Bəstəkarlar İttifaqında konfrans keçirilib

 

Bu gün Azərbaycan Bəstəkarlar İttifaqında III Beynəlxalq Muğam Simpoziumu ərəfəsində “Azərbaycan muğamlarında və Şərqin oxşar ənənəvi janrlarında musiqi alətlərinin rolu” mövzusunda konfrans işə başlayıb. APA-nın məlumatına görə, tədbirdə Bəstəkarlar İttifaqının sədri, xalq artisti, professor Firəngiz Əlizadə artıq ənənəvi olaraq iki ildən bir ölkəmizdə keçirilən beynəlxalq muğam festivalının böyük maraq doğurduğunu və milli musiqi irsimizin təbliğindəki misilsiz rolunu diqqətə çatdırıb. Festival günlərində Azərbaycan və dünya alimlərinin iştirakı ilə Beynəlxalq muğam simpoziumu, 35 yaşadək muğam ifaçılarının müsabiqəsi və şəhərimizin əsas səhnə salonlarında yerli və xarici ölkələri təmsil edən ifaçıların iştirakı ilə konsertlər təşkil olunur. Bu konsert proqramları zamanı musiqisevərlər Beynəlxalq Muğam Mərkəzində yeddi əsas muğamlarımızı ən tanınmış ifaçılarımız tərəfindən dinləmək imkanı da əldə edirlər.

Heydər Əliyev Fondunun, Mədəniyyət və Turizm Nazirliyinin, Azərbaycan Bəstəkarlar İttifaqının və UNESCO-nun Ənənəvi Musiqi üzrə Beynəlxalq Şurasının “Maqam” Tədqiqat Qrupunun birgə təşkilatçılığı ilə keçirilən “Muğam aləmi” III Beynəlxalq muğam festivalı martın 11-dən 19-dək davam edəcək. Festival çərçivəsində təşkil ediləcək muğam simpoziumunun mövzusu artıq məlumdur. Əsasən musiqi alətləri haqqında elmi məruzələrin dinləniləcəyi simpoziumda Azərbaycanı təmsil edəcək alimləri müəyyən etmək üçün Bəstəkarlar İttifaqında iki gün ərzində dinləmələr olacaq. 25 alimimiz bu simpoziumda iştirak etmək niyyətindədir. Fevralın 21-də isə keçiriləcək son dinləmələrdən sonra bu mötəbər tədbirdə ölkəmizi təmsil edəcək alimlərimizin adı məlum olacaq. Konfransa “Azərbaycan ifaçılığında tarzənlərin mizrab işlətmə üsulları”, “Azərbaycan muğam ifaçılığı sənətində qanun aləti”, “Kamançanın muğam ifaçılığında köklənmə xüsusiyyətləri” və digər mövzularda məruzələr dinlənilib və mövzular əyani olaraq musiqi alətləri vasitəsilə izah edilib.

 

 

Seyidzadə Hacı Tofiq

 

Azad Azərbaycan.- 2013.- 3 fevral.- S.7.