Şah İsmayıla “mat
Əvvəllər adını bir neçə dəfə eşitsəm də, açığı, yazdığı kitabı oxuyana qədər bu insanın nə qədər böyük bir ziyalı olduğunun fərqinə varmadığım üçün öz-özümə xeyli deyindim. Sonuncu dəfə Cəbrayıl barədə filmin ssenarisi üzərində işləyəndə dostumun mənə verdiyi video görüntülərdə maraqlı bir kadrla rastlaşdım. Sən demə, 1991-ci ilin o ağır günlərində, onun təşəbbüsü ilə Cəbrayılda beynəlxalq şahmat turniri təşkil olunub, dünyanın neçə ölkəsindən erməni silahlıları ilə üz-üzə döyüşən bu yurd yerimizə şahmatçıları təşrif buyurubmuş. Budur, daha bir süjetdə pir simalı bu ağsaqqal 20 yanvar hadisələrinin il dönümüylə bağlı tədbirdə çıxış edir, Cəbrayıl insanlarını mübarizəyə, savaşa səsləyir.
Bu adam Şəhriyar Quliyevdir...
Dosye: Şəhriyar Paşa oğlu Quliyev 1924-cü ildə Zəngilan rayonunun Məlikli kəndində anadan olub. Orta təhsilini tamamlayan kimi elə həmin məktəbdə müəllimlik fəaliyyətinə başlayıb. Böyük Vətən Müharibəsinin iştirakçısıdr. 1946-cı ildə Bakı Dövlət Universitetinin Tarix fakültəsi nəzdində Zaqafqaziyada ilk dəfə olaraq açılmış fəlsəfə şöbəsinə daxil olub, ailə vəziyyəti ilə əlaqədar 1948-ci ildə Universiteti yarımçıq qoyaraq Ədliyyə Nazirliyinin nəzdində xüsusi hüquq məktəbində təhsil alıb. 1950-1953-cü illərdə Ədliyyə Nazirliyinin Zəngilan rayon şöbəsində notarius vəzifəsində çalışıb, oradan isə Dövlət Bankı Cəbrayıl rayon şöbəsinin müdiri vəzifəsinə təyin edilmiib. Şəhriyar Quliyev 1964-1967-ci illərdə Zəngilan, 1967-1973-cü illərdə isə Cəbrayılda «Məhsul» İdman Cəmiyyətinin sədri, 1973-1976-cı illərdə isə Azərbaycan Sovet Ensiklopediyasının hüquq redaksiyasının böyük elmi redaktoru vəzifəsində çalışıb. Yalnız bundan sonra 1946-cı ildə daxil olduğu BDU-nun fəlsəfə fakültəsini 29 il sonra – 1976-cı ildə uğurla. Şahmatın və nərdin gözəl bilicisi olan Şəhriyar Quliyev Cəbrayılda şahmat məktəbi yaradıb və bu məktəb ölümündən sonra onun adını daşıyırdı.
Şəhriyar Quliyevin 33 il əvvəl
araşdırıb araya-ərsəyə gətirdiyi “Azərbaycanda şahmatın tarixi”
adlı əsəri Azərbaycanda şahmatın inkişaf
tarixinə həsr olunmuş yeganə tədqiqat əsəridir.
Tədqiqatçının nəvəsi Qumru
xanım Şəhriyarın babasının şəxsi
arxivindəki əlyazmaları vasitəsilə üzərində
bəzi dəyişikliklər apararaq dərc etdirdiyi bu
kitabı Azərbaycan etnoqrafiyasının ən qədim
dövrlərinə aid zəngin mənbə hesab etmək
olar. Ş.Quliyevin araşdırmaları sübut edir ki,
yaranma tarixi VI əsrə aid olan şahmat yarandığı
gündən Azərbaycan xalqının mədəni məişətində
yer tutub. Tədqiqatçının bu əsəri Azərbaycan
etnoqrafiyasını dünya ədəbiyyatı aspektində
VI əsrdən ötən əsrin 70-ci illərinə qədər
araşdırmağa imkan verir.
Azərbaycanda
idmanın tarixi sahəsində tədqiqatlar aparan M.Ə.
İsgəndərov yazır: “Azərbaycanda bədən tərbiyəsi
və idmanın inkişaf tarixi əsaslı surətdə
öyrənilməmiş və işlənməmişdir. İdmanın
inkişaf tarixini bilmədən onun müasir vəziyyəti
barədə tam aydın fikir yürütmək, ona
düzgün qiymət və gələcək inkişaf
perspektivlərini müəyyən etmək olmaz”. Bu fikir eynilə
şahmata da aiddir. Azərbaycan da daxil dünyanın şahmat
ustaları və qrossmeysterləri öz oyunları ilə
bütün dünyanı heyrətə gətirirlərsə,
bunda babalarımızın da müəyyən zəhməti
var. Şəhriyar Quliyevin kitabı məhz bu boşluğu
doldurmaq baxımından çox dəyərli bir tədqiqat əsəridir.
