Azərbaycançılıq
və milli mənlik şüuru
Azərbaycançılıq çox geniş, mürəkkəb və əhatəli anlayışdır. Nəzəri cəhətdən yanaşılsa, azərbaycançılıq “özündə fundamental prinsipləri (vətənçilik), kateqoriyaları (milli şüur və milli mənlik), mənafeləri (güclü, qüdrətli Azərbaycan), ümumi müddəaları (iqtisadi, siyasi inkişaf, hərbi güc) və perspektivli strategiyanı əhatə edir. Başqa etnosun, xalqın və dövlətin mənafelərindən törəmə olmayan, öz daxili milli ənənələrimizdən doğan ideya kimi azərbaycançılıq məhz vətən təəssübkeşliyi baxımından dövlətə sevginin və sayqının, vətəndaş kimi konstitusiyaya görə daşıdığı məsuliyyəti bütövlükdə dərkinin əsasında durur.”
Azərbaycanlıların milli mənlik şüurunun formalaşmasının tarixi ənənəsi probleminin politoloji təhlili göstərir ki, xalqımızın milli mənlik şüuru bir çox ziddiyyətli mərhələlərdən keçərək yaşadığı mühitin tarixi-siyasi reallıqlarına uyğun inkişaf etmiş, öz keçmişinin zəngin etnomədəni dəyərlərindən bəhrələnmişdir. Azərbaycanlıların zəngin mifologiyası, qəhrəmanların vəsf etdiyi vətən və azadlıq ideyaları onların düşüncə tərzinin formalaşmasında önəmli yer tutur.
Akademik Ramiz Mehdiyevin düzgün olaraq qeyd etdiyi kimi, azərbaycançılıq ideologiyası istər təhlükəsizlik məsələləri, istərsə də milli şüurun tarixi ənənəsinə uyğunluğu baxımından unitar, dünyəvi, hüquqi dövlət quran Azərbaycan xalqının bütün mənafelərinə cavab verir.
Azərbaycançılığın formalaşması və milli mənlik şüurunun yüksəlməsi üçün hələ müstəqilliyə qədər Ulu Öndər Heydər Əliyevin böyük xidməti olmuşdur. Bu yerdə akademik Ramiz Mehdiyevin dediyi fikirlərə istinad etmək olar: “Görkəmli dövlət xadimi Heydər Əliyev... imperiya siyasətinin hökm sürdüyü bir şəraitdə yalnız böyük dövlət xidmətlərinə və mahir siyasətçilərə məxsus bir uzaqgörənliklə Azərbaycan xalqının milli mənlik şüurunun yüksəlməsi üçün əlindən gələni edir, qüdrətli iqtisadi zəmin yaradır, bir sözlə, fəhləsindən tutmuş məmuruna qədər bütün xalqı güclü və müstəqil Azərbaycan uğrunda gələcək mübarizəyə hazırlayırıq.”
Dini İşlər üzrə Dövlət Komitəsinin sədri Hidayət Orucov da müstəqilliyə qədər azərbaycançılıq və milli şüur sahəsində əsas yaradıldığını qeyd edir: “Xalqın özünüqoruma instinktini gücləndirən və fəallaşdıran hər cür əməllər, amillər, faktorlar məhvedilmə təhlükəsindən uzaqlaşdırılaraq dövrün, şəraitin imkan verdiyi dərəcədə maksimum qayğı ilə əhatə olundu.
2. Sözün və sənətin bu istiqamətdəki tarixi ənənəsinin fasiləsiz yaşayaraq daha da güclənməsinə xidmət edən neçə-neçə yaradıcı ziyalı repressiyalardan xilas edildi.
3. Milli ruhun ölgünləşməsinin qarşısını almaq, milli mənlik və qürur hissini hərəkətə gətirərək gücləndirmək üçün xalqın varlığını yaşadan ana dilinin qorunmasına və inkişafına şərait yaradıldı.
4. Ulu tariximizin tədqiqinə diqqət artırıldı, milli ədəbiyyatımızın və mədəniyyətimizin dünya miqyasında tanınmasına və təbliğinə məqsədyönlü qayğı ön plana çəkildi. Dahi klassiklərimizin əsərləri dünya dillərinə tərcümə edildi, görkəmli bəstəkar və rəssamlarımızın əsərləri beynəlxalq arenaya çıxdı, ecazkar səsli müğənnilərimiz ölkəmizdən kənarlarda məhşurlaşdı və s. Bu da sözə, sənətə qayğının təcəssümü oldu.
