1928-ci il. “Sovet Pompaduru” Ruhulla Axundov
Markiza de Pompadur
“Günəş kralı”
adlanan Fransa kralı 15-ci Lüdovikin məşuqəsi idi. “Məndən sonra qoy lap Nuh tufanı
olsun” deyirdi. Ondan sonra İnqilab oldu.
1928-ci ildə Vladimir Mayakovski “Pompadur” adlı şeirini yazır. Orada bu cür cümlə
var: “Məşhur Sovet pompaduru sularda istirahətə gedir”.
Və bu “pompadur” qatar vaqonunda adam döyür. Sonra da öz səlahiyyət
vəsiqəsini çıxarıb
göstərir. Yəni, “mənə
hər şey olar”.
Kim idi bu “Sovet pompaduru”? Cavab həmin
günlərdə “Pravda” qəzetində
dərc olunmuş bir məqalədədir.
“Pravda”nın həmin ilki 111-ci sayında yazılmışdı:
“Mərkəzi İcraiyyə
Komitəsinin üzvü
yoldaş Ruhulla Əli oğlu Axundov Moskva-Xarkov sərnişin qatarının
vaqon-restoranında sərnişini
döyüb. Buna səbəb
sərnişinin pəncərənin
pərdəsini bağlamaqdan
imtina etməsi olub. Akt tərtib olunarkən
yoldaş Axundov özünün Mərkəzi
İcraiyyə Komitəsinin
(MİK) üzvü olduğunu
təsdiqləyən bileti
göstərib”.
Xırda hadisədir? Ancaq rezonansı xırda olmadı...
***
Əcəbdir! - iri partiya funksioneri və dövlət xadimi adi sərnişinlərlə
bir vaqonda nahar edir (İndi
bu, irrealdır). Bu gün üçün
digər irreallıq da bu davanın
“Pravda”da işıqlandırılması,
1 nömrəli proletar
şairinin ona şeir həsr etməsidir. Və ən
mühümü - bu hərəkətin izsiz ötüşməməsidir. Yazıdan və şeirdən dərhal sonra Ruhulla Axundov vəzifəsindən kənarlaşdırılır.
Həmin
vaxt 31 yaşı olan Ruhulla Axundov
(yeri gəlmişkən,
Marksın dilimizə
ilk tərcüməçisi) Azərbaycan SSR Xalq maarifi komissarı və “Azərnəşr”in
direktoru idi.
Söhbət isə dövlət üçün, xalq üçün heç nə etməyən, hazıra nazir hansısa qudurğan bürokratdan getmir. Söhbət Sovet quruluşu üçün böyük
xidmətləri olan, Azərbaycan Kommunist Partiyasının 2-ci katibi
işləyən, mübarizə
yolu keçmiş bir insandan gedir.
Gəlin
onun bioqrafiyasını
izləyək: 1897-ci ildə
Şüvəlanda dünyaya
göz açır. Siyasi mübarizəyə ilk gəncliyindən
atılır. 1918-ci ildə
Sol eserlərə, 1 il sonra bolşeviklərə qoşulur.
“Bakinskiye İzvestiya”
və “Kommunist” qəzetlərinin redaktoru kimi çalışır.
Azərbaycan SSR-in K(b)P-nın 2-ci katibi, Maarif naziri işləyir.
Azəri
dilinə Marksı, Engelsi, Lenini tərcümə edir.
Latın əlifbasına
keçidin qızğın
tərəfdarlarından və
təşkilatçılarından biri olur (Çoxdan
unudulub ki, latın qrafikasını
Azərbaycana Sovet hakimiyyəti gətirib. Və onun o vaxt qəbulu
savadsızlıqla mübarizə
sahəsndə mütərəqqi
addımlardan biri idi).
Sonra Ruhulla Axundov “Azərnəşr”in direktoru
olur. Azərbaycan dilinin elmi terminologiyasını işləyib
hazırlayır. Və karyerası
yüksələn xəttlə
gedir - qatardakı o məlum insidentə qədər. İstirahətə yollanan Axundovun yolda saldığı dava onun Mərkəzi
Komitədən və
bütün vəzifələrindən
çıxarılması ilə
nəticələnir.
