Yox olan qəhrəman,
bizi qırmızı planetdə gözləyənlər
Tam
18 il – 1957-ci ildən 1975-ci ilə qədər SSRİ ilə
ABŞ arasında kosmosun fəthi uğrunda yarış
özünün ən şiddətli dövrünü
yaşadı. Bu yarış – kommunizmlə kapitalizmin psixoloji
mübarizəsinin ən üzdə olan təzahürü
kimi çox ciddi qarşılanırdı: dünyanın iki
qütbündən hansı biri elmi-texniki nailiyyətdə
daha önə çıxırdısa, beynəlxalq rəyi
öz tərəfinə çəkmək üçün
bu üstünlükdən maksimum istifadə edirdi.
Yarış
– həm də hansı sistemin gələcəyin sahibi
olması ilə şərtlənirdi. Əgər Sovet elmi bu tərəqqiyə
nail olursa, kosmosa ilk adam göndərməyi bacarırsa,
Ayı, Veneranı, Marsı fəth edirsə, əlbəttə,
dünyanın ən güclü idarəetmə sisteminin
SSRİ-də olması qəbul olunmalıdır. ABŞ bu «təhqirlə»
razılaşa bilərdimi?
Milyardlar
su kimi bu sahəyə axıdılırdı, dünyanın ən
məşhur alimləri işə cəlb olunmuşdu, KQB və
FBİ, Mossad və Mİ6 bütün fəaliyyətini bu
istiqamətdə qurmuşdu: tərəflərin hansı
yeniliyə hazırlaşmaları dərhal qarşı tərəfə
ötürülür, bu tərəf onu qabaqlamağa
çalışır və… beləliklə də ötən
əsrin ən böyük nailiyyətləri əldə
edilirdi.
Bu
yarış kosmosun fəthi və dünyanın «kənardan
görünməsi və idarə edilməsində»
böyük inqilabi dövr kimi yadda qaldı. Udan bəşəriyyət
oldu, uduzan isə…
Burada
uduzmaq anlayışı yoxdur.
Bəs,
bu yarışı şərtləndirən ideya – kosmosun fəthi
hardan başlamışdı?
Fantastik ədəbiyyatdan riyazi
düsturlara
Kimsənin
ağlına gəlməzdi ki, fiziki qüsurları
olduğuna görə cəmi 3 illik ali təhsilini
yarımçıq qoymağa və evə qayıtmağa məcbur
olan kənd müəllimi kosmosun fəthində əsas təbliğatçı
və ilk nəzəriyyə müəllifi ola bilər.
Konstantin
Eduardoviç Sialkovski! Bu ad Sovet məktəblərində təhsil
alan şagirdlərin yaddaşında çox ciddi iz
buraxıb. Kim idi Sialkovski?
Rusiyanın
İjevsk vilayətində, 1857-ci ildə anadan olmuşdu. 10
yaşında qızılca xəstəliyinə tutulur və
eşitmə qabiliyyətini itirir. Məktəbi tərk edir,
evdə müstəqil surətdə elm öyrənməklə
məşğul olur. Yeniyetmə çağlarında Moskvaya
fizika, astronomiya və həndəsəni öyrənmək
üçün gəlir, ancaq cəmi 3 ildən sonra fiziki
qüsuru ona təhsilini davam etdirməyə imkan vermir və
öz kəndinə qayıdan Sialkovski taleyini müəllimliyə
bağlayır.
Hər
şey dövrünün tanınmış fantast
yazıçısı Yules Vernenin əsərlərindən
başlayır: bu yazıçıdan təsirlənən
Konstantin Eduardoviç planetlərarası kosmik
uçuşlarla bağlı fantastik hekayələr yazır
və yazdıqca da öz astronomik və həndəsi biliklərindən
istifadə etməklə, nəzəri yükü
artırır. Artıq onun son hekayələri bədii əsər
olmaqdan daha çox, kosmosun fəthi barədə gecə-gündüz
düşünən alimin öz arzusunu elmi-nəzəri
baxımdan əsaslandırmasına bənzəyirdi.
