Nəriman Nərimanov yaradıcılığında azərbaycançılıq
ideyası
Görkəmli Azərbaycan dövlət xadimi, yazıçı, publisist, dramaturq Nəriman Nərimanov azərbaycançılıq ideyasını milli dil, xalqın azadlığı, milli dövlətçilik məfkurəsilə vəhdətdə göstərirdi. Professor Nizaməddin Şəmsizadə N.Nərimanovun azərbaycançılıq ideyasının inkişafında oynadığı rola toxunaraq yazır: “Bu, sonrakı nəsillər üçün çox ibrətli bir taledir”.
XX əsrdə milli mənlik şüurunun oyanmasında, milli ideologiyanın - azərbaycançılıq təmayülünün (türkçülüklə paralel!) formalaşmısında həkim, dramaturq, publisist və dövlət xadimi N.Nərimanovun böyük xidmətləri olmuşdur. Hələ XIX əsr maarifçilərinin başladığı təmiz ana dili ilə yazmaq məramı XX əsrin önlərində “ana dili” problemi səviyyəsinə qədər yüksəldi, ana dili uğrunda tarixi-ədəbi mübarizəyə çevrildi. Burada iki mühüm cəhəti qeyd etməliyik: birincisi, milli ideologiyanın həm türkçülüyün (məhz ideologiya olaraq!) həm də azərbaycançılığın, konsepsiya səviyyəsində formalaşması milli mətbuatın yaranması ilə bağlı idi. Beləliklə, 1875-ci ildən “Əkinçi”nin nəşrindən 1920-ci ilə Azərbaycan Demokratik Cümhuriyyətinin süqutuna qədərki təqribən yarım əsr Azərbaycanda milli oyanışın və onun nəzəri-təməli olan ideologiyaların formalalaşma dövrü idi.
İkincisi, XX əsrin önlərində böyük realist ədib Mirzə Cəlil, türkçü romantik şair A.Şaiq, realist-demokratik tənqidin başçısı F.Köçərli, Ü.Hacıbəyli və “bolşevik” N.Nərimanov “ana dili” uğrunda mübarizəyə birgə başladılar. Tezliklə “Ana dili” uğrunda mübarizə tarixi-ideoloji yön alaraq “ana Vətən” uğrunda mübarizəyə çevrildi.
N.Nərimanov hələ 1906-cı ildə türkçü “Həyat” qəzetinin 15 avqust tarixli sayında “Nər” imzası ilə çap olunmuş “Bu gün” adlı məqaləsində yazırdı: “Ana dili! Nə qədər rəfiq, nə qədər ali hissiyati - qəlbiyyə oyandıran bir kəlmə! Nə qədər möhtərəm, müqəddəs, nə qədər əzəmətli bir qüvvə! Ana dili! Bir dil ki, mehriban bir vücud öz məhəbbətini, şəfqəti-mərdanəsini sənə o dildə bəyan edirdı. Bir dil ki, sən daha beşikdə ikən bir layla şəklində öz ahəng və lətafətini sənə eşitdirib, ruhun ən dərin guşələrində nəqş bağlayıbdır! Bir dil ki, həyat və kainat haqqında dil sayəsində bir fikir hasil edilibsə, cism və ruhun olunduğu mütəvadi o dildə tələb eləyibsən...
Bir dil ki, ibtida o dildə yaxşı-yamanı bilibsən, səni yaradanı tanıyıbsan, haman dil, diyari-qürbətdə, biganələr içinə düşəndə, ona həsrət qalırsan. Lakin ittifaqən onu eşidəndə ürəyin döyünməyə, üzün gülməyə başlayır, cəmi əsabın təhəyyüc edir, beynin fikrin, xəyalın işləməyə başlayır”.
XX əsrin digər mütəfəkkirlərinin əsərlərindən də bu məzmunlu mülahizələri misal gətirmək olar. Elə təkcə N.Nərimanovun bu fikrində ana dili təkcə milli mənliyin deyil, həm də, milli yaddaşın, milli özünüdərkin ən ali simvolu, kodu və açarı kimi təqdim olunur. Müasirləri, o cümlədən, türkçülüyün böyük mütəfəkkirləri N.Nərimanovu yaxşı başa düşür, həqiqi tarixi dəyərini düzgün qiymətləndirirdilər. N.Nərimanov sovet hakimiyyətinin ilk illərində Azərbaycana rəhbər təyin olunanda - 1922-ci ildə Türkiyədə mühacirətdə olan Əhmədbəy Ağayev (Ağaoğlu) yazırdı: “Sizin kimi doğru və səmimi bir şəxsin bütün türk aləminin keçirməkdə olduğu fəci böhran zamanı Azərbaycanın başında olması bütün türk aləmi üçün faydalı bir əlamətdir. Siz orada qüvvətli bir məqam sahibi kimi iş başındasınız, mən də Ankara rəislərinin qulluğundayam və ikimiz də daşıdığımız fikir və qənaətlər içərisində hər şeydən üstün olan türklüyə xidmətdəyik”.
