Elməddin Nicata məktub
Poeziya ruhumuzun şeirləşməsidir. “Qəlbi, ruhu
daş adama, Nəsə həkk eləmək olmur”. Amma qəlbinin döyüntüsünü poetikləşdirən
şair dostumuz, Elməddin Nicat, “Sənə şəkk eləmək
olmur”. Niyəsini bu yaxınlarda
işıq üzü görən “Dağlar, yuxunuz çin
olsun” adlı kitabına münasibət bəsləyərək
təsdiqləyə bilərik. Müxtəlif
mövzulu və müxəlif janrlı şeirlərinlə
düşüncələrimizi əsarətdə
saxlamağı bacarmısan. Təbriklərimi
də, təşəkkürlərimi də ürəyimdən
gələn kimi təhlil edəcəm və səndən bir
xahişim olacaq. “Səni sevdiyimi hamıya
danış, Məni sevdiyini heç kimə demə”. Səbəbini özün də bilirsən ki,
“İlk eşqi itirən sevən ürəklər, Eradan əvvəlki
xarabalıqdır”. Ona görə də yekun qənaətin,
son qərarın bu oldu ki, “ Dünyanın
ən ağır dərd şələsini, Elə şairlərnən
sevənlər çəkir”. Səni bu nəticəyə gətirən
yollar çox uzundur:
Sevən
kəs həsrətdən gərək qorxmasın,
Sevgi saray edər uçuq daxmasın.
Heç
kəsin bəxtindən ulduz axmasın,
Məni məndən axan ulduz yandırır.
Səndən axan ulduz elə səmada
sayrışır. “Yığıb öz başına
ay-ulduzları, Həftə ulduzvari, ay ulduzvari”. Qafiyənin gözəlliyi və özəlliyi
öz yerində, amma həftəmizi, ayımızı səmada
yaşamaq hardan gəldi ağlına?! Özüm
bilirəm. “Ötən illər bir qərənfil
həyatı, Xallı lalə-oxunmamış bayatı”.
Gözəl təşbehdir, artıq ədəbiyyatımızda
niskil rəmzi kimi formalaşan qərənfili
ötüb-keçmiş, kövrək xatirə simvoluna
çevirərək, müdafiəyə qalxmısan. Lalənin
bağrı qara xallı dörd ləçəyi ilə
dörd misralıq bayatının bənzəyişindən
yaranmış gözəllik! Lalə
çiçəyi də bir dənə olur, bayatı da bircə
bənd. Elə əsl sevginin də bircə
ünvanı olar. “Mənim o qız
adlı məhəbbətim var, o qızın mən adlı
oğlu yaşayır”. Axı özün
söz vermişdin ki, “Mən sənin yanından payız
getmişəm, Haçansa yanına gələcəyəm mən”.
Bu payız iki anlam daşıyır, həm tərzi-hərəkət
zərfliyi kimi, yəni sənin yanından gedəndə
öləziyən payız idim, həm də zaman zərfliyi
kimi ki, paralelində yaz dayanır. Sən o
yazın adını da dolayısı ilə yada salırsan.
“Qaranquş gələndə göz-qulaqda ol,
Haçansa yanına gələcəyəm mən”. Qaranquşlar baharda gəlir və sən
payız-yaz, qış-yay tərs mütənasübliyindən
elə bir düz mütənasüblük yaratmısan ki,
ancaq heyrətlənmək olar. Sənsə hələ
suallara qərq olmusan “Üstümə çevirib ordumu yoxsa,
Könül, nə deyirsən bu məhəbbətə” və
ustad Məmməd İsmayılın “Mən buna məhəbbət
demərəm daha” misralarına qüvvət verən “ Mən
buna nə cürə məhəbbət deyim?” sualı ilə
cavab qaytarırsan. Ustadla üst-üstə
düşən qərarlarınız kifayət qədərdir.