İlk
dəfə olaraq kosmik raketin tam metaldan hazırlanması
ideyası da ona məxsus idi. Sialkovski 1885-ci ildə artıq
yerin cazibə qüvvəsinə üstün gəlmək
üçün mövcud yanacaq növlərindən istifadə
imkanlarından da imtina edirdi. Hidrogen və oksigen
yanacağından istifadə ilə metal konstruksiyalı raketin
kosmosa qalxa biləcəyi barədə elmi-nəzəri məqaləsini
1903-cü ildə «Elm xəbərləri» jurnalından dərc
etdirən Sialkovski artıq heç bir fantastik bədiiliyə
yol vermədiyini sübut edirdi. «Kosmosun reaktiv aparatlarla tədqiqi»
məqaləsindəki «Raket düsturu» kosmosa yolun
bünövrəsini qoydu.
Sialkovskini ABŞ kəşf etdi
1930-cu
ildə Sialkovskinin tam metal gəmi konsepsiyasından istifadə
ilə ABŞ-ın ZMS-2 hava gəmisini hazırlaması
SSRİ-nin bu nəzəriyyə ilə daha ciddi maraqlanması
üçün əsas oldu və tədqiqatlar
başlandı.
Ancaq
İkinci Dünya Müharibəsi araşdırmaları
inkişaf etdirməyə mane oldu. Müharibədən sonra
«soyuq müharibə» dövrü və SSRİ-ABŞ
arasında ideoloji savaş kosmik araşdırmalar
üçün inanılmaz imkanlar yaratdı.
SSRİ
həm də nəzəri olaraq bu ideyanın rus aliminə məxsus
olduğunu fəxarətlə bəyan etdi və Sialkovski
«müasir kosmonavtikanın banisi» statusuna haqlı olaraq
qaldırıldı.
Kosmonavtikanın
təkcə nəzəri deyil, həm də praktik baxımdan
beşiyi olmaq və SSRİ-nin qüdrətini göstərmək
istəyi 1957-ci ildə gerçəkləşdi: oktyabrın
4-də SSRİ ilk süni peykini kosmosa buraxdı, noyabrın
3-də isə Layka adlı it fəzaya yollandı.
Uçuş
uğurlu olmuşdu, ancaq Layka geri qayıda bilməmişdi;
temperatur idarəetməsindəki problem kosmosa qalxan ilk
canlının sağ-salamat yerə qayıtmasına imkan verməmişdi.
SSRİ-nin
kosmosun fəthində liderliyi ələ alması ABŞ-ı
bir anda silkələdi və araşdırmaları sürətləndirmək
üçün tez-tələsik qərar verildi: NACA
yaradıldı. 7 aydan sonra, 1958-ci il iyulun 29-da isə
NACA-nın bazasında NASA – Milli Aviasiya və Kosmik Tədqiqatlar
Agentliyi quruldu.
Maraqlıdır
ki, bu agentliyin yaradılmasında əsas söz sahiblərindən
biri kimi alman alimi Verner fon Braunun adı çəkilir və
bu fakt 50 ildən sonra mətbuata ayaq açan bəzi
mülahizələri gücləndirməkdədir. Bəzi
mülahizələrə görə, kosmosun fəthi ilə
bağlı ən ciddi araşdırmalar faşist
Almaniyasında aparılıb. Hitlerin
tapşırığı ilə aparılan bu
araşdırmalarda böyük elmi nəticələr əldə
edilibmiş. Amma məğlubiyyət bu nəticələrdən
istifadəyə imkan verməyib.
Qalib
dövlətlər isə Hitler Almaniyasının elmi nailiyyətlərini
ələ keçiriblər və SSRİ məhz buna görə
hamını qabaqlaya bilib.
ABŞ-ı
önləməli!
SSRİ
ilklərə imza atmışdı: ilk süni peyk və
kosmosa göndərilən ilk canlı. İndi isə kosmosa
insan göndərilməsi üzərində qızğın
yarış dövrü başlamışdı.