5. Azərbaycançılıq ruhunu gücləndirmək üçün ölkədə yer adları yad ünsürlərdən incəliklə, tədricən təmizləndi. İlk dəfə məhz Heydər Əliyev İran Azərbaycanı kimi məqsədli təhrifi Cənubi Azərbaycan kimi obyektiv həqiqətlə əvəz elədi. Nizami, Nəsimi kimi dahilər xalqın təkcə yaddaşında deyil, həm də gündəlik həyatında əbədi yaşamaq üçün rayon adları ilə Bakıya qayıtdı. Babəkin simasında Naxçıvanın, Əsgəran məfhumu ilə Yuxarı Qarabağın Azərbaycanın əzəli-əbədi torpaqları olması bir daha tarixi sübutlarla rəsmiləşdirildi.
Milli varlığımızın əsrlərin dərinliklərindən bəri mənəvi- mədəniyyət beşiklərindən olan və uzun müddət öz halal tarixi adından məqsədyönlü şəkildə məhrum edilən şəhərdə Gəncə rayonu yaradıldı, Yeni Gəncə massivi salındı və s...
Nəzərə alınmalıdır ki, bütün bunlar totalitar, anti-Azərbaycan sovet rejiminin kəskin diktatura və amansız qadağaları şəraitində həyata keçirilirdi.
6. Respublikamızda yaşayan milli azlıqlara qayğı ilk dəfə dövlət səviyyəsinə qaldırıldı və bu sahədə xalqın mentalitetinə uyğun ənənənin bünövrəsi qoyuldu.
7. Başqa respublikalarda fəaliyyət göstərən millətçi ekstremistlərə və onların ölkə daxilindəki separatçı qüvvələrinə qarşı sistemli mübarizə aparıldı”.
Politoloq Cəmil Xəlilov bu fikri daha da gücləndirərək yazır: “Ulu Öndər Heydər Əliyev ilk növbədə milli tarixi ənənəyə və mentalitetə, sonra dünya təcrübəsinə, daha sonra isə bu sahədəki mövcud .elmi-nəzəri axtarışların nəticələrinə incəliklə istinad edirdi. Belə iş prinsipi isə taleyüklü məsələlərin uğurlu həllinə zəmin hazırlayırdı.
Ən başlıca cəhət bu dövrdə Azərbaycanın, xalqın varlığını, mövcudluğunu, özünəməxsusluqlarını qoruyub saxlamaq idi.
Cəmil Xəlilov milli mənlik şüuru və azərbaycançılıq tərbiyəsini vəhdətdə götürür: “Digər əhəmiyyətli bir məsələ milli mənlik şüurunun_tərbiyəsi və təbliği işinin elmi əsaslar üzərində səmərəli təşkil olunmasıdır. Xalqın etnik-milli varlığı, milli identikliyi müvafiq elmi anlayışlarda ifadəsini tapmalı, ailə, məktəb, ordu, kütləvi informasiya vasitələri, ədəbiyyat və incəsənət vasitəsilə onun yayılması, mənimsənilməsi təmin edilməlidir. Bu isə artıq milli ideoloji konsepsiyanın işlənib hazırlanması və tam gücü ilə peşəkar səviyyədə fəaliyyət göstərməsi ilə bağlı nəzəri, əməli-siyasi və təşkilati məsələlərin həllini ön plana çəkir. Qeyd olunan sahədə görülən və görülməli olan bu taleyüklü işin özəyini milli ideya və onun bazasında formalaşdırılan milli ideologiya problemləri təşkil edir. Milli ideya milli məqsədlərə çatmaq uğrunda qarşıda duran aktual vəzifələrin həlli işini bütövlükdə xalqın milli varlığının, mənlik şüurunun və mentalitetinin qəbul edə biləcəyi dünyagörüşü, baxışlar, dəyərlər sistemidir. Bu sistem etnik, dini mənsubiyyətindən, dilindən, siyasi əqidəsindən asılı olmayaraq, bütün vətəndaşların milli birliyinin, milli konsensusun nəzəri-siyasi ifadəsidir.”
Siyasi palitrası rəngarəng olan Azərbaycan reallığında milli ideya və milli ideologiya funksiyasını azərbaycançılıq yerinə yetirir. Yeni Azərbaycan Partiyasının proqram sənədlərində və cari faliyyətində əsas kimi görülən “Azərbaycançılıq” ideyası daha geniş təsir dairəsinə malikdir və əslində, ümummilli ideyaya çevrilmişdir. Bu prosesin daha uğurlu cərəyanı, həmin ideyanın lazımi ideoloji təminatı ilə bağlıdır.
