Azərbaycançılıq
və milli ləyaqət
Azərbaycançılıq xalqımızın milli ləyaqətilə çox bağlı olan ideyadır. Ulu Öndər Heydər Əliyev hələ 1997-ci il 25 dekabr tarixli “Bütün dünya azərbaycanlılarına” müraciətində azərbaycançılıq və milli ləyaqət probleminə toxunaraq, bu dəyərlərin dünya əhəmiyyəti kəsb etdiyini, azərbaycançılığı vətən, dövlətçilik, suverenlik, müstəqillik və milli ləyaqət anlayışları ilə vəhdətdə olduğunu göstərirdi. “Qoy Azərbaycanın müstəqilliyinə qəsd etmək niyyətində olan bütün xarici və daxili qüvvələr bilsinlər ki, öz suverenliyi və ərazi bütövlüyü uğrunda minlərlə qurban vermiş Azərbaycan xalqı hər bir təcavüzkara, hər bir qara qüvvəyə, hər bir təxribatçıya və onların əlində alətə çevrilən şəxslərə layiqincə cavab verəcəkdir. Əziz soydaşlarımız! Azərbaycan bütün dünya azərbaycanlılarının tarixi vətəni, doğma ata-baba yurdudur. Məmnuniyyət hissi ilə qeyd edirəm ki, dünyanın bütün ölkələrində yaşayan və ürəyi doğma Azərbaycanla bir döyünən həmvətənlərimizin də xalqımızın milli azadlıq mübarizəsində, ölkəmizin tərəqqi və inkişafı yolunda önəmli xidmətləri vardır.
Bu gün harada yaşamasından asılı olmayaraq, Azərbaycanı özlərinin tarixi vətəni sayan bütün insanlar ölkəmizin müstəqilliyini qoruyub saxlamaq naminə dövlətçilik ideyaları ətrafında sıxlaşmalı, sarsılmaz həmrəylik nümayiş etdirməlidirlər. Vətənini, millətini, xalqını sevən hər bir azərbaycanlı Azərbaycanın müstəqilliyinin dönməz olması üçün səy göstərməlidir. Bütün azərbaycanlılarda, bu və ya digər tellərlə ölkəmizlə bağlı olan hər bir şəxsə azərbaycançılıq və vətənpərvərlik hissləri, tarixi məhəbbət aşılamaq hamımızın ümdə vəzifəsidir. Vətənimizin, respublikamızın taleyi hər bir soydaşımızın taleyindən asılıdır.
Müstəqil Azərbaycanın dövlət rəmzləri - bayrağı, gerbi, himni ilə bütün dünya azərbaycanlıları fəxr edə bilər. Azərbaycanın müstəqilliyi, ərazi bütövlüyü, təhlükəsizliyi, bu gün və gələcəyi hər bir soydaşımızı, milli mənsubiyyətindən və dini etiqadından asılı olmayaraq, hər bir həmvətənimizi düşündürməlidir. Bütün dünya bilməlidir ki, Azərbaycan xalqının müstəqillik əzmi və iradəsi qarşılaşdığımız hər bir çətinliyə qalib gələcəkdir. Xalqımızın müdrikliyi, yenilməzliyi və qəhrəmanlığı müstəqil dövlətimizin yaşamasının və inkişafının əsasını təşkil edir.
Müstəqil Azərbaycan Respublikası dünyada yaşayan bütün azərbaycanlılar üçün doğma vətəndir. Hansı ölkədə yaşamasından asılı olmayaraq, azərbaycanlı öz ana dilini, dininin, milli ənənələrini heç zaman unutmamalıdır. Hər bir azərbaycanlı fəxr etməlidir ki, onun böyük tarixə, qədim zəngin mədəniyyətə malik olan Azərbaycan kimi Vətəni vardır. Hər bir azərbaycanlı bilməlidir ki, onun arxasında Azərbaycan Respublikası kimi müstəqil bir dövlət durur”.