Moskva
Kosmik Tədqiqatlar Mərkəzi kosmonavt olmaq arzusu ilə
müraciət edən pilotların qəbuluna
başlamışdı. Həmin dövrdə «kosmosun
atası» adlandırılan Korolyov bu prosesə şəxsən
özü nəzarət edirdi: kosmonavtlığa müraciət
edənlərin gənc olması, uçuş uğurları,
boyunun 170 sm-dən kiçik, çəkisinin 72 kq-dan az
olması üstünlük sayılırdı. Çünki
kosmik raket biradamlıq idi və kabinə mümkün qədər
kiçik düzəldilmişdi. Ona görə də 122
saylı qırıcı diviziyasının 169 saylı
polkunda xidmət edən 25 yaşlı Yuri Qaqarinin müraciətinə
dərhal müsbət cavab verildi: onun boyu 165 sm, çəkisi
57 kq idi; üstəlik, Orenburq Hərbi Aviasiya Məktəbinin
məzunu olan Qaqarin 196 dəfə havaya qalxmışdı,
aktivində 42 saat 23 dəqiqə uğurlu uçuş
vaxtı vardı. Bir sözlə, Korolyovun bütün
parametrlərinə cavab verirdi. Ona görə də Qaqarin ilk
20-liyə və 6-lığa düşdü, sonra isə
seçilmiş iki nəfərdən biri oldu. Daha doğrusu,
qısa müddətdə artıq onun namizədliyi
üstündə dayandılar: ikinci şəxs – German Titov
fövqəladə vəziyyət üçün, ehtiyat
pilot kimi seçilmişdi.
Hər
şey qaydasında gedirdi və yalnız bir məxfi məlumat
SSRİ-ni uçuşu sürətləndirməyə vadar
etdi: KQB-nin əldə etdiyi məxfi məlumata görə,
ABŞ kosmosa ilk insan göndərmək
hazırlıqlarını tamamlamaq üzrəydi və 1961-ci
il aprelin 20-dən sonra bu istəyini reallaşdırmaq istəyirdi.
SSRİ
rəhbərliyi qərar verdi: uçuş aprelin 17-nə qədər
həyata keçirilməlidir.
Beləliklə,
1961-ci il aprelin 12-də, Moskva vaxtı ilə saat 09:17-də
Qazaxıstandakı Baykonur Kosmodromundan «Vostok-1» kosmik gəmisi
buraxıldı. Göyərtədə kosmosa uçan ilk
insan – Yuri Qaqarin vardı.
Qaqarini nənə
qarşılayır
Yer ətrafında
bir dövrə, 108 dəqiqəlik uçuş və
sağ-salamat yerə qayıtmaq! SSRİ dünyanı heyrətə
gətirmişdi. Amma…
Dünyanın
ilk kosmonavtı özünü ələ vermək istəmirdi.
Məsələ ondaydı ki, Yuri Qaqarin Stalinqradın 110
kilometrliyinə enməliydi, hamı onu burada gözləyirdi,
ancaq enmə aparatındakı nasazlıq üzündən ilk
kosmonavt Saratov vilayətindəki Engels şəhəri
yaxınlığında yerə endi.
Qaqarini
yerli meşəbəyinin xanımı Anna Akimovna Taxtarova və
onun 6 yaşlı nəvəsi Rita qarşıladı (və
beləcə də tarixə düşdülər).
Yeri
təxmin edilən kimi Qaqarini tapmağa Mİ-4-lər
qaldırıldı. Ancaq təyyarələr gələnə
qədər Qaqarin gözləmədi, ilk rast gəldiyi
yük maşınına minib, Engels şəhərinə gəldi.
Hərbi
Hava limanında onu qarşılayan kimi Moskvaya teleqram vuruldu:
«Qaqarin tapılıb və Moskvaya yola salınacaq».
Dərhal
Baykonurdan İl-18 və AN-10 havaya qalxdı: SSRİ-nin fəxrini
kosmosa qalxdığı yerə qaytarmaq istəyirdilər.
Baş katib Xruşşovun isə gözləməyə
hövsələsi çatmadı və Qaqarinin Moskvaya gəlməsini
tapşırdı və müdafiə naziri Marşal
Malinovskiyə onun rütbəsini artırmağı
tapşırdı. «Elə indicə onun kapitan rütbəsi
alması üçün əmr imzaladım» cavabı
Xruşşovu qətiyyən qane etmədi: «Nə kapitan?
Heç olmasa, mayor verin!»
Bu
rütbə adlamasının hərbi qaydalara zidd olması barədə
Malinovskinin dedikləri mənasız cəhd idi. Nikita
Xruşşov ən azı mayoru qarşılamaq istəyirdi.
Və
belə də oldu: Vnukovo limanında mayor Qaqarin təntənə
ilə qarşılandı, oradan dərhal yüz minlərlə
adamın yığışdığı Qızıl
Meydana gətirildi və hərarətli çıxış
yapan Xruşşov SSRİ Ali Soveti tərəfindən
Qaqarinin Sovet İttifaqı Qəhrəmanı adına layiq
görüldüyünü bəyan edib, Qızıl Ulduzu elə
oradaca ilk kosmonavtın yaxasına taxdı.