***
Azərbaycanda
şahmatın tarixini öyrənmək məsələsinin,
yəni şahmat tarixşünaslığının əsası
görkəmli Azərbaycan alimi Təbrizli Məhəmmədəli
Tərbiyyət tərəfindən qoyulub. Onun hicri tarixiylə
1314-cü ildə (miladi 1937-ci il) Tehranda nəşr edilən
“Danişməndani-Azərbaycan” adlı əsərində
şahmatın Azərbaycanda XIV-XV əsrlərdə geniş
yayılması haqqında maraqlı məlumatlar var. Həmid
Araslı da mədəniyyətimizin tarixindən bəhs edərkən,
orta əsr şahmat mədəniyyətinə toxunmuş,
haqqında maraqlı məlumatlar vermişdir. Azərbaycanda
şahmatın XIV əsrdə geniş yayılması
haqqında ədəbiyyatşünas Qulamhüseyn Beqdeli də
qiymətli məlumatlar verir. Ancaq bunlarla belə Azərbaycan
xalqının mədəni həyatında şahmatın
ümumi tarixinə dair indiyə kimi ayrıca bir tədqiqat
işi aparılmayıb.
Şəhriyar
Quliyev bu tədqiqatında Azərbaycanda şahmatın tarixi
öyrənmək üçün birinci dərəcəli
və əsas mənbə kimi Azərbaycanın görkəmli
elm, sənət adamlarının qələmindən
çıxan əsərlərini götürüb. Ona
görə də o, “şair dövrün tarixçisidir” -
deyərək, hər şeydən əvvəl Qətran Təbrizinin,
Məhsəti Gəncəvinin, Xaqani Şirvaninin, Nizami Gəncəvinin,
Əssar Təbrizinin, Marağalı Əvhədinin, İmaddədin
Nəsiminin, Cahanşah Həqiqinin, Məhəmməd
Füzulinin, Mirzə Fətəli Axundovun, Seyid Əzim
Şirvaninin, Qasım bəy Zakirin, Mirzə İsmayıl
Qasirin, Mirzə Əbdülxaliq Cənnətinin, Mirzə
İsa Ziyainin, Mir Mövsüm Nəvvabın, Zikri Ərdəbilinin,
Mirzə Ələkbər Sabirin, Məhəmməd Hadinin, Məmməd
Səid Ordubadinin və ümumiyyətlə, Azərbaycan ədəbiyyatının,
demək olar ki, əksər nümayəndələrinin əsərlərinə
ən qiymətli mənbə kimi müraciət edib. Bir
sıra mənbələri, tədqiqat əsərlərini, ədəbi-bədii
abidələri araşdırdıqdan sonra müəllif belə
qənaətə gəlir ki, şahmat oyunu VI əsrin
axırlarında Sasani imperiyasının bütün ərazisində
olduğu kimi Azərbaycanda da məlum olub. Bu faktı təsdiq
edən dəlillərdən ən əhəmiyyətlisi qədim
pəhləvi povesti və şahmatın VI əsrdə Sasani
dövlətində məlum olmasıdırsa, ikinci
mühüm dəlil Mingəçevirdə
tapılmış zərlərdir. Belə ki, arxeoloji
qazıntılar nəticəsində tapılan bu zərlər
gildən düzəldilmiş və özləri də VI-VIII
əsrlərə aiddir.
***
Şahmat
Azərbaycanda VI əsrdən məlum olsa da, o dövrün
oyunçularından heç kəsin adı bizə məlum
deyil. Adı bir Orta Asiya əlyazmasında çəkilən
ilk Azərbaycan şahmatçısı Cəlaləddin
Naxçıvanidir. Cəlaləddinin adı bu qədim əlyazmada
orta əsrin ən görkəmli şətrənc
ustaları Əbu Hafiz, Cabir əl-Kufi, Ənsəri, Zöhrab
Kətan, Ər-Razi, Məvərdi, Əs-Suli, Əl-Ədli, Əbül-Abbas
Serahşi, Əbülfərəc Ladlac və başqa “ali” dərəcəli
oyunçularla bir sıraya qoyulur.
