“Yuxuma söykənmiş adam”
“Bir də
inanmaram adam sözünə”
“Bir də
inanmaram adam sözünə”- deyərək “öz ali
ağasının nökəri” olan şair İbrahim
İlyaslının “YUXUMA SÖYKƏNMİŞ ADAM”
kitabıyla baş-başa qalanda:
“Önündə
qurub məhşəri,
Heyrətdə
qoyub bəşəri,
Mənəm
deyən aşiqləri,
Tarixdən
sildirə billəm.” qənaətinə gəlmək olar.
Özü tarix səhifəsində qərarlaşan şairin
yerini-yurdunu da şairanə tərzdə öyrəndik:
“Qubalı, QAZAXLI, qəbələliydik, Sumqayıtlı oldu
körpələrimiz”- misralarından şairin izinə
düşmək olar. Bu cığırın bizi
apardığı ünvan mücərrədliyi həyatiləşdirir.
“Mən sağı getdikcə, sol məni getdi, Axır ki, sol
nədi, sağ nədi bildim” etirafı onun daxili xanimanına
ip ucu verir:
“Düyün
vurulmaz ilməknən,
YAZI
pozulmaz silməknən,
Sənin
azarın bilməknən,
Mənimki
bilməməknəndi” bəndinin ilk misrasının son qərarı
əvəzedilməzdir. Nə uzunluqda ipi ilmək-kürmək
bağlayırsan bağla, düyün sala bilməzsən. Bu
həm də həyati addımların rəmzi işarəsidir.
Nəzərə çatdırılır ki, sən bilə-bilə
səhv edirsən, mənsə məlumları bilməməzliyə
vuranları anlaya bilmirəm. Özü təsdiqləyir ki,
“Kimsə
bilməz nə çəkdirir,
mənə
mən çəkdiklərim.
Ölümlərə
cücərirlər
olmağa
əkdiklərim”. Ənənəvi “olum və ölüm”
qarşıdurmasına “cücərdib əkmək” vərdişləri
yeni ruh qatır. Cücərir-əkirsən, olur-ölür.
Bu qəribə zəncirdə cücərmə və ölmə
hadisələri bərabərliyi andırır.
“Sən
köhnə zahidsən, qanımı iç, doy,
Yenə
bir “ənəlhəqq” aşiqini soy.
“Mən
ölü-sən diri” axtarıb, ad qoy,
Ağ
baxtı qaraya ağdan savayı”. İlk üç
misranın tutarlı yekunu; adı Ağ olsa da, bəxti qara
olan bu rəngin taleyi üzünə ağ olur.
“Nə
gözəl toxunub, fələyin toru?-
Adam
özü qaçır ağzına doğru.
İçində
quldurdu, çölündə oğru,
İçini-çölünü
xışla da getsin.” Özünə qarşı mübarizədə
“xışlamaq üsulu”ndan istifadə poeziyamızda tamam yeni ifadədir.
Bu yeniliyin söykəndiyi güclü ənənə var ki,
o da folklordur. “Ustad, öz sözünü mərə kafirə,
Sıyrılmış qılınclar sonacan deyir” xəbərdarlığında
şifahi ədəbiyyata yeni səpkidə müraciətin
izlərini görmək olar.
Nə
ağ bayrağın yellənir,
Nə gəlir
qanlı köynəyin,
Amalın
yox, amacın yox,
Bə sənin
nəyin var, nəyin?! İkinci misra “Dədə Qorqud”
eposundakı “Beyrəyin boyu”nu yada salsa da, belə priyomdan
ağız ədəbiyyatında tez-tez istifadə edilib.
İtkin düşmüş igidin qanlı köynəyi
tapılmayınca ölümünə inanmazdılar. Şair
həmin vəziyyəti qəti qərar verə bilməyənlərin
düşdüyü durumla müqayisə edir. Başqa
şeirində sevilən nağılımızdan elə bir
epizoda istinad edilib ki, doğrudan da, insanı qaranlıq
zülmətdən işıqlı dünyaya aparır. “Mən
Məlikməmmədəm “qa”dı, “Qu”du dünya
dolanması”. Simurq quşunun çıxardığı “qa”
və “qu” sədası “yemək və içmək” proseslərinin
əvəzləyicisidir. Amma bu “ye, iç, kef elə” prinsipinə
əsaslanmır. Bu qidalanmanın hədəfi qəhrəmanı
işıqlı dünyaya çıxarmaqdı. Bundan duyuq
düşən yazara yalnız bir söz deyə bilərik; “Səni
nə mahir öyrədib, Ay bərəkallah... ustadın”. Məşhur
lətifənin hikmətinə əsaslanan həmin misralarda
söz əhlinin sözə necə incəliklə
yanaşması bəlli olur. Bu peşəkarlıq şairin hər
cür mövzu seçimində özünü göstərir:
Könlümü sözə kökləyə,
Dağ
çayının şırıltısı.
Bir
misramı səksəndirə,
Kəkliklərin
pırıltısı. bəndini gözə almaq kifayətdir
ki, İ.İlyaslının təbiət mövzusuna
özünəməxsus yanaşmasına tamaşa edək.
