Xan Şuşinskinin 112 yaşı tamam oldu  

 

Xan Şuşinski 1901-ci il avqustun 20-si Azərbaycanın qədim Şuşa şəhərində anadan olmuşdur.

Əsl adı İsfəndiyar Aslan oğlu Cavanşirdir.

12-13 yaşlarında Şuşa məclislərinin birində onun məharətli ifası bütün qonaqları heyran etdiyindən, ustadı İslam Abdullayev onaXanadını vermişdir.

Böyük sənətkar Şuşanın bünövrəsini qoyan Cavanşir sülaləsindən olan Aslan bəyin ailəsində dünyaya göz açıb. Ancaq sovet hakimiyyəti qurulduqdan sonra Ballıca kəndində, Şuşada mülkü dörd kəndi olan Aslan bəyin bütün var-dövləti müsadirə edilir. Bu hadisədən sonra Aslan bəy Bərdəyə köçür. İsfəndiyarın sənətə gəlişində Segah İslamın xüsusi rolu olub. Belə ki, Segah İslam məclislərin birində səsini bəyəndiyi İsfəndiyarı özünə şagird götürüb.

Azərbaycanın xalq artisti, müstəsna istedadlı, geniş diapozonlu, gur məlahətli səsi, yüksək ifaçılıq mədəniyyəti sayəsində Xan Şuşinski hələ gənclik illərində şöhrət qazanmışdır.

YaradıcılığındaMirzə Hüseyn segahı”, “Şahnaz”, “Qarabağ şikəstəsi”, “Kürd-şahnaz”, “Rast”, “Bayatı-Şiraz”, “Çahargah”, “Mahur”, “Heyratı”, “Şur digər muğamlar əsas yer tuturdu. Xan Şuşinski mahnıŞuşanın dağları”, "Məndən gen gəzmə”, “Ay gözəl”,  Qəmərim", “Şuşanın dağları”, “Al yanağında", "Dağlarda çiçək", "Gözəl yarım", “Ölürəm, a Ceyran bala müxtəlif təsniflər bəstələmişdir.

Şuşanın dağlarımahnısının sözləri Xana məxsusdur. Bu mahnının sözlərinə görə, hətta vaxtilə onu çək-çevirə salıblar – “Şuşanın dağlarının başı niyə dumandır? Bununla demək istəyirsən?”. Xan Şuşinski bu sualın cavabında bildirir ki: “Şuşa dağlarının başı həmişə dumanlı olur”. Yenə əl çəkmirlər. Axırı Xan məcbur olub, bir müddət bu mahnının sözlərini dəyişərək, “Şuşanın dağları deyil dumanlıkimi oxuyur.

Mirzə Hüseyn segahı” XVIII əsrdə yaşamış Qarabağın məşhur xanəndəsi Mirzə Hüseynin adı ilə bağlı olsa da, ondan söz düşəndə, Xanın da adı xatırlanır. Adətən , onuMirzə Hüseyn segahı”nın ikinci müəllifi adlandırırlar.

Çünki 120-130 il sürən uzun fasilədən sonra bu muğama Xan yenidənManəndi müxalifşöbəsini əlavə edib.

Simfonik orkestrin müşayiətilə ilk dəfə simfonik muğamlarda solo hissəni Xan oxuyub. Musiqi tariximizdə ilk duetböyük sənətkarın adı ilə bağlıdır. Azərbaycan musiqi tarixində ilk duet Şövkət xanım Ələkbərova ilə Xan Şuşinskinin ifasında səslənib. Xan Şuşinski Üzeyir Hacıbəyovdan başqa heç bir bəstəkarın yaradıcılığına müraciət etməyib. Deyilənə görə, Üzeyir Hacıbəyov Xan Şuşinskinin ifasında mahnılarını dinləməkdən xüsusi zövq alırmış. Xüsusən də, “Qaragöz” mahnısını. Yeri gəlmişkən, onu da deyək ki, 1926-cı ildə bəstələnən bu mahnının ilk ifaçısı da elə Xan Şuşinski olub.

1943-cü ildə Azərbaycanın Xalq Artisti adına layiq görülmüşdü.

1959-cu ildə Moskvada keçirilmiş Azərbaycan incəsənəti dekadasında uğurla çıxış edərək, “Şərəf” ordeni ilə təltif olunmuşdu.

Yoldaşlıqda, dostluqda sadiq olan Xan Şuşinski ailədə də qayğıkeş, mehriban idi. Bunu Xanın oğlu Aslan Cavanşirov da təsdiqləyir. Baxmayaraq ki, atası ilə həddindən artıq böyük yaş fərqləri olub. Aslan Cavanşirov Xan atasını əsl Azərbaycan kişisi kimi xatırlayır. Hündürboylu, şux qamətli, buxara papaqlı əsl Azərbaycan kişisi.

 Azərbaycan musiqi tarixinin əvəzolunmaz korifeyi Xan Şuşinskinin səsinin yadigarı kimi cəmisi 240 dəqiqəlik lent yazısı qalıb.

1979-cu il 18 mart Bakı şəhərində vəfat etmiş, fəxri xiyabanda dəfn olunmuşdu.

 

Tofiq Hacı

Azad Azərbaycan.- 2013.- 21 avqust.- S.7.