Qaqarin
– kommunizmin kapitalizm üzərində tarixi qələbəsinin
simvolu kimi bir anda bütün dünyada məşhurlaşdı…
Qaqarin yoxa çıxdı
ABŞ
da kosmosa adam göndərdi - 1961-ci il mayın 5-də. Ancaq 23
gün gecikmişdi və təbliğat SSRİ-nin tərəfində
idi: artıq heç kim «ikinci kosmonavtı» - Alan
Şepardı Qaqarin kimi qəbul etmədi – baxmayaraq ki, o da
ABŞ-ın yüksək ödüllərini
almışdı.
Yuri
Qaqarin bütün dünyanı gəzirdi – SSRİ
özünün qələbə simvolunu hamıya göstərməkdən
zövq alırdı. Onu mərasimlərə dəvət
edirdilər, qonaqlıqlar bir-birinə calanırdı… Deyilənə
görə, bu qədər hədsiz sevgi Qaqarində «şəxsiyyətə
pərəstiş» xarakteri formalaşdırmışdı,
bu səmimi və güləş gənc yavaş-yavaş
özündənrazı şəxsə çevrilirdi. Və
bu da onun taleyinə öz təsirini göstərdi.
1967-ci
ildə eyforiyadan ayılan Qaqarin artıq kökəldiyini,
uçuşlara yadırğadığını dərk edən
kimi məşqlərə başladı, gecə-gündüz
çalışmaqla buraxdığı boşluqları
doldurmaq istəyirdi.
1968-ci
il martında MİQ-15-lə 18 dəfə göyə qalxan və
18 saat uçuş keçirən Qaqarin təkbaşına
uçuş üçün daha bir neçə sınaq
keçirməli olduğunu bilirdi. Hədəfi də
vardı: Aya getməkdə israrlıydı və rəhbərliyi
razı sala bilmişdi. Qaqarin Ayın fəthində də rol
almaq istəyirdi.
1968-ci
il martın 27-də saat 10:18-də Sovet İttifaqı Qəhrəmanı
Vladimir Sereginlə Çkalovsk aeroportundan növbəti
sınaq uçuşuna qalxan Yuri Qaqarin 12 dəqiqə sonra
enməyə icazə istədi – halbuki uçuş 20 dəqiqə
nəzərdə tutulmuşdu. Razılıq alandan sonra isə
«Qəhrəmanlar»la əlaqə kəsildi. Yalnız 3 saatdan
sonra qəzaya uğramış təyyarənin
qalıqlarını uçuş-sınaq mərkəzinin 85
kilometrliyində, Novoselovo kəndi yaxınlığında
tapmaq mümkün oldu.
Aylarla
istintaq aparıldı, az qala bütün təyyarənin hissələrini
bir yerə yığdılar, qarış-qarış
bütün ətrafı axtardılar: ortada yalnız Sereginin
meyitinin hissələri vardı, Qaqarin yoxa
çıxmışdı.
Hələ
də əfsanələr dolaşır – onun ABŞ və ya
yadplanetlilər tərəfindən oğurlanmasına qədər…
Çünki onun «ölüsünə» göz yaşı tökənlər
hələ də onun nəşini əldə edə bilməyib.
Qaqarin ölmədi, yoxa
çıxdı…
Apollon-11 və ABŞ-ın qələbəsi
Yarışın
növbəti – kosmosa ilk qadın göndərmək raundunu da
SSRİ qazandı. Valentina Tereşkova 1963-cü il iyunun 16-da
kosmosa uçan ilk qadın kimi tarixə düşdü.
Eynilə
Qaqarindəki əhvalat təkrarlandı: yenə ABŞ-dan gələn
məxfi məlumat, amerikanların kosmosa qadın göndərməyə
hazırlaşmaları və SSRİ-nin vaxtı qabağa
çəkməyi və… qələbəsi.
ABŞ
bu növbəti sarsıdıcı zərbədən
yalnız bir halda özünə gələ bilərdi: Aya ilk
qədəm basan insanın vətəni olmaqla.