Digər müasirlərindən fərqli olaraq N.Nərimanovu bir ideoloq və dövlət xadimi kimi səciyyələndirən bu idi ki, çox çətin bir zamanda o öz şəxsiyyətində və əməlində türkçülük və azərbaycançılığı üzvi şəkildə birləşdirir, uğrunda mübarizə apardığı “Müstəqil Azərbaycan”ın mümkünlüyünü bu iki ali fikrin vəhdətində görürdü.
N.Nərimanov Azərbaycan xalqına xidməti bəşəriyyətə xidmətlə vəhdətdə götürürdü. Azərbaycan dövlət başçısı kimi N.Nərimanovun imzaladığı ilk dekretlərdən biri azərbaycançılığın əsas atributlarından biri olan Azərbaycan türkcəsinə dövlət statusu verilməsi və rus dili ilə paralel işlənməsi oldu.
Nərimanov insanları panislamizmdən qorxmamağa çağırmışdır. Onun fikrincə, panislamizm dini düşüncənin deyil, ziyalı düşüncəsinin məhsuludur. N.Nərimanov deyirdi ki, bu yolda bizim əsas vəzifəmiz siyasətimizin mahiyyətinin aydın olmasıdır. O, müsəlman dövlətlərinin ilk növbədə müstəmləkəçilikdən azad olunmasının tərəfdarı olmuşdur. N.Nərimanov belə fikirləşirdi ki, müsəlman dövlətləri olan Türkiyə, İran, Əfqanıstan və Azərbaycan öz milli hökumətlərindən başqa heç kim tərəfindən idarə olunmamalıdır.
N.Nərimanovun milli dövlətçilik düşüncəsinin mahiyyəti ondan ibarətdir ki, “hər xalq öz ərazisində dövlət suverenliyini və milli maraqlarını qorumalı, xalqların bərabərliyini tanımalı, bütün xalqlara və dinlərlə hörmətlə yanaşmalıdır”. O, maarifçilik, ictimai-siyasi, inqilabi və dövlətçilik fəaliyyətində, ədəbi və püblisistik yaradıcılığında dar millətçilik düşüncəsindən çox uzaq olaraq, xalqlar arasında dostluq və qardaşlıq ideyalarını tərənnüm etmiş, öz xalqının inkişafını dünya sivilizasiyasından bəhrələnməkdə, inqilabi fəalliyyətinin mənasını bütün xalqların azadlığında görmüşdür.
Rəşad Ələsgərovun fikrincə, N.Nərimanov da xalqın, ölkənin tərəqqisin, dininin, dilinin, mədəniyyətinin inkişafını hürriyyətlə bağlayırdı. Bunun üçün isə o, ilk növbədə, istibdadın kökündən məhv edilməsini zəruri sayırdı. İstibdad kökündən yox olmayınca, bu, mümkün deyildir. Çünki istibdad harada olursa-olsun, millətin qaranlıqda, nadanlıqda, zülmdə yaşamağına səbəb olur. İstibdad altında yaşayan bir millətin dini də istibdad tələb etdiyi ruhda intişar tapır. Bu fikrin davamı olaraq Nəriman Nərimanovu tədqiq edən Arzu Hacıyeva yazır: “Fəsadlar törədən istibdadı yıxmaq və hürriyyətə çatmaq yolunda mübarizə zəruridir. N.Nəriman yəqin etmişdi ki, müsəlman kütlələrinin həyatında bir mənəvi inqilab olmasa, tərəqqi və inkişafa ümid bəsləmək çətindir. O, həmişə qeyd edirdi ki, müsəlman kütlələri hələ orta əsrlərin qaranlıq mirasından xilas olmamışlar, əsarət və zülm onların şüurunda o qədər dərin kök salmışdır ki, onlar müstəqil düşünməyi bacarmır və mühafizəkar ruhanilərin sözü ilə oturub-dururlar. Bütün bəla burasındadır ki, hələ müsəlman kütləsində mənəvi inqilab olmamışdır.
Sonralar Nərimanov cəmiyyətin həyatında gedən böyük təbəddülatları, kapitalizmin inkişafı ilə əlaqədar yaranan milli intibah və dirçəlişi təhlil edərək, qəti şəkildə gələcək tərəqqiyə inanırdı. O, cəmiyyətin həyatında böyük bir çevriliş, bir inqilab olacağını hiss edirdi. Elə buna görə də siyasi şüur cəhətindən hələ yaxşı tərbiyə olunmamış Şərq xalqlarını bu çevrilişə hazırlamağı böyük vəzifə sayırdı. N.Nərimanov bir çox məqalələrində millətin ümumi rifahı və tərəqqisi məsələlərinə toxunur, xalqın milli qürur və mənlik hisslərini oyatmaq istəyir, Azərbaycan xalqını öz hüquqları və heysiyyəti uğrunda mübarizəyə çağırırdı.
