənəvi mədəniyyətin, o cümlədən, milli-mənəvi dəyərlərin bu günə qədər yalnız öz inkişafı sayəsində, heç bir təsir olmadan gəlib çıxdığına şübhə ilə yanaşır. Hər bir milli-mədəniyyət, milli-mənəvi dəyər həm də qlobal mədəniyyətin, ümumbəşəri dəyərlərin bir hissəsi kimi çıxış edir.
Akademik Ramiz Mehdiyev qloballaşmanın milli ideologiyaya təsiri haqqında yazmışdır: “Qloballaşma suveren dövlətlər arasındakı sədləri götürərək, daxili sosial münasibətlərin formasını dəyişir, milli özgünlüyü sərt şəkildə nizamlayır, onu xüsusi dünyabaxışı çərçivəsinə salır. Qloballaşma milli mədəniyyətin və ənənələrin üstünlüyünü dağıdır, milli özgürlükdən uzaqlaşmanı gücləndirir və coğrafi, iqtisadi vəziyyətindən, siyasi quruluşundan, milli mentalitetindən asılı olmayaraq, cəmiyyəti qərbləşdirir.
Milli ideologiyanın üstünlüyünün sosiumun mədəni irsindən və sosial-mədəni məkanından ayrılması baş verir. Belə vəziyyətdə formalaşan hər hansı ideologiya özündə həm cəmiyyətin mödernləşməsini, həm də “vahid” ümumbəşəri dəyərlərin və əxlaq prinsiplərinin yayılmasından doğan qərbləşməni təcəssüm etdirir.”
Müəllif Azərbaycançılıq və qloballaşma barədə daha sonra göstərir: “Azərbaycan Avropa və Asiyanın qovuşuğunda yerləşən ölkədir, deməli, millətin sivilizasiya siması iki amilin təsiri altında formalaşır: Şərq təməli və Qərb təsiri. Ona görə də sərhədlərlə, coğrafi vəziyyət, əhali və sairə ilə şərtlənən “coğrafi terminizm” qanunu millətin və dövlətin təfəkkürünü və dünya meydanında davranış tərzini formalaşdırır. Bütün bunlar birlikdə millətin vahid simasını, yəni məhz elə bir sosial-mədəni məkanı və siyasi quruluşu yaradır ki, bu, millətin və dövlətin yaşaya bilməsini və sabit gələcəyini təmin edir.
Ona görə də əgər milli inkişaf ideologiyasının əsası kimi “azərbaycançılığın” mahiyyətini təhlil etsək, deyə bilərik ki, bu mənada, o, tranzitar cəmiyyətə, keçid dövrünün iqtisadi sisteminə, formalaşmaqda olan vətəndaş cəmiyyətinə malik və Ermənistanla müharibə vəziyyətində olan ölkə kimi Azərbaycan üçün daha münasibdir. Belə vəziyyətdə “azərbaycançılıq” “milli ideyanın” əsas forması kimi təsəvvür edilir və ona inteqrativ ideya kimi yanaşmaq lazımdır. Bu ideyanın əsasında sivil Avrasiya birliyinin bir hissəsi - özünəməxsus milli özgünlüyə, ənənəyə, milli eyniyyətə və mentalitetə malik Azərbaycan haqqında təsəvvür dayanır.
Qloballaşma milli-mənəvi dəyərlərin məzmununa müasir, modernist ümumbəşəri ruh verir. Azərbaycanda milli ideologiyanın, azərbaycançılığın, onun ayrılmaz tərkib hissesi olan milli-mənəvi dəyərlərin qorunub saxlanması, mənimsənilməsi və inkişaf etdirilməsində Ulu Öndər Heydər Əliyevin əvəzsiz rolu olmuşdur. O, dağıdıcılıq mövqeyindən çıxış etmədi, dəyərlərin varisliyi prinsipinə üstünlük verdi. Heydər Əliyev nəinki milli köklərə və ənənələrə qayıtmağa üstünlük verdi, eyni zamanda, bunu tarixi kəsilməzliyə əməl etməklə, hətta sosializmdən qalan dəyərlərə də qayğı və diqqətlə yanaşmaqla həyata keçirdi. J.Jores demiş, keçmişdən külü deyil, odu götürdü. O, bütün sahələrdə ümumbəşəri və milli dəyərlərin vəhdətini başlıca cəhət hesab edirdi. Ulu Öndər milli ideologiyanın komponentlərindən biri kimi dəyərləndirdiyi milli-mənəvi dəyərlərin üç tərkib hissəyə malik olduğunu göstərirdi: dil, din, adət-ənənə və bunların şüur müstəvisində proyeksiyası olan milli mentalitet.