Növbəti
yarış başlamışdı və SSRİ-nin bu dəfə
də qalib gələcəyinə çoxları şübhə
etmirdi. Ancaq 1967-ci ildə bir-birinin ardınca baş verən
kosmik qəzalar, bu azmış kimi, kosmosun fəthinin simvolu
olan Qaqarinin ölümü – yoxa çıxması –
uçuşları təxirə salmaqla nəticələndi.
Kosmik
Tədqiqatlar Mərkəzində 1963-cü ildən –
Tereşkovanın uçuşundan sonra başlayan daxili
çəkişmələrin və ikitirəliyin də bu
uğursuzluqlara səbəb olduğu barədə mülahizələr
var. Ancaq kosmik uçuşlar üçün xarakterik olan
mövhumati inam ortadaydı: Qaqarinin gedişi ilə SSRİ
kosmik yarışı ABŞ-a uduzmalıydı.
Bütün
SSRİ ruh düşkünlüyünə
qapılmışdı və ABŞ bundan məharətlə
istifadə etdi.
1969-cu
il iyul ayının 20-də canlı yayımla bütün
dünyanın gözü qarşısında Aya yollanan
«Apollon-11» gəmisinin 3 kosmonavtından biri – Nil Arsmtronq «insan
üçün kiçik olan bu addım bəşəriyyət
üçün böyük sıçrayışdır»
sözü ilə Aya ayaq basdı və ABŞ kosmos
yarışında liderliyi əlinə aldı.
1975-ci
ildə ilk beynəlxalq uçuş – «Soyuz-Apollon»
uçuşu bu yarışın ən qızğın
dövrünü tamamladı…
İnanılmaz layihələr
Yüz
İllik Kosmik Uçuş adı verilən bu layihəyə
NASA Pentaqonla bərabər 3 il əvvəl start verib. Layihənin
məqsədi: insanları başqa planetlərə aparmaq və…
geri qaytarmamaq.
Daha
doğrusu, Günəş sisteminə aid olan planetlərdə
məskunlaşma imkanlarını yoxlamaq əsas hədəfdir.
İlk
olaraq Mars planeti seçilib və hesab edilir ki, dünyanın ən
sürətli gəmisi – «Orion» bu yolun qaranquşu olacaq.
2014-cü ildə Orion Marsa göndəriləcək, 2030-cu
ildə insanlığın Qırmızı planetdə
olacağını ehtimal edirlər.
Marsa
uçmaq üçün Ayın ətrafında fırlanan
asteroidlərdən birindən istifadə etmək nəzərdə
tutulur. Yəni, asteroid süni peyklər vasitəsilə kəməndə
salınır, bir az Aya doğru çəkilir və ondan daimi
istifadə imkanı yaradılır.
NASA
xırdalığını açıqlamayıb – yalnız
bu kəməndəsalmanın məqsədini, planetlərarası
uçuş üçün «aerodrom» olacağını
açıqlayıb…
Hətta
daha kiçik iki asteroidin eyni metodla tutulan birinci asteroidə
süni peyk ediləcəyi də deyilir… Hər halda, gələn
il asteroidlərin Aya doğru dartılması prosesi haqqında
daha müfəssəl məlumat ala biləcəyik – indi
inanılmaz görünsə də.
Süni peyklər və Azərbaycan
İlk
süni peyk SSRİ-yə məxsusdur – «Sputnik-1» 1957-ci il
oktyabrın 4-də buraxılıb. ABŞ 1958-ci il fevralın
1-də, Böyük Britaniya isə 1962-ci il aprelin 26-da
süni peykə sahiblənib.
Hazırda
bir çox ölkələr süni peykə sahibdirlər. Bu
ildən isə Azərbaycan da öz adını süni peyklər
olan ölkələr siyahısına yazdıracaq.
«Azerspace/Africasat-1» adlanan
peykimiz Hind okeanı üzərində olacaq. Peyk Cənubi Amerikada Fransa Qvianasında yerləşən Kuru kosmodromundan Fransanın
«Arianespace» şirkətinin «Ariane-5» raket daşıyıcısı
ilə orbitə çıxarılacaq. Peyk rəqəmli
teleradio xidmətlərinin
göstərilməsi, sürətli
internet, «VSAT» multiservis şəbəkəsinin,
eləcə də hökumət əlaqələrinin
yaradılması üçün
nəzərdə tutulub.
İlk süni peykimiz bu gecə fəzanın
ənginliklərinə göndərilir...
Anar Yusifoğlu
Azad Azərbaycan.-
2013.- 8 fevral.- S.6.