Şeyx Cəmaləddin
Əfqani və azərbaycançılıq məsələləri
XIX əsrdə
milli ideologiyamızın formalaşmasında mühüm rol
oynayan ziyalılarımızdan biri də Şeyx Cəmaləddin
Əfqani olmuşdur. Millətçilik,
türkçülük, azərbaycançılıq,
islamçılıq ideyalarının beşiyi olan Azərbaycanda
milli-mənəvi dəyərlərimizin təsiri ilə
formalaşan milli Azərbaycan ideyasına öz töhfəsini
verən Şeyx Cəmaləddin Əfqani XX əsrin əvvəllərində
milli ideologiyamızın gerçəkləşməsi
üçün zəngin mənəvi irs qoymuşdur. Cənubi
Azərbaycanda Həmədan yaxınlığındakı Əsədabad
qəsəbəsində azərbaycanlı ailəsində
dünyaya göz açan Ş.C.Əfqani sonralar ailəsilə
Əfqanıstana-Kabula köçmüşdür.
Ş.C.Əfqaninin
yaradıcılığında milli ideologiyanın süqutu
olan dil birliyi və milli birlik vəhdət təşkil edir:
“Dünyanın sultanı elmdir...Millətdən kənarda səadət
yoxdur. Dilsiz millət ola bilməz. Dil birliyi olmasa, milli vəhdətin
həqiqi mahiyyəti və həyat gücü ola bilməz.
Dil insanlar arasında əsas əlaqə vasitəsidir. Dil -
müxtəlif məzhəbə qulluq edən tayfaları,
müxtəlif arzularla yaşayan qəbilələri vahid bir
millət bayrağı altına səsləyən, onların
gücünü-qüvvəsini birləşdirib, bir məqsədə
doğru yönəldən, ictimai qüsurları birlikdə dəf
etməyə, milli çətinlikləri birlikdə aradan
qaldırmağa çağıran, ümumxalq səadətinə
nail olmaq, müsibət və bədbəxtliklərdən
nicat yolları arayıb tapmaq üçün hamını
yekdil, həmrəy olmağa dəvət edən, gözəl
yaşayışdan ibarət təzə həyata
qovuşduran, vətəndaşlarının əyinlərinə
istiqlal paltarı geydirən əsas vasitədir... Dil birliyi
bütün bu məziyyətlərə ancaq o zaman sahib ola bilər
ki, ayrı-ayrı fərdlərin dilindən təşəkkül
tapmış milli dilin qorunması və zənginləşməsi
üçün lazım olan hər şey edilsin... Milləti
yaşatmaq istəyən alimlərin birinci vəzifəsi budur
ki, onlar öz ana dilinin
inkişafına laqeyd olmasınlar, həmin təbəqələrin
sənət və peşə tələbinə uyğun
olaraq, sözləri müxtəlif mənalarda - onun həqiqi
mənasına uyğun bir tərzdə - bəzən iki
sözü, ya üç sözü birləşdirərək
zərurət məqamında işlətsinlər. Öz dilləri
ilə münasibətdə olan xarici dillərdən də
lazım olduğu qədər sözlər ala bilərlər.
Bir şərtlə ki, alınmış sözlər öz
dillərinin libasına geydirilsin və onların xarici söz
olduğu bilinməsin...aralarında möhkəm müamilə
və mübadilə əlaqələri olan bir millət insan
cəmiyyətinin möhkəm əsaslarını təşkil
edən bütün təbəqələrə malik
olmadıqca, heç vaxt öz milliliyini, məziyyət və
hüquqlarını qoruyub saxlaya bilməz. Hər bir millətin
içərisində aşağıdakı təbəqələr
olmalıdır: faydalı elmləri yayan ziyalılar, cəmiyyət
üçün xeyirli fənləri təsis edən
yaradıcı fazil və alimlər, insan hüququnu mühafizə
edən siyasi xadimlər, fəzilət və ədalətin
keşikçiləri olan qanunşünaslar, xalqın əxlaqını
saflaşdırmağa çalışan nəsihətçilər,
lətif və şairanə kəlamlarla yatmış
insanları oyadan və xalqın xarakterini qüvvətləndirən
ədiblər və şairlər, öz sənətlərini
elmi əsaslar üzrə inkişaf etdirən sənayeçilər,
iqtisadiyyat qanunları əsasında millətin ticarət
yollarını arayıb tapan tacirlər. Əgər bu təbəqələr
hər hansı bir millətdə mövcud olmasa, əlbəttə,
o millətin fərdləri arasında məişət və
həyati əhəmiyyətli əlaqələr get-gedə
qırılar və millət məhv olar. Nəticədə,
o millətin üzvləri digər millətlə birləşər
və yeni milli libasda həyat səhnəsinə qədəm
qoyar, buna görə də alimlər millətin mahiyyətini,
ariflər onun məziyyətlərini o zaman yaxşı