Görkəmli
Azərbaycan mütəfəkkiri Əbu Mənsur Qətran Təbrizi
müxtəlif dövrlərdə Naxçıvanda Əbu Dələf
Deyraninin, Gəncədə Arran hökmdarı Əmir Əbül
Həsən Əli Ləşkəri Şəddadinin
sarayında yaşamış və Təbriz sarayı ilə
sıx əlaqələrə malik olmuşdur. Ona görə
də o dövrün şahmatı haqqında Qətran Təbrizinin
əsərlərində olan məlumatlar daha maraqlıdır.
Şahmatın tarixi xeyli qədim olsa da, Şərq ölkələrində
qadınlar bu oyuna təqribən VII–VIII əsrlərdə
maraq göstərməyə başlayıblar. Mənbələr
bu dövrdə qadın şahmatçılarının
görüşləri barədə bəzi məlumatlar versələr
də, onların heç birinin adını çəkmirlər.
Yalnız X–XI əsrlərdə şahmat oyunu ilə maraqlanan
iki qadın adına rast gəlirik. Onlardan biri Azərbaycanın
istedadlı şairi Məhsəti Gəncəvi, digəri isə
hansısa ərəb əyanının arvadı hesab edilən
və şəxsiyyəti barədə heç bir əlavə
məlumat olmayan Dilaram adlı əfsanəvi qadındır.
XI–XII
əsrlərdə Azərbaycanda şahmat mədəniyyətinin
geniş yayılması haqqında çox əhəmiyyətli
məlumatlar verən sənətkarlar içərisində Əfzələddin
Xaqani Şirvani xüsusi yer tutur. Tədqiqatçılardan
V.Minorski, M.Sultanov və başqaları Xaqaninin
yaşadığı dövrün mədəniyyətini,
onun özünü və müasirlərini öyrənmək
nöqteyi-nəzərindən şairin əsərlərinin
böyük materiallar verməsini qeyd edirlər.
Böyük
alim, mütəfəkkir və dahi şair Nizami Gəncəvi
şahmat mədəniyyətinə çox böyük əhəmiyyət
verirdi. Onun əsərləri təkcə Azərbaycanda deyil,
ümumiyyətlə, bütün Şərq ölkələrində
şahmatın tarixini öyrənmək üçün son dərəcə
qiymətli materiallar verir. Nizami şahmatın adını ilk
dəfə “Xosrov və Şirin” poemasında çəkir.
Poemada göstərilir ki, Sasani hökmdarlarından biri öz
oğlu Xosrovu çox sevir. Düşmənlər ata ilə
oğul arasındakı bu mehribançılığı
pozmaq məqsədilə Xosrovun adından saxta pul kəsib
şəhərdə yayırlar. Şah bu saxta pulları
görcək oğlundan şübhələnir, hətta onu məhv
etmək üçün gizli plan hazırlayır. Nizami
Xosrovun başına gətirilən bu hadisəni çətin
həll edilən şahmat məsələsi – mənsubə
adlandırır. Məlumdur ki, mənsubəni həll edə
bilməyən şəxs məğlub hesab edilir.
***
Azərbaycanda
şahmatın geniş yayılması, hər şeydən əvvəl,
onun estetik tərbiyə məsələsindəki rolunu
düzgün qiymətləndirməkdən asılı idi. Bu
sahədə Məhəmməd Nəsrəddin Tusinin məşhur
“Əxlaqi-Nasiri” kitabının böyük əhəmiyyəti
oldu. Görkəmli alim şahmatı tərbiyə vasitəsi
hesab edərək yazırdı ki, “uşaqların nəzərində
qızıl və gümüşü aşağı salmaq
lazımdır, çünki bunların verdiyi ziyan əfi
ilanın zəhərindən daha güclüdür...
uşaqlara şahmatı öyrətmək lazımdır”.
XIV–XV
əsrlərdə Azərbaycanda şahmat oyunu artıq bir “elm”
kimi qiymətləndirilirdi. Xandəmir XIV–XV əsrlərdə
Azərbaycanda bu oyunun geniş yayılmasından bəhs edərək
göstərir ki, bu dövrdə şahmat “fənn” hesab
edilirdi. Şahmat üzrə qiyabi yarışların
keçirilməsi, zəif oyunçulara qabaqcadan bir daş
güzəşt etmək kimi oyun qaydalarının tətbiq
edilməsi göstərir ki, XIV–XV əsrlərdə
istedadlı oyunçular yetişmişdi. Xandəmirin verdiyi məlumata
görə, ən güclü şahmatçı Xacə Əli
Təbrizi idi. Onun rəqibləri Xacə Əbdülvahab Təbrizi,
Xacə Yusif Nəccar və Ustad Şəmsəddin Qazuruni
güclü oyunçular idilər. Görkəmli Azərbaycan
şairi Seyid İmadəddin Nəsimi şahmat sənətinə
yaxından bələd idi. Onun əsərlərində
şahmatın və şahmat məsələləri adlanan mənsubələrin
adları tez-tez çəkilir. Nəsimi şahmatın oyun
qaydalarından istifadə edərək çox dərin fəlsəfi
mühakimələr söyləyən, müəmmalar irəli
sürən mahir sənətkardır.