Ulu Öndər Heydər Əliyev bütün dünya azərbaycanlılarını birləşdirən əsas amilin azərbaycançılıqla vəhdətdə olan milli-mənəvi dəyərlər olduğunu dönə-dönə qeyd edirdi: “Bizim hamımızı birləşdirən həmrəy edən azərbaycançılıq ideyasıdır, azərbaycançılıqdır.”
Heydər Əliyev milli-mənəvi dəyərlərin tərkibinə dili, milli adət-ənənələri, milli bayramları daxil etməklə azərbaycançılığı yüksəkliyə qaldırmaq, milli-mənəvi dəyərləri daim yaşatmaq istəyirdi.
Dahi şəxsiyyət qloballaşma şəraitində milli-mənəvi dəyərlərin, milliliyin, milli özünəməxsusluğun, azərbaycançılığın qorunub saxlanılmasına xüsusi əhəmiyyət verirdi. O, qloballaşmanın, ümumbəşəri dəyərlərin ön plana çəkilməsinə, milli-mənəvi dəyərlərin isə arxa plana keçirilməsinə qarşı çıxaraq milliliklə ümumbəşəriliyin vəhdəti ideyasını irəli sürür, göstərirdi ki, biz başqalarından öyrəndiyimiz kimi, başqaları da bizdən öyrənməlidir. Hansı millətdə hansı milli-mənəvi keyfiyyət üstündürsə, onun bütün bəşəriyyət tərəfindən qəbul olunması ideal qloballaşma modelinə daha çox uyğun olmalıdır .
Heydər Əliyev qloballaşmanın xalqların milli fərqliliklərini qəbul etməsini və müsbət nəticələr verməsini istəyirdi: “Qarşılıqlı etimad və ümumbəşəri dəyərlərə sədaqətlə yanaşı, milli fərqlərin də qəbul olunması bu prosesin müəyyənedici istiqamətləri olmalıdır.
Azərbaycan qloballaşmanın müsbət mənada inkişafına öz töhfəsini verir. Mənim ölkəm...Şərq ilə Qərb arasında zəngin tarixi keçmişdən başlanan və gələcəyə istiqamətlənən körpü rolunu həyata keçirir.”
Beləliklə, milli-mənəvi dəyərlər azərbaycançılığın ayrılmaz tərkib hissəsi olub, xalqımızın əsrlər boyu yaratdığı dili, dini, adət-ənənələri, yüksək mənəviyyatı, mərdliyi, əzmkarlığı, sözübütövlüyü, vətənpərvərliyi, qonaqpərvərliyi, səxavətliliyi, həya və isməti, hörmət və ehtiramı, xalqın milli psixologiyasını, milli xarakter və milli-mədəni dəyərlərini özündə cəmləşdirmişdir. Azərbaycançılıq ideologiyasının formalaşmasına təsir edən milli-mənəvi dəyərlərimiz dünya xalqlarının yaratdığı ümumbəşəri dəyərlərlə bağlı milli-mənəvi və əxlaqi keyfiyyətlərdir. Milli-mənəvi dəyərlər nəsillərin irsi sərvəti, tarixilik və müasirliyin vəhdəti olub bu günə gəlib çatıb və indiki qloballaşma şəraitində transformasiya ilə uzlaşaraq, gələcək nəsillərin də mənəvi sərvətinə çevriləcəkdir.
VAHİD
ÖMƏROV,
fəlsəfə
üzrə fəlsəfə doktoru
Azad Azərbayca.- 2013.- 20 avqust.- S.5.