aşkar və zahir edərlər ki, təhsil, təlim, tədris,
milli təbəqələrin fənlərdən və sənətlərdən
istifadəsi o millətin öz dilində olsun. Onda millət
möhkəm, sabit və əbədi ömür sürə
bilər, millətin əsas gözə görünən səadət
və xoşbəxtlik kimi əlamətləri isə onun
bütün üzvlərinin nəsibi olar... elm, maarif,
bütün sənət növləri hər millətin
öz ana dilində tədris olunarsa və bu şərt həyata
keçirilərsə, həmin millətin əsasları daha
möhkəm, daha sabit olar, beyinlərə daha tez həkk
olunar, daha gec unudular, elmlərin dəqiqliyinə daha artıq
vaqif olunar, elmin mahiyyəti və mənfəəti daha
yaxşı aydınlaşar. Bununla da sənaye sahəsində
fəzilətli adamların, alimlərin, fənn sahiblərinin
sayı çoxalar, millətin üzünə səadət
qapıları açılar... insanları bir-birinə
bağlayan qüvvə iki vacib şeyi tələb edir: bunlar
olmasa birlik də ola bilməz. Bunlardan biri məhz həmin dil
birliyidir ki, buna milli dil birliyidir ki, buna milli vəhdət də
deyirlər. Digəri din birliyidir. Heç şübhə
yoxdur ki, dil birliyi, yəni milli birlik dini birlikdən daha
möhkəm və sabitdir. Çünki dil az müddət ərzində
dəyişməyi və ya başqası ilə əvəz
olunmağı qəbul etmir. Din isə belə deyil. Tarix
göstərir ki, eyni bir dildə danışan bir millət
min il ərzində öz dilinə
ciddi xələl gətirmədən dinini dəyişir,
başqası ilə əvəz edir. Buna görə də dil
birliyindən yaranan əlaqə və ittifaqın təsiri
dini əlaqələrin təsirindən daha
güclüdür”.
Şeyx Cəmaləddin Əfqani dildən sonra insanları birləşdirən ikinci amilin din olduğu fikrini irəli sürürdü. İslam və dünya fəlsəfəsini, dinlərini mükəmməl bilən Şeyx Cəmaləddin Əfqani başqa din xadimlərindən fərqli olaraq tərəqqinin, təkamülün əsasını elmdə görür və göstərirdi ki: “Elm haqqında danışmaq çox çətindir, çünki elmin hüdudları sonsuzdur. Onun üstünlük və gözəlliklərini tam əhatə etmək mümkün deyil... Bununla yanaşı, elmin fəziləti haqqında heç danışmamaq da olmaz. Mənim fikrimcə, elmin tədqiqi ilə məşğul olanların hamısı yəqin edir ki, dünyanın sultanı həmişə elm olmuşdur, elmdir və elm olaraq qalacaqdır...
Dünya elm üzərində bərqərar olur. Elmi bəşəriyyətin əlindən alsan, daha dünyada insan qalmaz. Elm bir nəfərin gücünü on nəfərə, yüz nəfərə, min və on min nəfərə bərabər edir... Onu nəzərə almaq lazımdır ki, hər bir elmin öz vəzifəsi var... elmlərin hər birinin mövzusu ümumi elmin bədəni üçün bir üzv kimidir və bunların heç biri ayrı-ayrılıqda yaşaya bilməz. Bu elmlərin hər biri başqa bir elmlə bağlıdır... Tənha qalan elmdə heç bir tərəqqi və inkişaf ola bilməz. Deməli, elə bir elm gərəkdir ki, bütün elmlərin ümumi ruhu kimi olsun və onların hər birini qoruyub saxlasın, onların hər birinin tərəqqi və inkişafına zəmin yaratsın. Bu, fəlsəfə elmidir. Bir millətdə fəlsəfə yoxdursa, əgər o millətin hamısı alim olsa da, o millətdə elmlər intişar tapa bilməz və həmin millət ayrı-ayrı elmlərdən lazımi nəticə çıxarmaqda çətinlik çəkər. Osmanlı dövləti, eləcə də, Misir altmış ildir ki, elmlərin təlimi üçün məktəblər açmışdır və hələ də ondan bir xeyir götürməmişdir. Səbəb aydındır, çünki o məktəblərdə fəlsəfə tədris olunmur və fəlsəfə ruhu olmadığından, lazımi nəticə də alınmamışdır. Tədqiqatçıların əksəriyyəti, o cümlədən, Rəfael Əhmədov göstərir ki, Şeyx Cəmaləddin panislamizm məfkurəsinin islam fundamentalizminin əksinə olaraq, milli düşüncədə milli mənlik şüuruna xidmət edən mənəvi-əxlaqi tutumunu qəbul