Azərbaycan tədqiqatçıları Əmrəli İsmayılov və Qoşqar Əliyev “Heydər Əliyev və milli ləyaqət fəlsəfəsi” əsərində Ulu Öndər Heydər Əliyevin azərbaycançılıq və milli ləyaqətin qorunmasındakı strategiyası və metodologiyası haqqında qiymətli fikirlər söyləmişdir. Birincisi, Azərbaycan xalqının milli ləyaqət probleminə yanaşmalarında Heydər Əliyev konkret və real cəmiyyətin, iqtisadi, siyasi, sosial və mənəvi-əxlaqi sahələrinin bütün problem və qayğıları ilə birlikdə real həyatından çıxış edir. Bu metodoloji prinsipdə də, digər prinsiplərdə olduğu kimi, Heydər Əliyev fenomeni, onun şəxsiyyəti və intellekti durur. Heydər Əliyev üçün xalqın milli ləyaqət ideyası haradasa uzaqlarda səslənən mücərrəd şüar deyildir. Bu nəcib ideya xalqın real həyatı cəmiyyət və şəxsiyyətin fəaliyyətinin konkret durumu məcrasında nəzərdən keçirilir. Millət addımbaaddım özünün dünyəvi, gündəlik problemlərini həll etməklə, mədəniyyətini, iqtisadiyyatını, elmini, incəsənətini inkişaf etdirməklə, özünü realizə və özünütəsdiq üçün şərait təmin etməklə digər ölkə və xalqlardan asılılığını azaldır, özünün ləyaqətini təsdiq etdirir.
İkincisi, milli ləyaqət, bir tərəfdən millətin ləyaqətli həyatı, digər tərəfdən isə, onun hər bir nümayəndəsinin şüurunda və psixologiyasında öz millətinin keçmişi, bu günü və gələcəyi barədə hərtərəfli və dərindən mənimsədiyi, dərk etdiyi, duyub yaşadığı, həmçinin, öz xalqının və mədəniyyətinin, keçmiş nəsillərin və müasirlərin siyasi və sosial təcrübəsinin şəxsiyyətin mənəvi və əxlaqi dayağı olması haqqında təsəvvürlərin mövcudluğudur. Heydər Əliyev gerçəkliyi idealizə etmir, keçid mərhələsində cəmiyyətin üzləşdiyi real problemlərdən və çətinliklərdən qaçmır. Lakin milli ləyaqət hissi mənəvi hadisə olduğundan, o, daim bu hissin fərdi və milli şüura nə dərəcədə möhkəm daxil olmasına və onun insanın real vəziyyəti, həyat səviyyəsi və keyfiyyəti ilə necə stimullaşdırılmasına diqqət yetirir.
Üçüncüsü, Heydər Əliyev Azərbaycan xalqının milli ləyaqəti haqqında özünün ideya və prinsiplərini zərgər dəqiqliyi ilə suverenlik və dövlətçilik adlandırdığımız fundamental fəlsəfi anlayışların əsas məzmununa daxil edir. Azərbaycan dövlətinin rəhbəri və sosial materiyanın bütün çalarlarını və incəliklərini hiss edən siyasətçi Heydər Əliyev üçün xalqın milli ləyaqətini təsdiq edən magistral istiqamətlər, həmçinin, köməkçi yollar da mövcuddur. Dövlətçilik və dövlət suverenliyi müəyyənedici amillərdir.