Politoloqların fikrincə, Azərbaycanda milli mənlik şüuru tarixi-siyasi reallıqlarımıza uyğun spesifik inkişaf yolu keçmiş və özünəməxsus siyasi şəkildə formalaşmışdır. Təbii ki, bu prosesin gedişini xalqın milli inikişaf tarixindən əlahiddə götürmək qeyri-mümkündür. Azərbaycanda milli mənlik şüurunun ənənəsindən danışarkən, hər şeydəri əvvəl, etnik və dini ənənələr nəzərə alınmalıdır:
Məlum olduğu kimi, etnik şüur etnosun mifologiyası, inanclar sistemi əsasında formalaşır, bütövlükdə, spesifik etno-mədəni sistem yaradır ki, bu da ideologiyanın məzmununa ciddi təsir faktoru kimi çıxış edir. Fərd bu sistemdə özünü kollektivdən ayırmır, əksinə, onunla sanki eyniləşir. Fərd, insan etno-mədəni sistemdə, özünü valideynlərindən tutmuş tayfanın mifoloji qəhrəmanlarınadək əcdadlar nəslinin bir hissəsi hesab edir. İnsan ömrü uzaq keçmişdə baş vermiş əməllərin sonsuz təkrarını simvolizə edir. Əcdadların, qəhrəmanların, allahların təqlidi onlarla elə identifikasiyalaşır ki, fərd çox vaxt öz əməllərini onlarınkından fərqləndirə bilmir.
Azərbaycançılığın tərbiyəsində ən güclü amillərdən biri dindir. Din təkcə etiqad deyil, həm də toplumu birləşdirən mədəniyyət, əxlaq, həyat forması, təfəkkür tərzidir. O, ərazi, dil, mədəniyyət, iqtisadiyyat, dövlətçilik və s. ilə birlikdə milləti, milli həmrəyliyi, milli birliyi yaradır və yaşadır ki, bu da azərbaycançılığın tərbiyəsində ən zəruri vasitələrdir. Dünyəvi dövlət olan müstəqil Azərbaycanda Konstitusiyaya görə din dövlətdən ayrılsa da, islami dəyərlər yüksək qiymətləndirilir, digər dinlər kimi onun da saflığını qorumaq və azərbaycançılıq ideyalarından önəmlisinə çevirmək istiqamətində mühüm tədbirlər həyata keçirilir.
Milli varlığımıza ölçüyəgəlməz keyfiyyət gətirən azərbaycançılığın reallaşmasında islam dini dəyərlərinin rolunun artması ölkəmizin əhalisinin mənəvi inkişafının mühüm istiqamətlərindəndir. Ulu Öndərin “heç vaxt inamımızdan, dinimizdən uzaqlaşmayacaq və bu mənəvi mənbələrimizdən istifadə edərək, gələcəyimizi quracağıq” mülahizəsi bu istiqamətin strateji səciyyə daşıdığını göstərir. Ulu Öndər öz milli-mənəvi sərvətlərimizi qorumaq, gənc nəsli azərbaycançılıq ruhunda tərbiyələndirmək işini ən təxirəsalınmaz, ən aktual vəzifələr sırasında görürdü.
Gənc nəslin milli mənlik şüurunun formalaşmasında, milli tərbiyə sisteminin təşkilində tarixi öyrənməyin misilsiz rolundan bəhs edərkən Ulu Öndər Heydər Əliyev deyirdi “...Müstəqil Azərbaycanın hər bir gənci məktəbdə təhsil alaraq, öz xalqının, millətinin qədim zamanlardan indiyə qədər olan tarixini gərək yaxşı bilsin. Əgər bunu bilməsə, o, həqiqi vətəndaş ola bilməz. Əgər bunu bilməsə, o, millətini qiymətləndirə bilməz. Əgər bunu bilməsə, o, millətinə olan münasibəti ilə istənilən səviyyədə fəxr edə bilməz”. Ulu Öndər Azərbaycanın həqiqi tarixinin işlənib hazırlanmasına, tarix dərsliklərinin obyektivcəsinə, müstəqillik dövrünün tələblərinə uyğun yazılmasına, onun tədrisinin, təbliğinin təşkilinə ümummilli əhəmiyyətli bir vəzifə kimi yanaşmağı daim tövsiyə etmişdir.
Əsası Ulu Öndər Heydər Əliyev tərəfindən qoyulan və Onun layiqli varisi Ölkə Prezidenti cənab İlham Əliyevin düzgün müdrik siyasəti nəticəsində milli mənlik şüurumuzun milli ideyasının cövhəri kimi daxil olunmuş azərbaycançılıq konsepsiyası inkişaf edir, təkmilləşir və bu sahədə yeni-yeni uğurlar qazanılır.
VAHİD
ÖMƏROV,
fəlsəfə
üzrə fəlsəfə doktoru
Azad Azərbaycan.- 2013.- 27 avqust.- S.5.