Nəsimi:
Canu-cahanu
din dil oynamayan bu əsrdə
Şahu
cahan olursa gər, ol Rüxi mat olur
misraları ilə başa salır ki, əgər bu dünyada hər
hansı bir adam ürəkdən çalışıb fəaliyyət
göstərməsə, dünyanın şahı da olsa, əvvəl-axır
bu həyatda çıxılmaz vəziyyətə
düşüb mat olacaqdır. Azərbaycan
tarixində görkəmli dövlət xadimi kimi məşhur
olan Şah İsmayıl Xətai şahmat oyunu ilə
çox yaxından maraqlanırdı. Tarixi
mənbələr göstərir ki, Şah İsmayıl Xətai
hələ gənc yaşlarında bu oyundan yaxşı
baş çıxarırmış. Türk professoru
İsmayıl Hikmət “Tarixi-gülşəni-Maarif” və
“Trabzon tarixi” adlı mənbələrə əsaslanaraq
Şah İsmayıl Xətainin şahmatda mahir bir oyunçu
kimi də şöhrət tapmasını təsdiq edir. İsmayıl Hikmət göstərir ki, Şah
İsmayıl ilə Türkiyə sultanı Səlim
arasında hələ uşaq vaxtlarında qızğın
şahmat yarışı keçirilərmiş. O, bu əhvalat
haqqında aşağıdakı maraqlı məlumatı
verir: “Sonralar Türkiyə sultanı olmuş Səlim Trabzon
valisi vəzifəsində işləyən zaman bir dəfə
Təbrizə gəlir, Şah İsmayılın şahmata
böyük maraq göstərməsini bilib onu oyuna dəvət
edir. Şah İsmayıl bu təklifi qəbul
edir. Çox keçmədən şahmat
taxtası gətirilir. Oyun başlanır.
Hər iki tərəf əvvəlcə öz
qüvvələrini səfərbərliyə alır. Şah İsmayıl bir neçə fənd işlədərək
qalib gəlir. Bir oyunda isə Səlim şah
İsmayılın şahını
sıxışdırıb ona mat elan edir və ucadan
qışqırır: “Şah mat oldu!”.
Bu sözü eşidən kimi Şah İsmayıl sol əlinin
arxası ilə Səlimin sinəsinə bir sillə vurub deyir:
“Heç şah da mat olarmı?”
Hamı Xətainin bu hərəkətinə
təəccüb edir, çoxları bu məsələnin əsl
kökünü anlaya bilmir. Əslində
Xətai çox incə bir mətləbi burada ustalıqla və
diplomatik yolla izah etmişdi. Xətai
“şah mat oldu” cümləsinin hərfən “şah
öldü” mənası verməsindən istifadə edib
başa salır ki, şah ölmür, o, ancaq ümidsiz vəziyyətə
salınır, yolları bağlanılır. Oyunda şah öldürülmür, başqa daşlar
kimi vurulub kənara qoyulmur. Şah
İsmayıl Xətai orta əsr müharibələrində
bir zamanlar döyüşdə, ümumiyyətlə,
şahların öldürülməməsi qaydası ilə
şahmatın şahının öldürülməməsi
arasındakı müəyyən uyğunluğu görür
və eyhamla başa salır ki, şahmatın şahı
öldürülmədiyi kimi, Səfəvilər xanədanı
da məhv edilə bilməz.
***
Eşqə, məhəbbətə dair misli
görünməmiş əsərlər yaradan qüdrətli
sənətkar Məhəmməd Füzuli öz
dövrünün bütün elmlərini dərindən
bildiyi kimi, şahmat oyununa da yaxından bələd idi. Məlumdur ki, böyük
şair eşq aləmində Məcnundan geri qalmamış,
özünü “Müdərrisi-elm-cünun” adlandıraraq
demişdi: “Hanı o Məcnun ki, gələ məndən
istifadə edə”. O, eşqdə Məcnundan qat-qat
üstün olduğunu bəyan etmək məqsədilə
şahmatdakı daşların düzülüş
qaydasından son dərəcə qüvvətli bədii vasitə
kimi istifadə etmişdi:
Mənə
zaman ilə Məcnun müqəddəm olsa nola,
Oyunda şah bərabər degil piyada ilə.