Cəsarətlə
demək olar ki, onun yaradıcılığında sevgi
mövzulu şeirlərin orijinallığı da diqqətdən
yayınmır. Bir yazarın ki, misraları “Qanımı
qaşına vəsməlik eylə, Bəzəsin çəkdiyim
ah camalını”- yalvarışlarından doğula, həmin
şairin sevgisinə sevilməmək mümkünsüz:
“Mən
eşq əsiriyəm, gül sevdalısı,
Bircə
bülbüllərə həsədim qalır.
Mən
eşqə düşəndə canla düşürəm,
Çıxanda
quruca cəsədim qalır”.
Qafiyədəki mükəmməl ahəng imkan vermir ki,
“eşqə düşəndə” canını sağ
götürüb aradan çıxa biləsən.
Yollar
bihuş olur sən yeriyəndə,
Qarşına
yüyürür güllü cığırlar.
Quşlar
budaqlardan, balıqlar sudan,
Çiçəklər
çəməndən sənə baxırlar.
Bu
yeriş bütün təbiəti o gözəlin qədəmlərinə
göz dikmək məcburiyyətində qoyur. Göydə
quşların, suda balıqların, çəməndə
çiçəklərin eyni andaca-eyni duyğularla ürəkləri
çırpınır. Üçünün də
baxışları bir nöqtədə kəsişir. Belə
çıxır ki, hər baxan o gözələ eyni
gözlə baxır. İkinci misrada işlədilmiş
“güllü cığırlar” epiteti isə bədii
yaradıcılıqda rast gəlinməyən
tapıntılardandır. Bu cür vəsf edilən gözəl
ancaq belə ola bilərdi; “Yerindən tərpədir ətrin
daşları, Yer üzü heyranlıq məqamındadır”.
Şair sevimlisinə ərklərini də ismarlayır:
“Möcüzətək
sıyrıl sehirdən, sirdən,
Gəlin
köçən kimi bəzənib, bərtən,
Yanımda
beyqafıl peyda ol birdən,
Əzrayılın
hökmü əlində gəl çıx”. “Canım yara
qurbandı” ifadəsi ədəbiyyatda bu və ya başqa
şəkildə yetərincə işlədilib, lakin göstərilən
bəndin son misrası həmin fikirlərə tamamilə yeni
poetik can verir. Üçüncü misrada işlədilmiş
“qəflətən” sözünün dialekt forması isə
şeirə xüsusi şirinlik gətirib. Şair ilahi
sevgilisinə “gəl çıx” müraciəti etsə də,
qəribə nəticələrə gəlir: “Vüsal
aramızda Quzğun dənizi, Həsrət aramızda
körpüdü, qalsın”. Xəzər dənizinin tarixi
adı simvolik yüklə rəmzləşdirilmişdir. Həsrət
ayrı düşmüş sevənlər arasında ən
sadiq körpüdür. Bu körpünü keçməsən
həsrətə məğlub olub yanğılı haray
salarsan:
“Daşam
yolun üstə bitən,
Nə
sirdi, anlamaz yetən.
Gözü,
könlü dil-dil ötən,
Dilləri lalım, necəsən?” Çox mürəkkəb və mükəmməl təzad yaradılmışdır. Görmə orqanı göz ürəklə əl-ələ verib dil-dil ötür, danışıq üzvü dil isə lal ola bilmək qabiliyyətini indi yadına salıb. Bu da şairi dilləndirir; “Barmaqları bəxtəvərim, Başı bəlalım, necəsən?” Məhəbbətin təsirindən xilas olmaq çətin olsa da, xatırlamaq lazımdır ki, İ.İlyaslının digər mövzularda da şeirləri çox güclü alınır:
“Qaydadır: Xan dinər-rəiyyət susar,
Qanla qazan
asan bir gün qan qusar.
Dünənin
“o”dursa, bu günün “bu”sa,
Baban da
yazıqdır, balan da yazıq”. Sənətkarı tarixi
keçmişimizlə bu günümüz arasındakı
ziddiyyət o qədər narahat edir ki,
“Üstü
xəcalət örtüyü,
Altı qızıl qan məmləkət”in halından
üsyankar həddə çatır:
“Harın
nəfsinə kündəsən,
Səfalətə
sürgündəsən,
Sən məndən
betər gündəsən,
Can, məmləkət,
can məmləkət!” Bu hıçqırıqların o
tayında dəfələrlə yaxın qonşuları tərəfindən
öz sərhədlərindən uzaqlaşdırılan yurdumuzun
acınacaqlı taleyinə etiraz hiss olunur;
Odlara
düşür buzlayır,
Dərya
içir susuzlayır,
Yağı
gönünü duzlayır,
Duzlu
gönüynən barışır.
Nümunədə
reallıqla barışmazlığın bir daha şahidi
oluruq. İkinci misrada işlədilmiş mübaliğə
ürək yanğısını yatırtmayan, göz
yaşlarından göllənmiş dəryalara etiraz motivləridir.
“Kölənin köləsi olan, Hansı günüynən
barışır?” sualı da cavabının
hayındadır. Bu əbəs yerə deyil, vətən
övladının vətəninə sevgisinin təzahürüdür.
Biz də bu sevginin sahibinə sahiblənməyə can
atdıq. Necə ki, özü deyir;
“Dost-dostuynan
nəfəs alar,-
Şəriklidi
havam sənnən”.
Gülnar SƏMA
Azad Azərbaycan.- 2013.- 9 iyun.- S.7.