“Qənirə Paşayeva ilə addım-addım Türk Dünyası"nın imzalanma mərasimi keçirildi
“Əli və Nino” kitab dükanları şəbəkəsinin “Park Bulvar”da yerləşən satış məntəqəsində “Qənirə Paşayeva ilə addım-addım Türk Dünyası” kitabının imzalanma mərasimi keçirilib. Mərasimi “Park-Bulvar”ın ictimaiyyətlə əlaqələr şöbəsinin müdiri Günay Malikqızı açaraq, artıq ənənə halını almış ”imza mərasimləri”nin toplumda kitaba münasibətdə müsbət dönüş yaratdığını, millət vəkili dr. Qənirə Paşayevanın da bu işdə özünəməxsus qatqısı olduğunu vurğulayıb.Sonra söz kitabın redaktoru Əkbər Qoşalıya verilib. O, kitabın məziyyətləri barədə danışaraq, burada intellektuallıqla eşqin, gerçək mənzərələrlə ruhun, ruhsallığın harmoniyaya gətirildiyini, bitkin mətnlər yaradıldığını qeyd edib. O, qardaş Türkiyənin 6 vilayətini (şəhərini) tanıdan kitabın növbəti cildlərinin bütün türk dövlət və topluluqlarını da əhatə edəcəyinə inandığını – müəllifin özünün nəşrə belə bir missiya yüklədiyini, “mandat” verdiyini deyib. Mərasimdə çıxış edən millət vəkili Qənirə Paşayeva, ilk növbədə, imzalanma mərasiminə gələn çoxsaylı oxucuları salamlamaqdan məmnunluq duyduğunu, oxucularla hər görüşün ona stimul verdiyini deyərək, bildirib ki “Türk Dünyasını tanıyaq və tanıdaq” layihəsini həyata keçirməkdə məqsəd gənc nəsillərə Türk dünyasını, oradakı insanımızı, mədəniyyətimizi, ortaq tariximizi daha yaxından tanıtmaq və onlarda sahiblənmə duyğularını daha da gücləndirməkdir. Eyni zamanda Türk Dünyasının müxtəlif bölgələrində Azərbaycanı, onun tarixini, mədəniyyətini, gerçəklərini, Qarabağ həqiqətlərini, Xocalı soyqırımını daha geniş tanıtmaq və yaymaqdır. O, layihə çərçivəsində həyata keçirilən işlər, Türk Dünyasının müxtəlif bölgələrində həyata keçirilən tədbirlər, bu istiqamətdə nəşr olunan kitablar, materiallar barədə də məlumat verib. Türk Dünyasının həmrəyliyi biri-birimizi daha yaxından tanımaqda və sahiblənməkdən keçir deyən millət vəkili Qənirə Paşayeva rəhbərlik etdiyi Avrasiya Beynəlxalq Araşdırmalar İnstitutu İB bu layihə çərçivəsində bütün türk Dünyası ilə bağlı kitablar nəşr etdirməyi planlaşdırdığını, eyni zamanda Türk Dünyasının müxtəlif bölgəlırində Azərbaycanla bağlı daha çox tədbir və kitabların çap olunması istiqamətində fəaliyyətlərini genişləndirməyi düşündüklərini də dedi. Millət vəkili Qənirə Paşayeva habelə “imza mərasimi”nin xeyirxah bir missiya daşıdığını vurğulayıb: “Bu kitab Türk Dünyasının müxtəlif bölgələrini yaxından tanımaq, bilmək və öyrənmək istəyən hər bir insan üçün maraqlıdır. Özəlliklə, gənclərin oxuması, öyrənməsi böyük məmnunluğumuz olacaq. Biz özümüzü, soyumuzu, kökümüzü, bizə doğma olan yurdları tanımalı, tanıtmalıyıq. Əziz kitabsevərlər, bu kitabdan əldə olunacaq gəlir İraq Türkmanı olan atasız-anasız bir qızın – bir İraqlı soydaşımızın ali təhsil alması üçün “Beynəlxalq Kərkük Kültür Dərnəyi”nə bağışlanacaq. İnanıram ki, hər biriniz bu xeyirxahlıq missiyasına öz töhfənizi verəcəksiniz. Mən kitabın və bugünkü mərasimin araya-ərsəyə gəlməsində əziyyəti keçən hər kəsə təşəkkür edirəm. Elə bilirəm, çəkilən zəhmətlər, bugünkü təşriflər yalnız müəllifə deyil, daha çox mövzuya münasibəti, məhəbbəti ifadə edir”. Sonra oxucular aldıqları kitabları müəllifə imzaladıblar. Millət vəkili Qənirə Paşayeva oxucuları və mərasimdə iştirak edən media mənsublarını maraqlandıran sualları cavablandırıb.
Təhminə
Azad Azərbaycan.- 2013.- S.7.