M.İsmayıl deyir ki, “Sən həmənsən,
sən həmənsən, sən həmən, Hey baxıram qəlbimdəki
sənə mən. Xəbər tutub sən
də mənə baxasan”. Sən də deyirsən ki, “Elə
sənsən, elə sənsən, elə sən… Xəyalıyla varlığıma köçənim,
Ay könlümü dərdinə yurd seçənim”. Əsl
doğmalıq, əsl könül istiliyi! Bununla belə
özünəməxsus sevgi etirafların da
danılmazdır:
Sevinc yola
çıxıb, həsrət ilişgən,
Ürəyimdə qalıb sevgi tilişgən.
Gərək
itik itirənlər demişkən,-
Gərək səni itirəndə gəzəydim.
Sevinc həmişə yol üstədir, bəlkə,
hardasa onu gözləyənlər olduğunu yaxşı
bilir, bu səbəbdən qaçaraqdır. Həsrətsə
gözləri yolda qoysa da, özü üçün
heç kəsin gözü yolda qalmayacağından əmin
olub, əlinə keçən ilk mənzili yuva seçir.
Belə anlarda isə ürəyinə damır ki;
Bu gecənin
o üzündə,
Bir qaragöz qız ağlayır.
Başından
tüstü buğlanır,
Od ruhu
bumbuz ağlayır.
Gecənin qaranlığı və qara gözlər-
bir-biri üçün yaradılmış
tapıntıların. Həmin yerdə yerinə düşən təzadlar-
odlu ruh və bumbuz göz yaşları! Od
işıq saçır, gözlər qaradır. Yəni, qaranlıq işığı və istiliyi
beləmi təslim edir ki?! “Gözlərindən
düşür yarpaq, Yuxalıb payız ağlayır”.
Yarpağın budaqla qovuşduğu yer onsuz da
bioloji gözləridir, amma bu yarpaq öz budağından yox,
payızın gözündən düşür. Gözdən düşmək frazemi isə bu
misralarda ikili mənaya gətirib çıxarır.
Yarpaq hansı günahın sahibidir ki, payızın
gözündən düşür!? Aydın görünür
ki, təbiət mövzusuna da tamamilə yeni baxış
bucağından göz gəzdirmisən:
Yığılan
bənövşə qomu yaşamır,
Zirvədə səhranın qumu yaşamır.
Mən
yaxşı bilirəm hamı yaşamır,
Yamyaşıl içində ağ-qara ömrü.
Açıqca görünür ki, poetik fikirlərində
təbiətlə üzvi əlaqən kəsilmir. Əldə etmək istəyimiz
bənövşəni əlimizdən xilas edə bilmir, ancaq
onun gözümüz önündəki ölümündən
elə bir bihuşedici həzz alırıq ki!!! Zirvənin
payına qar, səhranın payına qum
düşüb, bu ahəngi pozmaq bizim imkanımız xaricindədir.
Ona görə ki, “Gözümü
açıram göl ləpələnir. Kirpiyim
altında ada yaşayır”. Bu
misraların açılışına sözmü
çatdırmaq olar. Göz gilələrimiz
yaşardıqca suya qərq olur, hər tərəfi su ilə
əhatə əlunmuş adaya bənzəyir. Bu bənzəyişi
isə tapıb üzə çıxarmaq yalnız sənin
qüdrətin daxilində ola bilərdi.
Amma sən nə deyirsən:
Uduzdum
sevda cəngində
Yaxam əzabın
çəngində
Sifətim
nərgiz rəngində
Duruşum bənöşə kimi.
Sarışın nərgizlə, qaraşın bənövşənin
vəsfi ədəbiyyatımızla birdir. Amma bu cür
ifadə forması, nərgizin, bənövşənin insaniləşdirilərək
təsviri niyə klassiklərimizin ağlına gəlməyib
ki?! Yəqin ona görə ki, “Ürəyimdən
gələn səsdən, Özümü asdım
yaşadım” deyərək bu pıçıltıları
tanrı səninçün pünhanlayırmış.
Bu da səbəbsiz deyil e “Ancaq tutur içimdəki
arzumu, Dünya mənim içim boyda görünür”.