Düzgünmü cəza idi? Əlbəttə. Sən Maarif nazirisən, hakimiyyətin
ideoloqlarındansan, rəhbər
işçisən - nümunə
ol. Özünü
sonuncu xuliqan kimi aparırsan - cavab ver. Sonra da deyirlər “Sovet, Sovet!..”
Cəzanı çəkdinmi, islah olundunmu? - Buyur, dön. Ruhulla Axundovla da belə
oldu. Cəzasını alıb yollandı
Moskvaya - 31 yaşında
təhsilini davam etdirməyə. Kommunist Partiyasının
İnstitutunda dinləyici
olub yenidən Bakıya qayıtdı.
Və budur, cəmi 1 il sonra yenidən rəhbər vəzifədədir
- “Bakinskiy Raboçi”
qəzetinin redaktoru, yenə Azəbaycan Kommunist Partiyasının
2-ci katibi, Partiya qurultaylarının nümayəndəsi,
1930-cu ildə isə Qafqaz Vilayət Partiya Komitəsinin
3-cü katibi. O vaxtdan
Tbilisiyə köçür.
Ancaq növbəti insident - həmin vaxt “Sırtsov və Lominadzenin antipartiya qrupu” ifşa olunur (Unutmayın: Söhbət
1936-37-ci illərdən getmir.
Hələ ki çöldə
1931-ci ildir. Partiya daxili
mübarizə də güclüdür, əks
qütblər də).
Və həmin qrupun üzvü kimi Axundov yenə cəzalandırılır. Həbs?
Yox.
Moskvaya göndərilir. İşləməyə.
Və
1933-cü il. Axundov yenə Bakıdadır.
Yenə yüksək vəzifələrdədir.
İncəsənət üzrə Dövlət
Komitəsinin sədridir,
SSRİ Elmlər Akademiyasının
Azərbaycan filialının
sədr müavinidir, Tarix və arxeologiya
İnstitutunun direktorudur.
Üstəlik də 1936-cı ildə
Bakı şəhər
partiya komitəsində
tədris və elm şöbəsinin rəisidir.
Ona üçüncü dəfə
şans verilib.
Sonrasını rəsmi tarixdən
bilirsiz - Ruhulla Axundov 1936-cı ilin 17 dekabrında “əksinqilabçı
millətçi təşkilat”ın
üzvü kimi həbs edilir, həmin gün də partiyadan çıxarılır, 1937-ci ilin sentyabrında isə Moskvaya göndərilir, “trotskiçi”
kimi mühakimə olunur, 1 il sonra
güllələnir. Stalinin ölümündən
sonra bəraət alır.
Bu insan dramında subyektiv versiyalar sahibi olmaq niyyətim yoxdur. Ancaq... Həbsindən 9 il əvvəl o, “pompadur” olur, həbsindən 6 il əvvəl “antipartiya qrupu”nun üzvü olur. İncidilmir, hər dəfə yeni vəzifələr alır. 2 dəfə bu, baş verir. 3-cü dəfədə isə...
***
Azərbaycan - “pompadurlar” ölkəsidir. Burada çinovnik və bürokratların etdiklərinin yanında Ruhulla Axundovun “qatar sərgüzəşti” Misir ehramı yanında bir qum dənəsidir. Azərbaycanda aşağı ranqlı bir bürokratın qudurğanlığının yanında Azərbaycanın hakimiyyət iyerarxiyasının 2-ci adamı olmuş Ruhulla Axundov heç nədir. O, hansısa “jek müdiri”nin əlinə su tökməyə də dəyməz.
Axundov sapıntılarını həyatı ilə ödədi. İndiki “çinuş”lar isə əməllərini bizim həyatımız ilə ödəyirlər...
Məmməd
Azad Azərbaycan.- 2013.- 21 avqust.- S.7.