Füzuli
daşların düzülüşü kimi sadə
görünən bir şeyi poeziyanın malı edir, burada
çox dərin bir məna görür və başa salır
ki, Məcnun, ümumiyyətlə, dünyaya, eşq aləminə
zaman etibarı ilə məndən xeyli əvvəl gəlsə
də, məhəbbət meydanının şahı mən,
piyadası isə Məcnundur.
***
XIX əsrdə Qərbdə şahmat hərəkatı
bu cür vüsətlə irəlilədiyi və genişləndiyi
halda, Şərq ölkələrində bu oyun dinin
qadağan etdiyi bir sıra sənətlər sırasında
idi. İslam dini şahmatın inkişafını
açıqdan-açığa boğurdu. Bu səbəblərdən XIX əsrdə və XX əsrin
əvvəllərində Şərqin heç bir ölkəsində
görkəmli şahmatçılar yetişə bilməmişdi.
Azərbaycanda da vəziyyət eyni idi. Şahmat mədəniyyəti iki istiqamətin
mübarizəsi şəraitində çox ləng
inkişaf edirdi. Bu istiqamətlərdən
biri və əsası XIX əsrin ikinci yarısında meydana
çıxmış maarifçi-demokratların və
mütərəqqi şairlərin birləşdikləri ədəbi
məktəblərin yolu idi. İkinci
istiqamət isə mərsiyə ədəbiyyatının
nümayəndələri olan məddah şairlərin yolu
idi. Birinci istiqamətin nümayəndələri Mirzə
Fətəli Axundov, Seyid Əzim Şirvani, Mirzə
İsmayıl Qasir, Mir Mövsum Nəvvab, Mirzə Rəhim Fəna,
Cənnəti, Vənəndi Qüdsi, Mirzə İsa Ziyai və
qeyriləri şahmatı müdafiə edirdilərsə,
ikinci istiqamətin nümayəndələri ruhanilər və
onların havadarları olan Dərbənd şairi Məmmədtağı
Qumri və digərləri bu oyunu xalqın nəzərində
gözdən salmağa çalışır, onunla məşğul
olmağı çox böyük qəbahət hesab edir, bu
oyuna həvəs göstərənlərə hədə-qorxu
gəlirdilər. Dövrün alimləri, şairləri bu oyunu
“insan ağlına cila verən” vasitə hesab etdikləri
halda, ruhanilər insanda fikir aydınlığı yaradan hər
şeyi “haram” buyururdular.
Şəhriyar Quliyev əsərində Azərbaycan
xalqının məişətində şahmatın tarixinə
dair apardığı tədqiqatlara yekun kimi aşağıdakı
nəticələri çıxarır. Şahmatın
ilk forması olan çətrəngin əsrlər boyu təkmilləşdirilib
şətrənc (şahmatın ikinci inkişaf mərhələsi)
halına salınmasında və həmçinin şətrəncin
inkişaf etdirilib müasir şahmata çevrilməsində
böyük əmək sərf etmiş xalqlardan biri də azərbaycanlılar
olub. Azərbaycan xalqının görkəmli elm, sənət
adamları hələ qədim zamanlarda uzaq Hindistanda
şahmatın yaradılması ilə maraqlanmış, onun
başqa ölkələrə yayılmasını daim izləmiş
və özləri də VI əsrin axırlarında həmin
oyunla tanış olmuşlar. Müasir
şahmatın bəzi əsas qaydaları – qalaqurma,
piyadanın başqa daşa çevrilməsi, vəzirə sərbəstlik
verilməsi, şərti debütlər, fillərin atlarla əlaqə
məsələləri, çəngəl hücumunun tətbiqi
və s. öz mənşəyini Şərq, o cümlədən
Azərbaycan şahmatından götürmüşdür. Məlumdur ki, ərəblər şahmatı
İranı və Azərbaycanı istila etdikdən sonra
burada öyrənib özləri ilə Qərbi Avropaya
aparmışlar. Buna görə də
dünya şahmat ədəbiyyatında haqlı olaraq ərəblər
qərbi avropalıların şahmat müəllimi kimi qeyd
edilir. Ərəblərin isə şahmat
müəllimi Orta Asiya, İran və Azərbaycan xalqları
olub. Buradan belə bir mühüm nəticə
çıxır ki, Orta Asiya, İran və Azərbaycan
xalqları Qərbi Avropa xalqlarının da şahmat
ustadları hesab edilməlidir.
Azad Azərbaycan.-
2013.- 24 fevral.- S.6.