İçinə baxış keçirdikcə biz də orda
nələrisə görə bilirik:
Səpilməyib
qan toxumu,
Ruhum qada,
qan qoxumur,
Ürəyimin
qan qohumu,
Ululardan ulu dərdim.
Bu dərdə
elə sahiblənmisən yaddan çıxarmısan ki,
hamının dərdi var. Sənsə hələ öz
rejissorluğundasan:
Bir ürək
bənövşə şəklin,
Ürəyi kövrəklər çəkir.
Dərd
ayrıca bir filimdi,
Onu da ürəklər çəkir.
O ürəklər
ki, “Taleyi kəm görüb gözüm duruxdu, Həsrətim
diribaş, bəxtim dunuxdu”-söyləyərək gileylənir,
“Özümdən özümə acıq olmuşam, Qəlbi
dərddən cızıq-cızıq olmuşam” etirafıyla
üsyanına pənah gətirir.
Qəlb
sınır təmir eləmir
Susub səs-səmir eləmir.
Gözləmir
çimir eləmir,
Yatsın mürgünü qorusun.
Həqiqətən əsl tapıntı. Məncə bunun köklərini
folklorda axtarmaq yerinə düşər:
Sabahı
var hər gecənin,
Dişi
batmır göy gürzənin,
Bu
qapı keçəl Həmzənin,-
Atını bağlama dünya.
“Koroğlu” dastanının ən məşhur epizodu, həm
gözəl qafiyə, həm də danılması
mümkün olmayan poetik kəşf. Folklor da folklordu də:
Həsrətim,
istəyim söndü, soyudu,
Sevincim
kiçildi, dərdim böyüdü,
Vüsalı
gözümdən göz yaşı yudu,
Necə ki, Saranı sellər apadı.
Şifahi ədəbiyyata müraciətin yetkin bəhrəsini
görürük. Öz sözləriylə desək: “Məni məndə
tutmağa, Bir tələdir qurdular”. Bilirsən
axırı nə oldu?! “Əziyyət çəkmirəm
iş axtarmaqda, Hər zaman başıma dərd iş eyləyir”.
Dərd də var, dərd də var, amma bu dərd elnən gəlib,
lakin atalar misalının əksinə olaraq toy-bayram deyil:
Yağı
çəmənimi, çölümü sevir,
Yəqin
ki, taleyim zülümü sevir,
Çoxu
qaçqınlıqdan ölümü sevir,
Qaçqın ölməyimdən yamam qorxuram.
Heç belə qorxuyla qorxuya düşdüyüm
olmamışdı. O qədər səbəblər var ki, “Ölülər
içində üzüm də olmaz”, “Qaçqın
çağrılaram o dünyada da”. Amma bu dünyanın
qıl körpüsü daha da dəhşətli imiş:
Sıxılıb
həyatın məngənəsində
“Səyyarı
yardım”lar məntəqəsində,
Dilənçi
payının təntənəsində
Bir qaçqın şeiri deyəcəm sizə.
Deməyə ehtiyac qalmadı “Başa gələcək
işlərin, Ürəyə daman yerisən”. Amma
hər
yerdə özünə yer eləmək də yerbəyer
olmalıdır:
Hayana
baxıram dərd yerləridir,
“Kefin kök, damağın çağ olan yeri”.
Onun həsrətinin
yurd yerləridir,
Mənim
saçlarımın ağ olan yeri.
Misralar özü, öz gözəlliyini faş edir, mən
nə əlavə edim ki?! Əgər belə bir
fikrə düşsəm məktubum bitməzlik xəstəliyinə
tutular. Ən yaxşısı sağollaşmaqdır:
Baxıb
bu günündə öyünmədiyim,
İkiyə
bölünən məmləkət kimi,
Boy
atıb qoynunda böyümədiyim,
Həsrətin
çəkdiyim doğma kənd kimi,
Sən mənim yadıma yaman düşürsən.
Gülnar SƏMA
Azad Azərbaycan.-
2013.- 4 iyun.- S.7.