Professor Musa Qasımovun fikrincə, hələ sovet dövründə Heydər Əliyev tarixi abidələrin yalnız mühafizi deyil, eyni zamanda, yenilərinin də qurucusu idi. Onun bilavasitə təşəbbüsü, göstərişi və rəhbərliyi altında Azərbaycanın görkəmli dövlət xadimlərinin heykəlləri yaradılır və qoyulurdu. Məsələn, Azərbaycan KP MK bürosunun 1972-ci il 24 may tarixli iclasında Azərbaycanın görkəmli dövlət və ictimai xadimi, sağlığında milli təmayüllü kommunist kimi müxtəlif təqiblərə, təzyiqlərə məruz qalan, ölümündən sonra isə unutdurulan Nəriman Nərimanovun Bakı şəhərində heykəlinin açılması barədə qərar qəbul edildi. Lakin Moskvada bu heykəlin qoyulmasına mane olanlar var idi. Heydər Əliyev sovet rəhbərliyi ilə danışaraq, məsələni həll etdi. Qərara müvafiq olaraq 1972-ci il iyun ayının 6-da Bakı şəhərində N.Nərimanovun abidəsinin açılışı oldu. Açılış mərasimində iştirak edən Heydər Əliyev geniş nitq söylədi. Nitqində o deyirdi: “Nərimanov qəlbinin bütün hərarəti ilə xalqa xidmət etmişdir”, Nərimanov “...xalqla daim ünsiyyətdə olmağa böyük ehtiyac hiss edirdi. İyun ayının 30-da isə N.Nərimanovun anadan olmasının 100 illiyi münasibətilə etdiyi məruzəsində Heydər Əliyev deyirdi: “N.Nərimanov ədəbi yaradıcılığa... nadanlığa, dini fanatizmə və cəhalətpərəstliyə fəal müqavimət ruhunda tərbiyə etmək vasitəsi kimi baxırdı”. Heç şübhəsiz, Heydər Əliyevin bu fəaliyyəti mahiyyətinə görə yalnız abidə açılışı anlamında qiymətləndirilərsə, yarımçıq olar. Əslində, Heydər Əliyev həmin addımı ilə N.Nərimanova görkəmli dövlət adamı kimi bəraət verir, onun təbliğinə, tanıdılmasına başlayırdı. Çünki ölümündən keçən müddət ərzində N.Nərimanov əsasən yazıçı-dramaturq kimi təqdim olunur, Azərbaycan xalqının sanki böyük dövlət adamı yetişdirə bilməməsi fikri təlqin edilirdi. Belə bir fakt diqqəti cəlb edir ki, Sov.İKP MK rəyasət heyətinin hələ 1959-cu il 2 iyul tarixli iclasında qəbul edilən qərarda Nəriman Nərimanovun rolunu şişirtməmək barədə maddə də yazılmışdı. Heydər Əliyev həmin qərara məhəl qoymayaraq və yanlış təbliğatı cəsarətlə darmadağın edərək, yeni şəraitdə N.Nərimanovu dirçəltməklə özünü daha da ucaldırdı. Beləliklə, Heydər Əliyev Azərbaycan torpağında azərbaycanlı dövlət adamına abidə qoymaqla xalqında dövlətçilik, dövlət adamlarına rəğbət və hörmət hissini gücləndirirdi. Ulu Öndər Heydər Əliyev bununla kifayətlənməyərək, N.Nərimanovun abidəsinin SSRİ-nin başqa şəhərlərində də qoyulmasına səylər edirdi. Azərbaycan KP MK bürosunun 1977-ci il 8 dekabr tarixli iclasında Rusiyanın Ulyanovsk şəhərində N.Nərimanovun abidəsinin açılması haqqında qərar qəbul edildi. O, Nərimanovun abidəsini hazırlatdı və həmin ilin dekabr ayında Ulyanovsk şəhərində qoyulan heykəlinin açılışında geniş nitq söylədi. Onun nitqi Azərbaycanın sovet dövrü tarixinə, milli təmayüllü kommunist olmuş N.Nərimanovun dövlət adamı kimi tanıdılmasına qayğının nümunəsi idi. Bununla, eyni zamanda, Heydər Əliyev azərbaycanlı dövlət adamlarının ölkənin həyatında mühüm rol oynadığını qabardırdı. Görülən belə işlər sonrakı illərdə də davam etdirildi. Azərbaycan KP MK bürosunun 1980-ci il 10 mart tarixli iclasında N.Nərimanovun anadan olmasının 110-cu ildönümünün bayram edilməsi haqqında qərar qəbul olundu. Qərara müvafiq olaraq, həmin ilin aprel ayında təntənəli yığıncaq keçirildi. Bundan bir neçə il sonra 1982-ci ilin noyabr ayında Heydər Əliyevin şəxsi təşəbbüsü və rəhbərliyi altında N.Nərimanovun Moskvada yaşadığı evə xatirə lövhəsi asıldı. Heydər Əliyevin N.Nərimanova belə diqqəti hansı rejimin mövcudluğundan asılı olmayaraq, Azərbaycan xalqının dövlətçilik tarixinə və dövlət adamlarına ehtiramın nümunəsi idi.
VAHİD ÖMƏROV
Azad Azərbaycan.-
2013.- 5 iyun.- S.5.