Dördüncüsü, Heydər Əliyevə görə, Vətən hissi və milli ləyaqət hissi bir-birilərini şərtləndirir və bir-birilərinə nüfuz edir. Bu, insanlarda yüksək vətənpərvərlik hissi tərbiyə etmək və formalaşdırmaq deməkdir. Vətənin müdafiəsini, Azərbaycanın müqəddəs torpağının hər qarışının müdafiəsinin Azərbaycan xalqının, Azərbaycan Respublikasının bütün vətəndaşlarının şərəf və ləyaqətinin müdafiəsinin yüksək nümunələri kimi nəzərdən keçirmək lazımdır. Buna görə Azərbaycan xalqının milli ləyaqətinin müdafiə olunmasında ön cəbhə erməni faşizminin işğal etdiyi torpaqlar, düşmənin zəbt etdiyi ərazilərdə qalan ulu babalarımızın qəbirləridir. Prezident Heydər Əliyev işğal olunmuş torpaqlarımızın sülh yolu ilə qaytarılması yolunda geniş fəaliyyət göstərir, həqiqətən, dövlət müdrikliyi nümayiş etdirir. Əgər işğalçılar yenidən özlərinin təcavüzünü genişləndirmək cəhdləri göstərsələr, onda hər birimiz və hamımız birlikdə torpaqlarımızı birdəfəlik azad etmək üçün öz şərəf və ləyaqətlərimizi müdafiə etməyə hazır olmalıyıq.
Beşincisi, Prezident Heydər Əliyev milli ləyaqət probleminə bir-birini məntiqi tamamlayan iki baxımdan yanaşır. Bir tərəfdən O, milli ləyaqətin müdafiəsi və təsdiqinin magistral istiqaməti və yollarını müəyyənləşdirir. Digər tərəfdən isə xalqın intellektual potensialı, mədəniyyəti, mənəvi və əxlaqi həyatı haqqında məhsuldar ideyalar irəli sürür və əsaslandırır. Çünki bunsuz müasir şəraitdə millətin ləyaqəti problemi mənasını itirmiş olardı. Söhbət ondan gedir ki, millət özünün hansı intellektual və mədəni resursları ilə sivilizasiyalı xalqlar səviyyəsinə çıxır, nə ilə özünü tanıtmaq istəyir. Buna görə də, Heydər Əliyevin milli ləyaqət fəlsəfəsində millətin mədəniyyəti, elmi, incəsənəti və bütövlükdə, intellektual potensialı haqqında qayğısı, Azərbaycan xalqının milli ləyaqətinin təsdiqinin real praktik və nəzəri tərəfi kimi çıxış edir. Yalnız dərin təfəkkürlü alimləri, yüksək peşəkarlığa malik rəssamları, bəstəkarları, yazıçıları və müəllimləri, kitabları və muzeyləri, məzmunlu kitabları və kinofilmləri olan xalqın daha qətiyyətlə başqalarından onun ləyaqətinə hörmət etməyi tələb etmək haqqı var. Bu, Prezident Heydər Əliyevin milli ləyaqət fəlsəfəsində daim diqqət verdiyi mühüm aspektlərdən biridir.
Bir sözlə, milli ləyqət azərbaycançılıq ideyasının cövhərini təşkil edir. Vaxtilə totalitarizm azərbaycançılığı və milli layəqətin bəzi komponentlərini sıxışdırırdı. Azərbaycançılıq və milli ləyaqət ideyaları totalitarizm sisteminin dağıdılmasında iqtisadiyyatın və ictimai həyatın inhisarçılığından azad olmasında, yeni siyasi strukturlardan, yeni milli ideologiya və ideoloqların, yeni elitaların və Ümummilli Liderin formalaşmasında mühüm rol oynadı. Azərbaycan xalqının milli ideologiyasında əsas rol oynayan amillərdən biri məhz milli-mənəvi dəyərlər - milli hiss, milli ruh, milli ləyaqət hissləri olmuşdur. Azərbaycançılıq ideyası və xalqımızın milli ləyaqətinin qorunmasında Ulu Öndər Heydər Əliyevin əvəzsiz xidməti olmuş və Onun layiqli siyasi varisi Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev bu sahədə uğurlu addımlar atır.
VAHİD
ÖMƏROV,
fəlsəfə
üzrə fəlsəfə doktoru
Azad Azərbaycan.- 2013.- 28 avqust.- S.5.