etmiş, onun siyasi-milli təfsirini vermişdir. Şeyx Cəmaləddinin panislamizmini qəbul edən cəmaləddinçilərə avropalılaşmaq və məhz bu zərurətdən doğan düşüncə tərzi sonradan onları milli intibahımızda üç devizli - İslamlaşmaq, Türkləşmək və Avropalılaşmaq kimi bir fəaliyyət platformasına gətirib çıxarmışdır. Bu milli-liberal islamçılıq cərəyanı özündən əvvəlki mövcud islamçılıqdan, xüsusilə, ictimai-siyasi gerçəkliyin böyük təsiri və təzyiqi əsasında meydana gəlmiş ifrat panislamizmdən ciddi şəkildə fərqlənirdi. C.Əfqaninin dünyagörüşündə islam və Qərbin demokratik ideyaları bir yerdə götürülür və hər ikisi milli ideologiyanın əsasını təşkil edir. Onun fikrincə, islam və Qərbin mütərəqqi ideyaları sanki bir-birini tamamlayır: “Quranın həqiqi ruhu azadlıqdır və həm də müasir fikirlərə uyğun gəlir. İndiki nizam-intizamsızlığın islam qanunlarına qətiyyən dəxli yoxdur. Bunlar nadan və cahil təfsirçilərin islama etdikləri əlavələrdir. Tarixi təkamül və inkişaf onların bu səhvini islah edəcək. Demək, bir müsəlman ziyalısı və alimi Avropa demokratik məfkurəsinə tamam aşina olsa, o, Quranın təlimlərinə əsaslanaraq, xalqı müasir mütərəqqi demokratik məfkurələrlə tanış edə bilər”.
F.Ələkbərov göstərir ki, Ş.C.Əfqaninin fikrinə görə, milləti yaşatmaq istəyən alimlərin birinci vəzifəsi odur ki, ana dilinin inkişafına laqyed olmasınlar, milli dilini qorusunlar və ən əsası “təhsil, təlim, tədris, milli təbəqələrin fənlərdən və sənətlərdən istifadəsi o millətin öz dilində olsun.... elmlər, maarif, bütün sənət növləri hər millətin öz dilində tədris olunarsa və bu şərt həyata keçirilərsə, həmin millətin əsasları daha möhkəm, daha sabit olur və uzun müddət zavala uğramaz, hətta həmin millətin elmi və maarifi müəyyən bir dövrdə zavala uğramış olsa belə, bu millətin övladları və nəvələri öz sələflərinin kitablarından və əsərlərindən faydalanaraq, dübarə özünün məhv olmuş millət və qövmünü dirildəcək, onu yeni şan-şöhrətə çatdıracaqdır”.
Ş.C.Əfqaninin dünyagörüşü, xüsusilə, “islam imanlı, türk qanlı və Avropa qiyafəli” devizi milli ideologiyanın əsas prinsiplərinin yaranmasında çox mühüm rol oynamışdır. Deməli, bugünkü üçboyalı bayrağımızın ilk əlamətləri Ş.C.Əfqani tərəfindən irəli sürülmüş, Ə.Hüseynzadə tərəfindən “türkləşmək, islamlaşmaq və avropalaşmaq” formasında inkişaf etdirilmiş və milli ideologiya sahəsindəki fəaliyyəti nəticəsində Azərbaycan Cümhuriyyətinin varlığında və onun dövlət bayrağında öz əksini tapmışdır. Nəzəri türkçülüyün ideoloqu Z.Gökalp yazır: “Türk şairi Mehmet Emin bəyə türkçülüyü aşılayan, özünün söylədiyinə görə, - Şeyx Cəmaləddin Əfqanidir”. Fikrimizcə, yalnız milli ideologiyanın, Azərbaycançılığın formalaşmasında da Ş.C.Əfqaninin rolu danılmazdır. Xüsusilə, Ə.Ağaoğlunun islamçılıq dünyagörüşünün yaranmasında, ümmətçilikdən millətçiliyə, ideologiyanın islamçılıqdan türkçülüyə keçməsinə Ş.C.Əfqaninin rolu böyük olmuşdur.
Şeyx Cəmaləddin Əfqaninin ideyalarını mənimsəyən bütün yaradıcılıqlarında ondan istifadə edən, onu özlərinin müəllimi hesab edən Əhməd bəy Ağaoğlu, Əli bəy Hüseynzadə, Yusuf Akçura, Ziya Gökalp, Məmməd Əmin Yurdagül, Məmməd Akif Ərsoy və “Türkləşmək, İslamlaşmaq, Müasirləşmək” kimi ideoloji sistemi qəbul edən bütün mütəfəkkirlərlə yanaşı onun “islamçılığını” bütün reformist islamçılar da qəbul etmişlər.
VAHİD ÖMƏROV
Azad Azərbaycan.- 2013.- 2 iyun .- S.5.